Məhkəmə qərarları › İş №e-2(001)-2161/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2161/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2161/2022 04.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X19 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 10-cu korpusda yerləşən 248 saylı evdən öz əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən ev Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsinin ev kitabına əsasən iddiaçının istifadəsinə verilmişdir. Evi iddiaçının əri X13 2016-cı ildə X8 almışdır. Bir müddət sonra Səlim min evi kirayə verə biləcəyini demişdir. İddiaçı və əri Eldar evin kirayə verilməsi ilə bağlı Səlimlə razılaşma əldə etmişlər. Bir neçə aydan sonra evə baxış keçirmək istəyən zaman evdə yaşayan Cavabdeh və şəxsiyyətlərini müəyyən etmək mümkün olmamış digər şəxslərin evdə yaşadıqlarını görmüşlər. Həmin şəxslər evi Səlim Şükürovdan aldıqlarını bildirmiş və evin onlara məxsus olduğunu bildirmişlər. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənləri təsqid edib iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh X2 evi 24000 manata Səlim adlı şəxsdən aldığını, orada yaşadığı neçə il ərzində iddiaçının bir dəfə də olsun həmin evə gəlmədiyini bildirmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəili Vəkil2 tərəfindən məhkəməyə yazılı qaydada iddia ərizəsinə etiraz ünvanlanmışdır. Etirazda göstərilmişdir ki, cavabdeh arcadı X5 və uşağı ilə birlikdə uzun müddət kirayələrdə yaşadıqlarından ev almaq qərarına gəlmişlər. 2019-cu ildə fərdi yaşayış evləri tikib-satmaqla məşğul olan X9 3 otaqlı ev satdığı onlara məlum olmuşdur. Bu məqsədlə Səlim Şükürovla görüşüb evə baxmış, baxış zamanı evin yaşayış üçün yararsız vəziyyətdə olduğunun və indiyədək heç kəsin yaşamadığının şahidi olmuşlar. Evə su və qaz xətləri çəkilməmiş, tam təmirsiz olduğundan yaşayışa yararlı olmamışdır. Səlim evi onlara 26000 manata satmağı təklif etsə də, onlar evin mövcud vəziyyətinə görə 24000 manata Səlimlə razılaşmış, pulu tam olaraq ödəmişlər. 26 noyabr 2019-cu il tarixdən isə ora köçərək yaşamışlar. Evin kommunal xərcləri, habelə Bələdiyyənin hesabına əmlak vergisi onlar tərəfindən ödənilir. 2020-ci ilin noyabr atında iddiaçı həmin evə gələrək Səlimin həmin evi 32000 manata ona satdığını bildirmiş, sonradan İddiaçı əri Eldar Laçınov da ora gəlmişdir. Bu zaman onlar Səlim Şükürovdan məsələyə aydınlıq gətirməsini tələb etdikdə, Səlim onlara narahat olmamalarını, məsələnin Eldarla öz aralarında olduğunu, evi Eldarın razılığı ilə onlara satdığını, lakin pulunu Eldara ödəyə bilmədiyindən belə problemlərin yarandığını bildirmişdir. Bu faktlar polis orqanı tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmışdır. İşdə qeyd olunan hallardan aydın şəkildə görünür ki, X4 Eldar Bualdanoviçə borclu olduğundan, Eldar X1 qarşı deyil, məhz X12 qarşı müxtəlif instansiyalara şikayətlər edərək, sonuncu tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini bildirmişdir. İddiaçı göstərilən evi əri X20 Şükürovdan 2016-cı ildə aldığını bildirir. Hansı ki, onun tərəfindən mübahisəli evin alğı-satqısına və onun mülkiyyətində olmasına dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırki mübahisə predmeti olan ev dövlət qeydiyyatına alınmamış, evlə bağlı heç bir hüquq müəyyənedici sənəd mövcud olmamaqla, ev özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. İşin hallarından, habelə, iş materiallarında olan 26 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan müəyyən olunur ki, iddia predmeti olan özbaşına tikilini X17 adllı şəxs heç bir hüquq müəyyənedici sənəd olmadan şifahi razılaşma əsasında həm iddiaçının əri X11, həm də Cavabdeh satmışdır. X6 polisə verdiyi izahatda təsdiq etmişdir. İddiaçı mübahisə predmeti olan evin ona məxsus olmasını icra nümayəndəliyi tərəfindən ona verilmiş ev kitabında həmin ünvan üzrə qeydiyyata alınması ilə əsaslandırmış, cavabdeh isə evin bütün kommunal ödənişlərinin, habelə, bələdiyyənin hesabına əmlak vergisinin arvadı X5 tərəfindən ödənilməsini göstərmişdir. Lakin, məhkəmə hesab edir ki, bunların heç biri əmlakın həmin şəxslərin mülkiyyəti kimi tanınmasına əsas verici hal deyildir. Digər tərəfdən, həm iddia ərizəsindən, həm də “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X12 hazırki mübahisəli evin alınması üçün pulu iddiaçı deyil, onun əri X14 vermiş, sonradan evin başqa şəxsə satıldığını müəyyən edən E.Laçınov polisə ərizə ilə müraciət edərək S.Şükürov tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini bildirmiş, araşdırma nəticəsində S.Şükürovun əməlində cinayət tərkibi aşkar edilməmişdir. Bütün bu göstərilənlərdən belə müəyyən edilir ki, İddiaçı hazırki iddianı vermək üçün subyektiv hüquqa malik deyildir, buna görə də, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar