Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2230/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2012-ci ildə mənzil almaq üçün Cavabdeh1 MMC-yə müraciət etmiş və 15 mart 2012-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından alqı-satqı müqaviləsi əsasında dəyərini tam ödəməklə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhəlləsində yerləşən Yeni Yaşayış binasında A3 korpusu, 17-ci mərtəbə, 3 otaqdan ibarət sahəsi 145.11 kv.m. olan mənzili satın almışdır. Cavabdeh1 MMC tərəfindən verilmiş 15 mart 2012-ci tarixli maliyyə arayışı ilə qeyd edilən mənzilə dair İddiaçı borcu olmadığı təsdiqlənmişdir. Lakin, bu yaxınlarda ilk iddia üzrə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 11 noyabr 2011-ci il tarixdə həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhəlləsində yerləşən Yeni Yaşayış binasında A3 korpus ünvanında yerləşən həmin mənzil 18 sentyabr 2018-ci il tarixli akt ilə Cavabdeh2 təhvil verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 11.11.2011-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 MMC Cavabdeh2 Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsində yerləşən A3 korpusu 17-ci mərtəbə 3 otaqdan ibarət sahəsi 145.11 kv.m. olan 34 saylı mənzili təhvil verməyi, Cavabdeh2 isə mənzilə görə müəyyənləşdirilmiş pul məbləğini Cavabdeh1 MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, mənzilin dəyərini Cavabdeh1 MMC-yə tam ödəmiş və bu barədə ona 11.11.2011-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. Lakin Cavabdeh1 MMC-nin rəhbərlərinin cinayət əməlləri və mənzilləri iki və daha çox şəxslərə satmaları nəticəsində barələrində cinayət işi açılmış və həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Qeyd olunan cinayət işi üzrə məhkəmə prosesi davam edən zaman mənzil Cavabdeh2 təhvil verilmiş, vurulmuş ziyan ödənilmiş və buna görə də Cavabdeh2 əri - zərərçəkmiş şəxs kimi tanınmış X4 tərəfindən 18.09.2018-ci il tarixli ərizə notarial qaydada tərtib edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir. Həmin ərizədə qeyd olunur ki, “ ... Cavabdeh1 MMC-dən aldığım mənzil mənə təhvil verilmiş və hər hansı maddi və mənəvi ziyan dəyməmişdir”. 18.09.2018-ci il tarixli akt əsasında mənzil Cavabdeh2 təhvil verilmiş, akt Cavabdeh1 MMC-nin direktoru və təsisçisi tərəfindən təsdiqlənmişdir. Qeyd olunan cinayət isinin istintaqı zamanı hazırda mübahisəli mənzilin digər bir şəxsə də satılması müəyyən edilmişdir. Lakin həmin digər şəxs hazırkı iş üzrə mübahisəli mənzili tələb edən İddiaçı oglu deyil, X7 olmuşdur. X5 mənzilə görə ödədiyi pul Cavabdeh1 MMC tərəfindən geri qaytarıldığı üçün onun Cavabdeh1 MMC-yə qarşı hər hansı tələbi olmamışdır. Həmin cinayət işi üzrə də mübahisəli mənzilin tək sahibi və mülkiyyətçisi kimi Cavabdeh2 müəyyən edilmişdir. Cinayət işinin istintaqı uzun müddət aparılmış, həmin müddətdə zərərçəkmiş şəxslərin dairəsi müəyyən edilmiş, lakin nədənsə həmin iş üzrə mübahisəli mənzilin alıcılarından biri kimi İddiaçı adı ümumiyyətlə hallanmamış, həmin mənzilin həm də ona satılması məsələsi cinayət işi üzrə öz təsdiqini tapmamışdır. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 eyni zamanda məhkəməyə vəsatətlə müraciət etmiş və İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında yerləşən mübahisəli mənzilin satışında "Cavabdeh1" MMCnin Azərbaycan Respublikası Cinayət Məcəlləsində mülkiyyət əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsində məhkəməyə bildirmişdir ki, İddiaçı 11.11.2011-ci il tarixli müqaviləni mübahisələndirmək üçün müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 11.11.2011-ci il tarixli, 438 nömrəli müqavilədən və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında A3 korpusu, 17-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 145,11 kv.m. olan 34 saylı mənzil Cavabdeh2 29022 manat qiymətinə satılmış və sonuncu tərəfindən mənzilin dəyəri tam həcmdə ödənilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15.03.2012ci il tarixli, 500 nömrəli müqavilədən və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında A3 korpusu, 17-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 145,11 kv.m. olan 34 saylı mənzil İddiaçı 116088 manat qiymətinə satılmış və sonuncu tərəfindən mənzilin dəyəri tam həcmdə ödənilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.06.2019-cu il tarixli, 1(101)-72/2019 saylı hökmündə göstərilmişdir ki, “ ... cinayət işinin 4-cü cildinin 159-160-cı vərəqlərində olan Cavabdeh1 MMC-nin 11 noyabr 2011-ci il tarixli, 438 nömrəli müqaviləsinin və eyni tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, binanın A3 korpusunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145,11 kv.m. olan 3 otaq 34 saylı mənzil Cavabdeh2 adına sənədlərşdirilmiş, həmin mənzilə görə borcun olmaması barədə maliyyə arayışı verilmişdir. .... binanın A3 korpusunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145,11 kv.m. olan 3 otaqlı 34 saylı mənzil 11 noyabr 2011-ci il tarixli 438 nömrəli müqavilə ilə Cavabdeh2 adına sənədləşdiriləndən sonra 31 may 2012-ci il tarixli 494 nömrəli müqavilə ilə X2 və 17 may 2012-ci il tarixli 556 nömrəli müqavilə ilə X3 adına da rəsmiləşdirilmişdir. Hal-hazırkı vaxtadək Cavabdeh2 adına yazılmış müqavilədən əvvəl həmin mənzilin hə hansı bir şəxsin adına sənədləşdirilməsi müəyyən olunmadığından mənzilin birinci alıcısı həmin mənzilə edilmiş ödəniş vəsaitinin məxsus olduğu X4 hesab edilmiş və bu mənzil X1 adına sənədləşdirilməsi üzrə faktiki olaraq X5 ilkin verilməsi nəzər alınaraq, məhz ona qarşı dələduzluq cinayəti törədildiyindən o, zərər çəkmiş şəxs kimi tanınmışdır”. İş materiallarında olan 18.08.2018-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 11.11.2011-ci il tarixli, 438 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllənin şimalında inşa edilmiş binanın A3 korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m., yaşayış sahəsi 79,16 kv.m. təşkil edən mənzil Cavabdeh2 təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsürlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İş materiallarından göründüyü kimi, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanarkən, həmin mənzil artıq başqa şəxsə (qarşılıqlı iddia üzrə iddiaçıya) satılmış və belə olan halda, həmin əqdin subyektiv tərkibinə aid edilən şərtin/elementin qüsurlu olması aşkardır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticətə gəlir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməli; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15 mart 2012-ci il tarixli, 500 saylı müqavilə etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15 mart 2012-ci il tarixli, 500 saylı müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Cavabdeh2 ödənilsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2230/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2230/2021
29.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver