Məhkəmə qərarları › İş №e-2(001)-1990/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1990/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1990/2024 03.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət budcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008ci il tarixli 128 nömrəli Qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsində xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır. a) müqavilənin predmeti; b) tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç) təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar; Qaydaların 5.4-cü bəndinə əsasən təqaüdçü Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərinin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış (yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə cavabdeh X3 arasında xx.xx.2012-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2012-ci il tarixli, 1672 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdehin hesabına “Böyük Britaniya, X1” ali təhsil müəssisəsində “mühəndislik” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2012-2015-ci tədris illəri üzrə təhsilin təşkili ilə bağlı 34.466,01 manat vəsait ödənilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 599 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə dəfələrlə rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 34.466,01 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o, ödənişdən yayınmışdır. Bununla yanaşı, MM-nin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümid etməsinə baxmayaraq, heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsaiti geri qaytaracaqdır. Lakin, vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. İddiaçı tərəf hesab edir ki, cavabdeh müqavilə şərtlərini pozaraq, təhsilini akademik müvəffəqiyyətsizlik səbəbindən başa vura bilmədiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarmalıdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 390.2, 399.3, 399.4, 377.1 və 448.1-ci maddələri ilə əsaslandıraraq, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 34466.01 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, nümayəndə tərəflər arasında bağlanmış müqavilənin əslini hazırda məhkəməyə təqdim edə bilmədiklərini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilənin predmeti Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaran münasibətlərdən ibarət olmuşdur və “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi Təhsil alanın (X2, Böyük Britaniya “elektrik və elektronika mühəndisi ixtisası üzrə) 2012-ci ildən 2015-ci ilə kimi tədrisini təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən verilmiş 22 avqust 2016-cı il tarixli 559 nömrəli “Bir qrup tələbənin xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi” haqqında ƏMR-in surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Naziri Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müvafiq məktublarına uyğun olaraq Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ əldə etmiş bir qrup tələbənin Təhsil Nazirliyi ilə imzaladıqları müqavilə öhdəliklərini pozduğunu nəzərə alaraq, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.47 və 13.5-ci bəndələrini rəhbər tutaraq, aşağıda adları qeyd olunan tələbələrin, o cümlədən – Cavabdeh (Böyük Britaniya, X2, elektrik-elektronika mühəndisliyi, bakalavr) Təhsil Nazirliyi ilə imzaladıqları müqavilə öhdəliklərini yerinə yetirmədikləri nəzərə alınaraq onların adlarının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmələri barədə əmr etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən verilmiş 29 oktyabr 2012-ci il tarixli, 1672 nömrəli “Xaricdə “Dövlət Proqramı” çərçivəsində təhsil alanların siyahısına daxil edilməsi” haqqında ƏMR-in surətindən görünür ki, Təhsil üzrə Komissiya tərəfindən xaricdə təhsil almaq üçün tövsiyə edilmiş aşağıda adları qeyd olunan Azərbaycan Respublikasının vətəndaşları “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilsinlər: o cümlədən Cavabdeh (Böyük Britaniya, X2, elektrikelektronika mühəndisliyi, bakalavr); Həmin ƏMR-in İİİ bəndində Nazirliyin İqtisadiyyat şöbəsi (Ş.Əliyev) Təhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq yuxarıda adları qeyd olunan tələbələrin 2012/2013-cü tədris ilindən etibarən təhsil almaları ilə bağlı bütün xərclərin (təhsil haqqı, viza, qeydiyyat, sığorta, yaşayış, ildə bir dəfə gedişgəliş yol xərcləri və təşkilati xərclər) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili tərəfindən məhkəməyə təqdim edilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizədən görünür ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edilmiş, həmin ərizədə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə hər hansı bir borcunun olmadığı, həmçinin iddia müddətinin keçməsi göstərilmiş və bu səbəbdən də, iddiadan imtina olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı vardır və həmin Sərəncamın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli 128 nömrəli Qərarı ilə “ Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Bu məqsədlə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” ilə Cavabdeh arasında 11 oktyabr 2012-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin predmeti isə Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaran münasibətlərdən ibarət olmuşdur və “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi Təhsil alanın (Cavabdeh - X2, Böyük Britaniya “elektrik və elektronika mühəndisi ixtisası üzrə) 2012-ci ildən 2015-ci ilə kimi tədrisini təşkil etmişdir. Müqavilə şərtlərinə və müqavilədə nəzərdə tutulmuş öhdəliklərə müvafiq olaraq iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmiş və Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən verilmiş 29 oktyabr 2012-ci il tarixli, 1672 nömrəli “Xaricdə “Dövlət Proqramı” çərçivəsində təhsil alanların siyahısına daxil edilməsi” haqqında əmrə əsasən 2012/2013-cü tədris ilindən etibarən cavabdehin təhsil alması ilə bağlı bütün xərclər (təhsil haqqı, viza, qeydiyyat, sığorta, yaşayış, ildə bir dəfə gediş-gəliş yol xərcləri və təşkilati xərclər) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilmişdir və həmin məbləğ ümumilikdə 34466.01 manat təşkil etmişdir. Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ əldə etmiş bir qrup tələbə, o cümlədən hazırki iş üzrə Cavabdeh Təhsil Nazirliyi ilə imzaladıqları müqavilə öhdəliklərini pozmuş, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 599 saylı əmri ilə onun adı xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2ci bəndində qeyd edilmişdir ki, təhsil alan üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Bununla da, bir daha təsdiq edilmişdir ki, həmin müqavilənin icra müddəti 2012-2015-ci illər müəyyən edilmiş, cavabdeh 22 avqust 2016-cı il tarixdə dövlət proqramından xaric edilmişdir. İddiaçı tərəf həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir və cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə iddia müddətinin tətbiqinə münasibətdə hesab edir ki, iddia tələbi əsaslı olsa da, iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar