Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2841/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 49.564,85 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət budcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008ci il tarixli 128 nömrəli Qərarı ilə “ Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2014-cü ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2014-cü il tarixli, 1046 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə, cavabdeh Türkiyə, Erciyes Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2014-2018-ci tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 49.564,85 manat vəsait ödənmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək bildirmişdir ki, iddia tələbinin əsasını tərəflər arasında bağlanmış Müqavilə təşkil edir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia ərizəsində də etiraf edildiyi kimi, Cavabdeh - “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilməsi “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın tələblərinə cavab verən bacarıqlı və istedadlı gənclər arasından seçilmiş və məhz bu səbəbdən də Təhsil Nazirinin xx.xx.2014-cü il tarixli, 1046 nömrəli əmri ilə Dövlət Proqramına daxil edilmiş, eləcə də onunla xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Deməli, Müqavilə tərəfləri olan iddiaçı, həmin Müqaviləni mübahisələndirmədiyindən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilə işin mübahisəsiz halı olaraq qəbul edilməlidir. Hesab edir ki, iddiaçının tələbi, müqavilə əsasında pul məbləğinin qaytarılması tələbi olmaqla, işin halları Müqavilə tələblərindən yaranmış hüquq normaları əsasında dəyərləndirilməlidir. Məlumat üçün qeyd edir ki, cavabdeh səhhətində 2015-ci ilin aprel-may aylarından yaranmış xəstəliyi ilə əlaqədar tədris proqramı üzrə keçirilən dərsləri müvəffəqiyyətlə yerinə yetirə bilmədiyi (yəni akademik müvəffəqiyyətsizliyi) barədə, hər tədris ilinin sonunda iddiaçını xəbərdar etmiş və xəstəliyini, eləcə də aldığı təhsil haqqında hesabatları iddiaçının e-poçtuna göndərmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, cavabdehin xəstəliyinin, “X6” olduğu müəyyən edilmişdir. Tibb nəzəriyyəsində qeyd olunur ki, Manik-depressiv pozuntu kimi də tanınan bipolyar pozuntu insanın əhval-ruhiyyəsinə, enerjisinə, konsentrasiyasına və gündəlik fəaliyyətlərini yerinə yetirmək qabiliyyətinə təsir edən psixoloji-psixiatrik pozuntudur. Bipolyar pozuntu ən yüksək səviyyədə olduqda, insan hiperaktiv davranışlar sərgiləyir və özünü çox xoşbəxt hiss edir. Ancaq depressiya mərhələsində tamamilə özünə qapanar, hətta intihar cəhdləri edə bilər. Bipolyar pozuntunun simptomları- zəif diqqət; şiddətli enerji itkisi; fiziki və zehni qabiliyyətlərin pisləşməsi; qərar verməkdə və diqqəti cəmləməkdə çətinlik; yaddaş və yorğunluq problemləri; müalicəyə cavab verməyən fiziki ağrı və s. Odur ki, Müqavilənin predmetini təşkil edən 1.2-ci bəndinə əsasən cavabdehin alacaq tədrisi 2014-2018-ci illəri əhatə etdiyini, 2015-ci ilin aprel-may aylarından başlayaraq cavabdehin səhhətindəki “X6” nəticəsində tədris proqramı üzrə keçirilən dərsləri müvəffəqiyyətlə yerinə yetirə bilmədiyi (yəni akademik müvəffəqiyyətsizliyi) barədə, hər tədris ilinin sonunda iddiaçını xəbərdar edilməsi məlumatına və hesabatlarına iddiaçı tərəfindən münasibət bildirilməməsini, yəni iddiaçı tərəfindən, cavabdehin akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsini müvəqqəti olaraq dayandırılmamasını və bundan başqa cavabdehin səhhətindəki xəstəliyi nəticəsində akademik müvəffəqiyyətsizliyin aradan qaldırıla bilinmədiyinə (yəni davam etdiyinə) görə və bu hal növbəti tədris ilində də təkrarlansa da, iddiaçı tərəfindən həmin dövrlərdə Müqavilənin 6.1ci bəndinə müvafiq olaraq həmin Müqavilənin birtərəfli qaydada ləğv edilməməsini və iddiaçı tərəfindən həmin dövrlərdə Müqavilənin 2.2.4-cü maddəsinə müvafiq olaraq, cavabdehin təhsili ilə əlaqədar ödənilən pul məbləğinin qaytarılmasının tələb edilməməsini nəzərə alsaq, açıq-aşkar müəyyən olunur ki, iddiaçı, cavabdeh tərəfindən Müqavilə şərtlərinin həmin dövrlərdə pozulmadığını qəbul etmiş və bununla yanaşı iddiaçı Müqavilə ilə ona verilmiş hüququndan həmin dövrlərdə istifadə etməmişdir. (QEYD.qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə bağlı dəlillər barədə aşağıda ətraflı izahat veriləcək) Cavabdeh tərəfindən iddiaçının e-poçt ünvanına göndərilən sənəd və sübutları, eləcə də özlərini iddiaçının məsul əməkdaşları adlandırılan şəxslərlə (Rəvan Süleymanov, Nərmin Bağırova, Əsmər İsmayılova və Elçin Hüseynov ilə) bəzi telefon yazışmalarını əks etdirən çıxarışları və iddiaçıya təqdim edilən sənədləri və hesabatları, hazırkı Ərizəyə əlavə etməklə, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, F-119 nömrəli Əmrin mövcudluğu, onlara məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məlum olmuşdur. Həmin Əmrdə göstərilir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış Müqavilə öhdəliklərinin yerinə yetirmədiyi nəzərə alınaraq, Nazirliyin xx.xx.2014-cü il tarixli, 1046 nömrəli əmrinin 1-ci hissəsinin 29-cu sətri ləğv edilsin; Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq cavabdehin təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülsün. Əsas: Müvafiq dərkənarla Aparat rəhbəri M.Məmmədovun xx.xx.2020-ci il tarixli, 1-05-581 nömrəli təqdimat. Əvvala qeyd olunmalıdır ki, iddiaçı, cavabdehin akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsini müvəqqəti olaraq dayandırmamaqla, cavabdeh tərəfindən Müqavilə şərtlərinin həmin dövrlərdə pozulmadığını qəbul etmişdir. Yəni, Nazirlik, cavabdehin hər tədris ilinin sonunda təqdim etdiyi tədris hesabatlarını qənaətbəxş hesab etmiş və bu səbəbdən də cavabdehin akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsini müvəqqəti olaraq dayandırmamışdır. AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın 6.1-ci bəndi- Təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. Digər tərəfdən, cavabdehin səhhətindəki “X6”nun yaranması onun özündən asılı səbəbdən baş verməmiş və həmin xəstəlik Türkiyə Cümhuriyyətinin “Erciyes Hastanesi”nin xx.xx.2015-ci il tarixli və X3 Bakanlığı “Ruhi və X7 və Araşdırma Hastanesi”nin xx.xx.2019-cu il tarixli diaqnozları ilə də təsdiqlənmişdir. Bundan sonra, cavabdeh müalicəsini AR Səhiyyə Nazirliyinin Psixiatr\Psixoterapevti (DİP:BB-İ 016411) həkim Orxan Fərəclinin nəzarəti altında müalicəsini davam etdirmişdir. Bu hal həkim Orxan Fərəclinin A№004150707, xx.xx.2019cu il tarixdə yazdığı AR SN Resert Blankı ilə təsdiq edilir. Açıq-aşkardır ki, cavabdehin, 2015-ci ilin aprel-may aylarından başlayaraq tədris proqramı üzrə keçirilən dərsləri müvəffəqiyyətlə yerinə yetirə bilmədiyinin (yəni akademik müvəffəqiyyətsizliyin) səbəbi olan “X6” diaqnozu ilə xəstəliyi barədə iddiaçını məlumatlandırması və cavabdehin həmin xəstəlikdən hal-hazırda da sağalmaması, belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh, Müqavilə ilə üzərinə götürdüyü öhdəliyi Müqavilə imzalandıqdan sonra baş vermiş qarşısıalınmaz xəstəlik nəticəsində yerinə yetirməmişdir. Həmin Müqavilənin “Fors-major” hadisələri müəyyən edən 7.1-ci bəndində qeyd olunur ki, bu Müqaviləyə uyğun olaraq üzərilərinə götürülmüş öhdəliklərin Müqavilə imzalandıqdan sonra baş vermiş müəyyən fövqəladə, qarşısıalınmaz hadisələr nəticəsində yerinə yetirilmədiyi hallarda tərəflər məsuliyyətdən azad edilirlər. Odur ki, Fors-major (qarşısıalınmaz) hadisələrlə bağlı Mülki hüquq nəzəriyyəsində qəbul olunmuş bəzi halları xatırlatmağı zəruri hesab edərək bildirir ki, Fors-major -fransız termini olaraq, hərfi mənada "daha çox güc" deməkdir; Fors-major hadisələrin gözlənilən gedişatını dayandıran və iştirakçıların öhdəliklərini yerinə yetirməsinə mane olan təbii və qaçınılmaz fəlakətlərə görə məsuliyyəti aradan qaldırmaq üçün müqavilələrə daxil edilən bənddir; Fors-major tərəflərin nəzarətindən kənarda olan hallar zamanı hər iki tərəfi məsuliyyətdən və ya öhdəlikdən mahiyyətcə azad edən müqavilələrdə ümumi bənddir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, Forsmajor hallar ümumi fors-major anlayışları ilə deyil, müqaviləni tənzimləyən qanunla idarə olunur. Müqavilələr tez-tez müqavilədəki bənd vasitəsilə fors-majorun nədən ibarət olduğunu göstərir. Deməli, məsuliyyət qanunla və ya ümumi hüquq prinsipləri ilə deyil, müqavilə əsasında müəyyən edilir. Hesab edir ki, fors-major halların hər hansı konkret müqaviləyə şamil olub-olmadığını və necə tətbiq olunduğunu qiymətləndirmək üçün ilk addım müqaviləni tənzimləyən maddi hüquq normasını müəyyən etməkdir. Bununla bağlı, AR Konstitusiya Məhkəməsinin Plenumunun “AR Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında göstərilir ki, Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür.” Deməli, həmin Qərardakı hüquqi mövqey ondan ibarət olmuşdur ki, qarşısıalınmaz qüvvə (fors-major hadisə) müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün edir və onun icrası imkanını aradan qaldırır. AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilməsi “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 5.5-ci bəndinə əsasən- Təqaüdçü müqavilədə göstərilmiş fors-major (fövqəladə) hallar nəticəsində öz öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmədikdə məsuliyyət daşımır. Belə olan halda, qeyd olunmalıdır ki, iddiaçı Müqavilənin 7.1-ci bəndinin tələbinə uyğun olaraq cavabdehi məsuliyyətdən azad etmək əvəzinə, bir qədər ədalətsizliyə yol verərək cavabdehin təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülməsini əmr etməkdə haqlı olmamış və eyni zamanda Nazirlik əsassız olaraq hazırkı iddia ilə 49564,85 manat vəsaitin tutulmasını tələb etmişdir. Bundan başqa, iddianın əsassızlığı həm də bununla müəyyən edilir ki, ümumiyyətlə hazırkı iddia ilə qeri qaytarılması tələb olunan pulun 49 564,85 manat məbləqdə istənilməsi nə Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrində, nə də iş materiallarına təqdim edilmiş sənədlərdən müəyyən edilmir. Yəni, geri qaytarılması tələb olunan 49 564,85 manat yalnız iddiaçının formal mülahizəsinə əsaslandırılmış və həmin məbləği təsdiq edən hər hansı bir sübut iş materiallarına təqdim olunmamışdır. Bundan başqa, iddia ərizəsində müvafiq dərkənarla Aparat rəhbəri M.Məmmədovun xx.xx.2020-ci il tarixli, 1-05-581 nömrəli təqdimatı əsasında Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrinin verilməsini tənzimləyən də maddi hüquq normasına əsaslandırma aparılmamışdır. Məlumat üçün qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilməsi “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfindən namizədlərin siyahısı təsdiq edilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən- Hər tədris ilinin yekununda tələbələrin tədris aldığı ali təhsil müəssisələrinin rəyinə əsasən müvəffəqiyyət göstərməyən tələbələr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təqdimatı ilə Komissiyada müzakirə olunur və Komissiyanın qərarına əsasən proqramdan çıxarılır. Eyni zamanda, Müqavilənin 6.1-ci bəndində də qeyd edilmişdir ki, Təhsil alan üzərinə götürdüyü öhdəliklər tam və ya lazımi qaydada yerinə yetirilmədikdə, Müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən Təhsil Nazirliyi tərəfindən ləğv edilir. Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, Təhsil Nazirliyi tərəfindən Komissiyaya məlumat təqdim olunur. Azərbaycan Respublikasının Prezidentinin 1869 nömrəli 9 mart 2016-cı il tarixli Sərəncamı ilə- “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamı ləğv edilmişdir. Odur ki, Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrinin verilməsi üçün, Müvafiq dərkənarla Aparat rəhbəri M.Məmmədovun təqdimatı kifayətedici əsas hesab edilə bilməz və həmin halı tənzimləyən maddi hüquq norması mövcud deyildir. 6.5. Bir faktı da qeyd edirik ki, iddiaçının e-poçt ünvanına göndərilən sənəd və sübutlar, eləcə də özlərini iddiaçının məsul əməkdaşları adlandırılan şəxslərlə (Rəvan Süleymanov, Nərmin Bağırova, Əsmər İsmayılova və Elçin Hüseynov ilə) aparılmış bəzi telefon yazışmaları, danışıqları və iddiaçıya təqdim edilən sənədlər və hesabatlar, Cavabdehin adından onun etibarnamə üzrə nümayəndəsi və bacısı olan X4 tərəfindən icra olunmuşdur (etibarnamə əlavə olunur). Bununla yanaşı, yuxarıdakı hüquqi əsası rəhbər tutaraq qeyd edir ki, iş tam, hərtətəfli və obyektiv araşdırılmasına görə, eləcə də hazırkı ərizəsində də göstərilən iş üçün əhəmiyyətli olan və məlum olan faktlara dair verilmiş izahatların möhtəbərliyini sübut etmək üçün, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilənin tam və bütünlükdə təsdiq olunmuş surətinin; iddiaçının məsul əməkdaşları olan şəxslərlə, yəni Rəvan Süleymanov, Nərmin Bağırova, Əsmər İsmayılova və Elçin Hüseynovla Nazirlik arasında bağlanmış əmək və ya xidməti müqavilənin təsdiq olunmuş surətinin; cavabdehlə bağlı 2015-ci ildən başlayaraq hal-hazıradək Nazirliyə göndərilən və Nazirliyin məsul əməkdaşları olan Rəvan Süleymanov, Nərmin Bağırova, Əsmər İsmayılova və Elçin Hüseynov tərəfindən qəbul edilmiş bütün Sənədlərin, o cümlədən Hesabatların, Ərizələrin, cavabdehin xəstəliyini təsdiq edən sənədlərin, Nazirlik tərəfindən cavabdehə və onun etibarnamə üzrə nümayəndəsinə göndərilmiş bütün yazışmaların, Xəbərdarlıqların və ya Pretenziyaların, eləcə də cavabdehin ərizələrinə verilən cavab məktublarının, həmçinin Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrinin cavabdehə göndərilməsini təsdiq edən sənədin (poçt qəbzinin və ya s. sənədin) və Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrinin verilməsinə əsas olan Müvafiq dərkənarla Aparat rəhbəri M.Məmmədovun xx.xx.2020-ci il tarixli, 1-05-581 nömrəli təqdimatın, o cümlədən həmin təqdimatda qeyd olunan halları təsdiq edən sübutların (sənədlərin) təsdiq olunmuş sürətlərinin məhkəməyə təqdim olunmasını xahiş edirlər. İddia tələbinin faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilə təşkil etdiyini və həmin Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdehin alacaq tədrisi 2014- 2018-ci illəri əhatə etdiyini nəzərə alınsa, müəyyən edilir ki, iddia tələbi 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, yuxarıda qeyd olunan məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh 2014-2018-ci illər üzrə dövlət proqramına daxil edilmişdir. Cavabdeh həmin müddətdə təhsilini uğurla başa vurmalı idi. Lakin akademik müvəffəqiyyətsizlik göstərmişdir. Nazirlik olaraq bu cür hallarda tələbəni dərhal proqramdan çıxartmaq tərəfdarı deyillər. Əksinə nazirliyin marağında olan məsələ tələbənin təhsilini müvəffəqiyyətlə bitirməsidir. Odur ki, nazirlik bir qayda olaraq tələbəyə təhsilini bitirməsi üçün əlavə imkanlar yaradır. İndiki hal da istisna olmamışdır. Belə ki, cavabdehə möhlət verilmiş, bununla belə o, təhsilini tamamlaya bilməmişdir. Cavabdehin dövlət proramından çıxarılması ilə bağlı əmr isə xx.xx.2021-ci il tarixdə verilmiş, məhkəmədə iddia isə xx.xx.2024-cü il tarixdə qaldırılmışdır. Dolayısı ilə iddiaçının iddia müddətini ötürülməsindən söhbət belə gedə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) etirazda göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh bütün təşkilatlarda, kooperativlərdə və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işlər aparmağı və sair səlahiyyətləri həyata keçirməyi xx.xx.2019-cu il tarixədək X1 etibar etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2014-cü il tarixli, 1046 nömrəli əmrindən görünür ki, Mirzəyev X2 “ERCİYES” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alması üçün Dövlət proqramı çərçivəsində təhsil alanların siyahısına əlavə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilədən görünür ki, “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə görə Təhsil Nazirliyi təhsil alan Mirzəyev X2 “ERCİYES” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə 2014-cü ildən 2018-ci ilə kimi tədrisini təşkil edir. Həmin Müqavilənin 2.2.4-cü bəndinə əsasən, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Həmin Müqavilənin 2.3 və 2.3.2-ci bəndlərinə əsasən, təhsil alan bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş təhsil xərcləri daxilində xarici təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini qəbul edir. Həmin Müqavilənin 2.3.6-cı bəndinə əsasən təhsil alan semestr bitdikdən sonra 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə elektron şəkildə Təhsil Nazirliyinin təyin etdiyi forma üzrə aralıq semestr hesabatlarını və tədris ili bitdikdən sonra 20 təqvim günü ərzində təhsil alanın illik tədrisinin nəticələrinə dair tədris müəssisəsinin rəsmi çıxarışları və şahadətnamələri (əsilləri) əlavə olunmaqla illik hesabatı, aldığı bilik və ixtisasın Azərbaycan Respublikası maraqları naminə ən yaxşı halda istifadə edilməsi üzrə rəy və təkliflərini təqdim etməlidir. xx.xx.2014-cü il tarixli “xx.xx.2014-cü il tarixli 01/14 nömrəli müqavilənin Razılaşmasına 2 nömrəli əlavə”dən (reyestr №14) görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 6.352 manat məbləğində yaşayış xərci köçürülmüşdür. 2014-cü ilin dekabr ayında verilmiş ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 515,14 manat məbləğində təhsil xərci köçürülmüşdür. Erciyes xəstəxanasının həkimi Salih Keleş tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş tibbi sənəddən görünür ki, Cavabdeh bipolar pozuntu diaqnozu qoyulmuşdur. Xəstəliyin əlamətləri: aşağı konsentrasiya, şiddətli enerji itkisi və durğunlq, fiziki və zehni qabiliyyət ağırlaşması, qərar verməkdə və diqqət yönəltməkdə çətinlik, yavaş danışmaq, yorğunluq, zehn problemləri, yuxusuzluq, iştah və kilo dəyişikliyi, ölüm-intihar düşüncələri və sair. 2015-ci ilin iyun ayında verilmiş ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 295,28 manat məbləğində təhsil xərci köçürülmüşdür. 2015-ci ilin oktyabr ayında verilmiş ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 157,2 manat məbləğində təhsil xərci köçürülmüşdür. xx.xx.2015-ci il tarixli “xx.xx.2015-ci il tarixli 01/15 nömrəli müqavilənin Razılaşmasına 2 nömrəli əlavə”dən (reyestr №169) görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 8.460,00 dollar məbləğində yaşayış xərci köçürülmüşdür. xx.xx.2016-cı il tarixdə verilmiş ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 639,41 manat məbləğində təhsil xərci köçürülmüşdür. xx.xx.2016-cı il tarixdə verilmiş ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 193,29 manat məbləğində təhsil xərci köçürülmüşdür. 2016-ci ilin may ayında verilmiş ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 620,24 manat məbləğində təhsil xərci köçürülmüşdür. xx.xx.2016-cı il tarixli “xx.xx.2015-ci il tarixli 01/15 nömrəli müqavilənin Razılaşmasına 2 nömrəli əlavə”dən (reyestr №132) görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 8.250 ABŞ dolları məbləğində yaşayış xərci köçürülmüşdür. 2016-cı ildə verilmiş 99 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 580,16 manat məbləğində təhsil xərci köçürülmüşdür. 2017-ci ildə verilmiş 13 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 556,48 manat məbləğində təhsil xərci köçürülmüşdür. 2017-ci ilin avqust ayında verilmiş “xx.xx.2015-ci il tarixli 01/15 nömrəli müqavilənin Razılaşmasına 2 nömrəli əlavə”dən (reyestr №37) görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 8.280 ABŞ dolları məbləğində yaşayış xərci köçürülmüşdür. 2017-ci ilin dekabr ayında verilmiş ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 497,81 manat məbləğində təhsil xərci köçürülmüşdür. Türkiyənin “ERCİYES” Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, universitetlərində mühəndislik fakultəsi, komputer mühəndisliyi ixtisasına xx.xx.2014-cü il tarixdə qəbul edilmiş Cavabdeh 4-cü kurs tələbəsidir. Tələbə arayışa əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə 1.155 TL, cəmi 2310 TL ödəniş etmişdir. 2018-ci ilin may ayında verilmiş ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına dövlət proqramı çərçivəsində 481,17 manat məbləğində təhsil xərci köçürülmüşdür. xx.xx.2019-cu il tarixdə X5 Nazirliyi Erenköy Ruh və X8 və Tədqiqat xəstəxanası tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh diqqət əksikliyi və hiperaktivlik pozuntusu diaqnozu qoyulmuşdur. Davam edən xəstəlikləri isə BD Bipolar pozuntusu, xroniki yuxu pozuntusu (insomnia). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ********* nömrəli resept blankından görünür ki, Medistyle Hospitalın psixoterapevti həkim Orxan Fərəcli tərəfindən Cavabdeh qəbul etməsi üçün İ-Prozec zanug adlı dərman resepti verilmişdir. xx.xx.2019-cu il tarixdə Türkiyə Səhiyyə Nazirliyi e-nabız portalından alınmış çıxarışdan görünür ki, Kayseri Kocasinan 73 X10 xəstəxanasının həkimi Bircan Güngör tərəfindən diqqət əksikliyi və hiperaktivlik pozuntusu diaqnozu qoyulmuş Cavabdeh Ritalın dərmanını qəbul etməsi barədə resept verilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı ərizənin surətindən görünür ki, o, təhsilinin ikinci kursunda sağlamlığı ilə əlaqədar dərslərindən geriləmiş və nəticədə növbəti illərdə də qaldığı dərsləri oxumaq məcburiyyətində olmuşdur. Çox cəhd etsə də gerilədiyi dərslərin çox olması onu daha da gərgin vəziyyətə gətirmişdir. 2018-ci ildə Bakıya gələrək Təhsil Nazirliyinə müraciət etmişdir. Müvafiq şöbədə qəbul olunmuş və ona Türkiyənin başqa dövlət Universitetinin aşağı səviyyəli ixtisasına qəbul olunmağı üçün imkan yaradılmışdır. 2019-cu ildə hazırlıq kursları keçərək ACT imtahanından uğurlu nəticə əldə etsə də Mimar Sinan Universitetinin ikinci turundan (qabiliyyət imtahanı) keçə bilməmişdir. Ona növbəti ildə bir daha müraciət etməyini tövsiyə etmişlər. 2019-cu ildə yenidən Universitet qazanmaq üçün çalışmaq niyyətindədir. Lakın hazırda sağlamlığı ilə bağlı Bakıya dönərək müalicə almağı zəruridir. Qeyd edir ki, bu illər ərzində əldə etdiyi dövlət vəsaitini yalnız təhsili ilə bağlı istifadə etmişdir. Ona göstərilən qayğıya görə öz minnətdarlığını bildirirmiş və onun dövlət proqramından azad olunmağı üçün köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan ərizə xx.xx.2019-cu il tarixdə Beynəlxalq əməkdaşlıq şöbəsi, xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun əməkdaşı Nərmin Bağırovanın (mailto:narmin.bagirova@edu.gov.azElektron ünvan ) e-poçt ünvanına göndərilmiş, sonuncu tərəfindən ərizənin qəbul edildiyi və nəticəsi ilə bağlı məlumat veriləcəyi bildirilmişdir. Həmçinin eyni məzmunlu xx.xx.2020-ci il tarixli ərizə həmin tarixdə Beynəlxalq əməkdaşlıq şöbəsi, xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun əməkdaşı Nərmin Bağırovanın (mailto:narmin.bagirova@edu.gov.azElektron ünvan ) e-poçt ünvanına göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Beynəlxalq əməkdaşlıq şöbəsi, xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun əməkdaşı Nərmin Bağırovanın mailto:narmin.bagirova@edu.gov.azElektron ünvan e-poçt ünvanından cavab göndərilmişdir ki, “Orxanın sağlamlığı ilə bağlı olaraq dərslərdən geri qalması aydındır. Bəs sağlamlığına dair hər hansı bir əsas var? Sənəd, arayış və sair. Aysel Mirzəyeva cavab olaraq bildirmişdir ki, “bəli var sənədi, Sizə təqdim etmişdik görüşə gələndə. Mən yenidən scan edib Sizlə tezliklə göndərərəm.” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrindən görünür ki, Türkiyənin “ERCİYES” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh xaricdə Dövlət proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi əmr edilmişdir. xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyi e-nabız portalından alınmış çıxarışdan görünür ki, Erenköy Ruh və X8 və Tədqiqat xəstəxanasının həkimi Dilek Özden tərəfindən diqqət əksikliyi və hiperaktivlik pozuntusu diaqnozu qoyulmuş Cavabdeh Ritalın dərmanını qəbul etməsi barədə resept verilmişdir. xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyi e-nabız portalından alınmış çıxarışdan görünür ki, Erenköy Ruh və X8 və Tədqiqat xəstəxanasının həkimi X11 tərəfindən diqqət əksikliyi və hiperaktivlik pozuntusu diaqnozu qoyulmuş Cavabdeh Ritalın dərmanını qəbul etməsi barədə resept verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəf cavabdehin Türkiyənin “Erciyes” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alması üçün 2014-cü ildən 2018-ci ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə həmin müddət ərzində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini götürmüş, lakin akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlaya bilmədiyindən xx.xx.2019cu il və xx.xx.2020-ci il tarixlərdə ərizə ilə nazirliyə (iddiaçıya) müraciət edərək bu halın sağlamlığının pozulmasından qaynaqlandığını bildirməklə dövlət proqramından azad olunmağı üçün köməklik göstərilməsini xahiş etmişdir. Bununla belə cavabdeh yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli Əmri ilə akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. Buna görə də, iddiaçı cavabdehdən müqavilə üzrə ödənilmiş təhsil xərcinin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddianı qəbul etməyərək müqaviləni üzürlü səbəbdən icra edə bilmədiyini, bu barədə dəfələrlə iddiaçı tərəfə məlumat verdiyini, habelə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir. Həqiqətən də cavabdehin xx.xx.2015-ci il tarixdə səhhətinin pozulması işin mübahisəsiz halı kimi qəbul edilir. Tibbi sənədlərlə pozuntunun hazırda da mövcud olduğu müəyyən edilir. Lakin bu halın məhz 2015-2018-ci illər aralığında mütəmadi şəkildə davam etməsi ilə bağlı işdə hər hansı mötəbər sübut yoxdur. Cavabdeh iddiaçı tərəfindən göndərilmiş təhsil və yaşayış xərclərini qəbul edərək akademik müvəffəqiyyətsizliyini davam etdirmişdir. Cavabdeh tərəf səhhətinin pozulması ilə bağlı təhsilini davam etdirə bilməyəcəyi barədə iddiaçı tərəfə dəfələrlə məlumat verildiyini bildirsə də, məhkəməyə yalnız xx.xx.2019 və xx.xx.2020-ci il tarixdə iddiaçının Beynəlxalq əməkdaşlıq şöbəsi, xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun əməkdaşı Nərmin Bağırovanın mailto:narmin.bagirova@edu.gov.azElektron ünvan e-poçt ünvanına göndərilmiş ərizə təqdim edilmişdir. Halbuki, cavabdehin tədris illəri 2014-2018-ci illər olmuşdur. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamamışdır. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı təhsil xərcinin geri qaytarılması tələbinə dair iddiası iddia müddəti üzrsüz səbəblərdən ötürülməklə məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarına qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən təhsil alan semestr bitdikdən sonra 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə elektron şəkildə Təhsil Nazirliyinin təyin etdiyi forma üzrə aralıq semestr hesabatlarını və tədris ili bitdikdən sonra 20 təqvim günü ərzində təhsil alanın illik tədrisinin nəticələrinə dair tədris müəssisəsinin rəsmi çıxarışları və şahadətnamələri (əsilləri) əlavə olunmaqla illik hesabatı, aldığı bilik və ixtisasın Azərbaycan Respublikası maraqları naminə ən yaxşı halda istifadə edilməsi üzrə rəy və təklifləri təqdim etməlidir. Belə olan halda, müqavilə şərtlərinə görə iddiaçı tərəf cavabdehin hesabatlarına əsasən sonuncunun akademik müvəffəqiyyətsizlik sərgilədiyini 2015-2018-ci il aralığında artıq bilməli idi. Məhkəmə tərəfindən həmin müqavilənin 2.3.6-cı bəndində nəzərdə tutulmuş hesabatların məhkəməyə təqdim olunması iddiaçı tərəfə təklif edilsə də, o cümlədən bunun üçün məhkəmə tərəfindən lazımi şərait yaradılsa da, iddiaçı tərəf həmin sənədlərin təqdim edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Bundan başqa cavabdeh xx.xx.2019-cü il və xx.xx.2020-ci il tarixlərdə iddiaçının Beynəlxalq əməkdaşlıq şöbəsi, xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun əməkdaşı Nərmin Bağırovanın mailto:narmin.bagirova@edu.gov.azElektron ünvan e-poçt ünvanına səhhəti ilə əlaqədar dövlət proqramından azad olunmağı üçün köməklik göstərilməsi barədə ərizə ünvanlamış, ərizə sonuncu tərəfindən qəbul edilmiş və bu barədə birinciyə məlumat veriləcəyi qeyd edilmişdir. Beləliklə, cavabdehin 2-ci kursdan etibarən akademik müvəffəqiyyətsizlik nümayiş etdirdiyi, 2018-ci ildə universiteti bitirmədiyi nəzərə alınaraq, iddiaçı hüquqlarının pozulduğunu 2015-2018-ci illər aralığında, ən geci isə cavabdehin xx.xx.2019-cü il və xx.xx.2020-ci il tarixlərdə etdiyi müraciətlərdən sonra bilməli və qısa müddətdə onun dövlət proqramından çıxarılmasını təmin etməklə müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürərək məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavahdehin müvafiq dövlət proqramından Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə xaric edilməsi də fərqli qənaətə gəlməyə əsas vermir. Belə ki, hazırkı iddia tələbi inzibati aktın icrası ilə bağlı deyil, tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəliklərin icrası ilə bağlıdır. Tərəflər arasında yaranmış öhdəliklər əmrə əsasən deyil, bağlanmış müqaviləyə əsasən yaranmışdır. Bu səbəbdən də Nazirliyin cavabdehin 2014-2018-ci il tədris illərində sərgilədiyi akademik müvəffəqiyyətsizliyi barədə bir neçə il əvvəldən məlumatlı olmasına baxmayaraq cavabdehin dövlət proqramından xaric edilməsi ilə bağlı əmrin məhz xx.xx.2021-ci il tarixdə verilməsi nazirliyin daxili - təşkilati məsələsidir, bu hal heç bir halda hazırki iş üzrə iddia müddətinin axımının həmin tarixdən başlanması üçün əsas deyildir. Odur ki, iddiaçı tərəfin iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2841/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2841/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver