Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1830/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə 03 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Bakı şəhəri, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin ünvanda yaşayır və orada qeydiyyatdadır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi, 3 saylı evin 13 saylı mənzilindən çıxarılması, mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil iddiaçının mülkiyyətindədir və o, özü və ailə üzləri ilə birlikdə həmin mənzildə qeydiyyatdadır. 13 dekabr 2013-cü il tarixdə cavabdeh iddiaçının razılığı ilə həmin mənzilə qeydiyyata düşmüş və indiyədək orada yaşamaqdadır. Cavabdeh həmin mənzilə qeydiyyata düşən zaman mənzildən istifadə və ya yaşamaq hüququna dair aralarında heç bir yazılı və ya şifahi razılıq olmamışdır. Hazırda iddiaçı cavabdehdən mənzildən əşyaları ilə birlikdə çıxmağı tələb etməyinə baxmayaraq, cavabdeh iddiaçının ailə üzvü olmadığı halda onun tələbini yerinə yetirmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin məhkəmə iclasında izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini, cavabdehin mənzili boşaltmasını tələb etdiklərini bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı onun mərhum ərinin övladıdır. Həqiqətən də, sözügedən mənzil iddiaçının mülkiyyətindədir. Lakin, onun mənzildən çıxmamasına səbəb odur ki, iddiaçının atası, yəni onun mərhum əri vəfat etməmişdən əvvəl başqa evin satılması nəticəsində əldə edilmiş puldan iddiaçıya 19000 manat pul vermişdir ki, fərdi yaşayış evi tiksin. İddiaçı isə həmin pulu öz ehtiyaclarına xərcləmiş, ev tikməmişdir. Sonradan isə onun əri vəfat etmiş, o da məcburən sözügedən mənzildə yaşamalı olmuşdur. İddiaçıdan əri tərəfindən ona verilmiş 19000 manatın yarısını tələb edir ki, o pulla özünə kirayə mənzil tapıb orada yaşaya bilsin. Sonda Cavabdeh məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Tədqiq edilən hüquqlar: Mülki iş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanı İddiaçı adına Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2005-ci il tarixli, 4ə 5/791 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Sözügedən mənzil ilə bağlı hər hansı istifadə hüququ ilə əlaqədar müqavilənin bağlanmasına dair məlumat aşkar edilməmişdir. Mülki iş materiallarında olan Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzildən istifadəsi həmin mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarını pozduğuna görə cavabdeh özünə məxsus əşyalarla birlikdə mənzildən çıxarılmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir. Məhkəmə cavabdehin izahatına münasibətdə isə qeyd edir ki, yaşayış sahəsindən çıxarılma zamanı kompensasiyanın ödənilməsi ilə bağlı maddi hüquq norması Mülki Məcəllənin 228.2-ci maddəsində öz əksini tapmışdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin mübahisəli evdən çıxarılmasına görə kompensasiya alması məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin evə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “....Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi, 3 saylı evin 13 saylı mənzil iddiaçının mülkiyyətindədir, həmin evdən istifadəyə dair cavabdehlə heç bir notarial qaydada razılaşma yoxdur, cavabdeh iddiaçının ailə üzvü deyil. Belə olan halda məhkəmə cavabdehin dəlilləri əsassız sayıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Q.Hacıbababəyov küçəsi, 3 saylı evin 13 saylı mənzilindən özünə məxsus əşyalarla birlikdə çıxarılaraq həmin mənzil İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Q.Hacıbababəyov küçəsi, 3 saylı evin 13 saylı mənzilindən özünə məxsus əşyalarla birlikdə çıxarılsın və həmin mənzil İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1830/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1830/2024
03.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver