Məhkəmə qərarları › İş №e-2(001)-1964/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1964/2021

29.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1964/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçının İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qsəbəsi, 2-ci mədən, 17-ci korpusda 0,012 ha torpaq sahəsini 27 avqust 2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, X3 1367 saylı Qərarı əsasında iddiaçıya ayrılmışdır. Qeyd olunan torpaq sahəsində iddiaçı 2013-cü il tarixdə iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və bu günə qədər həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin iyun ayında iddiaçının xəbəri olmadan, evdə olmamağından istifadə edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus olan fərdi yaşayış evinin pəncərəsi qarşısında olan hasara əlavə edərək özü üçün bir neçə tikinti tikmiş və evin arxa tərəfinə isə əlavə olaraq hasar inşa etdirmişdir. Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikinin hündürlüyü nəticəsində iddiaçının evinə təbii gün işığı düşmür. Bundan başqa cavabdeh iddiaçının evinin arxasına keçən hissəni bağlamışdır. Cavabdeh qanunsuz olaraq tikinti və şəhərsalma qaydalarını pozmaqla, otağın yeganə işıq mənbəyi olan pəncərənin qarşısında daş hasara əlavə etməklə və tikinti işləri aparmaqla evi işıqlanma mənbəyindən məhrum etmişdir. Bununla bağlı iddiaçı dəfələrlə ərazi üzrə 43 saylı polis şöbəsinə və Binəqədi RİHB-nın Binəqədi qəsəbə nümayəndəliyinə müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. 07.01.2021-ci il tarixdə iddiaçı ərizə ilə X2 müraciət etmişdir. Ekspertiza mərkəzi müraciəti əsasında yerində tədqiqat aparmış və qarşısında qoyulmuş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 və 73-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa iddiaçıya məxsus olan 0,012 ha torpaq sahəsinə qonşu tərəfindən müdaxilə olub-olmaması barədə iddiaçı 12.01.20212-ci il tarixdə ərizə ilə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin ərizəyə cavab olaraq ünvanladığı 13.01.2021-ci il tarixli, 01-13/Ə-12 saylı məktubu ilə qeid edilmişdir ki, nümayəndəsi tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, torpaq sahəsinin cənub-şərq hissəsinə (evin arxa sağ tərəfi) qonşu tərəfindən 5 kv.m. hissəsi zəbt edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, halhazırda iddiaçıya məxsus olan torpaq sahəsi və üzərində yerləşən tikili onun tərəfindən iddiaçıya satılmışdır. Həmin vaxt tikilinin onun həyətinə açılan pəncərəsi yox idi. Pəncərə açılandan sonra o da məcbur olaraq hasarı qaldırmışdır. İndi həmin hasarın 0.6 metr hissəsinin sökülməsinə və hasarın 2.2 metr standartına uyğunlaşdırılmasına etiraz etmir. Lakin onun tərəfindən hər hansı zəbt edilmədən söhbət gedə bilməz. Onun istifadəsində yalnız özünə məxsus torpaq sahəsidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X3 27.08.2007-ci il tarixli, 1367 saylı qərarından görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində olan 120 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X3 13.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsinin (fərdi yaşayış evinin arxa sağ tərəfi) 5 kv.m. hissəsi qonşu mülkiyyətçi tərəfindən zəbt edilmişdir. İddiaçı iddia ərizəsinə X1 ekspert Ələsgər Mirzəyev tərəfindən imzalanmış 12.01.2021-ci il tarixli ekspert rəyini təqdim etmişdir. Lakin həmin rəyə rəy verən şəxsin özəl məhkəmə eksperti şəhadətnaməsinin olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmiş və belə olan halda qeyd olunan sənədin ekspertiza rəyi kimi qəbul olunması və ondan məhkəmə icraatı çərçivəsində istifadə edilməsi qanunaziddir. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan 15.06.2021-ci il tarixli, 10/848 saylı ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: “ ... İddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin sərhəddində yerləşən daş hasarın hündürlüyü 2.8 metr olduğuna və bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarından hər hansı icazə sənədi olmadığına görə, sözügedən daş hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tkinti Məcəlləsinin 73.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən olundu. ... İddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin sərhəddində yerləşən hündürlüyü 2.8 metr olan daş hasarın 0.6 metr hissəsi sökülərək hasarın hündürlüyü 2.2 metr (Azərbaycan Respublikası Şəhərsalma və Tkinti Məcəlləsinin 73.1. bəndinin tələblərinə uyğun) olduqdan sonra mövcud olan uyğunsuzluqlar aradan qaldırıla bilər”. Məhkəmə iddia ərizəsinin “Cavabdeh tərəfindən mənə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 170-ci korpusda yerləşən 120 kv.m. torpaq sahəsindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması ... keçid boşluğuna gedən yolda inşa edilmiş hasarın cavabdehin hesabına sökülərək mənə təhvil verilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İddiaçı zəbt edilmiş torpaq sahəsinin boşaldılmasını tələb etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən, hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin məzmununa görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətin cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin sərhədində, iddiaçı İddiaçı məxsus fərdi yaşayış evinin pəncərəsi qarşısında inşa edilmiş hündürlüyü 2 metr 80 santimetr olan daş hasarın 60 santimetr hissəsi Cavabdeh hesabına sökülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin sərhədində, iddiaçı İddiaçı məxsus fərdi yaşayış evinin pəncərəsi qarşısında inşa edilmiş hündürlüyü 2 (iki) metr 80 (səksən) santimetr olan daş hasarın 60 (altmış) santimetr hissəsi Cavabdeh hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar