Məhkəmə qərarları › İş №e-2(001)-2017/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2017/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2017/2024 11.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 27.761, 13 (iyirmi yeddi min yeddi yüz altımış bir manat, on üç qəpik) manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin social-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət budcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli 128 nömrəli Qərarı ilə “ Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır. a) müqavilənin predmeti; b) tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç)təhsili bitirdikdən sonra təqüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış(yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2015-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2015-ci il tarixli, 986 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Niderland Krallığı, X1 ali təhsil müəssisəsində “iqtisadiyyat” ixtisasi (magistr səviyyəsi) üzrə 2015-2018-ci tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 27761,13 manat vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 714 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə dəfələrlə rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 27.761,13 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cabavdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. MM-nin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümüd etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsini nəzərə alaraq, iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Təhsil Nazirliyi ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədə hər hansı bir icra müddəti müəyyən edilməmişdir. Beləliklə aydın olur ki, iddia müddəti müqaviləyə rəsmi olaraq xitam verilən xx.xx.2016-cı il tarixindən başlanmış, müqavilə tələbi ilə bağlı üç il müddət isə çoxdan bitmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə ləğv olunmadığından, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini müdafiə edərək, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Müqavilədən görünür ki, “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə görə Təhsil Nazirliyi təhsil alan Cavabdeh Niderland Krallığında olan “X1”-da İqtisadiyyat ixtisası üzrə 2015-ci ildən 2018-ci ilə kimi tədrisini təşkil edir. Həmin Müqavilənin 2.2.4-cü bəndinə əsasən, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Həmin Müqavilənin 2.3 və 2.3.2-ci bəndlərinə əsasən, təhsil alan bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş təhsil xərcləri daxilində xarici təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini qəbul edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 986 №-li Əmrindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xaricdə təhsil alması üçün seçilmiş Cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanlar siyahısına daxil edilməsi, Beynəlxalq əməkdaşlıq şöbəsi(M.Məmmədov) bu əmrlə bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsi, Nazirliyin İqtisadiyyat şöbəsi (R.Orucov) Təhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq yuxarıda adları qeyd olunan tələblərin 2015/2016-cı il tədris ilindən etibarən təhsil alması ilə bağlı bütün xərclərin(təhsil haqqı, viza, qeydiyyat, sığorta, yaşayış, ildə bir dəfə gediş-gəliş yol xərcləri və təşkilati xərclər) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 714 №-li Əmrindən görünür ki, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, Cavabdeh adının Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsi(M.Məmmədov), Maliyyə şöbəsi (R.Orucov) və Hüquq şöbəsi (S.Kazımov) Cavabdeh ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsi əmr edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən, iddiaçı tərəf cavabdehin “X1”-da İqtisadiyyat ixtisası üzrə 2015-ci ildən 2018-ci ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə həmin müddət ərzində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini götürmüş, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 714 №-li Əmri akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyini üçün cavabdehin adı Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. Hazırda iddiaçı cavabdehdən müqavilə üzrə ödənilmiş təhsil xərcinin geri qaytarılmasını məhkəmədən xahiş edir, cavabdeh isə iddianı qəbul etmir və iddia müddətini tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamamış, Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddətinin axımı, iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni cavabdehin akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyini üçün adının Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi və təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli Əmrinin tarixindən hesablanmalıdır. Hazırki vəziyyətdə müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu” haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməliidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar