Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-179/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı 168300 manat maddi zərər, 158800 manat dəbbə pulu olmaqla cəmi 327100 manatın tutulmasına iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh 168300 manat maddi zərər, 158800 manat dəbbə pulu olmaqla cəmi 327100 manatın tutulmasına iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi olunla əsaslandırılmışdır ki, tərəflər 2000-ci ildən dostluq münasibətlərində olmuş, Cavabdeh İddiaçı 2010-cu ilin noyabr-dekabr aylarında 200000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Həmin pul vəsaitidən 100000 ABŞ dollarını qaytarmış, yerdə qalan 100000 ABŞ dollarını qaytarmamışdır. İddiaçı həmin faktla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və Cavabdeh Azərbaycan Respublikası CMnin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə məhkəmədə baxıldığı dövrdə iddiaçı və cavabdeh arasında razılaşma əldə olunmuş, tərəflər xx.xx.2022-ci il tarixdə öz aralarında öhdəlik müqaviləsi bağlayıb razılaşmışlar. Belə ki, həmin müqavilənin şərtlərinə görə, tərəflər qəbul edirlər ki, Cavabdeh İddiaçı ödəməli olan pul məbləği 100000 ABŞ dolları (dolların Azərbaycan manatına məzənnəsi hesablanmaqla 170000 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən, borclu (cavabdeh) xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay 1500 manat olmaqla pul vəsaitini öz aldığı pensiya məbləğindən tələbkara (iddiaçıya) hər ayın 15-i, lakin 20-dən gec olmamaqla ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında olan şifahi razılaşma isə ondan ibarət olmuşdur ki, bunun qarşılığında iddiaçı ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək cavabdehdən heç bir şikayət və tələbinin olmayacağını bildirəcəkdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, müqavilənin bağlandığı tarixdən bugünədək cavabdeh tərəfindən iddiaçıya 7500 manat məbləğində pul ödənilməli olduğu halda cavabdeh cəmi olaraq 1700 manat məbləğində pulu iddiaçıya ödəmiş, hazırda isə müxtəlif vasitələrlə pulun ödənilməsindən yayınmağa çalışır. Bununlada cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsinin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh İddiaçı xeyrinə 168300 manat maddi zərər, 158800 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 327100 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, o, cavabdehə onun məhkəmə sədri vəzifəsinə təyin olunmasına görə lazımı ünvana çatdırması üçün 200.000 ABŞ dolları vermiş, daha sonra siyahıda onun adı çıxmamışdır. Cavabdeh ona verdiyi pulun 100.000 ABŞ dollarını geri qaytarmış, 100.000 ABŞ dolları isə borc olaraq qalmışdır. Məlum hadisələrə görə o, hakimlik vəzifəsindən kənarlaşdırılmış, barəsində cinayət işi başlanılaraq o, həbs olunmuşdur. Hələ cəzaçəkmə müəssisəsində olarkən o, cavabdehə zəng edib pulunu tələb etmişdir. 5 il sonra azadlığa çıxıb cavabdehlə görüşmüş, cavabdehdən pulunu R.Mehdiyevdən alıb geri qaytarmasını tələb etmiş, cavabdeh ona get nə bilirsən et demişdir. Bundan sonra onun şikayəti əsasında cinayət işi başlanmışdır. Ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmə müddəti 12 il olduğundan, o, pulu 2010-cu ildə verdiyindən 2022-ci ildə müddət bitdiyindən cavabdeh işi istintaqda yubatmağa başlamışdır, ki, müddət bitsin və məhkəmə onu cinayət məsuliyyətinə cəlb edə bilməsin. O, şikayətlər etdiyinə görə cavabdehə işi yubatmaq üçün kömək edən şəxslər kənara çəkilmiş, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə baxılarkən o, cavabdehlə barışıq ərizəsini, pulun ona qaytarılacağı barədə başqa bir müqavilə yazılacağı şərti ilə yazmışdır. Bundan sonra cavabdeh ona 26.000 manat dəyərində maşın, 8000 manat pul vermiş, hər ay öz pensiyasından 1500 manat verəcəyinə dair razılaşmış, aralarında belə bir müqavilə bağlanmış, cavabdeh ona pulun qalan hissəsini 0,78 məzənnə ilə qaytaracağını demişdir. O, pulunun 11 ildir onda olmasını cavabdehə deyib, plenum qərarına əsasən icra olunan günə 1,70-lə verəcəyini demişdir. Sonda onu yormadan pulunu qaytaracağı halda 90.000 manat, əks halda 1,70-lə pulu ondan alacağını demişdir. Müqavilə bağlansa da, cavabdeh yenə də onun pulunu qaytarmamışdır. Cavabdehin pulu qaytarmaq üçün maddi imkanı, kafesi, restoranı, 3 otaqlı əlavə mənzili vardır. O, məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verərkən cavabdehin həbs olunmaması üçün ona dəymiş ziyanın ödənilməsini və şikayətinin olmamasını bildirmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, tərəflər arasına uzun müddət davam edən dostluq münasibətləri olmuş, 2010-cu ilin noyabr-dekabr aylarında tərəflər arasında 200.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsi ilə bağlı məsələ olmuş, həmin dövrdə cavabdeh 100.000 ABŞ dollarını qaytarmış, 100.000 ABŞ dolları isə qalmışdır. Bundan sonra isə iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş və cinayət işi başlanmışdır. Cinayət işi ilə bağlı məhkəmə hökmü də çıxarılmışdır. Belə ki, məhkəmədə cinayət işinə baxılan zaman tərəflər razılıq əldə etmişlər ki, iş üzrə ziyanın ödənilməsi ilə bağlı ərizə verilsin, ödənilməli olan ziyan məbləği ilə bağlı xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsi imzalansın. Həmin vaxt cavabdeh hər ay 1500 manat olmaqla ödəniş etməyi, iddiaçı isə belə olacağı təqdirdə əvvəlki məzənnə ilə pulun hesablanacağını, öhdəlik vaxtında icra edilmədiyi təqdirdə isə bu günkü günün məzənnəsinə olan 170.000 manat pulun ödənilməsini tələb edəcəkdir. Tərəflər bu müqaviləni qəbul etmiş, müqavilə imzalanan gündə də iddiaçı tərəfdən ərizə yazılaraq cavabdehə təqdim edilmiş və cavabdeh də həmin ərizəni məhkəməyə təqdim etmişdir. Lakin öhdəliklər tam olaraq icra edilmədiyindən iddiaçı məhkəməyə müraciət edərək müqavilə münasibətlərinə istinad edir. xx.xx.2024-cü il tarixdə olan görüşdə onlar iddia ərizəsinin baxılmamış saxlanması barədə danışıqlar aparmış, cavabdeh fevral ayından ödənişlərə başladığı halda iddia ərizəsi geri götürüləcəkdi. Həmin vaxt o, iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı ərizəni cavabdehin təkidi ilə yazıb imzalamış, surətini cavabdehə vermiş, daha sonra bu məsələ iddiaçının iradəsindən asılı olduğundan ərizə məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli ərizə ilə həmin tarixli müqavilə eyni vaxtda rəsmiləşdirilmişdir. Tərəflərin öz aralarında olan razılaşma müqavilənin predmetində öz əksini tapır. Müqavilə imzalanandan sonra həmin ərizə iddiaçı tərəfindən cavabdehə verilmişdir. Video çəkilişlər gizli kamera ilə deyil, otaqda açıq görünən kamera ilə aparılmışdır. Cavabdeh iddiaçıya hissə-hissə 500, 500, 300, 400 məbləğdə pul vəsaiti ödəmiş, tərəflər razılaşmışlar ki, pul vaxtında ödənilərsə, 116.000 güzəşt olunacaqdır. Cavabdehin təklifi ilə onun tərəfindən verilmiş avtomobil, ödənilən 8000 müqaviləyə yazılmamış, bütün bunlar videoçəkilişdə əks olunmuşdur. Cavabdeh qalıq borcun 78.000 manatdan hesablayanda, 30.000 maşın görə, 8000 də daxil olmaqla qalığın 40.000 manat olmasını demişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, hökm çıxarılan ana qədər cinayət məsuliyyətinə cəlb etmə müddəti də keçirdi. Tərəflərin hər ikisinin əvvəllər hüquq mühafizə orqanın əməkdaşı olması nəzərə alınmış, məhkəmə səviyyəsində bildirildi ki, onlar barışıq əldə etsinlər, hamı bilirdi ki, pul vəsaiti ödənilməmişdir. Məhkəmənin qeyri-rəsmi tələbi ondan ibarət olmuşdur ki, öz aranızda necə razılaşmısınızsa onlara aidiyyatı yoxdur. Əgər belə olsaydı, Cinayət Məcəlləsinin 59-cu maddəsi digər maddə ilə yüngülləşdirən hal kimi barışığa cəhd etmək yönümündə yönəldilə bilərdi. Həmin vaxt mülki iddia versəydilər təmin olunacağını bilirdilər. Bu razılıq müqaviləsinin məqsədi həm məhkəmənin verdiyi tövsiyyə, həm də tərəflərlərin öz iradə ifadəsi əsasında olmuşdur. Mülki Məcəllənin 404-cü maddəsi onu tənzimləyir ki, tərəflər müqavilə bağlayanda, onların hərfi mənasına deyil, tərəflərin iradi ifadələrinin nədən ibarət olması müəyyən edilməlidir. İstər müqavilədən, istər video görüntüdən aydın görünür ki, bu müqavilə ilə bağlı tərəflər arasında uzun müddət müzakirələr getmişdir. Əgər onlar məsələnin müqavilə ilə həll edildiyini məhkəməyə bildirsəydilər məhkəmə bununla razılaşmıyacaq, müqavilə nəzərə almıyacaqdı. Yəni ki, elə olsaydı, o müqavilənin etibarsızlığına dəlalət edən hal olacaqdı. Bizə dedilər ki, o, bizə lazım deyil, əsas odur ki, tərəflər barışıblar, razılaşıblar və məsələ bitibdir. Cinayət işlərində cinayətin törədildiyi vaxta olan maddi hüquq norması, yəni həmin dövrün məzənnəsi nəzərə alınır. Amma mülki işlərdə belə deyildir, ödəniş gününə Azərbaycan Respublikasının manatı nəzərə alınmalıdr. Tərəflər arasında olan mübahisə xx.xx.2022-ci il tarixli müqavilə ilə onların iradə ifadəsini tənzimləyir. Hər iki tərəf o vaxtı da bilirdilər ki, həmin vaxt dollar 0,78 idi, bu gün isə 1,70-dir. Ona görə də tərəflər ortaq məxrəc müəyyən edib, cavabdeh 3 il ərzində 1500 manatı ödədiyi halda İddiaçı yerdə qalan tələbini güzəşt edəcəkdir. Bu müqavilənin şərti olmuş, hər iki tərəf də müqaviləni imzalamışlar. Cavabdeh öhdəliyini icra etmədiyi halda 170.000 manat ödəməli idi. Cavabdeh israrla pulu ödəməsini desə də, xx.xx.2024-cü il tarixdəki görüşdə 8000 manat verməsini etiraf edir. Mübahisə 200.000 ABŞ dolları ilə deyil, sonuncu ittiham verilən 100.000 ABŞ dolları ilə bağlıdır. 100.000 ABŞ dolları ilə bağlı olan məsələlər tərəflər arasında olan sazişlə tənzimlənir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində X1 miqdarda 200000 ABŞ dollar pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı dəymiş ziyan tərəfindən tam ödənilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə təqsirləndirildiyini 1(101)-285/2023 nömrəli iş üzrə Azərbaycan Respublikası CPM-nin 39, 43 və 321-ci maddələrinə əsasən cinayət məsuliyətinə cəlb etmə müddətti keçdiyindən cinayət məsuliyyətindən azad olunmasına dair xx.xx.2023-cü il tarixli qərar çıxarılmışdır. Belə ki, dəymiş ziyandan 100000 ABŞ dolları cavabdeh tərəfindən İddiaçı məhkəmədən daha əvvəllər ödənilmiş, qalan 100000 ABŞ dollar ziyanın müqabilində tərəflər arasında qarşılıqlı razlıq əsasında ABŞ dollarının manata münasibətdə həmin dövrün məzənnəsi nəzərə alınaraq tərəfindən məhkəmə istintaqı zamanı 50000 manat dəyərində Toyota Camri markalı avtomobili, 10000 manat pul H.Ə.Əlievə ödənilmişdir. Bundan sonra İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək dəymiş ziyanın onun tərəfindən tam ödənildiyi üçün ona qarşı şikayət və tələbinin hazırda olmaması və gələcədə də olmayacağını bildirmişdir. Belə olan təqdirdə İddiaçı ona qarşı belə bir iddia tələbi irəli sürməsi əsassız və qanunsuzdur. Ona görə də İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçıya 100.000 ABŞ dollarını verdikdən sonra o, həyat yoldaşının adına olan Toyota Camry avtomobilini 30.000 dolları dəyərində qiymətləndirib iddiaçıya vermiş, iddiaçı həmin avtomobili öz qardaşı Hüseynin adına keçirmiş, daha sonra o, iddiaçıya 10.000 manat, sonra hər ay 1000 manat, 1500 dollar pul vermişdir. Bu gün onun iddiaçıya bir manat belə olsa borcu yoxdur. İddiaçı icraata xitam verilməsi barədə məhkəməyə teleqram ünvanlayacağını deyib onu aldatmışdır. İddiaçı ona öhdəlik yazmağı təklif etmiş, o, öhdəlik yazandan sonra avtomobili, pulu iddiaçıya vermişdir. Daha sonra iddiaçı da notariusa gedib orada pulunu tam almasını, şikayət və tələbinin olmamasını, gələcəkdə də şikayətinin olmaması ilə bağlı ərizə yazmışdır. Cinayət işinə baxılarkən hakim dəfələrlə iddiaçıdan şikayət və tələbinin olub-olmamasını soruşmuş, iddiaçı hakimə pulunu tam olaraq ondan almasını, bundan sonra da ona qarşı şikayət və tələbinin olmayacağını demişdir. Əvvəl o, iddiaçı ilə müqavilə bağlamış, sonra avtomobili və pulu vermişdir. İddiaçı tərəfindən çəkiliş aparılmasından onun xəbəri olmamışdır. İddiaçıya müqavilə bağlayarkən dost kimi ayda 500 manat hörmət edəcəyini, pulu ona hər ay 1000-1500 manat məbləğində ödəyəcəyini deyib, bir neçə ay ödəniş etmişdir. O, iddiaçıya məhkəmə prosesləri qurtardıqdan sonra pensiyasını alıb ona göndərəcəyini, məhkəmə qurtarandan sonra ona dost kimi kömək edəcəyini demişdir. Lakin o, iddiaçıdan aldığı 200.000 pulu tam geri qaytarmışdır. İddiaçının özünü də 600.000 borcu olduğundan onun iddiaçıya yazıqlığı gəlir. 2012-ci il buraxılışlı Toyota Camry maşının qiyməti 30.000 dollardır. O, həmin maşını 50.000 manat dəyərləndirmiş, 10.000 manat nəğd pul olmaqla cəmi 60.000 manat təşkil edir. O vaxtki məzənnə ilə hesablandıqda onun iddiaçıya veriləcək pulu qalmamış, o, borcunu tam olaraq odəmişdir. İddiaçı Moskvadan gələndən sonra zəngləşib bir yerdə səhər yeməyi yedikdən sonra ona Vüqarın ofisinə getməyi təklif olunmuş, o, da razılaşmışdır. X5 işin baxılmamış saxlanılması ilə bağlı ərizə yazıb məhkəməyə göndərməsini demişdir. Vüqar da komputerdə ərizəni yazmış, bir nüsxəsini də ona vermişdir. Həmin vaxt ona öhdəliklə bağlı hər ay 1500 manat verəcəyi deyilmiş, o da verməyəcəyini bildirmişdir. İddiaçı çətinliyinin olmasını dediyindən o, çətinliyinə görə kömək edə biləcəyini, lakin borcunu ona ödədiyini demişdir. İddiaçı ilə onun arasında elə də pis münasibət olmamış, onlar mehriban qardaş olmuş, bir yerdə işləmişlər. Onun iddiaçıya borcu qalmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 68. İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Maddə 180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Maddə 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Borclu Cavabdeh ilə tələbkar İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin predmetini Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı ödənilməli olan pul məbləğinin ödənilməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər qəbul edirlər ki, Cavabdeh İddiaçı ödəməli olan pul məbləği 100000 ABŞ dolları, dolların Azərbaycan manatına məzənnəsi hesablanmaqla 170000 manat təşkil edir. Müqavilənin 1.3.-cü bəndinə əsasən, borclu xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay 1500 manat olmaqla pul vəsaitini öz aldığı pensiya məbləğindən tələbkara hər ayın 15-i, lakin 20-dən gec olmamaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.4.-cü bəndinə əsasən, borclu qəbul edir ki, ödəniş məbləğini gecikdirdiyi hər gün üçün ümumi məbləğin (170000 manatın) 1% məbləğində dəbbə pulu ödəyəcəkdir. Müqavilənin 1.5-ci bəndinə əsasən, tələbkar bəyan edir ki, borclu bu müqavilənin 1.3cü bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirəcəyi halda bu müqavilənin 1.2-ci bəndində müəyyən edilən borc məbləğindən 116000 manatı borcluya güzəşt edəcəkdir. Müqavilənin 1.6.-cı bəndinə əsasən, borclu qəbul edir ki, müqavilənin 1.3-cü bəndində nəzərdə tutulan müddəaların tələblərini pozduğu halda, yəni ödənişi vaxtında icra etmədikdə tələbkar ondan 170000 manat məbləğində pulu tələb etmək hüququnu özündə saxlayır və ona məxsus olan pensiya kartından hər ay mütəmadi olaraq tutulmasına razılıq verir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-285/2023 nömrəli hökmündən məyyən olunur ki, Cavabdeh xx.xx.1992-ci il tarixli 131 nömrəli əmrlə Azərbaycan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq xx.xx.2006-cı il tarixdən Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləmiş tanışı İddiaçı ilə 2010-cu ilin oktyabr ayında Bakı şəhərində, istintaqa məlum olmayan yerdə görüşləri zamanı hakimlərin növbəti 5 illik təyinat tarixində, yəni 2012-ci il payız aylarında yaxınları olan yüksək dairələrdə işləyən vəzifəli şəxslərin vasitəsilə guya onu yenidən Bakı şəhərinin rayonlarından birinə məhkəmə sədri vəzifəsinə təyin etdirə biləcəyini və həmin vəzifəli şəxslərlə yaxın münasibətlərinə əsasən həmin məsələni həll etmək imkanında olduğunu yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd verərək inandırmaqla İddiaçı razılığını almaqla onunla sövdələşib, həmin adla 2010-cu ilin noyabr ayının sonu dekabr ayının əvvəllərində aralarında olan danışığa əsasən ünvan 1 ünvanında yerləşən Binəqədi rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında İddiaçı 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 (bir yüz altmış min bir yüz) manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyacına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus 160.100 (bir yüz altmış min bir yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində ... Həsənə dəymiş ziyanı ödəməsini, Həsənin məhkəməyə dəymiş ziyanın ödənilməsi barədə ərizə təqdim etməsini göstərmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, İddiaçı ifadəsində ... Hazırda Mirələkbər ona dəymiş bütün ziyanı tamamilə ödəmiş, ondan şikayəti və tələbi olmadığını göstərmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, işə baxan məhkəmə təqsirləndirilən şəxs Cavabdeh cəzasını yüngülləşdirən halların məcmusunu, yəni hər iki zərərçəkmiş şəxslə barışıq əldə etməsini, hər iki zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını, özünün və oğlunun ağır xəstəliklərdən əziyyət çəkməsini, müharibə veteranı və ahıl yaşda olmasını Cavabdeh tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edib, Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab etmişdir. İddiaçı Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 8İ-15078 nömrəsi ilə qeyd edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi T.Hüseynova ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, cinayət işi üzrə zərərşəkmiş şəxs kimi ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tərəfindən tam ödənilməsini, Cavabdeh ilə barışmasını, Cavabdeh qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirib, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Nümayəndə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizəsindən müəyyən olunur ki, İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin baxılmasına zərurətin aradan qalxmasına görə Azərbaycan Respublikası MPM-nin 259.0.11.-ci maddəsinin tələblərinə əsasən, 2(001)-179/2024 saylı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh Binəqədi rayon prokurorluğunun prokuroru olan dövrdə, təxminən 10-11 il əvvəl, İddiaçı isə daha əvvəl tanımışdır. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işlədiyi vaxt o, sonuncunun təklifi ilə onunla birlikdə Binəqədi rayon prokurorluğuna getmiş, Həsən politelin torbanı Binəqədi prokurorluğuna aparıb orada kiməsə vermiş, qayıdarkən Həsəni Mirələkbər yola salmışdır. Həsən həmin vaxt ona vəzifə sözü verdiyini, şirinlik olaraq 200.000 dollar pul verdiyini demişdir. Mirələkbər 100.000 borcunun əvəzində Həsənə hər ay pensiyasından 1500 manat verməyə söz vermişdir. Həsənlə Mirələkbər 2 ay əvvəl Vüqarın ofisində pulla bağlı söhbət apmış, Mirələkbər əvvəl pulu qaytarmayacağını desə də, sonradan qaytaracağını demişdir. 100.000 borcdan təqribən 37000-38000 manat maşına görə çıxılmış, bundan başqa Mirələkbər 8000-9000 manat Həsənə vermiş, cəmi 100.000 dollardan 40000-45000 manat Həsənə qaytarılmışdır. 13 yanvardakı görüşdə tərəflərin söhbəti gərgin keçmiş, bir-birilərini təhqir etmiş, sonda Mirələkbər borcundan hər ay ödəniş edəcəyini demişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, öhdəlik müqaviləsi adlandırılan müqavilədən görünür ki, müqavilənin predmetini Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı ödənilməli olan maddi ziyan təşkil edir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 285/2023 nömrəli hökmü ilə Cavabdeh hərəkətləri nəticəsində İddiaçı 200.000 (iki yüz min) ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 manat məbləğində ziyan vurulması müəyyən olunmuş, cinayət işinə məhkəmə baxışı zamanı İddiaçı zərər çəkən şəxs kimi ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edərək ona Cavabdeh tərəfindən vurulmuş ziyanın tam ödənilməsini bildirib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmiş, bu barədə notarial qaydada təsdiq olunan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsində Cavabdeh törətməsində təqsirli bilinən cinayət işi üzrə zərərçəkən İddiaçı vurulması qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunan ziyanın məbləği, ümumilikdə 160 100 manat olan pul vəsaiti deyil, hadisədən 10 ildən çox vaxt keçdikdən sonra ziyanın yarısı olan 100.000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla göstərilmiş, cavabdehin vurulmuş ziyana görə sonradan verdiyi nəqliyyat vasitəsi, nəğd pul vəsaitləri isə ümumiyyətlə müqavilədə nəzərə alınmamışdır. İddiaçı cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona vurduğu maddi ziyanı tam olaraq ödəmədiyini bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının özünün notarial qaydada təsdiq olunmuş ərizəsi, cinayət işinə baxılarkən verdiyi ifadəsi, tərəflər arasında aparılmış danışıqlara bağlı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan video çəkilişlərdə aparılan danışıqlar cavabdehin iddiaçıya vurduğu, qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuş, ziyanı tam ödəməsi öz təsdiqini tapır. Maddi ziyanın ödənilməsini təsdiq edən hallardan biri də, hazırkı mülki iş üzrə icraatın dayandırıldığı müddət ərzində iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-285/2023 saylı cinayət işi üzrə verdiyi ifadəsini dəyişdirməməsi, müqaviləni həmin məhkəməyə təqdim edərək ziyanın ödənilməsinə dair ərizəsini geri götürməməsidir. Belə ki, ali təhsilli hüquqşünas olan, uzun müddət hakim vəzifəsində işləmiş, məhkəmədə ifadə verərkən məsuliyyəti barədə müvafiq iltizamı imzalamış iddiaçı bilirdi ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Cavabdehə yüngül cəza təyin edilməsi məqsədi ilə ərizənin məhkəməyə təqdim edilməsinə dair iddiaçının dəlilini isə məhkəmə inandırıcı hesab etmir. Belə ki, uzun müddət cavabdehi tanıyan, bu gündə cavabdehə verdiyi pul vəsaitini hansı məqsədlə verməsini gizlətməyən, cavabdehi cinayət əməli törətməyə təhrik edən iddiaçının öz maraqlarını deyil, cavabdehə hansı cəzanın təyin ediləcəyini fikirləşməsi qeyrimümkündür. Məhkəmə bu qənaətə gələrkən öhdəlik müqaviləsinin şərtlərini də nəzərə alır. Həmin şərtlərdən görünür ki, iddiaçı verdiyi pulu 10 ildən sonra yaranmış məzənnə ilə hesablanmasını tələb edir, tərəflər arasında olan mübahisə də, məhz bu səbəbdən yaranmışdır. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi video çəkilişlərdə olan tərəflər arasında aparılmış danışıqlar da bir daha təsdiq edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh qanuni qüvvəsini alan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-285/2023 nömrəli hökmü ilə müəyyən olunan maddi ziyanı tam olaraq iddiaçıya ödədiyindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)- 285/2023 saylı cinayət işinə baxılarkən müəyyən edilən maddi ziyanın məbləği xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsi bağlandıqdan sonra da, iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, əksinə cinayət işinə baxılan dövr ərzində ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tərəfindən tam ödənilməsini, Cavabdeh ilə barışmasını, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirdiyindən, iddiaçının 10 il əvvəl vurulmuş ziyanın, ABŞ dollarının Azərbaycan manatına 10 il sonrakı məzənnəsi ilə tələb etməsi əsassız olduğundan, mövcud olmayan ziyana görə dəbbə pulu hesablanması mümkün olmadığından iddia ərizəsi təmin edilə bilməz. Ona görə də məhkəmə iddia ərizəsini tam həcmdə əsassız hesab edib təmin etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı 168300 manat maddi zərər, 158800 manat dəbbə pulu olmaqla cəmi 327100 manatın tutulmasına iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-179/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-179/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver