Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2220/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məmmədov İddiaçı Nuranə Şahin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivi, döngə 1 ünvanında 0,002 ha. torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli, 3 taqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər 2005-ci ildə el adəti ilə toy etməklə ailə qurmuşlar. Birgə nikahlarından 2009 və 2015-ci il təvəllüdlü iki uşaqları vardır. Ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, nəticədə 2021-ci ildə aralarındakı nikah pozulmuşdur. Evləndikləri ilk vaxtlar iddiaçının işi ilə əlaqədar bir müddət Gəncə şəhərində, sonra isə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Təxminən 2006-cı ildə cavabdehin valideynlərinə məxsus evdə yaşamaqla, həmin il Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivi adlanan ərazidə 0,002 ha. torpaq sahəsi alıb, orada fərdi yaşayış evi tikməyə başlamışlar. 2008-ci ilin sonları, 2009-cu ilin əvvəllərində evin tikintisini tam başa çatdırıb həmin evə cavabdehlə birlikdə köçüb yaşamışlar. Həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə, iddiaçının şəxsi qazancı və valideynlərinin qismən maddi köməkliyi ilə tikilmişdir. Evin tikintisində cavabdehin valideynlərinin hər hansı maddi köməkliyi olmamışdır. Tərəflər arasında nikah pozulsa da, son günlərədək birlikdə həmin evdə yaşamışlar. Lakin, 2021-ci ilin son aylarından başlayaraq, cavabdeh yaşayış evinin darvaza və qapılarının kilid və qıfıllarını dəyişdirməklə, iddiaçını evə buraxmamış, bununla bağlı tərəflər arasında mübahisə olmuş, Binəqədi rayon 6-cı Polis Bölməsində araşdırma aparılmışdır. Sözügedən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi yoxdur. Hazırda tərəflərin birgə nikah dövründə əldə etdikləri, habelə iddiaçıya məxsus şəxsi əşyalar həmin evdədir. Lakin, cavabdeh iddiaçının həmin evə daxil olmasına, orada yaşamasına imkan vermir. Buna görə də, iddiaçı məcburən yaxınlarının, tanışlarının evində müvəqqəti yaşayır. İddiaçı Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmaqla valideynləri orada yaşayır. Onun Bakı şəhərində daimi yaşayış yeri yoxdur. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsinin izahatında göstərilənləri təsdiq edib, əlavə olaraq bildirdi ki, o, cavabdehlə 2005-ci ildə ailə qurmuş, Gəncə şəhərində işlədiyi üçün təxminən 1il 6 ay orada kirayədə qalmışlar, sonra Bakı şəhərinə gəlmiş, təxminən 3- 4 ay müxtəlif ünvanlarda kirayədə yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadığı evə köçmüşlər. Hazırki mübahisəli evin yerləşdiyi torpaq sahəsini 2006-cı ildə şəxsi vəsaiti hesabına almışdır. Belə ki, atası Şərur rayonunda özünə məxsus torpaq sahəsini satmış, əldə etdiyi puldan bir hissəsini ona göndərmiş, həmçinin, o özü sementqarışdıran maşın idarə etməklə əldə etdiyi qazancını toplayaraq həmin torpaq sahəsini almışdır. Evin tikilməsində usta xərci də daxil olmaqla bütün pul onun hesabına ödənilmişdir. Cavabdehin valideynləri tikitiyə nəzarət funksiyasını həyata keçirmişlər. Evdəki bütün əşyaları, hətta qab-qaşığı da məhz o özü almışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, o, iddia ərizəsinə yazılı etirazı məhkəməyə ünvanlamış, etirazda göstərilənləri təsdiq edir. Belə ki, 05 avqust 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Onlar artıq uzun müddətdir ki, birlikdə yaşamır, birgə təsərrüfat aparmırlar. İddia ərizəsində göstərilənlər tam olaraq həqiqəti əks etdirmir. Belə ki, tərəflər bərabər uzun müddətli kirayələrdə qaldıqdan sonra cavabdehin valideynlərinin yaşadıqları evə sığınmış, daimi əsalarla onlarla yaşamışlar. Belə şərtlərlə yaşamaının mümkün olmaması səbəbindən cavabdehin ailəsi 0,002 ha. torpaq sahəsində ev tikdirmişlər. Ev təxminən 4-5 ilə tikilmiş, bütün kommunal xidmətlər məcburi olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Ev özbaşına tikilidir, onun üzərində hər hansı hüquq yarana bilməz. Həmçinin, iddiaçının izahatında göstərilənlərlə iddia ərizəsində qeyd olunan bəzi xüsusatlar ziddiyyət təşkil edir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, təxminən 2006-cı ildə cavabdehin valideynlərinə məxsus evdə yaşamaqla həmin ildə məlum torpaq sahəsini alıb fərdi yaşayış evi tikdirməyə başlamışlar. Halbuki, hazırki məhkəmə iclasında iddiaçı izahatında evləndikləri vaxtdan sonra təxminən 1 il 6 ay ərzində Gəncə şəhərində kirayədə yaşadıqlarını, sonradan Bakı şəhərinə gələrək 3-4 ay da burada müxtəlif ünvanlarda kirayədə yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadıqları ünvana köçdüklərini bildirmişdir. Digər tərəfdən, tərəflər münaqişəli tərəfdir. Dəfərlərlə polis orqanlarında barələrində material toplanmışdır. İddiaçı cavabdehi öldürməklə, ona zor tərbiq etməklə, xəsarət yetirəcəyi ilə hədələyir. Belə olan halda onların birgə yaşamaları tərəflərdən hər hansı birinin həyati təhlükəsini istisna etmir. Baş verə biləcək hər hansı bu kimi mənfi halın qarşısını əvvəlcədən almaq üçün onların bir-birindən ayrı yaşamaları şərtdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirib, nümayəndəsinin izahatında göstərilənləri təsdiq edib, əlavə olaraq bildirdi ki, o, iddiaçı ilə qısqanclıq, şərböhtan səbəbi ilə boşanmışdır. İddiaçı evdə münaqişə yaratmaq məqsədi ilə uşaqları görmək adı ilə ürəyi istəyən vaxt evə gəlmək istəyir. Halbuki, o, iddiaçının uşaqlarla ünsiyyətini heç vaxt məhdudlaşdırmamışdır. Əgər o iddiaçı tərəfindən hədələnməsəydi, niyə ondan polisə şikayət edərdi?! Sözügedən evə 2 yataq, 1 qonaq otağından ibarətdir. Uşaqlar yetkinlik yaşına çatmasalar da, artıq elə yaşdadırlar ki, onların bir otaqda qalmaları mümkün deyil. İddiaçı həmin evə köçərsə, o, məcbur uşaqları ilə birlikdə evdən çıxmalıdır. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 04 mart 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh və keçmiş həyat yoldaşı İddiaçı münaqişəli tərəf kimi qeydiyyata götürülmüşlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğu ücün təmin edilməməlidir. Belə ki, məhkəmədə müəyyən olundu ki, tərəflər arasında ailə münasibətləri 2005ci ildən yaranmışdır. Ailə həyatı qurduqdan sonra onlar bir müddət müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Mübahisəli evin inşasına hansı tarixdən başlanması ilə bağlı fikir ziddiyyəti mövcud olmaqla yanaşı, iddiaçı tərəfindən evin inşasının 2006-cı ildən başlanmasını təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Lakin, iş materiallarında olan, sorğu ilə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən əldə edilmiş materiallarla müəyyən edilir ki, tərəflər sözügedən evə 2009-cu ildə köçmüşlər. İddiaçı özü də iddia ərizəsində həmin evə 2008-ci ilin sonlarında, 2009-cu ilin əvvəllərində köçdüklərini qeyd etmişdir. Beləliklə, müəyyən edilir ki, tərəflər arasındakı ailə münasibətləri 2005-ci ildə yaranmış, 2009-cu ildə onlar sözügedən evə köçmüşlər. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı evlə bağlı hüquq münasibətləri 2009-cu ildən əvvəl əmələ gəldiyindən, hazırki mübahisəyə məhkəmə hesab edir ki, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin məcəllənin 53-cü maddəsinin mənasına əsasən mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də onun ailə üzvləri hesab edilə bilərlər. Hazırkı halda isə iddiaçının iddia tələbi üzrə köçmək istədiyi fərdi yaşayış evi özbaşına tikinti sayıldığından burada mübahisəli evin qanuni rejiminin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə hüququ yaranmış olsa idi belə, cavabdehlə aralarında olan nikah münasibətlərinə xitam verildikdən sonra mənzildə olan hüququ itirilmişdir. Həmin fərdi yaşayış evində istifadə hüququ olmadığı tədqirdə iddiaçının ora köçürülməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay kecdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2220/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2220/2022
29.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver