Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2285/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu zərərə görə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat əsas borc məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin və 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğin, cəmi 1.090 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 01 aprel 2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsinin müddətinin 07 iyul 2022-ci il tarixində bitməsi razılaşdırılmışdır və müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində və Tiblisi prospektində yerləşən “Araz Superstore”-da əmək funksiyasını yerinə yetirdiyi müddətdə ona 14 mart 2022-ci il tarixində 1600 manat dəyərində olan “poz-qazan” biletləri təhvil verilmişdir. Biletləri təhvil aldıqdan sonra şirkətə məxsus 1150 manat dəyərində olan “poz-qazan” lotoreyalarını pozmuş lakin dəyərini ödəməmişdir. Nəticədə şirkətə 1150 manat maddi ziyan vurulmuşdur. Həmçinin cavabdeh 27 mart 2022-ci il tarixində rəsmi qaydada məlumat vermədən işdən çıxmışdır. İddiaçı QSC-yə vurulmuş maddi ziyanın kompensasiya olunması barədə cavabdehə 11 may 2022-ci il tarixində xəbərdarlıq edildikdən sonra ümumi maddi ziyandan 150 manat ödənilmiş lakin geriyə qalan 1000 manat məbləğində maddi ziyan bu günə qədər ödənilməmişdir. 23 fevral 2023cü il tarixli maliyyə arayışına əsasən cavabdehin QSC-yə olan borcu 1000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (işəgötürən) ilə Cavabdeh (işçi) arasında bağlanmış 01 aprel 2022-ci il tarixli "xxxx"sinin təsdiq edilmiş surətindən görünür ki, sonuncu 3 ay müddətinə QSC-də satıcı vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi, vəzifə təlimatında göstərilən funksiyaları etməyi öz öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər, Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (işəgötürən) ilə Cavabdeh (işçi) arasında bağlanmış 01 aprel 2022-ci il tarixli “tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, işçi, ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirilməsini tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur. a) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır; b) müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır; c) ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir; d) ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyanı həyata keçirmək. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişinə xitam verilən işçisi Cavabdeh şirkətə maddi ziyan vurması nəticəsində 1.000 manat borcu yaranmışdır. 14 sentyabr 2022-ci il tarixli ödəniş tapşırığının və 15 sentyabr 2022-ci il tarixli elektron qaimənin surətlərindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Sirius” Vəkil Bürosunun hesabına hüquqi yardıma görə 150 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının 29 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, iddiaçı işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf sessiyada iştirak etməmiş, 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. 02 noyabr 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatının hesabına mediasiyaya müraciətə görə 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 01 aprel 2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh satıcı vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra isə tərəflər arasındakı əmək münasibətlərinə xitam verilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətində əmək funksiyalarını yerinə yetirərkən QSC-yə 1.150 manat məbləğində ziyan vurmuş, həmin ziyanın 150 manat məbləğini ödəmiş, qalan ziyanı isə ödəməmişdir. Ona görə də, iddiaçı cavabdehdən ödənilməmiş ziyanı məhkəmə qaydasında tələb edir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndi təşkil edir. Həmin maddə də işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Lakin, işin halları yuxarıda qeyd edilən normanın ( maddə 199 “a”) dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilmədi. Belə ki, iddiaçı cavabdehin həqiqətən də şirkətə ziyan vurması barədə hər hansı mötəbər sübutu (təhvil-təslim aktı, səlahiyyətli şəxslər tərəfindən aparılmış yoxlama nəticələri, səlahiyyətli şəxslər tərəfindən tərtib edilmiş vurulmuş ziyan barədə akt və sair) məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi işdə olan sübutlarla öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu zərərə görə pul” tələbinə tələbinə dair iddiası rədd edildiyindən, iş üzrə ödənilmiş məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu zərərə görə pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2285/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2285/2023
17.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver