Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2598/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndələri Nümayəndə2, Nümayəndə1, Cavabdeh iştirakı ilə İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı xidmətlərə görə haqqın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı xidmətlərə görə haqqın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı MMMC-nin xeyrinə 459 manat məbləğində pul və iddianın verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumu,olmaqla, cəmi 490 pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və Mülki Məcəlləsinin müvafiq müddəalarının tələblərinə uyğun təsis olunmuş və qeyri-kommersiya təşkilatı olmaqla, Mənzil Məcəlləsinin tələblərinə əsasən ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi fəaliyyətini həyata keçirir. İddiaçı MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qəraı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir. İddiaçı MMMC-yə 459 manat məbləğində borcu yaranmış Yaşar İskəndərov İddiaçı MMMC 11 yanvar 2025-ci il tarixdə xəbərdarlıq göndərilərək kommunal xərclərə görə borcun qısa zamanda ödənilməsinin təmin olunması xahiş edilsə də, hazırki vaxtadək Yaşar İskəndərov tərəfindən ödənilməli olan kommunal xərclər ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri tələbi müdafiə etdilər və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Həmçinin izahatlarında bildirdilər ki, cavabdeh cəmiyyətin yaradılması zamanı təşkil edilən iclasda iştirak etmiş, həmçinin sədrliyə öz namizədliyini də irəli sürmüşdür. Lakin seçilmədiyinə görə narahatçılıq etmiş, sonradan isə kommunal ödənişləri verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini, bu cəmiyyətin idarəçiliyindən ümumiyyətlə razı olmadığını, binanın baxımsız vəziyyətdə qalmasını, aylıq 51 manat ödənişin çox olduğunu bildirdi. aylııq ödənişin azaldılaraq 20 manat civarında olmasını, o zaman verməyə maddiimkanının olmasını bildirdi. onun evinin sahəsinin böyük olması səbəbindən yüksək məbləğdə kommunal xərci verməyi ədalətsiz hesab etdiyini bildirdi. həmçinin məhkəmənin suallarına cavab olaraq isə cəmiyyətin yaradılması zamanı iclasda iştirak etdiyini, bir neçə qonçunun onun namizədliyini irəli sürdüyünü, lakin hazırki şəxslərin onu idarəçiliyə buraxmadıqlarını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə "Binəqədi-30” MMMC-nin təsis edilməsi ilə bağlı bir qrup sahə mülkiyyətçisi ümumi yığıncaq keçirmiş və 237 nəfər mülkiyyətçinin yekdil qərarı ilə "Binəqədi-30” MMMC-nin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi, sədrin seçilməsi, hüquqi ünvanın müəyyən edilməsi, servis xidməti haqqı müəyyən edilməsi qərara alınmışdır. Həmin iclasda X2 MMMC-nin sədri seçilmiş və xidmət haqqının hər kv.m görə 30 qəpik müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə 247 sahə mülkiyyətçisinin ümumi yığıcağının qərarı ilə cəmiyyətin adı "Binəqədi-31” MMMC-yə dəyişdirilmişdir. "Binəqədi-31” MMMC xx.xx.2022-ci il tarixdə qeyri-kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmışdır, fəaliyyət predmeti daşınmaz əmlak kompleksini idarə etmək, binanın ümumi əmlakının istismarını, sahibliyi, istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək aid edilmişdir. 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1, bina 4, blok 3, mənzil 139 ünvanda yaşayan Cavabdeh kommunal xidmətə görə 2024-cü ilin iyun ayından xx.xx.2025-ci il tarixədək ödənilməyən 459 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehi üzərinə düşən öhdəliyi, yəni 408 manat borcunu vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tatrixli e-2(001)-4201/2024 saylı qətnaməsinə əsasən Cavabdeh 918 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMMC-yə ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.6-cı maddəsində qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui istifadədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 122.1.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək ; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və.s kimi hüquqları vardır. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 127.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin iclası cəmiyyətin idarə heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin qərarları protokolla rəsmiləşdirilir 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Məhkəmənin mövqeyi: Sadalanan normaların məzmunundan da aydın olduğu kimi çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulmuşdur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Bununla belə cavabdeh mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə müqavilə bağlamasa da, faktiki olaraq istifadə edilmiş kommunal xidmətə görə haqq ödəməmişdir. Ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburi olduğundan, cavabdehin seçilmiş idarəetmə üsulundan imtina etməsi və faktiki istifadə edilmiş xidmətə görə haqq ödəməməsi hüquqdan suiistifadədir. Həmçinin məhkəmə cavabdehin kommunal xərclərin həddən artıq yüksək olması ilə əlaqədar bildirdiklərinə artıq qüvvədə olan mənzil qanunvericiliyinin münasibətləri tənzimləyən normalarına uyğun olaraq məcburi xərclərdə mülkiyyətçinin payının onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirildiyinin imperativ qaydada təsbit olunmasını da xatırladır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, göstərilən xidmətin keyfiyyətindən, müəyyən edilən xidmət haqqından sahə mülkiyyətçisi narazıdırsa, bununla bağlı Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada cəmiyyət qarşısında məsələ qaldırmaq hüququ vardır. Bundan əlavə artıq cavabdeh öz izahatında cəmiyyətin yaradılması zamanı keçirilən iclaslarda iştirak etdiyini, öz namizədliyini irəli sürdüyünü bildirir. Göründüyü kimi cəmiyyətin yaradılması və idarəetmə ilə əlaqədar müvafiq qərarların qəbulu prosesindən cavabdeh kənar qalmamışdır. Bununla belə, qanunverici səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün də qəbul edilən qərarın icrasının məcburi olmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 31 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 459 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3cü maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 459 (dörd yüz əlli doqquz) manat borc, həmçinin dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində pul alınaraq İddiaçı MMMC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-2598/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2598/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver