Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2238/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh X2 qarşı mənzilin qapısının açılaraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh X4 qarşı mənzilin qapısının açılaraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda inşa edilən 17 mərtəbəli, 1 bloklu, 64 mənzilli binanın, 7-ci mənzilinin 2013-cü ildən bina tikintisinə başlanıldığı dövrdən müxtəlif tarixlərdə, yəni 09 sentyabr 2013-cü ildə əvvəllər fəaliyyət göstərən "xxxx" Mənzil Tikinti Kooperativi ilə payçı X8 arasında bağlanmış ilkin müqaviləyə əsasən axırıncıya verilməsi nəzərdə tutulmuşdur. Sonradan, yəni 2013-cü ilin noyabr ayında mübahisəli mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi ilə payçı Cavabdeh arasında bağlanmış ilkin müqaviləyə əsasən ona verilməsi nəzərdə tutulmuşdur. Həmin binada eyni mənzillər dələduzluq yolu ilə müxtəlif payçılara satıldığına görə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvləri, 15 nəfər zərərçəkən payçılarla birlikdə, 2019-cu ilin aprel ayında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə kollektiv şikayət ərizəsi ilə müraciət etmişər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cinayət işi başlanmış və iş üzrə istintaq hərəkətləri yekunlaşdıqdan sonra cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü ilə o dövrdəki "xxxx" MTK-nın sədri olmuş, X6 törətdiyi cinayət əməllərinə görə təqsirli bilinmişdir. Lakin o, 25 iyul 2019-cu il tarixdə, vəfat etdiyinə görə Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, lakin zərərçəkmiş vətəndaşların mülki iddialarının təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş MTK sədri Elmira Şirinovanın və ailə üzvlərinin əmlaklarına xüsusi müsadirə tətbiq olunmuşdur. Daha sonra Elmira Şirinovanın ailə üzvləri və bir neçə zərərçəkmiş şəxslər tərəfindən məhkəmə hökmündən apellyasiya şikayətləri və kassasiya şikayətləri verilsə də, xx.xx.2021-ci il tarixli, 1(103)-51/2021 saylı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-1231/2021 saylı qərarları ilə birinci instansiya məhkəməsinin hökmü öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra həbs olunaraq üzərinə xüsusi müsadirə tətbiq olunmuş əmlakların yerləşdikləri ərazilər üzrə Binəqədi Rayon İcra şöbəsinə, Nərimanov Rayon İcra Şöbəsinə, Xəzər Rayon İcra Şöbəsinə və Şamaxı Rayon İcra Şöbəsinə icra vərəqələri göndərilmişdir. Bu cinayət işi üzrə 15 nəfər zərərçəkənlərdən 11 nəfəri açıq hərraclar vasitəsilə keçirilən auksionlardan zərərlərini əvəzləşdirməklə üzərinə həbs qoyulmuş müxtəlif daşınmaz əmlakları əldə etmişlər. Məhkəmənin yuxrıda göstərilən hökmü ilə hazırki iş üzrə Cavabdeh da zərərçəkən şəxs kimi tanınmış və Binəqədi rayonu İcra şöbəsində 45.000 manat maddi ziyan +5.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə icra işi mövcuddur. Buna baxmayaraq, Cavabdeh Ali Məhkəmənin qərarı ola-ola və hal-hazırda heç bir dövlət qurumlarının sənədinə məhəl qoymayaraq özbaşına ünvan 1 ünvandakı 7 saylı mənzilin qapısını çıxardaraq ora təzə qapı qoymuşdur. Beləliklə, Cavabdeh yuxarıda göstərilən məhkəmənin hökmünə uyğun verilmiş icra vərəqəsinə əsasən həm 50.000 manat pul vəsaitini almaq, həm də binada ona indi heç bir aidiyyatı olmayan mənzilə sahib olmaq istəyir. Belə ki, Cavabdeh xx.xx.2022-ci tarixdə ünvan 1 ünvandakı 7 saylı mənzilin zərərin əvəzi qismində ona verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin sonradan o, iddianın perspektivsiz olduğunu anlayaraq iddia ərizəsinin qaytarılması barədə müraciət etmiş və məhkəmə onun iddia ərizəsini baxılmadan qaytarmışdır. Buna baxmayaraq cavabdeh mübahisəli mənzilinin giriş qapısını bağladığına görə "xxxx" MMMC-nin səlahiyyətli şəxsi - sədri kimi həmin mənzilə girib baxış keçirmək və həmin mənzildən cəmiyyətin məqsədləri üçün istifadə etmək mümkün deyil. Halbuki, "xxxx" Mənzil Tikinti Kooperativinin səlahiyyətli şəxsləri barədə cinayət işi başlandıqdan sonra, kooperativin bütün sənədləri və möhürləri hüquq mühafizə orqanları tərəfindən götürüldükdən və onun fəaliyyəti dayandırıldıqdan sonra, həmin binanın təmir və avandanlıqların quraşdırılması işləri başa çatdırılmamışdır. Hal-hazırda binanın sakinləri məcburiyyət qarşısında qalaraq, öz vəsaitləri hesabına yarımçıq işlərin davam etdirilməsi, yəni təmir işləri, liftin qoyulması və s. işlərin icrası üçün Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmışlar. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin və ümumiyyətlə binanın sakinlərinin maliyyə vəziyyəti çox ağır olduğuna görə işlərin əksəriyyəti yarımçıq qalıb. Binada liftin və digər zəruri avadanlıqların quraşdırılması üçün xeyli miqdarda vəsait lazım olduğuna görə cəmiyyətin bir sıra hüquqi və fiziki şəxslərə borcu yaranmışdır. Bununla yanşı, Cəmiyyət ünvan 1 ünvandakı 7 saylı mənzildən istifadə etmək istəsə də, həmin mənzil Cavabdeh tərəfindən yeni qapı quraşdırılıb bağlanmaqla zəbt edilmişdir. Cavabdeh X1 iddiaya etirazı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “ ... iddiaçı məhkəmədən mübahisəli mənzilin qapısının açılaraq "xxxx" MMMC-nin istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilmməsini məhkəmədən xahiş edir. İşin faktiki hallarından və cavabdehin özünün də iddia ərizəsindən müəyyən edilir ki, həmin mənzil "xxxx" MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında Cavabdeh verilib. "xxxx" MTK-nın hal-hazırda dövlət qeydiyyatı ləğv edilməyib və ya səlahiyyətləri hər hansı formada başqa şəxsə o cümlədən, iddiaçıya keçməyib. “Bulaq-2" MTK hal-hazırda hüquqi şəxs statusunda Vergi Xidmətinin kommersiya hüquqi şəxslərin dövlət reyestrində mövcuddur. İddiaçı mənzili öz istifadəsinə verilməsini tələb etsə də, həmin mənzillə bağlı hər hansı hüququnun olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmir. İddiaçı elə davranır ki, sanki həmin mənzilin ona verilməsi ilə bağlı hər hansı hüquqi əsas mövcuddur və ya o, "xxxx" MTK-nın hüquqi varisidir. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədən və "qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış"dan da görünür ki, iddiaçı hüquqi şəxs statusunu xx.xx.2022-ci il tarixdə əldə edib və mənzillə bağlı cavabdehin hüquqi bağlılıq yaranandan 9 il sonra yaradılıb. İddiaçının hansı hüquqa malik olması və yaradılmasının məqsədi konkret olaraq qanunvericiliyə əsasən tənzimlənir. İddiaçı çoxmənzilli binalarda ancaq binanın ümumi əmlakları ilə bağlı mənzil mülkiyyətçilərinin mənafeyinə uyğun istifadə, sahiblik hüququnu həyata keçirə bilər. Hazırkı işdə iddiaçı, sanki binanı tikən və ya mənzilə hüququ olan şəxsdir ki, onun öz istifadəsinə verilməsini tələb edir. Mənzil Məcəlləsinin 122 və 123-cü maddələrinə əsasən də "xxxx" MMMC-nin fəaliyyət istiqaməti ancaq binanın kommunal xərclərinin, mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətində olan və binaya ümumi qaydada xidmət edən əmlakların mülkiyyətçilərin mənafeyinə uyğun idarə edilməsidir. Məlum olduğu kimi bina, o cümlədən mübahisəli mənzil "xxxx" MTK tərəfindən ona ödənilmiş vəsait əsasında tikilib. İddiaçının ümumiyyətlə mənzillə bağlı hər hansı bağlılığı və qanunvericiliyə əsasən səlahiyyəti yoxdur. İddiaçı ancaq mübahisəli mənzilin yerləşdiyi binanın ümumi istifadədə olan əmlakına, sahəsinə dair mülkiyyətçilərin mənafeyi naminə və xidmət haqqlarının ödənilməməsi ilə bağlı məhkəmədə iddialar irəli sürə bilər. Göründüyü kimi, mənzillə bağlı iddiaçı mənzilin onun istiladəsinə verilməsi ilə bağlı iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X7 məhkəməyə bildirdi ki, cavabdeh həmin hökm ilə müəyyən edilmiş pulu götürmək istəyir, həm də mənzilə sahiblənmək. Halbuki, həmin mənzil mülkiyyətçilərin maraqları naminə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin istifadəsinə verilməlidir. Belə ki, hal-hazırda "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ofisi yoxdur və onlar həmin mənzili ofis kimi istifadə edəcəklər. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Hazırkı iş üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətidir və iddiaçı ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilin qapısının açılaraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə görə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Mənzil Məcəlləsinin 119.7-ci maddəsinə müvafiq olaraq, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları iştirakçısı olduqları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Mənzil Məcəlləsinin 122.1-ci maddəsinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Hazırkı mübahisənin predmeti çoxmənzilli binanın ümumi əmlakına aid deyil, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" Mənzil Tikinti Kooperativi ilə X5 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya ayrılmış mənzildir. "xxxx" Mənzil Tikinti Kooperativinin ləğv edilməsi və Kooperativin hüquq və vəzifələrinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyil və belə olan halda iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olması iş materialları ilə öz təsdiqini tapmır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh X2 qarşı mənzilin qapısının açılaraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh X2 qarşı mənzilin qapısının açılaraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2238/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2238/2023
16.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver