Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-189/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Dövlət Su X5 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ cəlb edilməklə) “mənzilə payçı kimi hüququnun tanınması, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Dövlət Su X5 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ cəlb edilməklə) “mənzilə payçı kimi hüququnun tanınması, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 45 nömrəli, ümumi sahəsi 42,7 kv.m-dən ibarət 1 otaqlı mənzilə onun payçı kimi hüququnun tanınması və həmin mənzilə onun sahiblik və istifadə hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2014-cü il tarixdə onunla Cavabdeh MTK arasında ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 45 nömrəli, ümumi sahəsi 42,7 kv.mdən ibarət 1 otaqlı mənzilə dair müqavilə bağlanmışdır və tərəfindən mənzilin ümümi dəyərinin hamısı, yəni 36295 manat məbləğində pul Cavabdeh MTK-ya ödənilmiş və bu barədə MTK tərəfindən ona həmin mənzilin dəyərinin hamısının onun tərəfindən ödənilməsi barədə Maliyyə Arayışı verilmişdir. Mənzilə dair onunla "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, 127078 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Hazırda o, dəfələrlə müraciət edərək, müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilə əsasında ona məxsus olan mənzili onun sahibliyinə və istifadəsinə verilməsini tələb etməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndələri həmin mənzilə dair başqa şəxsin də müqaviləsi olduğunu bildirərək, müqavilə əsasında ona məxsus olan sözügedən mənzili onun sahibliyinə və istifadəsinə verilməsini təmin etməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddanın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyi barədə ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Mənzil tikintisinə dair” müqavilənin surətindən görünür ki, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında "xxxx" MTK-nin tikilməkdə olan binasında 45 saylı mənzili İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 36295 manat təşkil edir. xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, Nuriyeva X3 rayonu, Cəfər Xəndan küçəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 1 otaqlı 45 saylı mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etmək, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasın ödəməyi öhdələrinə götürmüşlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 886/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsi mübahisələndirilən – cavabdehlər Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qeyd olunan hissədə barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X4, iddiaçılar X6, Novruzi Lalə Fərzulla qızının, X1, X9, X7 iddialarının təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən 3 sot torpaqda “Bulaq 2”-yə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, “Bulaq 2” isə, "xxxx" ASC-yə bu Müqavilə ilə müəyyən edilmiş mənzilləri "xxxx" ASC-nin və ya nun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyətinə verilməsini öz öhdəliyinə götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3867/2023 saylı qərarının surətindən görünür ki, X8 və Novruzi Lalə Fərzulla qızının kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-886/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2044/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 219.1-ci maddəsinə əsasən ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “Mənzil tikintisinə dair” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh ünvan 3 ünvanında inşa edilmiş 45 saylı mənzilin İddiaçı verməyi öz öhdəsinə götürmüş, iddiaçı isə həmin mənzilin dəyərini tam şəkildə ödəməyi özöhdəsinə götürmüşdür. İddiaçı mənzilin dəyərinə tam şəkildə ödəsə də (xx.xx.2016-cı il tarixli arayış), cavabdeh indiyədək həmin mənzili iddiaçının sahibliyinə və istifadəsinə verməmişdir. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 45 nömrəli, ümumi sahəsi 42,7 kv.m-dən ibarət 1 otaqlı mənzilə İddiaçı payçı kimi hüququ tanınmalı, həmçinin, həmin mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınmalıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 45 nömrəli, ümumi sahəsi 42,7 kv.m-dən ibarət 1 otaqlı mənzilə İddiaçı payçı kimi hüququ, həmçinin, həmin mənzilə sahiblik və istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-189/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-189/2024
31.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver