Məhkəmə qərarları › İş №e-2(001)-1775/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1775/2024

08.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1775/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Adullayev Rüstəm Elman oğlu ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqavilələrinə xitam verilməsi və əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəf X2 ilə “Ftreal Group” arasında xx.xx.2023-cü iltarixində əmək müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən o, həmin yerdə daşdüzən fəhlə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçıya hər ay 350 manat məbləğində əmək haqqının ödənilməsi razılaşdırılmışdır. İddiaçı müəyyən bir zaman işlədikdən sonra bəzi bağlı problem yarandığından işləməkdən çətinlik çəkdikləri üçün işləyə bilməyib . Bir müddət sonra yeni iş yeri ilə əlaqə saxlayıb özünə yeni iş tapmaq istəmişlər, lakin hər yerdə onun sistemdə aktiv əmək müqaviləsinin mövcud olduğu bildirilərək onları işə götürməkdən imtina etmişlər. İddiaçı bu səbəbdən də məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti iddiaçıya ünvanlanmış məktubla iddiaçının xahişini təmin etməkdən imtina edərək, onun məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. İddiaçı tərəf hazırda işləmək istəsə də, onun Cavabdeh ilə olan aktiv əmək müqaviləsini əsas gətirərək, onu işə götürməkdən imtina edirlər. Buda iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Hesab edirəm ki, iddiaçı tərəf X2 ilə “Ftreal Group” arasında xx.xx.2023-cü iltarixində bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişielektron informasiya sisteminə daxil edilməlidir. İddiaçı həmçinin cavabdehlə arasında razılığın əldə edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, bununla bağlı müvafiq arayış təqdim olunmuşdur. Həmçinin biz ilkin mediasiya ilə bağlı 50 manat məbləğində medaisiyaya dair xərc ödənilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, iddiaçı işsizliklə bağlı Cavabdeh MMC-yə müraciət edərək, aylıq 350 manat olmaqla fəhlə kimi işə düzəlmişdir. İddiaçıya bir müddət əmək haqqı verilsə də, müəyyən vaxtdan sonra cavabdeh tərəfindən əmək haqqı verilməmişdir. Bundan sonra iddiaçı işdən çıxmaq istəsə də, dəfələrlə cavabdehin yerləşdiyi ünvana getmiş, lakin tapa bilməmişdir. İddiaçı hansı təşkilata işə düzəlmək üçün müraciət etsə də, ona aktiv əmək müqaviləsinin olduğu bildirilmişdir. Bu barədə X3 müraciət etmiş, ona mübahisənin yalnız məhkəmə yolu ilə həllinin mümkün olduğu bildirilmişdir. Cavabdeh hazırda fəaliyyət göstərmir. İddiaçı işdən çıxmaq barədə cavabdehə bildiriş göndərsə də, bildiriş çatdırılmadan geri qaytarılmışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2023 il tarixdə müddətsiz əmək müqaviləsi əsasında fəhlə vəzifəsinə, əmək haqqı məbləği 350 manat olmaqla işə qəbul edilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi bildirişləri qüvvədədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından ve bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış Əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə İşəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəüqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir.

7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət Reyestri Çıxarışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır, təşkilati-hüquqi forması MMC-dir, qanuni təmsilçisi X1r. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. İddiaçı Cavabdeh MMC-də xx.xx.2023 il tarixdə müddətsiz əmək müqaviləsi əsasında fəhlə vəzifəsinə işə qəbul edilmişdir, hazırda işəgötürən olan hüquqi şəxsin fəaliyyətdə olub-olmaması qeyri-müəyyəndir, işçi əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənin vəzifəli şəxsini tapa bilmir, üstəlik hüquqi şəxsin qeydiyyatda olduğu ünvanda işəgötürənin fəaliyyət göstərmədiyi müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları:

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

10. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.(maddə 49.1)

11. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.(maddə 49.5)

12. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.(maddə 69.1)

13. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(maddə 69.2)

14. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.(maddə 69.5)

15. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır.(maddə 74.1-1.2)

16. Bu Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılır.(maddə 87.8) Tətbiq edilən prosessual hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

21. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

22. İşin halları ilə müəyyən edildiyi kimi iddiaçı cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini istəyir, lakin işəgötürən hərəkətsizlik göstərərək işçinin bu iradəsini həyata keçirmir. Hansı ki, Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.

23. Bu aspektdən yanaşdıqda Əmək qanunvericiliyinin yuxarıda göstərilən 69-cu maddəsinin məzmunundan da aydın olduğu kimi işçinin əmək müqaviləsinə xitam verilməsi barədə yazılı ərizəsi işəgötürənə məlumat(xəbərdarlıq) vermək mahiyyəti daşıyır və işəgötürənin hər hansı təsdiqi ilə şərtləndirilmir. İşəgötürənin bununla bağlı hərəkəti yalnız əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil edilməsindən ibarətdir. Hazırki mübahisədə isə işəgötürən üzərinə düşən vəzifəni yerinə yetirmir.

24. Odur ki, işçinin iradəsi əmək müqaviləsinə xitam verilməsi barədə işçinin ərizəsi kimi, işəgötürənin hərəkətsizliyi əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməkdən imtina kimi qiymətləndirilməli və tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi hüquqi nəticəsini yaratmalıdır.

25. Bu səbəbdən də məhkəmə hesab edir ki, Adullayev Rüstəm Elman oğlu ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. Nəticə:

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Adullayev Rüstəm Elman oğlu ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir.

27. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı Adullayev Rüstəm Elman oğlu ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar