Məhkəmə qərarları › İş №e-2(001)-2786/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2786/2023

01.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2786/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdr. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəfərov X1 rayonunda doğulmuş, pensiyaçıdır. Cavabdehlərlə uzaq qohumluq münasibətləri var. Cavabdeh1 ondan xahiş etmişdi ki, çox vacib bir məsələnin həlli üçün onlara ailədə pul lazımdı, banka müraciət ediblər, bank kredit verməyə razılaşıb, lakin bir nəfər şəxsin zamin durmasını tələb edirlər. Cavabdeh1 iddiaçıya bildirdi ki, həyat yoldaşı Cavabdeh2 məktəbdə müəllimə işləyir, aylıq maaşı var, özü də işləyir əmək haqqı alır, kreditin qaytarılmasına heç bir problem olmayacaq, onun zaminliyi formal xarakter daşıyacaq. İddiaçı aralarında olan xoş münasibətlərə inanaraq razı oldu və banka gedib zaminlik müqaviləsinə imza atdı. Sonradan məlum oldu ki, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 iddiaçıya yalan məlumat verib, onu aldadıblar ki, aldıqları krediti özləri ödəyəcəklər. Lakin cavabdeh (borclu) Cavabdeh1 "xxxx" QSC-dən aldığı krediti qaytarmadığına görə bank məhkəməyə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9643/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və zamin İddiaçı qarşı “borcun tutulması tələbinə dair” iddiası təmin edilmiş, borclu Cavabdeh1 və zamin İddiaçı müştərək qaydada 3299,63 manat əsas borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9643/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqi əsasında zamin İddiaçı Kapital Bankdakı pensiya kartı hesabına həbs qoyulmuş və həmin hesabdan 1071 manat 35 qəpik məbləğdə pul vəsaiti silinmişdir (xx.xx.2023-cü il tarixdə + 317,18 manat silinib). İddiaçı məcbur qalıb 38 saylı vəkil bürosuna müraciət etmiş, vəkillə müqavilə bağlamış, hüquqi yardım üçün xx.xx.2023-cü il tarixində vəkil bürosunun hesabına 100 manat vəsait ödəmiş və bu xx.xx.2023 tarixli 7141 saylı qəbzlə təsdiq olunur. Bundan başqa iddiaçı xəstə ola-ola 2020-ci ildən başlayaraq cavabdehlərin günahından məhkəmələrdə vaxtını itirmiş, bu onun üçün çox böyük stres olmuş, onu tanıyan dost-tanış arasında onun nüfuzuna xələl gətirmişdir. Böyük maddi ehtiyacı olduğu halda hər ay onun pensiya kartından 50% həddində vəsaitin tutulması hər dəfə onu stres vəziyyətinə salmış, uzun müddət gərginlik keçirirmişdir. Nəticədə iddiaçı mənəvi zərərə məruz qalmışdır. Hazırkı iş məhkəmədə icraatda olan zaman xx.xx.2023-cü il və 08 iyun 2023-cü il tarixlərdə inkasso sərəncamları ilə ondan əlavə olaraq hər dəfə 317 man 18 qəpik vəsait də tutulub, həmin kredit borcu üzrə ödənilmişdir. Odur ki, iddiaçı bu səbəbdən iddia tələbinin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə bu ərizə verildiyi günə mənim pensiya kartı hesabımdan cavabdehlərin kredit borcuna görə məndən bir zamin kimi cəmi 1705,71 man vəsait tutulub banka ödənilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı zamin kimi banka ödədiyi 1705 manat 71 qəpik borc məbləği, hüquqi yardım üçün ödədiyi 100 manat vəsait, dövlət rüsumu kimi ödənilmiş 46 manat vəsait və mənəvi zərər üçün 700 manat vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsini; ödəmənin Cavabdeh2 aldığı əmək haqqının 50% miqdarına yönəldilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddiaya etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, kredit onların ailəsi üçün alınmayıb və ailə üçün xərclənməyib. Ailə üçün kredit alınmalı olsa idi, o, şəxsən banka müraciət edib kredit alardı. İddiaçı savadlı adamdır, uzun illər hüquq-mühafizə orqanlarında işləyib və zaminliyin hüquqi nəticələrindən xəbərdardır. Əslində o, Cavabdeh1 ilə 10 ildir ki, birlikdə yaşamır və münasibətləri formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, iddiaçıya borcunu ödəməkdən boyun qaçırmır, lakin borcu birdəfəlik tam həcmdə ödəmək iqtidarında deyil. Eyni zamanda bu borcun onun keçmiş arvadına heç bir aidiyyəti yoxdur. İş məhkəməyə veriləndən sonra dəfələrlə borcunu qismən də olsa ödəməyə çalışmış, iddiaçıdan kart nömrəsini istəmiş, lakin o, kart nömrəsini ona verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, qohumları və dost-tanışları bilir ki, o, Cavabdeh1 ilə uzun müddətdir ki, birgə təsərrüfat aparmır, münasibətləri çoxdan korlanmışdır. İddiaçı onun uzaq qohumudur və keçmiş ərinə zamin duran zaman gərək heç olmasa zəng eləyib ondan soruşardı bunu etsin və ya etməsin. Onun bu kreditin götürülməsindən xəbəri olmayıb. Özü müəllimədir, ona kredit lazım olsa idi istənilən bank ona kredit verərdi, zaminə müraicət etməyə ehtiyac olmazdı. Ona qarşı bu iddianın irəli sürülməsi qanunsuz və əsassızdır. İddiaçı özü də bilir ki, onun Cavabdeh1 borclarına heç bir aidiyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9643/2021 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir ki, ddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 3299.63 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə cavabdehlər Cavabdeh1 və İddiaçı müştərək qaydada 3299,63 manat əsas borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, iddiaçıdan zamin kimi cəmi 1705,71 manat məbləğində borc tutulub banka ödənilmişdir. İş materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasındakı nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı pensiyasından 1705,71 manat məbləğində borc "xxxx" QSC-nin xeyrinə tutulmaqla o, zaminlik müqaviləsindən irəli gələn vəzifələrini icra etmişdir. Öhdəliyi icra etmiş zaminin hüquqları Mülki Məcəllədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zamin (İddiaçı) banka ödədiyi pulun ona qaytarılması üçün borcluya (Cavabdeh1) qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır. Məhkənə iddianın Cavabdeh2 qarşı irəli sürülməsini qanuni və əsaslı hesab etmir. Belə ki, şəxsin kredit götürülən zaman yalnız borclu ilə birgə nikahda olması, onun üzərinə nə bank, nə də ki, zamin qarşısında hər hansı öhdəlik qoymur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Məhkəmə iddia tələbinin dəymiş mənəvi ziyanın ödənilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri. Məhkəmə hesab edir ki, hazırkı işdə bütün yuxarıda sadalanan elementlər tam həcmdə mövcud deyil. Belə ki, ziyanın vurulması mübahisəsiz olsa da, həmin ziyan ziyanvuranın hər hansı hüquqa və ya qanunazidd hərəkəti nəticəsində baş verməmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə müvafiq qəbz/hesab təqdim edilmədiyindən, məhkəmə 100 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsini əsaslı hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 1705,71 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 1705,71 (min yeddi yüz beş manat yetmiş bir qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar