Məhkəmə qərarları › İş №e-2(001)-178/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-178/2023

06.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-178/2023 06.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Zəngəzurun arxasında yerləşən 2007-ci ildən onlara məxsus olmaqla, sahibliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə və torpaq sahənin boşaldılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Zəngəzurun arxasında yerləşən 2007-ci ildən onlara məxsus olmaqla, sahibliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə və torpaq sahənin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəədi rayonu Binəqədi şossesi (Zəngəzurun arxası) ünvanında yerləşən torpaq sahəsi 2007-ci ildən etibarən iddiaçıların faktiki və hüquqi olaraq istifadələrindədir. Qeyd olunan torpaq sahəsi 2007-ci ildə iddiaçıların sahibliyinə verilməsinə dair qərar verildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən torpaq sahəsinin kadastr planı əsasında torpağın kordinatları müəyyən edilmişdir. 2022-ci il tarixə qədər qeyd olunan torpaq sahəsi ilə əlaqədar hər hansı bir mübahisə olmamışdır. Binəqədi Bələdiyyəsi tərəfindən 2021-2022-ci illərdə, yaxud başqa vaxtlarda cavabdehə hansı qaydada, hansı ölçüdə torpaq sahəsi həmin ərazidə ayrılması iddiaçılara məlum deyildir. Cavabdeh iddiaçılara məxsus olan torpaq sahəsinin bir hissəsini, yəni ərazinin 9 sot hissəsini hasarlamaqla iddiaçıların sahəsini öz torpaq sahəsinə qatmaqla, iddiaçılara məxsus olan torpaq sahəsini özününküləşdirmişdir. Əslində qeyd olunan torpaq sahəsi 2007-ci ildən iddiaçıların sahibliyində olduğundan 2022-ci ildə qeyd olunan torpaq sahəsinin cavabdeh tərəfindən hasarlanması iddiaçıların hüquqlarını məhdudlaşdırır. Ərazinin sərhədlərinin döngə nöqtələrinin kordinatları DƏDRX-in baza məlumatlarında özəksini tapmışdır. Qeyd olunan ərazidə 1 ha ölçüdə torpaq sahəsi X2 09 mart 2006-cı il tarixli 176/1 saylı qərarı əsasında X11 üçün ayrılmışdır. İlkin sahibin razılığı və ərizəsi əsasında X2 xx.xx.2006-cı il tarixli 2005 saylı sərəncamı əsasında qeyd olunan torpaq sahəsi X6 adına keçirilmişdir. X6 razılığı və ərizəsi əsasında X2 xx.xx.2007-ci il tarixli 1157/1 saylı qərarı əsasında qeyd olunan torpaq sahəsinin 5000 kv.metr hissəsi İddiaçı3 məbləği oğlunun adına keçirilmişdir. Torpaq sahəsinin cizgi planı və torpaqların alqı-satqısına dair akt müvafiq qaydada rəsmiləşdirilmişdir. İddiaçı3 müraciəti əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinin, yəni torpaq sahəsinin planı tərtib edilmişdir. Tərtib olunmuş plan əsasında torpaq sahəsinin Binəqədi şossesi, Zəngəzurun arxasında yerləşməklə, ərazinin sərhədlərinin döngə nöqtələrinin kordinatları müəyyən olunmuşdur. X2 xx.xx.2007-ci il tarixli 1482 saylı və xx.xx.2007-ci il tarixli 1158/1 saylı qərarları əsasında X12 məxsus olmuş 1500 kv.metr torpaq sahəsinin 1000 kv.metr hissəsi hər iki tərəfin razılığı ilə İddiaçı1 adına keçirilmişdir. Torpaq sahəsinin cizgi planı və alqı-satqısına dair akt rəsmiləşdirilmişdir. X2 xx.xx.2007-ci il tarixli 1477 və xx.xx.2007-ci il tarixli 1158/1 saylı qərarları əsasında qeyd olunan torpaq sahəsinin 500 kv.metr hissəsi X9 adından İddiaçı2 adına keçirilmişdir. İddiaçılara məxsus olan torpaq sahəsində aparılan hasar və digər tikililər cavabdehin vəsaiti hesabına sökülməlidir. Belə ki, cavabdeh iddiaçılara məxsus olan torpaq sahələrinə özbaşına əsassız müdaxilə etmişdir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Zəngəzurun arxasında yerləşən 2007-ci ildən iddiaçılara məxsus olmaqla, sahibliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə və torpaq sahənin boşaldılmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkilləri Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, hər iki tərəfə torpaq bələdiyyə sənədinə əsasən ayrılıb, iddiaçıların cavabdehdən fərqi iddiaçılara ayrılan torpaq sahələrinin dövlət orqanı tərəfindən kordinatlarının müəyyən edilməsidir. Nəqədər ki, torpağın zəbt edilməsindən danışılır, torpağın dövlətə məxsus olmasının fərqi yoxdur. Mütəxəssis rəyindəndə müəyyən olunur ki, iddiaçıların torpağının 804 kv.m. sahəsi cavabdeh tərəfindən hasara alınmışdır. Hər iki tərəfə dövlət torpağı bələdiyyə tərəfindən ayrılmışdır. Cavabdeh iddiaçılara məxsus torpaq sahəsini zəbt edərək hasar çəkmişdir. Torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmadığından ona görə qərarlarda torpağın sahibkarlıq fəaliyyəti üçün ayrılması qeyd edilmişdir. İddiaçıların heç biri fərdi sahibkar deyil, ayrılmış torpaq sahəsində hər hansı bir fəaliyyətlə məşğul olunmamış, onlar ayrılan torpaq sahəsində bu günədək hər hansı bir tikinti işləri aparmamış, torpağı hasara almamışlar. Tikinti işlərinin aparılması üçün RİH-nin və Bakı şəhər İcra Hakimiyyətinin razılıqları tələb olunmuş, buna görə də həmin sahədə hər hansı bir tikinti işləri aparılmamışdır. İddiaçıların torpağın mülkiyyətçisi olan dövlətlə deyil, cavabdehlə mübahisələri yaranmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Binəqədi rayonu X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Binəqədi rayonu X2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3cü şəxs Binəqədi rayonu X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada). Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə: 1.Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir). Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli 1157\1 saylı sərəncamının surətindən müəyyən olunur ki, X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X7 və İddiaçı3 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış 1 ha torpaq sahəsinin 5000 m2 torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı3 adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini rayon X5 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli 1158\1 saylı qərarının surətindən müəyyən olunur ki, Bakı şəhər sakini X1 qəsəbə Bələdiyyəsinə müraciət edərək xx.xx.2006-cı il tarixli 2005 saylı qərarla sahibkarlıq fəaliyyətinin tikintisi üçün istifadəsinə ayrılmış 1 ha torpaq sahəsinin 5000 m2 İddiaçı3, 1500 m2 sahibkarlıq fəaliyyətinin tikintisi üçün X10 mülkiyyətinə ayrılmasını xahiş etdiyindən X8 Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan sahibkarlıq fəaliyyətinin tikintisi üçün alqı-satqı qaydasında ayrılmış 1 ha torpaq sahəsinin 5000 m2 İddiaçı3, 1500 m2 sahibkarlıq fəaliyyətinin tikintisi üçün X10 mülkiyyətinə ayrılması, X7 mülkiyyətində 3500 m2 saxlanması qərara alınaraq vətəndaşa qanunvericiliklə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X5 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli 1477 saylı qərarının surətindən müəyyən olunur ki, X2 ərazi hüdudlarında X9 və İddiaçı2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1500 m2 torpaq sahəsinin 500 m2 hissəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı2 adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini rayon X5 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli 1482 saylı qərarının surətindən müəyyən olunur ki, X2 ərazi hüdudlarında X9 və İddiaçı1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1500 m2 torpaq sahəsinin 1000 m2 hissəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı1 adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini rayon X5 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli 122 saylı sərəncamının surətindən müəyyən olunur ki, X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X4 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 2ha torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini Cavabdeh adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini rayon X5 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır. X2 torpaqların alqı-satqısına dair aktının surətindən müəyyən olunur ki, X7 ərizəsinə bələdiyyə orqanının iclasında baxılaraq bələdiyyə ərazisindən ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il 2005 saylı qərar qəbul edilmişdir. X2 torpaqların alqı-satqısına dair aktının surətindən müəyyən olunur ki, X10 xx.xx.2005-ci il tarixli ərizəsinə bələdiyyə orqanının iclasında baxılaraq bələdiyyə ərazisindən 1500 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il 1456/1 saylı qərar qəbul edilmişdir. X2 torpaqların alqı-satqısına dair aktının surətindən müəyyən olunur ki, X10 xx.xx.2007-ci il tarixli ərizəsinə bələdiyyə orqanının iclasında baxılaraq bələdiyyə ərazisindən 1500 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il 1477 saylı qərar qəbul edilmişdir. X13 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən müəyyən olunur ki, X15 ad-soyadlı şəxs tərəfindən onun adına olmuş X8 ərazisində yerləşən 1 ha torpaq sahəsinin sənədləşdirilməsi və özəlləşdirilməsi ilə əlaqədar ona verilmiş etibarnamə əsasında keçmiş ƏMDK-nin DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planı sənədini tərtib etmiş, ərazinin kordinatları təyin olunmaqla yerləşmə yeri, konfiqurasiyası və sahəsi dəqiqləşdirilmişdir. Sözü gedən sənəd tərtib edilərkən Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən eyni adı daşıdıqlarından texniki səhvə yol verilərək sənəd onun adına tərtib edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir səlahiyyəti, bununla bağlı iddiası və tələbi yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qərardadda göstərilən torpaq sahələri “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Qeyd olunan torpaq sahələrinə dair ilkin cizgilər təqdim edilmədiyindən sahələrin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Faktiki olaraq göstərilən 2.0114 ha torpaq sahəsi dörd tərəfdən mişar daşla sərhədlənmiş, digər 0.9999 ha torpaq sahəsi isə 2.0114 ha torpaq sahəsi ilə həmsərhədd olmaqla bir tərəfdən mişar daş hasarla üç tərəfdən isə şərti olaraq göstərilmişdir. Torpaq sahələrinin üzərində tikili mövcud deyildir. Sözügedən 2.0114 ha torpaq sahəsi üzərindən və bir tərəfindən 4.1-2.1 metr məsafədən yüksək gərginlik hava xətti keçir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1671 saylı rəyindən müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən sahələrin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, mütəxəssis rəyinə əsasən, qeyd olunan torpaq sahələrinə dair ilkin cizgilər təqdim edilmədiyindən sahələrin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Faktiki olaraq göstərilən 2.0114 ha torpaq sahəsi dörd tərəfdən mişar daşla sərhədlənmiş, digər 0.9999 ha torpaq sahəsi isə 2.0114 ha torpaq sahəsi ilə həmsərhədd olmaqla bir tərəfdən mişar daş hasarla üç tərəfdən isə şərti olaraq göstərilmişdir. Torpaq sahələrinin üzərində tikili mövcud deyildir. Sözügedən 2.0114 ha torpaq sahəsi üzərindən və bir tərəfindən 4.1-2.1 metr məsafədən yüksək gərginlik hava xətti keçir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahələr “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Faktiki olaraq göstərilən torpaq sahələrinin 804,0 kv.m hissəsi mübahisəlidir, üst-üstə düşmə halı mövcuddur. Müraciətlə əlaqədar (məhkəmə qərarına əsasən) sənədlər toplusuna əlavə olunmuş sənəd əsaslı koordinatlar naturada iddiaçıya və cavabdehə həmçinin nümayəndələrinə GPS R8 aparatı ilə müəyyən edilərək göstərilmişdir. Göstərilən koordinatlar əsasında müəyyən olundu ki, iddiaçıya məxsus olan sahənin 804,0 kv.m. hissəsi cavabdehin hasar daxili ərazisində yerləşir və onun istifadəsindədir. Faktiki olaraq göstərilən 2.0114 ha torpaq sahəsi dörd tərəfdən mişar daşla sərhədlənmiş, digər 0.9999 ha torpaq sahəsi isə 2.0114 ha torpaq sahəsi ilə həmsərhədd olmaqla bir tərəfdən mişar daş hasarla üç tərəfdən isə şərti olaraq göstərilmişdir. Torpaq sahələrinin üzərində tikili mövcud deyildir. Sözügedən 2.0114 ha torpaq sahəsi üzərindən və bir tərəfindən 4.1-2.1 metr məsafədən yüksək gərginlik hava xətti keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçılara və cavabdehə Binəqədi rayonu X2 müvafiq sənədlərinə əsasən ayrılması qeyd olunan torpaq sahələri “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, sözügedən 2.0114 ha torpaq sahəsi üzərindən və bir tərəfindən 4.1-2.1 metr məsafədən yüksək gərginlik hava xətti keçir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Dövlət torpaq kadastrının məlumatları bələdiyyələr tərəfindən də torpaqla bağlı hər hansı qərarı qəbul edərkən əsas olmalı olduğundan, X2 özünün deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə, yəni özünün hüququ olmayan torpaq sahəsinə dair iddiaçıların adına sənəd tərtib etməsi, bu sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin torpaq sahələrinin kadastr planı əsasında torpağın kordinatlarının müəyyən edilməsi iddiaçıların ayrılan torpaq sahələrinə hər hansı bir hüquqlarının yaranması anlamına gəlmədiyindən iddiaçıların hazırkı tələblərlə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Belə ki, yuxarıda istinad olunan normativ aktların tələblərinə əsasən, torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Ona görə də məhkəmə iddia ərizəsinin təmin edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehədə torpaq sahəsi eyni qaydada ayrıldığından hazırkı iddia ərizəsinin təmin edilməməsi cavabdehin torpaq sahəsinə hüququnun yaranması anlamına gəlinməsi üçün əsas ola bilməz. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ

İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Zəngəzurun arxasında yerləşən 2007-ci ildən onlara məxsus olmaqla, sahibliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə və torpaq sahənin boşaldılmasına dair iddia ərizələri təmin edilməsin. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 müştərək qaydada iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar