Məhkəmə qərarları › İş №e-2(001)-2537/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2537/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2537/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 iyun 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 160,11 manatın iddiaçının xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xırdalan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” BPM**********10 saylı müqaviləyə əsasən, Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3.6-ci bəndi ilə müəyyən edilmişdir ki, müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və Bankın Tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi öhdəsinə götürür. Xırdalan filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 416,21 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi, müştəri xx.xx.2021-ci il tarixində hesabında 7,13 AZN məbləğ olmasına baxmayaraq 7,20 manat məxaric edərək hesabı 0,07 AZN mənfiyə salmışdır. Daha sonra müştəri hesabından hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün silinmələr və nəğd ödənişlər vasitəsi ilə cəmi 300,52 AZN borcdan ödəniş edilmişdir. Bankın Xırdalan filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 416,21 AZN, faiz borcu üzrə 44,42 AZN olmaqla cəmi 460,63 AZN borcu olmuşdur. Maliyyə arayışına əsasən müxtəlif vaxtlarda edilən hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün silinmələr və nəğd ödənişlər vasitəsi ilə cəmi 300,52 AZN məbləğində borcdan ödəniş olunmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 160,11 AZN borcu mövcuddur. Yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022-ci il tarixli 22-5838/2022 saylı və xx.xx.2023-ci il tarixində 6-2-22/2-5736/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Mülki iş materiallarında olan 20 fevral 2023-cü il tarixli “Əsassız varlanmanı əks etdirən arayış”dan görünür ki, Cavabdeh tərəfindən hüquqi əsası olmadan (əsassız varlanmaya səbəb olan) cəmi 416,21 manat məbləğ çıxarılmış, həmin məbləğə 44,42 manat faiz hesablanmış, bank tərəfindən 300,52 manat tutmalar aparılmış, qalıq borc 160,11 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Həmin Məcəllənin 1094-cu maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaların nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsassız varlanmaya görə 160,11 manat məbləğində pul vəsaiti, habelə, məhkəmə xərclərinin əvəzi kimi 30,4 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 160,11 manat, habelə, məhkəmə xərcləri olaraq 30,4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar