Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2626/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinnin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 8500 manatın və ödədiyi dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 128-ci maddələri ilə təqsirli bilinərək müvafiq olaraq 8 il və 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hökmlə müəyyən olunub ki, Cavabdeh1 özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi təqdim edərək, öz qulluq mövqeyindən istifadə edib 2021-ci ilin avqust ayında FətəliyevTelman İsrayıl oğlu ilə birlikdə ona məxsus mənzilə baxış keçirib ölçü işləri aparmaqla mənzilini güya şirkətin elan etdiyi endirim kompaniyası əsasında yüksək keyfiyyət və dizaynla peşəkar ustaların vasitəsilə xarici ölkə istehsalı olan yüksək keyfiyyətli inşaat materialları ilə təmir edəcəyinə inandırıb, ümumilikdə 16000 manat pul müqabilində müqavilə bağlandığı gündən etibarən 2 ay müddətində olmaqla 19 oktyabr 2021-ci il tarixdə təmiri bitirib təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, inam və etibarını qazanmaq, həmçinin öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə onunla sözügedən MMC-nin direktoru X13 arasında “PO-M-1” saylı 19 avqust 2021-ci il tarixli xidmət müqaviləsi bağlayaraq, həmin tarixdə təmir edilməsi nəzərdə tutulan mənzildə təmirə görə “ilkin ödəniş” qismində ondan ABŞ dolları və manat valyutalarında olmaqla 10800 manat məbləğində pul vəsaitini alıb öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə mənzildə 200 manat dəyərində yalnız söküntü işləri görməklə öz qulluq mövqeyindən istifadə edib qardaşı X13 və tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun 10600 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs kimi ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmənin hökmü ilə cavabdehlərin təqsiri sübuta yetirilərək barələrində ittiham hökmü çıxarılmışdır. Əvvəli məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə ərizə təqdim edərək, iddianın təmin olunmasını və bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə etirazı yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsina heç bir etirazı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, tələb olunan ziyan onun öhdəliyində deyil və buna cavabdeh şəxs Cavabdeh1dur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsina heç bir etirazı yoxdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (Sifarişçi) ilə X13 (Podratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini 1 saylı Əlavə ilə müəyyən edilən iş(lər)in “Podratçı” tərəfindən “Sifarişçi”yə təhvil verilməsi, “Sifarişçi” tərəfindən isə həmin iş(lər)in qəbul edilməsi və haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilə “sifariişçinin” sifarişi əsasında mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 0.04078 19 saylı bina, 9-cu mərtəbə, 35 nömrəli mənzilin tam material daxil təmirinin 25000 manat, kompaniya endirim qiyməti 16000 manat nəzərdə tutulur. 798066 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı X8 hesabına 8000 manat məbləğində ödəniş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-59/2025 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci və 69.3-cü maddəsinə əsasən 7 il 9 ay 19 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci və 69.3-cü maddəsinə əsasən 6 il 5 ay 20 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 11 ay 25 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X9 mülki iddiası təmin edilmiş, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 71151 manat məbləğində pul vəsaitin təqsirləndirilən şəxslər və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, yəni hər birindən 35575,50 manatın tutularaq X10 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X5 mülki iddiası qismən təmin edilmiş, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 14998 manat məbləğində pul vəsaitin təqsirləndirilən şəxs və mülki cavabdeh X2 tutularaq X6 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X11 mülki iddiası qismən təmin edilmiş, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 2600 manat məbləğində pul vəsaitin təqsirləndirilən şəxslər və mülki cavabdehlər X7 və Cavabdeh2 müştərək qaydada, yəni hər birindən 1300 manatın, 9591 manat məbləğində pul vəsaitin isə təqsirləndirilən şəxs X2 tutularaq X14 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilmiş, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 19845 manat məbləğində pul vəsaitin, 175 manat dövlət rüsumunun, mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin, pulun (19845 manatın) qanunsuz saxlanılmasına görə faiz qismində 4509 manatın, cəmi 26529 manatın təqsirləndirilən şəxslər və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, yəni hər birindən 13264,5 manatın tutularaq X4 ödənilməsi, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 550 manat məbləğində məhkəmə xərcinin Cavabdeh1, Cavabdeh2 və X2 bərabər şəkildə, yəni hər birindən 183,33 manat tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 121,8 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)»; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından göründüyü kimi, İddiaçı (Sifarişçi) ilə X13 (Podratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, sonuncu tərəfindən işlərin iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən isə həmin işlərin qəbul edilməsi və haqqının ödənilməsi barədə öz üzərilənə öhdəlik götürmüşlər, iddiaçı tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilmiş, lakin müqavilə üzrə digər tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-59/2025 saylı hökmündən də göründüyü kimi, Cavabdeh1 iddiaçıdan 8500 manat pulu alması, lakin mənzildə heç bir təmir işi görməməsi öz təsdiqini tapmış (i.v. 211) və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddaləri ilə təqsirli bilinmişdir. Hazırda iddiaçı 8500 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 8500 manat məbləğində vəsait, ödənilmiş 121,8 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı manatı İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 8500 (səkkiz min beş yüz) manat məbləğində vəsait, ödənilmiş 121,8 (yüz iyirmi bir manat, səksən qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı manatı tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2626/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2626/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver