Məhkəmə qərarları › İş №e-2(001)-2763/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2763/2024

03.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2763/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi və X3 cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsinə xitam verilməsi və xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi zərurəti mövcuddur. Belə ki, o, toz boya və dəmir işləri üzrə xidmət göstərən şəxsdir. O, 2023-cü ilin avqust ayında sözügedən xidmətlər üzrə fəaliyyət göstərdiyini iddia edən cavabdeh "xxxx" MMC şirkəti ilə tanış olmuşdur. Bu zaman şirkət Qarabağ ərazisində də fəaliyyət göstərdiklərini və orada işlərinin çox olduğunu qeyd edərək ona təklif etmişdir ki, onlarla əməkdaşlıq etsin. Qeyd etmişlər ki, bir həftə sonra onu Laçın, Şuşa və Kəlbəcərə göndərərək yeni işlərlə təmin edəcəklər. Lakin Qarabağ ərazisinə gedərək işlər görə bilmələri üçün X1 qeydiyyatdan keçməsinin zəruri olduğunu və buna görə də onu şirkətin işçisi kimi rəsmiləşdirilməli olduğunu bildirmişlər. Şirkətin vədlərinə inanan o, təklifi qəbul etmiş və əmək müqaviləsinin bağlanması üçün şəxsiyyət vəsiqəsini şirkətin nümayəndəsinə təqdim etmişdir. Lakin əmək müqaviləsi bağlandıqdan sonra aylar keçsə də şirkət tərəfindən o, nəinki işlə təmin olunmamış, ümumiyyətlə cavabdehlə indiyədək əlaqə yaratmaq mümkün olmamışdır. Cavabdeh tərəfindən aldadıldığını görən o, əmək müqaviləsinə xitam verilməsi üçün şirkətə müraciət etmək istədikdə şirkətin rəhbərliyini tapmaq mümkün olmamış, ümumiyyətlə şirkətin ünvanı və əlaqə nömrəsinin düzgün olmadığı və asan imzasının da mövcud olmadığı məlum olmuşdur. Bu səbəblə o, 3 saylı Bakı DOST Mərkəzinə müraciət edərək "xxxx" MMC-də adına olan aktiv əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin burada onu AR ƏƏSMN yanında X4 Xidmətinə yönləndirmişlər. Bundan sonra o, iş üzrə üçüncü şəxs olan AR ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinə müraciət edərək lazımi izahatı vermişdir. AR DƏMX tərəfindən müraciətə baxılaraq hazırki məsələnin yalnız məhkəmə vasitəsilə həll edilə biləcəyi bildirilmişdir. Belə ki, dövlət orqanının cavabında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olduğu qeyd edilmişdir. İşəgötürən tərəfindən bu vəzifə icra olunmadığı halda rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həll yolu olmadığı müəyyən edilməklə əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və bununla əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi DƏMX-nə həvalə edilməli olduğu bildirilmişdir. Buna görədir ki, o, sözügedən əmək müqaviləsinin xitamı və əmək hüquqlarının müdafiəsi üçün son olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" MMC şirkəti tərəfindən onunla bağlanmış əmək müqaviləsi üzrə ona münasibətdə heç bir öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh şirkət onu Qarabağ İqtisadi Rayonunda müəyyən işlərlə təmin edəcəyinə dair vədlərlə aldadaraq onlarla əmək müqaviləsi bağlasa da müqavilə şərtlərinə əməl etməyərək onu işçi qismində heç bir işlə təmin etməmiş, bununla da müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Əmək Məcəllənin 69-cu maddəsinin tələblərinə müvafiq olaraq o, cavabdeh tərəfindən əmək müqaviləsinin şərtlərinə əməl olunmadığı üçün onunla Cavabdeh şirkəti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair hüquqlarından istifadə etmək qərarına gəlmişdir. Lakin bu hüquqlarını həyata keçirmək üçün müqavilənin xitamına dair ərizə ilə müraciət etmək istədikdə nə şirkətin faktiki ünvanını müəyyən edə bilməmiş, nə rəhbərliyini tapa bilməmişdir. Üstəlik yanlış əlaqə nömrəsi verdikləri üçün telefon vasitəsilə əlaqə saxlamaq da mümkün deyildir. Buna görə də onun əmək müqaviləsinə xitam verilməsinə dair hüquqlarının həyata keçirilməsinə ciddi əngəl yaranmışdır. O, cavabdeh şirkətlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə nail ola bilmədiyi üçün hal-hazırda sənət və peşəsinə uyğun əmək fəaliyyətilə məşğul olmaq üçün başqa iş yeri seçmək və orada əmək müqaviləsi bağlamaq hüququndan məhrum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” ın 3.4-cü bəndinə əsasən “əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir”. Lakin hazırki iş üzrə əmək müqaviləsinə xitam verilməsinə dair vəzifənin işəgötürən tərəfindən icra edilməməsi və ümumiyyətlə işəgötürənə bu haqda müraciət etməyin belə mümkün olmaması işçinin əmək müqaviləsinə xitam verilməsinə dair hüququnun həyata keçirilməsini qeyri-mümkün edir. Belə olan halda onun əmək münasibətləri üzrə hüquqlarını müdafiə etməyinin yeganə vasitəsi məhkəmə müdafiəsindən istifadə etməkdir. Belə ki, məhkəmə qaydasında əmək müqaviləsinə xitam verilmiş hesab edilməlidir ki, bundan sonra AR DƏMX tərəfindən əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi mümkün olsun. Hazırki iş üzrə məhkəmə və icra hakimiyyəti orqanları tərəfindən işəgötürən qismində "xxxx" MMC tərəfindən işçinin hüquqlarının pozulmasının qarşısı alınmalı və onun artıq pozulmuş işçi hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair Arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində boyaçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhəri idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-də aktiv əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, "xxxx" MMC-nin ünvanına (AZ1147, ünvan 2 tərəflərindən 3-117-5/2-44284/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktub poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yoxdur” qeyd edilərək geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” alt sisteminə baxış keçirilərkən İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yenidən araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon(şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. Bakı 4 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək mübahisəsi üzrə ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, məlumat verilməsinə baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdə bərpa olunması, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması, xx.xx.2023-cü il tarixdə bərpa olunması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Həmçinin bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarında "xxxx" MMC və İddiaçı arasında xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi bağlanıldığı barədə məlumat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC tərəfindən vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) təqdim edilmədiyindən, müvafiq dövrlər üzrə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdehin sahibkarlıq və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətində olmasına baxmayaraq, uçot-baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüqunu müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar