Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2440/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilədən əmələ gələn öhdəliklərin icrası tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh MMC-nin direktoru Duyğu Şahinlinin, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədən əmələ gələn öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədən əmələ gələn öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinim yerinə yetirilmədiyini nəzərə alaraq, hər iki müqavilə üzrə edilmiş ödənişlərin ümumi məbləğini, yəni 77.000 (yetmiş yeddi min) avro olmaqla məzənnəyə uyğun manat ekvivalenti ilə 142.800 manat vəsaitin, xx.xx.2025-ci ilədək ödənilməmiş 93.500 manat məbləğində dividendin və ödənişlərin gecikdirilməsinə görə dəbbə (penya) pulu olaraq 27.990 manat pul vəsaitinin cavabdeh ”ETT” MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə bağlanmış iki müqavilə var. Müqavilələrə əsasən hər birinin dəyərinin 77.000 (yetmiş yeddi min) Avro olmaqla “X6 Device” markalı iki ədəd tibb cihazı alınaraq gələcəkdə gəlir əldə etmək məqsədi ilə birgə mülkiyyət kimi istifadəsi nəzərdə tutulmuşdur. Müqavilələrə əsasən iddiaçı öz öhdəliklərini tam yerinə yetirmişdir. Belə ki, üzərinə götürdüyü öhdəlik olaraq hər bir cihazın dəyərinin 50 faizini, yəni hər bir müqaviləyə görə 38.500 Avronu mövcud olmuş məzənnəyə uyğun manat ekvivalenti ilə 71.400 manat, hər iki müqavilə üzrə toplam 142.800 manat vəsaiti Cavabdeh MMC-nin xəzinəsinə ödəmişdir. Cavabdeh MMC öz növbəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqaviləyə əsasən Cavabdeh MMC vəsait daxil olduqdan sonra 45 gün ərzində hər iki cihazı idxal edərək, istifadəsinə başlayaraq iddiaçıya hər ay üçün növbəti ayın 5-dək, 2500 manatdan aşağı olmamaq şərti ilə 4500 manata qədər dividend ödəməlidir. Həmçinin ödənişdə gecikmə olduğu halda hər gecikdirdiyi gün üçün aylıq dividend məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu (penya) ödəməlidir. Lakin dəfələrlə şirkətin nümayəndələri ilə əlaqə saxlayaraq dividendin ödənilməsini xahiş etməsinə baxmayaraq, bu günədək Cavabdeh MMC heç bir ödəniş həyata keçirməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixidə iddiaçı tərəfindən Cavabdeh MMC-yə rəsmi təklif (pretenziya) göndərilərək şirkətə hər iki müqavilə üçün ödədiyi vəsaitin, ödənilməmiş dividendin və dividendin ödənişində gecikmə olduğu üçün dəbbə pulunun (penya) ödənilməsini xahiş etmiş, lakin bir ay müddət keçməsinə baxmayaraq yenə də cavabdeh heç bir məlumat verməmiş və ödəniş etməmişdir. Cavabdehlə aralarında bağlanmış müqavilələrin 4.1-ci bəndinə əsasən iddiaçıya ödəniləcək aylıq dividendin minimum həddi - 2500 manat təşkil etməklə hər ay üçün növbəti ayın 5-dək ödənilməli, gecikdirildiyi halda cavabdeh hər gecikdirdiyi gün üçün ödənilməli olduğu aylıq dividend məbləğinin 1(bir) faizi miqdarında dəbbə pulu (penya) ödəməlidir. Həmin müqavilələrin 5-ci bəndinə əsasən hər hansı səbəbdən iddiaçı müqavilələrə son vermək istədiyi halda müqavilə üzrə ödədiyi vəsait tam şəkildə ona qaytarılmalıdır. Nəzərə alınsa ki, birinci müqavilə üzrə ödəniş xx.xx.2023-cü il tarixdə ödənilib, 45 gün müddət nəzərə alınaraq, dividend ödənişləri xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçıya ödənilməli idi. Beləliklə, Cavabdeh MMC-nin birinci müqaviləyə əsasən ödəməli olduğu dividendlər və ödənişlərin gecikdirilməsinə görə dəbbə pulu (penya) olaraq 47.500 manat dividend, 14.370 manat dəbbə pulu, ikinci müqavilə üzrə isə 46.000 manat dividend, 13.620 manat dəbbə pulu hesablanmaqla ödənilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, atası xərçəng xəstəliyindən əziyyət çəkirdi. Həmin vaxtlar onun müalicəsi məqsədilə Duyğu Şahinli ilə tanış olub. Atası vəfat etdikdən sonra Duyğu Şahinli bildirmişdir ki, xaricdən xərçəng xəstəliyinin müalicəsi məqsədilə aparat gətirirlər. Bu aparatların tanıtımı isə “BonaDea” klinikasında keçirilir. Tanıtımdan sonra tərəflər onunla görüşüb, müqavilə bağlayıb və ödəniş etdikdən sonra ona qəbz veriblər. Həmin vaxt ona bildirilib ki, şirkətin rəhbəri hazırda ölkə xaricində olduğundan onun səlahiyyətlərini etibarnamə ilə Nəzrin xanım yerinə yetirir. Pulun ödənilməsi ilə bağlı sənədi həmin gün veriblər, lakin ikinci ödənişdə qəbzin bitdiyini, növbəti gün qəbz verəcəklərini bildirdilər. Əlavə olaraq bildirdi ki, müqavilə bağlamaqda məqsədi həm qazanc əldə edilməsi, həm də xərçəng xəstələrinin müalicəsinə kömək etmək olub.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru Duyğu Şahinli iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə atasının müalicə aldığı vaxtlar tanış olublar. Onlar tanış olduqları vaxtlar artıq Burakla aralarında bağlanmış müqavilə əsasında ticarətlə məşğul olurdular. Sonuncu müqavilədən isə onun xəbəri olmamışdır. Məlumatı olan kimi etibarnaməni ləğv etdirmişdir. Ödənişlər, müqavilə bağlanması və s. kimi əməliyyatlardan vaxtında xəbəri olmayıb. Mədaxil qəbzində olan imza belə onun tərəfindən icra edilməyib. Hətta digər müqavilə üzrə pulun təhvil verilməsi aktını imzalayan Nəzrin Mirzəzadənin şirkətin rəsmi işçisi olmadığını, onun sadəcə olaraq şirkətdə mühasibatlıq işi ilə məşğul olduğunu bildirmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini, tərəflər arasında bağlanmış müqavilənin etibarsız olduğunu bildirdi. Belə ki, birinci müqavilə üzrə pul vəsaiti kassa-mədaxil orderi ilə nağd şəkildə şirkətin işçisi olmayan şəxs tərəfindən qəbul olunub, ikinci müqavilə üzrə ödəniş isə adi akt şəkilində qəbul olunub. Bu ödənişlər şirkətin hesabına daxil olmayıb. Bu müqavilədə adı keçən aparat xərçəng xəstəliyinin müalicəsində istifadə olunur. Tərəf özü bu aparatı almamışdan qabaq şirkətin bu aparatı satmaq üçün lisenziyasının olub-olmamasını dəqiqləşdirə bilərdi. Müqavilənin 3-cü bəndində göstərilir ki, 45 gün ərzində həmin aparat idxal olunmalıdır. İkinci müqavilə ilə birinci müqavilə arasında 30 gün vaxt olmuşdur. Lakin tərəf aparatın 30 gün müddətində idxal olunmamasına baxmayaraq ikinci müqaviləni bağlayır və birinci müqavilənin nəticəsilə maraqlanmır. Dividend isə MMC təsisçilərinə ödənilməli olduğu halda, iddiaçı təsisçi olmamasına baxmayaraq dividend tələb edir. Bundan başqa həmin aparatın ölkəyə idxal olunmasına dair iddiaçının əsaslı sübutları yoxdur.
Mülki işin materialları:
7. Tərəflər arasında bağlanmış xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Tərəfdaşlıq müqaviləsi”ndən görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Şahinli Duyğu və İddiaçı arasında 10 (on) il müddətinə bağlanmış müqaviləyə əsasən Türkiyə istehsalı, ümumi dəyəri 77.000 Avro olan “X7 Device” markalı cihazın alınmasına dair razılıq əldə edilmiş və cihazın investisiyası 50% - 50% iki tərəf arasında ediləcək və tərəfdaşların ümumi mülkiyyəti hesab edilməklə, məhsulun idxalını tərəflər adından Cavabdeh MMC həyata keçirəcəkdir. Cihaz üçün ödənişlər edildikdən sonra maksimum 45 gün ərzində cihaz idxal edilərək istifadəyə hazır olacaq. Həmçinin fiziki şəxs tərəfindən cihaz üçün investisiya müqabilində ona aylıq minimum 2500 manat dividend veriləcək, bu dividend məbləği 4500 manat qədər qalxa bilər.
8. Cavabdeh MMC-yə məxsus (VÖEN **********) İUD seriyalı, 090651 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Tərəfdaşlıq müqaviləsi”nə əsasən 71.400 manat ödəniş edilmişdir.
9. Tərəflər arasında bağlanmış xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Tərəfdaşlıq müqaviləsi”ndən görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Şahinli Duyğu və İddiaçı arasında 10 (on) il müddətinə bağlanmış müqaviləyə əsasən Türkiyə istehsalı, ümumi dəyəri 77.000 Avro olan “X7 Device” markalı cihazın alınmasına dair razılıq əldə edilmiş və cihazın investisiyası 50% - 50% iki tərəf arasında ediləcək və tərəfdaşlrın ümumi mülkiyyəti hesab edilməklə, məhsulun idxalını tərəflər adından Cavabdeh MMC həyata keçirəcəkdir. Cihaz üçün ödənişlər edildikdən sonra maksimum 45 gün ərzində cihaz idxal edilərək istifadəyə hazır olacaq. Həmçinin fiziki şəxs tərəfindən cihaz üçün investisiya müqabilində ona aylıq minimum 2500 manat dividend veriləcək, bu dividend məbləği 4500 manat qədər qalxa bilər.
10. Pulun təhvil verilməsi Aktına əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən “Tərəfdaşlıq müqaviləsi”nə əsasən 71.400 manat pul ödənişi Nəzrin Mirzəzadəyə verilmişdir.
11. Təklif (pretenziya) məktubundan görünür ki, Cavabdeh MMC-yə pulun qaytarılması ilə bağlı məlumat göndərilərək borcun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir
12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən (xətşünaslıq) görünür ki, ekspertizaya təqdim olunmuş İUD seriyalı, 090651 nömrəli, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzinin aşağısında “Rəhbər” qrafasındakı imza - Şahinli Duyğu tərəfindən icra olunmuşdur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
17. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. 106-1.3.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır.
22. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.
23. 106-3.3. Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.
24. 106-3.4. İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm mülkiyyətçilərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. 106-3.6. Səhmdar cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir.
25. Azərbaycan Respublikası “Vergi Məcəlləsi”nin 13.2.15-ci maddəsinə əsasən Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.
Azərbaycan Respublikası MPM-nin:
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
32. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
33. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.
34. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2).
35. Məhkəmə iddia tələbinin müqavilə üzrə ödənilmiş pulun geri tələb edilməsi hissəsində hesab edir ki, iddia həmin hissədə tam əsaslıdır.
36. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirərək ödəniş etmiş, lakin cavabdeh tərəfdən müqavilə ilə alınması nəzərdə tutulmuş cihazlar alınmamışdır. Cavabdeh MMC-nin direktoru D.Şahinli məhkəmə iclaslarında mədaxil qəbzində olan imzanın onun tərəfindən icra edilmədiyini və pulu qəbul edən Nəzrin Mirzəzadənin onların rəsmi işçisi olmadığını qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İUD seriyalı, 090651 nömrəli, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzinin aşağısında “Rəhbər” qrafasındakı imza - Şahinli Duyğu tərəfindən icra olunmuşdur (ekspert rəyi ilə təsdiq edilmişdir). Həmçinin iş materiallarından görünür ki, Şahinli Duyğu tərəfindən X1 Cavabdeh MMC-nin adından (pul almaq, imza etmək, müqavilələr imzalamaq və s.) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası ərazisində müəyyən hərəkətlər etməsinə dair səlahiyyətlərini təsdiq edən notarial qaydada tərtib və təsdiq edilmiş etibarnamə verilmişdir ki, o da həmin etibarnamə əsasında iddiaçıya münasibətdə müqavilələr və digər sənədləri imzalamışdır. Göründüyü kimi cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Bu səbəbdən də iddiaçı tərəfindən cavabdehə ödənilmiş 142.800 manat (77.000 avro) pul iddiaçıya geri qaytarılmalıdır.
37. Bundan başqa cavabdeh tərəfindən iddiaçının ödədiyi məbləğlərin cavabdehin hesabına ödənilmədiyi barədə dəlilləri də iş materiallarında olan cavabdeh təşkilatın möhürü ilə təsdiq olunmuş İUD seriyalı, 090651 nömrəli, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderi və iddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən imzalanmış “Pulun təhvil verilməsi Aktı” ilə təkzib olunur və eləcə də iddiaçının qeyd edilən məbləğləri cavabdehə ödəməsi təsdiq olunur.
38. Məhkəmə həmçinin iddianın dividendlərin ödənilməsi hissəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddia həmin hissə də əsaslı olduğundan təmin edilməlidir.
39. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC müqavilənin 4.1-ci bəndinə əsasən cihaz üçün investisiya müqabilində iddiaçıya aylıq minimum 2500 manat məbləğində dividendin ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı üzərinə düşən öhdəlik üzrə cihaz üçün investisiya etmiş, lakin cavabdeh tərəfindən ödəniş qəbul edilməsinə baxmayaraq, iddiaçıya müqavilənin şərtinə əsasən ödəniş edilməmişdir.
40. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən müqavilə bağlandığı tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməli olan 93.500 manat məbləğində dividend tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə həmçinin iddianın ödənişlərin gecikdirilməsinə görə dəbbə (penya) pulunun tutulması hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir.
42. Belə ki, Mülki Məcəllənin 466.2.3-cü maddəsinə əsasən kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Məhkəmə hesab edir ki, hazırkı işdə zərər olaraq dividendlərin tutulması təmin edildiyindən, əlavə olaraq dəbbə pulunun tutulması mövcud qanunvericiliyin tələblərinə uyğun deyil.
43. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 555 manat məbləğində dövlət rüsumunun tutulara qona ödənilmsi tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən hər iki müqavilə üzrə ümumilikdə ödənilmiş 142.800 manat pul, xx.xx.2025-ci il tarixədək ödənilməmiş 93.500 manat məbləğində dividend tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədən əmələ gələn öhdəliklərin icrası” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Tərəfdaşlıq müqaviləsi”nə əsasən ödənilmiş 71.400 (yetmiş bir min dörd yüz) manat və xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Tərəfdaşlıq müqaviləsi”nə əsasən ödənilmiş 71.400 (yetmiş bir min dörd yüz) manat, hər iki müqavilə üzrə ümumilikdə ödənilmiş 142.800 (yüz qırx iki min səkkiz yüz) manat pul, xx.xx.2025-ci il tarixədək ödənilməmiş 93.500 (doxsan üç min beş yüz) manat məbləğində dividend tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova