Məhkəmə qərarları › İş №e-2(001)-2302/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2302/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2302/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı3, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinin qapısının və həyətin darvazasının açarlarının bir nüsxəsinin onlara verilməsi və onların həmin evə giriş-çıxışına, evdən istifadəsinə maneə yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 X5 ilə 1980-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan digər iddiaçılar olan Cavid və Cəmilə, habelə cavabdeh Bəhruz anadan olmuşlar. Leysan Nəbiyeva 2013-cü ildə tarixdə vəfat etmişdir. X4 1202 nömrəli 07 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Binəqədi qəsəbə ərazisindən istifadələrində olan 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. 2005-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Onlar ailə kimi həmin evdə birgə yaşamışlar. Evdən hər biri Bakı şəhərində olarkən lazım gəldikcə istifadə etmişlər. Cavabdeh ailə qurduqdan sonra evi olmadığından və kirayə evdə yaşadığından onun ailəsi ilə birgə mübahisəli evdə yaşamasına razılıq vermişlər. Eyni zamanda, həmin evin açarının bir nüsxəsi də onlarda olmuş və onlar da lazım gəldikcə evdə birgə yaşamış və istifadə etmişlər. Lakin hazırda cavabdeh qapısının və həyətin darvazasının kilidlərini dəyişdirərək, yeni açarların bir nüsxəsini onlara verməkdən imtina edir və onlara evdən istifadələrinə maneçilik yaradır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh iddiaya etiraz göndərərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçıların hər birinin özlərinin evləri, yaşayış yerləri var. İddiaçı3 anası X5 ilə 1990-cı ildə rəsmi olaraq boşanmış və hazırda Beyləqan rayonunda şəxsi evində ikinci ailəsi ilə birlikdə yaşayır. Bundan başqa, o və iddiaçılar məcburi köçkün olduqlarından Füzuli rayonu, Zobucuq-1 qəsəbəsindən evlə təmin olunmuşlar və hazırda da məcburi köçkün kimi həmin evdə qeydiyyatdadırlar. Qeyd edilənlərə əsasən iddiaçıların tələbləri şəxsi istəklərdən başqa bir şey deyil. Odur ki, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, Leysan Nəbiyevadan 1990-ci ildə rəsmi qaydada ona görə boşanmışdır ki, Bakı şəhərində qeydiyyata düşərək ev ala bilsinlər. Boşanma yalnız sənəd üzərində olmuşdur, onlar ailə olaraq birlikdə yaşamağa davam etmişlər. Mübahisəsi gedən fərdi yaşayış evini o, öz vəsaiti hesabına tikdirmiş və təmir etdirmişdir. Həmin ev daşınmaz əmlakın dövlə reyestrində qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, İddiaçı1 bir neçə il öncə ərə gedərək həmin evdən köçmüş, hazırda boşandığı üçün kirayə ev tutaraq orada yaşayır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddianı müdafiə edərək bildirmişdir ki, sözügedən ev atasının vəsaiti hesabına tikilmişdir. Atası və anası rəsmi boşansalar da, anası vəfat edənədək ailə olaraq birlikdə yaşamağa davam etmişlər. O, artıq 15 ildir ki, Beyləqan rayonunda yaşayır və işləyir. Mübahisəli evdə onların hər birinin ayrıca otaqları var və Bakıya gəldikləri zaman evdən istifadə etmiş, orada yaşamışlar. Atasının evi ilə üzbəüz cavabdeh üçün də ev tikdirirdilər. Həmin dövrdə cavabdeh ailəsi ilə kirayə tutduğu evdə yaşayırdı. Kirayədə qalmasın deyə öz evi hazır olana qədər ailəsi ilə birlikdə gəlib ata evində qalmasına razılaşmışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı3 iddiası təmin edilməli, digər iddiaçıların isə iddiası təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı3 atası ilə onun atası əmiuşağıdırlar. O, bənnadır. O, qardaşı ilə 2005-ci ildə mübahisəsi gedən evin tikintisində işləmişlər. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, tikinti materiallarını İddiaçı3 özü alıb gətirirdi, usta pulunu da onlara Tahir verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı3 onun xalası Leysan Nəbiyevanın həyat yoldaşı olmuşdur. Onlar rəsmi olaraq boşansalar da, ailə kimi birlikdə yaşamağa davam edirdilər. Mübahisəsi gedən fərdi yaşayış ev 2005-ci ildə İddiaçı3 vəsaiti hesabına inşa edilmişdir, həmin evinin beton karkasını o hazırlamışdır. Ona usta pulunu Tahirin özü verirdi. İş materiallarında olan: Füzuli rayon qeydiyyat şöbəsinin 08 aprel 2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı3 Məhəmməd oğlu ilə X5 arasında nikah 21 oktyabr 1980-cı il tarixdə bağlanmışdır. Xİİİ ЖГ 348732 və İX ЖГ 416593 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı2 və X6 ataları İddiaçı3 Məhəmməd oğlu, anaları X2r. Füzuli rayon qeydiyyat şöbəsinin 25 iyul 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı3 Məhəmməd oğlu ilə X5 arasında olan nikah 12 noyabr 1990-cı il tarixdə pozulmuşdur. Bakı şəhəri Binəqədi rayonu X4 07 oktyabr 2004-cü il tarixli qərarının surətindən görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. AZ-İİ 186738 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 aprel 2013-cü il tarixdə ölmüşdür. 08 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı3 Məhəmməd oğlu ilə X1 birgə nikahından Bəhruz, Cavid və Cəmilə adında uşaqları doğulmuş, nikah 12 noyabr 1990-cı il tarixdə pozulsa da, onlar ailə olaraq birlikdə yaşamağa davam etmişlər. 07 oktyabr 2004-cü il tarixdə X7 tərəfindən X3 Binəqədi qəsəbə ərazisində yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır. Leysan Nəbiyeva 2013-cü ildə tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsində İddiaçı3 Məhəmməd oğlu öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmişdir. Həmin ev daşınmaz əmlakın dövlə reyestrində qeydə alınmamışdır. İddiaçılar İddiaçı3 Məhəmməd oğlu və onun oğlu Cavid öz ailələri ilə birlikdə Beyləqan rayonunda yaşayır, qızı isə ailə quraraq başqa ünvana köçmüşdür. Digər oğlu Bəhruz isə mübahisəsi gedən fərdi yaşayış evində yaşayır. Hazırda iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 15ci korpus ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən istifadə edildiyini, onların isə istifadəsinə maneələr yaratdığını iddia edərək həmin evin qapısının və həyətin darvazasının açarlarının bir nüsxəsinin onlara verilməsini və onların həmin evə girişçıxışına, evdən istifadələrinə maneə yaradılmasının cavabdehə qadağan edilməsini xahiş edirlər, cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, iddiaçıların hər birinin öz yaşayış yerləri var. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin 2005-ci ildə yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və İddiaçı3 Məhəmməd oğlunun vəsaiti hesabına inşa edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun həmin evdən maneəsiz olaraq istifadə etmək imkanı məhdudlaşdırıla bilməz. Digər iddiaçılar isə artıq uzun müddətdir (altı aydan artıq) ki, həmin evi tərk edərək daimi yaşayış üçün başqa yerə köçmüşlər. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı3 iddiası təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 15-ci korpus ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin qapısının və həyətinin darvazasının açarlarının bir nüsxəsi İddiaçı3 verilməsi Cavabdeh həvalə edilməli, habelə İddiaçı3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 15-ci korpus ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə giriş-çıxışına, evdən istifadəsinə maneələrin yaradılması Cavabdeh qadağan edilməlidir. Digər iddiaçıların iddiaları isə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı3 iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 15-ci korpus ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin qapısının və həyətinin darvazasının açarlarının bir nüsxəsi İddiaçı3 verilməsi Cavabdeh həvalə edilsin. İddiaçı3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 15-ci korpus ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə giriş-çıxışına, evdən istifadəsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar