Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2255/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikahın pozulması Binəqədi rayon qeydiyyat şöbəsində 14 avqust 2020-ci il tarixdə qeydə alınmışdır. Hazırda münasibətləri pozulduğundan, onlar ayrı yaşayırlar. Birgə nikah dövründə cavabdehlə birlikdə yaşamışlar, ümumi təsərrüfat aparmışlar və ailələrinin bütün qazancı və xərcləri bir olmuşdur. Birgə nikah dövründə Cavabdeh adına 20 fevral 2013-cü il tarixində Bakı şəhəri 27 saylı DNK-da təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllədə yerləşən 8 saylı evin 3 otaqlı 32-ci mənzilini almışlar. Həmin mənzil cavabdehin istifadəsində olduğundan və mənzildən iddiaçıya çatan payı könüllü verməkdən imtina etdiyindən iddiaçı həmin mənzilin bölgüsünə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllədə yerləşən 8 saylı evin ümumi sahəsi 70,01 kv.m., yaşayış sahəsi 41,21 kv.m. olan 3 otaqlı 32-ci mənzilinə 1/2 hissədə onun, 1/2 hissədə isə Mehdiyeva (Əhmədova) Könül Qazəhməd qızının payları müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 50 7-68- ci məhəllədə yerləşən 8 saylı evin 3 otaqlı 32-ci mənzilinin 1/2 hissəsinin iddiaçıya, 1/2 hissəsinin isə Mehdiyeva (Əhmədova) Könül Qazəhməd qızının mülkiyyət hüququ qeydə alınmış və bu barədə onlara xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd olunan mübahisəli mənzildə onların birgə yaşamaqları mümkün olmadığından və iddiaçının başqa yaşayış sahəsi olmadığından, mübahisəli mənzildən iddiaçıya çatan payın naturada (fiziki bölgü) ayrılmasını və sahibliyinə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4082 nömrəli, 25 avqust 2021-ci il tarixli, ekspertiza rəyinə əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllədə yerləşən 8 saylı evin 32 saylı mənzilin tərəflər arasında ½ paylarına uyğun bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5362/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qızma qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın naturada paylara uyğun (fiziki) bölgüsü və payların ayrılaraq sahibliyə verilməsi tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllədə yerləşən 8 saylı evin 32 saylı mənzilin paylı mülkiyyət üzrə 1/2 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir, evin digər paylı mülkiyyətçi Cavabdehdır. Ümumi paylı mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllədə yerləşən 8 saylı evin 32 saylı mənzilindən sərbəst surətdə istifadə edə bilmir. Belə ki, hazırda cavabdehlə heç bir mənəvi bağlılığı yoxdur və bir mənzildən ümumi qaydada istifadə etməkləri qeyrimümkündür. İddiaçının digər yaşayış yeri olmadığından məcbur qalıb qohumlarının evində müvəqqəti yaşayır. Həmçinin, ümumi xəstəlik səbəbindən iddiaçı əmək qabiliyyətsizdir və ikinci qrup əlildir, bununla bağlı ona 230308 nömrəli əlillik vəsiqəsi verilmişdir. Bu səbəbdən iddiaçının yeganə ümidi mübahisəli mənzilin satışından payına uyğun əldə olunmuş gəlir hesabına yaşayış sahəsinin alınmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət etmiş və aşağıdakıları göstərmişdir: “ ... sözügedən mənzilin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir və həmin əmlak ümumilikdə 60400 manat məbləğində qiymətləndirilmişdir. Qeyd etmək istəyirəm ki, iddiaçı ilə birgə nigahdan dünyaya gəlmiş övladımız X1 böyüdülməsi üçün nəzərdə tutulmuş aliment məbləğini bu günə qədər iddiaçı ödəməmişdir. Həmin aliment məbləği isə 5000 manat təşkil edir. İddiaçı Mehdıyev Eldəniz neçə ildir övladı ilə bir dəfə belə olsun maraqlanmayıb və onun ehtiyyaclarının ödənməsi üçün heç bir addım atmayıb. Əlavə olaraq bildirirəm ki, oğlumuz X3 bu il Ali məktəbə daxil olub və illik 2000 manat ümumilikdə isə 8000 min manat olmaqla ödənişli əsaslarla təhsil alacaq. Beləliklə mən iddiaçı X2 barışıq sazişi bağlamağı təklif edirəm və oğlumuza görə ödəməli olduğu 5000 manat aliment məbləğini və oğlumuzun təhsil haqqının yarısını yəni 4000 manatı, ümumilikdə 9000 manatı mənə ödəməsini təklif edirəm. X2 isə daşınmaz əmlakın bölgüsündən onun payına düşən 30000 manatı isə üstündən 9000 manat çıxmaq şərti ilə, yəni 21000 manatı mən iddiaçıya dərhal ödəməyə hazıram. Xahiş edirəm yuxarıda qeyd olunanları nəzərə alasınız”. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə bildirdi ki, yuxarıda qeyd olunanlar tərəflər arasında məhkəmədən kənar müzakirə olunmuş və aydın olmuşdur ki, cavabdeh real olaraq mübahisənin məhkəmədən kənar, barışıq yolu ilə həll edilməsində maraqlı deyil, bütün bu təkliflər yalnız mübahisənin həllinin suni şəkildə uzadılmasına xidmət edir. Cavabdehin məqsədi məhz yekun məhkəmə aktının çıxarılmasının qarşısını almaqdır. Ona görə də, qeyd olunan təkliflə razılaşmır və işin mahiyyəti üzrə baxılaraq, iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5362/2021 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın naturada paylara uyğun (fiziki) bölgüsü və payların ayrılaraq sahibliyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllədə yerləşən 8 saylı evin ümumi sahəsi 70,01 kv.m, yaşayış sahəsi 41,21 kv.m olan 3 otaqlı 32-ci mənzilin ½ hissədə onun və Mehdiyeva (Əhmədova) Könül Qazəhməd qızının arasında naturada bölünməsi (fiziki bölgü) və paylarının ayrılaraq sahibliklərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ... Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(001)- 534/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Mehdiyeva (Əhmədova) Könül Qazəhməd qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,01 kv.m, yaşayış sahəsi 41,21 kv.m olan 3 otaqlı, 32 saylı mənzilinə ½ hissədə İddiaçı, ½ hissədə cavabdeh Mehdiyeva (Əhmədova) Könül Qazəhməd qızının paylarının müəyyən edilməsi qət edilmişdir. ... Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68ci məhəllədə yerləşən 8 saylı evin 32 saylı mənzilin ½ hissəsinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır, digər ½ hissəsi Cavabdeh adında saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2021-ci il tarixli, 10/4082 nömrəli ekspertiza rəyindən görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllədə yerləşən 8 saylı evin 32 saylı mənzilin tərəflər arasında ½ paylarına uyğun bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. ... Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllədə yerləşən 8 saylı evin 32 saylı mənzili ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı payının naturada ayrılmasını tələb etsə də, ekspert rəyi ilə müəyyən olunur ki, bu mümkün deyil. Ona görə də məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın naturada paylara uyğun (fiziki) bölgüsü və payların ayrılaraq sahibliyə verilməsi tələbinə dair iddiası təmin edilməməlidir”. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil ½ hissədə Cavabdeh və İddiaçı qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, UNİ/İ 15-565/22 saylı ekspert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 67100 manat, likvid dəyəri isə 60400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin sistemli şərhi aşağıdakılara dəlalət edir: ilkin olaraq paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razlaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Əgər tərəflər arasında belə razılq əldə olunmazsa paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 220.4 və 220.5-ci maddəsi ayrılan mülkiyyətçiyə onun payının verilməsi və əmlakdakı paya hüququnun itirilməsi qaydasını müəyyən edir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məcəllənin 220.6-cı maddəsinin məzmunundan məlum olur ki, ayrılan mülkiyyətçi ilkin olaraq Məcəllənin 220.3-220.5-ci maddələrdə müəyyən edilmiş qaydalara və ardıcıllığa riayət etməli və yalnız həmin qaydalar və ardıcılıq əsasında ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Hazırkı işin materiallarından göründüyü kimi, iddiaçı Mülki Məcəllənin 220-ci maddəsi ilə nəzərədə tutulmuş ardıcılığa riayət etmiş və hal-hazırda əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zərurəti ortaya çıxmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “ ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. ... mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə, məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə, onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarına əsaslanaraq, hesab edirəm mübahisəli ümumi paylı mülkiyyətdə olan mənzil naturada təcrid şəklində bölünməsi texniki cəhətdən bölünməsi qeyri-mümkün olduğundan, mənzil açıq hərracda satılaraq, satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, mübahisəli mənzilin likvid dəyəri 60400 manat müəyyən edildiyi halda, cavabdeh tərəfindən iddiaçıya 21000 manat kompensasiya təklif edilmiş, iddiaçı isə həmin təkliflə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 60400 (altmış min dörd yüz) manat müəyyən edilməklə mənzil açıq hərracdan satılsın və mənzilin satışından əldə edilmiş vəsait Cavabdeh və İddiaçı arasında bərabər paylarda bölünsün. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış qiymətləndirmənin 200 (iki yüz) manat dəyəri Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2255/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2255/2022
21.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver