Məhkəmə qərarları › İş №e-2(001)-1802/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1802/2023

31.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1802/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilə dair yaşayış yerindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ilkin iddia tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Dövlət Reyestrindən Çıxarışa əsasən, İddiaçı rəsmi mülkiyyətindədir. Cavabdeh mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, əvvəla onun yerinə kommunal xərclərə görə əlavə ödəniş edir, həmçinin onun qeydiyyatda qalması həmin mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Tərəflər arasında qohumluq əlaqəsi olmadığından, Cavabdeh həmin mənzildə yaşamaması, sadəcə olaraq qeydiyyatda qalması və könüllü olaraq mənzildən qeydiyyatdan çıxmaması səbəbindən İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü Umarov Nihat Samir oğlunun, xx.xx.2013-cü il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbində o, yad bir insan kimi göstərilsə də, əslində İddiaçı onun həyat yoldaşı Umarov Samirin anası, yəni qaynanası və uşaqlarının nənəsidir. Cavabdeh mübahisəli mənzilə xx.xx.2009-cu ildə mübahisəli mənzilə gəlin köçmüş, bütün cehiz əmlaklarını həmin mənzilə yerləşdirmiş, övladları həmin mənzildə dünyaya gəlmiş, hal-hazıra qədər də həmin mənzildə övladları ilə birgə yaşayır və həmin mənzildə istifadə hüquqları var. Bu səbəbdən də Cavabdeh mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclaslarında çıxış edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 ifadəsində bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini xahiş edir. Belə ki, müdafiə etdiyi şəxs hazırkı evdə yaşamaq qərarına gəlib, lakin cavabdeh imkan vermir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia ərizəsini isə müdafiə edir. 2009-cu ilin oktyabr ayında İddiaçı oğlu ilə nikaha daxil olub. 20-25 gün rayonda qaldıqdan sonra hazırkı mübahisəli mənzilə köçüb. 12 ildən artıqdır orda yaşayır, bütün əşyaları oradadır, uşaqlar həmin evdə dünyaya gəliblər, baxçaya da, məktəbədə həmin evdən gediblər. Arada münaqişə olandan sonra İddiaçı bildirib ki, evi bölüb onlara verəcək. Amma sonra evi bölməkdən imtina etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 izahatında bildirdi ki, həm müdafiə etdiyi şəxsin, həm də azyaşlı uşaqlarının həmin evdən istifdə hüquqları var. Bu səbəbdən də ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 021851 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.1999-cu ildə verilmişdir. - Nikah və doğum haqqında şəhadətnamələrə əsasən, Umarov Samir Vəli oğlu ilə Cumayeva (Umarova) Sevinc Vəli qızı xx.xx.2009-cu il tarixdə 414 nörməli akt qeydi ilə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü Umarov Nihat Samir oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. - yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh (xx.xx.2010-cu il tarixdən), xx.xx.2012-ci il təvəllüdlü Umarov Nihat Samir oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - ƏƏSMN tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Umarov Nihat Samir oğlu sağlamlıq imkanları məhdud – daun sindromlu uşaqdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarına görə mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Cavabdeh onun gəlini olub və həmin mənzilə xx.xx.2010-cu ildə köçməklə qeydiyyata alınıb. Nəzərə alınmalıdır ki, işin məhkəmə tərəfindən müəyyən edilən halına görə Cavabdeh 2010-cu ildə qayınananın sahibliyində olan mənzilə (qeydiyyat vəsiqəsi əsasında) köçüb, belə olan halda, mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir. Həmçinin müəyyən edilir ki, hazırda Cavabdeh ilə Umarov Samir Vəli oğlu (İddiaçı oğlu) arasında nikahın pozulmasına dair məhkəmədə iddia baxılmaqdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da Cavabdeh qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbini xx.xx.2012-ci il təvəllüdlü Umarov Nihat Samir oğluna və xx.xx.2013-cü il təvəllüdlü X2 münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda xx.xx.2012-ci il təvəllüdlü Umarov Nihat Samir oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yaşayış yerləri onların valideyinlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən həm ilkin, həm də qarşılıqlı iddia ərizələrinə münsibətdə məhkəmə hesab edir ki, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi əsassızdır. Həmçinin Cavabdeh həmin mənzilə istifadə hüquqları yaranmadığından qarşılıqlı iddia tələbi də əsassızdır. Buna görə də, həm İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin iddia tələbi, həm də Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar