Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2717/2023 25.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X9 Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X9 Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və iddiaçının X4 vəfat etdikdən sonra qanuni vərəsə olaraq atasından qalmış mirası faktiki sahiblik və onu idarə edərək mirası qəbul etməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X1 mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, ev 12, mənzil 22 (yeni adı - Arif Hüseynov küçəsi, ev 12, mənzil 22) ünvanı vardır. İddiaçı ailəsi ilə 1989-cu il tarixdən həmin ünvanında yaşayır, xx.xx.2003-cü il tarixdən pasport qeydiyyatındadır. X1 digər oğlu Cavabdeh2 isə atasının sağlığından ailəsi ilə birgə Saray qəsəbəsində özünə məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh2 daim yaşadığı Saray qəsəbəsində özünə məxsus fərdi yaşayış evinin qeydiyyat sənədləri olmadığı üçün ata evində, yəni mübahisəli mənzildə qeydiyyatda olaraq qalır. X2 vəfat etdikdən sonra İddiaçı qanuni vərəsə olaraq atasından qalmış mirası faktiki sahiblik və onu idarə edərək mirası qəbul etmişdir. Lakin Cavabdeh2 Bakı şəhəri 26 saylı Notariat ofisinə müraciət edərək digər vərəsələri gizlədərək, yalandan həmin ünvanda daim yaşayaraq mirası faktiki sahiblik və onu idarə edərək qəbul etmiş formada görsətmişdir. Buna görə də Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən ona xx.xx.2021-ci il tarixli, 062 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bunun əsasında cavabdeh xx.xx.2021-ci il tarixdə qeydiyyat nömrəsi ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən çıxarış almışdır. İddiaçı Cavabdeh2 Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 062 nömrəli qanun üzrə vərəsə hüququ haqqında şəhadətnaməsinin verilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 332/2023 saylı, xx.xx.2023-cü il tarixli “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə və yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə qətnaməsindən bilmişdir. İddiaçı qeydiyyatda olaraq daimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, ev 12, mənzil 22 (Arif Hüseynov küçəsi, ev 12, mənzil 22) ünvanında yaşamasını və Cavabdeh2 mübahisəli evdə yaşamamasını təsdiq edən sübutlar qonşuların tərtib etdiyi akt, cinayət işin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar və xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdır. İddiaçı Bakı şəhəri 26 saylı Notariat Ofisinə mirasın qəbul edilməsi üçün müraciət etmişdir. Bakı şəhəri, 26 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli X-88 nömrəli məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 062 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixdə qeydiyyat nömrəsi ********** nömrəli çıxarışının ləğv olunması, İddiaçı atası X2 vəfat etdikdən sonra qanuni vərəsə olaraq atasından qalmış mirası faktiki sahiblik və onu idarə edərək mirası qəbul etməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2717/2023 saylı qərardadı ilə icraata qismən xitam verilmiş və icraatda yalnız mülki iddia icraatında baxılmalı olan məsələlər saxlanılmışdır. Cavabdeh2 iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bəşir oğlu ona qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ilə müraciət edərək mülkiyyətində olan M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi ev12, mənzil 22 ünvanında yerləşən mənzildə ümumiyyətlə yaşamadığını bildirmiş, saxtakarlıqda təqsirləndirmişdir. İddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. İddiaçı bildirib ki, atası yaşadığı və vəfat etdiyi dönəm olmaqla cavabdeh həmin ünvanda yaşamamışdır. Lakin cavabdeh həmin ünvanda 1988-ci il tarixdən etibarən qeydiyyatdadır və orada yaşamış, 1997-ci ildə ailə həyatı qurmuş, həyat yoldaşı və övladları ilə Arif Hüseynov küçəsi, ev 12, mənzil 22 ünvanında yaşamış, övladları doğulduqları tarixdən etibarən həmin ünvana qeydiyyata alınmış, həmin ərazidə orta məktəbə getmişlər. Valideynləri və ailə üvzləri ilə birlikdə həmin evin cavabdehin evi olması ilə bağlı imzaları ilə təsdiqlənmiş ərizə yazmışdırlar. Atası vəfat etdikdən sonra cavabdeh rəsmi surətdə vərəsəliyi qəbul etmişdir. Çünki o və onun ailəsindən başqa orada daimi yaşayan olmayıb. Qardaşı öz ailəsi ilə birlikdə Sabunçu rayonu ərazisində olan şəxsi evlərində yaşamışlar. Ailəvi münaqişələri olduğu üçün qardaşıına sığınacaq vermişdir. 2020-ci il iyun ayına kimi də birlikdə həmin ünvanda yaşamışlar. Covid-19 virusu, ardınca keçirtdiyi bir neçə əməliyyat səbəbi ilə həmin ünvanda söz-söhbətlə (işığın bilərəkdən kəsilməsi, qazın olmaması, qarşı tərəfin hədə-qorxusu) yaşaya bilmədiyi üçün ailəsi ilə birlikdə həmin ünvandan müvəqqəti olaraq çıxmışdır. Başqa mənzildə yaşasa da, mübahisəli mənzillə bağlılığını itirməmişdir. Mütəmadi olaraq həmin mənzilə getmişdir. İddiaçı tərtib etdirdiyi aktda həmin ünvanda yaşamadığı, atasının vəfatı zamanı orada yaşamadığı yazılmış (yalan şahidlik) olsa belə, qardaşı İddiaçı ******* nömrəli izahatında da özü təstiqləmişdir ki, cavabdeh və onun ailə üzvləri həmin ünvanda yaşamış, evdən ayrılarkən əşyaları olanı otağı bağlayaraq evdən çıxmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 yazılı mülahizəsini məhkəməyə təqdim etmişdir. Yazılı mülahizədə qeyd olunmuşdur ki, “ ... vərəsəlik şəhadətnaməsi və çıxarış etibarsız hesab edilə və çıxarış ləğv edilə bilməz. Çünki, Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş mirasın qəbulunun iki üsulu, formal və qeyri-formal üsulları üzrə mirası qəbul etmiş, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə vermiş, eyni zamanda, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Buna görə də miras vərəsə tərəfindən qəbul edilmiş sayılmışdır. Cavabdeh2 Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası qəbul etməsini (sahiblik və idarə etmək) aşağıdakılarla sübut edilir: a) Atasının vəfatından sonra cavabdeh həmin mənzildə yaşamışdır. Bunu 145 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli, 578 nömrəli arayışı təsdiq edir. Həmin arayışa əsasən, cavabdeh və ailəsi mübahisəli mənzildə qeydiyyatdadır və ailəsi ilə birlikdə orada yaşayır; b) Cavabdehin övladları mübahisəli mənzilə yaxın olan 100 nömrəli orta məktəbdə təhsil almış və həmin məktəbi bitirmişlər; c) Cavabdeh notariusa vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət edən zaman notarius cavabdehin Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, əmlaka sahiblik etməsini və əmlakı idarə etməsini nəzərə alaraq, müddətin keçməsini qanuna əsasən nəzərə almadan ona vərəsəlik şəhadətnaməsi vermişdir. Əgər cavabdeh mirası qəbul etməsəydi, ona notarius tərəfindən imtina verilərdi; d) Cavabdeh əmlakı idarə etmişdir. Belə ki, o, “Azəriqaz” İB və "xxxx" ASC ilə istehlak müqavilələri bağlamış, sayğaclar onun adına olmuş, ödənişlər onun adından edilmişdir; e) Mənzil kommunal xidmətləri üçün ödənişlər hamısı cavabdehin adından özü tərəfindən ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh2 əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçının mübahisəli mənzilə heç bir hüququ yoxdur. Ona görə də iddia rədd edilməlidir. İddiaçı mirasın qəbulunun qanunla nəzərdə tutulan nə formal, nə də qeyriformal üsulunu həyata keçirmişdir. Belə ki o, atasının vəfatından öncə və sonra özünə məxsus, lakin qeydiyyatı olmayan mənzildə yaşamış, sonradan ailəsində problemlər yarandığı üçün qardaşı cavabdehdən müvəqqəti olaraq mənzilə köçürülməyini xahiş etmişdir. Qardaşı ona mübahisəli mənzildə yaşamağa icazə vermişdir. Beləliklə o, mirasa faktiki sahiblik etməmişdir. İddiaçı mübahisəli mənzilə dair Cavabdeh2 vərəsəlik şəhadətnaməsi və çıxarış aldığını bilmiş, lakin bu barədə vərəsəlik şəhadətnaməsi və çıxarış alınan vaxt nə notariusa, nə də məhkəməyə müraciət etmişdir. Belə ki, o, cavabdehin icazəsindən sonra mənzildə yaşayan zaman sayğacların cavabdehin adına olduğunu bilmiş, ödənişlərin onun adına gəldiyini, qəbzlərin onun adına yazıldığını görmüşdür. Lakin bu barədə səssiz qalmış, susmuşdur. Bununla da o, əmlakı idarə etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 yazılı mülahizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materialların olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən məhkəməyə daxil olmuş vərəsəlik işində olan sənədlərdən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 (nümayəndəsi X7 vasitəsilə) xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, miras əmlakları qəbul etdiyini və miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyinin notarius tərəfindən ona izah edildiyini və gələcəkdə hər hansı mübahisə yaranacağı təqdirdə məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. Ərizə əsasında Cavabdeh2 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan tam hissədə pay almasına dair xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-182 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh2 xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1160-cı maddəsinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda göstərilmişdir ki, ... Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. ... Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh qardaşdır, ikisi də X1 birinci növbəli vərəsələridir, atası öləndən 4 il sonra Cavabdeh2 atasından miras qalmış əmlakın qəbul edilməsi barədə notariat ofisinə müraciət etmiş, digər vərəsənin olması barədə məlumat verməmiş və miras əmlaka dair tam pay hüququ üzrə Qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki, İddiaçı birinci növbəli vərəsə olmaqla xx.xx.2003-cü il tarixdən miras qalmış əmlakda qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, reyestrdə 2V-182 nömrə ilə (*iddia ərizəsində iş materiallarından aydın olmayan səbəbdən şəhadətnamənin nömrəsi 062 kimi göstərilib) qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 12, mənzil 22 barədə Cavabdeh2 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. Belə ki, şəhadətnamənin etibarsız hesab edilməsi restitusiyanı zəruri edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, reyestrdə 2V-182 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 12, mənzil 22 barədə Cavabdeh2 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2717/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2717/2023
25.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver