Məhkəmə qərarları › İş №e-2(001)-2179/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2179/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2179/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X19 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında bağlanmış nikah xx.xx.2010-cü il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 465 №-li aktla rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X9 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra valideynlərinə məxsus olan ünvan 1 ünvanında yerləşən 19 nömrəli mənzildə yaşamışlar. Təxminən 7 il bundan əvvəl atası həmin evi sataraq pulunu qardaşı ilə onun arasında bölmüşdür. O, həmin pula Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini almış və ailəsilə birlikdə həmin evdə yaşamışdır. xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu ünvanında yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin həyətində qaynı X3, arvadı Cavabdeh və qayınanası X4 tərəfindən döyülərək evdən məcburi şəkildə çıxarılmışdır. Həmin vaxtdan onun yaşamağa yeri yoxdur, küçələrdə qalır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda İddiaçı bildirmişdir ki, cavabdehlə 2010-cu ildən rəsmi nikah münasibətlərində olmuşlar, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu ünvanında yerləşən 3 otaqlı nömrəsiz fərdi yaşayış evini 40500 manat məbləğində pul vəsaiti qarşılığında almış, təmiri üçün 25000 manat məbləğində pul vəsaiti xərcləmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, məhkəməyə ünvanlanmış etiraz ərizəsini müdafiə edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, alınan evi o, yoldaşı ilə birlikdə təmir etdirmişlər, daima tərəflər arasında mübahisələr yaranmış, dəfələrlə polis orqanlarına müraciətlər edilmiş, İddiaçı yoldaşına, ona və uşaqlarına qarşı laqeyd münasibət bəsləməklə yanaşı, onlara qarşı zorakılıq hərəkətləri etmiş, onların bir yerdə yaşamaqları qeyri-mümkündür. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndələrinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2024-02856 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, o, iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. İlk olaraq qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Sözügedən yaşayış evi anasına məxsusdur. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, qardaşı və anası guya onu döyərək məcburi şəkildə evdən çıxarmışlar. O, bildirmişdir ki, iddiaçı özü günlərlə evə gəlmir, gəldiyi vaxt da onu döymüş və xəsarətlər yetirmişdir. Qeyd etdiyi hadisə də həmin günlərdən birinə təsadüf etmişdir. İddiaçı onu döyəndə azyaşlı övladı qorxub nənəsinə zəng vurmuşdur. Anası gəlmiş onu onun əlindən almağa çalışmışdır. Lakin İddiaçı anasını da vurub yerə yıxmış və mətbəx masasındakı duzqabını götürüb anasının üzünə atmışdır. Anası qan içində huşsuz vəziyyətdə yerə yıxılmış, o, da məcbur qalıb DİN 102 qaynar xəttinə müraciət etmişdir. Polislər evə gəlmiş hamısını 6-cı Polis Bölməsinə aparmışdır. Onun qalmağa başqa yeri yoxdur və iki azyaşlı övladı ilə bu evdə yaşayır. İddiaçı ilə eyni evi paylaşmaq onun da, övladlarının da həyatı üçün təhlükəlidir. O, bildirmişdir ki, İddiaçı ilə aralarında bağlanmış nikahın pozulması, uşaqların himayəsində qalması və aliment tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və iş hazırda həmin məhkəmənin icraatındadır. İddiaçı ərizəsində qeyd etmişdir ki, ev onun atasının vəsaiti hesabına alınmış və bütün kommunal abonent kodları onun adınadır. Anası yaşlı qadın olduğu üçün kommunal abonent kodları onun adına sənədləşdirilmişdir. İddiaçının valideynləri ilə normal valideyn-övlad münasibətləri yoxdur, valideynləri onunla əlaqəni demək olar ki, kəsmişlər. Göstərilənləri nəzərə alaraq, İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis leytenantı X11 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 902071 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 161132 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası isə Cavabdehdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 usta olduğunu, santexnik və başqa işlərlə məşğul olduğunu bildirməklə yanaşı, ev alınanda təmirsiz vəziyyətdə olduğunu, həmin evə bir mətbəx əlavə etdiklərini, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən həmin ev də satılmalı və həmin evin satışından ona pul çatmalı olduğunu, mübahisəli evi İlhamla birlikdə axtarıb tapdıqlarını, digər evi 60000-70000 manat məbləğində pul vəsaiti qarşılığında satdıqlarını, həmin evi isə İlhamın 41000 manat məbləğində pul vəsaiti qarşılığında aldığını, evin 80 faiz həcmində işini onun etdiyini, evin alınması üçün pulu İlhamın yarı-yarı ödədiyini, materialları da onunla birlikdə aldıqlarını və zəhmət haqqının tam ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 usta olduğunu, santexnik işləri və digər işlərlə məşğul olduğunu bildirməklə yanaşı, hörgüdən başqa bütün işləri edə bildiyini, evlərin üçündə də işlədiyini, birinci evin İlhamın atasına, ikinci və üçüncü evin isə İlhama məxsus olduğunu, sonuncu evi İlhamın aldığını, təxminən 60000 manat məbləğində pul vəsaiti qarşılığında sonuncu evi aldığını, həmin evin təmirinə isə xeyli pul xərclənildiyini, göstərişlərin İlham tərəfindən verildiyini və materialları onun aldığını və onlara başqa göstəriş verən olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 İddiaçı qohumu olmadığını bildirməklə yanaşı, həmin torpaq sahəsini aldığını, ev tikməyə başladığını, maddi imkanı olmadığından evin tikintisini tamamlaya bilmədiyini və 41500 manat məbləğində pul vəsaiti qarşılığında həmin evi İlhama satdığını bildirmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırki mübahisənin predmetini özbaşına tikili təşkil edir. Özbaşına tikililərə istifadə hüququnu tənzimləyən maddi hüquq normaları nə mülki qanunvericilikdə, nə də mənzil qanunvericiliyində mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Məhkəmə hesab edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə (mənzilə) köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (13.3) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 180-ci maddəsi aşağıdakı məzmunda nəzərdə tutulmuşdur: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında məhkəmə özbaşına tikililərə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, mübahisəli ev özbaşına tikilidir, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, tərəflərin 18 noyabr 2011-ci il təvəllüdlü X8 və 10 avqust 2013-cü il təvəllüdlü X9 adlı iki övladları vardır. Tərəflər 2022-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu ünvanında yerləşən fərdi yaşayış evini – yarımçıq tikilini əldə etmişlər. İddiaçı xx.xx.2024-cü il tarixədək həmin mənzildə yaşamışdır, lakin aralarında münaqişələr yaranmış və yaranan gərginlik nəticəsində bir yerdə yaşamaqları mümkünsüz olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev ər-arvadın əməyinin və xərclərinin nəticəsində yaranmış fiziki obyektdir və yaşayış sahəsi kimi istifadə olunur. İstər iddiaçı, istərsə də cavabdeh və onların övladları mübahisəli evdə əvvəllər normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq onların həmin evdə yaşamaq hüquqları vardır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulması və cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsi ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Həmçinin məhkəmə qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Bundan başqa cavabdehin tərəflər arasındakı şəxsi münasibətlərin qeyri-qənaətbəxş olması, bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etməsi, onların eyni evdə yaşamasının mümkünsüzlüyü barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh iddiaçının ona qarşı zorakılıq tətbiq etməsi ilə bağlı bir neçə dəfə hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin sonuncu orqanların qəbul etdiyi müvafiq qərarlara əsasən iddiaçının əməllərində cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının mənzil hüquqları pozulduğundan, onun başqa yaşayış sahəsinə malik olması iş materialları ilə təsdiq edilmədiyindən iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar