Məhkəmə qərarları › İş №e-2(001)-286/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-286/2024

19.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-286/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilin təmirinə çəkilmiş xərcin cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilin təmirinə çəkilmiş xərcin cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iddiaçının üçəm əkiz nəvələrinin dünyaya gəlməsi ilə bağlı cavabdehlərə ünvan 1 ünvanında 4 otaqlı mənzil hədiyyə verilmişdir. Verilmiş mənzilin yaşayış üçün heç bir kanalizasiya su xətləri, elektirik xətləri olmadığından mənzildə yaşamaq mümkün olmamışdır. Yəni mənzil təmirsiz vəziyyətdə bağışlanmışdır. 2012-ci ildən iddiaçının qızı nə vaxtsa evin təmir olunub, yaşaması arzusu ilə çırpınırdı. Ancaq taleh elə gətirdi ki, evin təmiri bir tərəfə, heç nəvələrinin atalı-analı kimi böyümələri nəsib olmadı. Belə ki, ailədə tez-tez baş verən söz söhbətlər, uşaqların çox olmasını böyük çətinlik kimi qəbul edən kürəkən, həyatında olan yüngül həyat tərzi sürən qadınlara görə dəfələrlə iddiaçının qızını 4 övladının gözü qarşısında döymüş, müxtəlif bədən xəsarətləri yetirmişdir. Çiyinlərində olan ağır yükdən qurtulmaq üçün iddiaçının qızını boşamışdır. 2014-cü ildə cavabdehlər arasındakı rəsmi nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4195/2014 saylı qətnaməsi ilə pozulmuş, 4 övladı yetkinlik yaşına çatana kimi iddiaçının qızının himayəsinə verilmişdir. Bundan başqa Cavabdeh2 rəsmi boşandıqdan sonra belə 4 övladının gözü qarşısında mütamadi olaraq iddiaçının qızını küçə söyüşləri ilə söyərək təhqir etmiş, onu döyərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Bununla əlaqədar bir neçə dəfə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 133.2.6-cı maddələri ilə cinayət işləri açılmış və o, Zərdab Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(035)-36/2015-saylı hökmü ilə həmin cinayət əməllərinin törədilməsində təqsirli bilinərək barəsində müxtəlif cəza tətbirləri tətbiq edilmişdır. İddiaçının üçəm əkiz nəvələrinin dünyaya gəlməsi ilə hədiyyə edilmiş yeni tikilmiş binada yerləşən mənzil, təmirsiz olduğundan nəticədə qızı 4 azyaşlı övladları ilə iddiaçının evinə köçməyə məcbur olmuşdur. Qızı və övladları bir müddət iddiaçı, oğlu və gəlini ilə birlikdə yaşamışdır. Ömür qısa həyat isə vəfasızdır deyib çox götür qoy etdikdən sonra üçəm əkiz nəvələrinə hədiyyə verilmiş həmin mənzil nəvələrinin rahat şəraitdə yaşamasını təmin etmək məqsədi ilə iddiaçı tərəfindən yüksək səviyyədə təmir edilmişdir. Təmir üçün lazım olan vəsaiti əldə etmək üçün iddiaçı mərhum ərindən qalmış və mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evini 50000 manata satmışdır. Bundan başqa evin təmir olunması üçün "xxxx" ASC ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmçinin evin təmir olunması üçün öncədən özü üçün topladığı pul vəsaitindən istifadə edilmişdi. Mənzili təmir edərkən (yol, taksi xidmətləri də nəzərə alınsa) iddiaçı 90.000 min manat civarında vəsait xərcləmişdir. Hal-hazırd cavabdeh həmin mənzili hərraca çıxararaq varlanmaq niyyətindədir. Bu hal baş verdikdə isə iddiaçının həmin mənzilin təmirinə xərclədiyi 90000 min manat pul Rauf və qızı arasında onların paylarına müvafiq olaraq bölünəcək, bu da öz növbəsində onların iddiaçının həmin mənzilin təmirinə xərclədiyi 90000 manat hesabına hər ikisinin əsassız varlanmasına gətirib çıxardacaq. Belə ki, həmin mənzil onlar arasında məhkəmə tərəfindən bölünərkən təmirsiz olduğu üçün yaşamağa yararsız olmuş, iddiaçının hesabına təmir edildikdən sonra isə onun bazar qiyməti yüksəlmiş, mənzil orada yaşamaq üçün yararlı olmuş və qiyməti hədsiz dərəcədə yüksəlmişdir. X2 204 nömrəli, 18 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən də göründüyü kimi, mənzilin təmir olunmasına ən azı 82.463.05 manat xərcləndiyi öz təsdiqini tapmışdır. Həmçinin həmin mənzilin iddiaçının vəsaiti hesabına təmir edilidiyinə ustalar X4, X5, X15, X16, X6 da bilavasitə şahid olmuşlar. İddiaçının qızı övladları ilə birlikdə təmir başa çatdıqdan sonra 2019-cu ildə mənzilə köçmüşdür. Lakin, iddiaçının da ehtiyacları olduğundan cavabdehlərdən mənzilə çəkilmiş xərclərin ödənilməsini tələb etdikdə onlar imtina etmişlər. Bu isə iddiaçını bu gün də ciddi maddi sıxıntılara salır, bankdan götürdüyü kreditin ödənilməsində problemlər yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzilin təmirinə çəkilmiş 90000 manat məbləğində pulun və tərəfindən ödənilmiş 360 manat məbləğində dövlət rüsumunun müştərək qaydada onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddiaya etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlər arasında mənzillə bağlı mübahisələr mövcüddür və həmin mübahisəni Cavabdeh2 məhkəmə qərarı əsasında qazanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3922/2023 saylı iş üzrə qanuni və əsaslı qətnaməsinin icrasının mümkünsüz edilməsi üçün İddiaçı qızı hazırkı iş üzrə Cavabdeh1 ilə sövdələşərək uydurma bir iddia tələbi irəli sürmüşdür. İddiaçı özü iddia ərizəsində yazır ki, hal-hazırda cənab Prezident tərəfindən “üçəm” nəvələrinə hədiyyə olaraq verilmiş mənzili cavabdeh hərraca çıxararaq varlanmaq niyyətindədir. Onu da qeyd edir ki, qızı Cavabdeh1 və keçmiş kürəkəni Cavabdeh2 tərəfindən həmin mənzil satıldıqda nəvələrinin faktiki olaraq yaşayış yeri olmayacaq və ya hərracda çox az miqdarda vəsait əldə olunacaq, bu da onun nəvələrinin psixologiyasına pis təsir edəcəkdir. İddiaçının yeganə məqsədi mənzilin açıq hərracdan satışa çıxarılaraq satış pulunun tərəflər arasında bölüşdürülməsinə dair qətnamənin icra edilməsinin qarşısını almaqdır. Bu səbəbdən iddiaçı qanunvericiliyin tələblərinə uyğun olmayan müvəqqəti təminat tədbirinin tətbiqinə dair məhkəməyə ərizə vermiş, məhkəmə iddiaçının niyyətini görməyib, onu təmin etmişdir. İş üzrə digər cavabdehin mövqeyi də su kimi aydındır. Əlbətdə ki, bilərək ki, anasına bir qəpik də pul ödəməyəcək, o nəinki 90000 manat, anası tərəfindən bir milyon manatlıq iddia tələbi olsa belə onu qəbul edəcəkdir ki, iş üzrə digər Cavabdeh2 Cavabdeh1 qarşı irəli sürdüyü iddia üzrə çıxarılmış məhkəmə qətnaməsi icra olunmasın. İddiaçı qeyd edir ki, qızının ailəsi dağıldıqdan sonra o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küç, 11D, mənzil.8 ünvanında yerləşən mənzili 2019-cu ildə təmir etmiş, mənzili təmir edərkən 90000 manat civarında vəsait xərcləmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, hal-hazırda cənab Prezident tərəfindən "üçəm” nəvələrimə hədiyyə olaraq verilmiş mənzili cavabdeh hərraca çıxararaq varlanmaq niyyətindədir. Bu hal baş verdikdə isə onun həmin mənzilin təmirinə xərclədiyi 90000 manat pul Rauf və qızı arasında onların paylarına müvafiq olaraq bölünəcək, bu da öz növbəsində onların iddiaçının həmin mənzilin təmirinə xərclədiyi 90000 manat hesabına hər ikisinin əsassız varlanmasına gətirib çıxaracaqdır. İddiaçı iddia etdiyi əsassız varlanmanın 2019-cu il tarixdə baş verməsini qeyd edir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Həmin müddət 2021-ci ildə, yəni 2 il əvvəl iddiaçı tərəfindən artıq keçirilmişdir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı iş üzrə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair məhkəməyə vəsatət verilmişdir. Həmin vəsatət məhkəmə tərəfindən təmin edilməli, və iddia tələbinin əsas benefisiarı iş üzrə digər cavabdeh olduğundan iddia nəinki Cavabdeh2, eləcə də Cavabdeh1 qarşı olan hissədə də təmin edilməməlidir. Əgər Cavabdeh1 anası İddiaçı hər hansı ödəniş etmək istəyirsə, bunu məhkəmədən kənar qaydada edə bilər. İşin hallarından da görünür ki, iddiaçının məqsədi pul tələbi deyil, mənzilin hərracdan satılmasının qarşısının alınmasıdır. Eyni zamanda, iddiaçı özü də qeyd edir ki, sözügedən mənzilin təmiri cavabdehlərin arasında bağlanmış nikahın pozulmasından xeyli sonra həyata keçirilmişdir. Nikah pozulandan sonra cavabdehlər arasında bir neçə məhkəmə mübahisəsi olmuş, hətda sözügedən mənzil belə məhz məhkəmə qətnaməsi əsasında paylara bölünmüşdür. Belə olan halda Cavabdeh2 keçmiş qaynanası daim üzərində məhkəmə mübahisələri olan mənzilin təmiri üçün vəsait xərcləməsi inandırıcı deyildir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin xx.xx.2023-cü il tarixdə, 2(001)-2659/2023 saylı iş üzrə qərardadı ilə geri qaytarılmışdır. Həmin iddia tələbinəı diqqət yetirsək, görürük ki, iddia tələbi yalnız Cavabdeh2 qarşı ünvanlanmış, lakin İddiaçının perspektivsizliyini dərk edərək cavabdeh kimi hazırki prosessdə qızı Cavabdeh1 cəlb etmiş ki, onun tərəfindən iddanın etirafını əldə edib Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətdə olan məzillərinə dair müvəqqəti təminat tədbiri gördütdürsün. Aydın məsələdir ki, iddiaçı qızı olan Cavabdeh1 evində yaşayır və ona qarşı hər hansı bir tələbi yoxdur. Bu iddianın qaldırılmasında yeganıə məqsəd Cavabdeh2 qarşısının alınması məqsədini daşıyır. O ki qaldı Cavabdeh1 anası olan iddiaçıya 60000 manat vermək arzusuna, o, mənzil hərracdan satıldıqdan sonra anasına nəinki 60000 manat, istədiyi məbləğ verməkdə azaddır. İddianın benefiasiarının Cavabdeh1 olmasını iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmənin rəyi bir daha sübuta yetirir. Həmin rəyə nəzər salınsa görünür ki, həmin rəyin sifarişçisi belə iddiaçı deyil, məhz Cavabdeh1dır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 373/2016 saylı qətnaməsindən müəyyən olunur ki, ilkin iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1- ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümuni sahəsi 169,2 kv.m.., yaşayış sahəsi 82,18 kv.m.. olan 4 otaqlı 8 saylı mənzilə Soltanova (Nəbiyeva) Günel Nəbi qızının payının 2/3 hissədə, Cavabdeh2 oqlunun payının 1/3 hissədə müəyyən edilməsi və Soltanova (Nəbiyeva) Günel Nəbi qızının Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərətəbəsində yerləşən, ümumi sahəsi 169,02 kv.m.., yaşayış sahəsi 82,18 kv.m.. olan 4 otaqlı 8 saylı mənzil sahəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə dair 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh2 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2770 nömrəli reyestr kitabının 258255 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ N 235182 saylı xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 327 nömrə qeyd olunmuş, nikah pozulduqdan sonra kişiyə Soltanov, arvada Nəbiyeva soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 4791/2022- ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2009-cu il təvəllüdlü X10 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh2 hər ay har uşağa görə 193 manat olmaqla ümumilikdə 772 manat sabit pul məbləğində aliment tutularaq X14 ödənilməsi və alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli 03/06-11-11/N-62/2-129/2 məktubdan müəyyən olunur ki, keçmiş əri Cavabdeh2 tərəfindən məişət zorakılığına məruz qalması barədə Azərbaycan Respublikasının "Ailə Qadın və Uşaq problemləri üzrə” Dövlət Komitəsindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olan xx.xx.2022-ci il tarixli N- 2290 nömrəli məktuba və Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli N-62-129 saylı ərizəyə baxılaraq, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən vətəndaş Cavabdeh2 cinayət və inzibati məsuliyyəti izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh1 isə qısamüddətli mühafizə orderinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərar qəbul edilməsi Cavabdeh1 bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 06/2022 saylı qısamüddətli mühafizə orderindən müəyyən olunur ki, "Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə və Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” monitorinq qrupunun sədrinin məişət zorakılığı barədə xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərarına əsasən Bakı şəhəri ünvan 6 ünvanında yaşayan vətəndaş Cavabdeh1 30 gün müddətinədək Cavabdeh1 keçmiş əri Cavabdeh2 tərəfindən ona qarşı təkrar fiziki və psixi məişət zorakılığı edilməsinin qadağan olunması üçün qısamüddətli mühafizə orderi verilmişdir. Kristal-AA MTK-nın xx.xx.2022-ci il tarixli 73 saylı məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Kristal- AA MTK-ya məxsus inşa edilmiş yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m.., 4 otaqlı, 8 saylı mənzil verilmiş, sərancam əsasında mənzil verilmiş Cavabdeh2 xx.xx.2014-cü il tarixdə mənzil üçün (3,5 kv.m..) əlavə kvadrata görə 3200 manat ödəniş etmişdir. Cəmi mənzilin sahəsi 172,52 kv.m.-dir. Evlərin satışı zamanı mənzil sərhədləri xarici hüdudları (eləcə də balkonlar) götürülür. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi seriya RX ******* nömrəli çıxarışda 150,7 kv.m.. göstərilmişdir. Həmin tarixlərdə mənzilin yerləşməsi və mərtəbə fərqinə əsasən mənzillərin satış qiyməti 1 kv.m.-nin qiyməti 900 manat olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6691 saylı, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılv küçəsi 11D saylı evin 8 saylı mənzilinin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrin yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli təklifdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 saylı reyestr nömrəli çıxarışa əsasən, 1/3 hissədə Cavabdeh2, 2/3 hissədə Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin təxmini bazar qiymətinin 240000 manat olması, Cavabdeh2 digər payçı ilə sözügedən mənzildə yaşamasının mümkün olmaması səbəbindən mənzildəki payının naturada ayrılmasını, mənzilə tənasübsüz zərər olmadıqda Cavabdeh2 müvafiq kompensasiyanın, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin paylı əmlakdakı payına nisbətdə payçıların arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh2 iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, 2018-ci ildə o, evinə görə 15000 manat beh almış və evi 50000 manata satmışdır. 2016-cı ilin avqust ayında cavabdeh uşaqlarla görüş tələb etmişdir. Əgər Günel ilə həmin vaxt barışmışlarsa uşaqlarla görüşü niyə tələb edirdi. 2018ci ildə iddiaçı evi satanda Cavabdeh2 atasına zəng edib ona qızının evini təmir etdirmək istədiyini bildirdi və onunla razılaşdı. O, bildirdi ki, ev nəvələrinin evidir və heç kim həmin evi onlardan ala bilməz. Avqust ayında lombarddan pul götürmüş və satdığı evin pulu ilə evi təmir etdirmişdir. 2018-ci ilin dekabr ayında evini satmış, 2019-cu ilin fevral ayının 18- 20-si təmir başlayıb, sentyabr ayının 3-də evdə təmir bitmişdir. Ədalət usta işıqları çəkdi, divarları hamarladı, divar kağızlarını yapışdırdı, kombini yerləşdirdi və qapıları qoydu. Sonradan sanitar qovşaq sökülüb yenidən təmir edildi. Belə ki, sanitar qovşağı həm səhv təmir edilmişdi, həm də təmiri Günelin xoşuna gəlməmişdi. İddiaçı ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Evin təmirinə ümumilikdə 82000 manat xərci çıxıb. 25000 manatı tam təmir üçün əl haqqı olaraq müəyyən etmişdilər. Təqribən 70000-71000 manatı material üçün xərcləmişdir. Ustaların yol və yemək xərcləri ilə birlikdə ümumi olaraq 90000 manat xərcləmişdir. Evin sahəsi 172 m2-dir. Mənzil hərracda satılmayacağı təqdirdə də o, bu iddiasında qalacaq. Oğlu satdığı evə olan payından onun xeyrinə imtina edib. Ev 50000 manata satılıb və öncədən 15000 manat beh alınıb. Orta məktəbdə müəllim işləyir, 1150 manat əmək haqqı alır, repetitorluqla məşğul olur, gözəllik salonu və pinəçilik dükanı var. 2022-ci ildə tərəfindən Qaradağda mənzilin alınması ilə bağlı qeyd edir ki, oğlu da, gəlini də işləyir və o, 2 mərtəbə evini kirayəyə vermişdir. Kifayət qədər gəliri var. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirmişdir ki, tərəflər arasındakı nikah 2014-cü ildə pozulmuş, 2016-cı ildə Günel xanım Rauf müəllimi məhkəməyə verərək, cənab Prezident tərəfindən onlara verilmiş evin bölünməsini tələb etmişdir. Mənzil 2/3 hissədə Günel xanıma, 1/3 hissədə isə Rauf müəllimə aid edilmişdir. Həmin hissələrdə tərəflər reyestr xidmətindən çıxarış da əldə etmişlər. İddiaçının başqasına məxsus mənzili təmir etdirməsi ağlabatan deyildir. Həmçinin iddiaçı cavabdehlərin əsassız varlanmasını iddia etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş 2 illik iddia müüdətini də ötürmüşdü. İddiaçı təmirdən qısa müddət sonra Qaradağ rayonunda ev almış və qızının mənzilinə əşyaların da onun tərəfindən alınmasını digər iş üzrə verdiyi izahatlarda bildirmişdi. İddiaçı müəllimədir və gəliri bəlillidir. Cavabdehin isə mübahisəli mənzili təmir etdirmək üçün kifayət qədər imkanı olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 izahatında məhkəməyə bildirmişdir ki, onun şəxsi təsərrüfatı var və evi təmir etdirmək üçün kifayət qədər imkana malikdir. İddiaçı evin təmirinə sadəcə nəzarət edib və yalnız əşyaların seçimində köməklik edib. Cavabdeh ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: 2018-ci ildə təmirə başlanılıb və 2019-cu ilin sentyabr ayında təmir bitib. Ona elə gəlir ki, 150 kv.m. sahəsi olan evə 30000 manata yaxın pul xərcləmişdir. Təmir-tikinti materiallarının bəzilərini özü, bəzilərini isə atası alıb. Təmir-tikinti materiallarını Eurohome, Sədərək və taxta bazarından alıblar. 2016-cı ildən o, Günel ilə anasının xəbəri olmadan münasibətdə olmuş, 2017-2018-ci il tarixlərdə Günellə aralarında barışıq olub. 2022-ci ilin mart ayında əlaqələri pozulub, lakin bu günə qədər Günel onunla münasibətdədir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 izahatında məhkəməyə bildirmişdir ki, anası öz evini sataraq, qayınatasından icazə alıb 2019-cu ilin yanvar-fevral ayında evi təmir etdirmişdir. Anası evi təmir etdirdikdə tavana Rauf və Günel adının baş hərflərini yazdırmışdır. Şahid kimi dəvət olunan ustalardan birinin sosial media hesabında onların evinin təmiri ilə bağlı paylaşımlar mövcuddur və həmin paylaşımların tarixinə baxıla bilər. Cavabdeh ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: 2012-ci ildən bəri evi nə Rauf, nə də onun ailəsi təmir etdirmirdi. Ev təmir olunan dövrdə Raufla birlikdə yaşamışdır. Cavabdeh2la 2018-ci ilin sonuna qədər münasibəti tamamilə olmayıb. 2006-cı ildən 2014-cü ilə qədər Cavabdeh2 heç bir əmlakı olmayıb. 2015-ci ildə işə girdikdən sonra özünə maşın, mülk alıb. Anası evi 50000 manata satmışdır. Cavabdeh2la münasibətləri 2021-ci ilin avqust ayınadək olub. Mənzil iddiaçı tərəfindən təmir olunub. Anası evin təmirinə təqribən 80000 manat pul xərcləyib. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X15 ifadəsində bildirmişdir ki, özü “prorab”dır, briqada şəklində 2019-cu ildə təqribən 6-7 ay Xatirə xanımın evində təmir işləri aparıblar. Tam təmirli olaraq evi Xatirə xanıma təhvil vermişlər. Xatirə xanımla 25000 manat məbləğinə danışmışlar. Sonradan sanitar qovşağının təmiri bəyənilmədiyinə görə 5000 manatı Xatirə xanıma qaytarmışdır. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: 2019-cu ilin fevral-avqust ayları arasında istifadə etdikləri təmir-tikinti materiallarının qiyməti təqribən 20000 manata qədər olar. Onunla Xatirə xanım arasında evin təmiri ilə bağlı müqavilə bağlanmayıb. Evin sahəsi 170 kv.m.-dir. Evdə onlara qədər kombi ilə bağlı hər hansı iş görülməmişdir. İsti pol onlar tərəfindən çəkilmişdi. Tikinti materialları Xatirə xanım tərəfindən Eurohome ticarət mərkəzindən alınıb. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Xatirə xanım Eurohome-da olan mağazasından tikinti materialları almışdır. Ona borclu olduğı pulu bir dəfə işlədiyi məktəbə gedib götürmüşdür. Götürülən malın dəyərini xatırlamır. Mənzil Biləcəri dairəsində yerləşir. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Tikinti materialları Xatirə müəllimənin qızının evinə daşınırdı. Xatirə müəllimə pulu şəxsən özü ona ödəyirdi. Bir dəfə ona qızının evini təmir etdirmək üçün öz evini satdığını demişdi. Xatirə xanım ondan konkret olaraq taxta materialları və laqalar alıb, həmçinin o, Xatirə xanımı bir sıra tikinti materallarının satıldığı yerlərə də yönləndirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Xatirə müəllimə onun sosial media hesabından ona yazıb evinin təmirindən narazı olduğunu və onunla işləmək istədiyini bildirdi. O, evin bütün kanalizasiya sistemini söküb yenidən çəkmişdir. 2500 manata danışsalar da, 500 manatı güzəşt etdi və ümumilikdə 2000 manat pul aldı. 2019-cu ilin qış aylarında təmirə başlamışdır. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Təmir bitdikdən sonra Xatirə xanım onu kürəkəni ilə tanış etdi və o, yalnız bir dəfə onu görmüşdür. Göstərdiyi xidmətlə bağlı Xatirə xanımla müqavilə bağlamayıb. Aldığı 2000 manatla bağlı vergi ödəməyib. Xatirə xanımın qızının üçəm övladı olduğundan ev Prezident tərəfindən qızına bağışlanmışdr. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X29 ifadəsində bildirmişdir ki, bacısı Xatirə qızı Günelin qardaş ümidinə qalmaması üçün gəlin köçdüyü evi 50000 manata satıb, qızına verilmiş evi təmir etdirmişdi. Bacısı rayondan usta tapmağını istəsə də, maliyyə baxımından şəhərdən usta tapmağı bacısına məsləhət görmüşdür. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Xatirə 50000 manat evin pulunu, anasının 1 illik pensiyasını, lombarda qızıllar qoyub götürdüyü pulu bütünlüklə evin təmirinə xərcləmişdir. Ümumilikdə 80000 manatdan artıq pul xərclənib. Onun Rauf müəllimlə hər-hansı bir düşmənçiliyi, ədavəti yoxdur. 2019cu ilin fevral ayından avqust ayınadək təmir işləri aparılmışdır. Xatirə öz evini 50000 manata satmışdı. Xatirə xanımın gözəllik salonu və kirayə verdiyi mənzili var. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, sanitar qovşağı və isti pol məsələsi ilə məğşul olmuşdur. Xatirə xanım əvvəl işlədiyi ustalardan narazı qaldığına görə onlara müraciət etmişdir. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Göstərdiyiniz xidmətlə bağlı Xatirə xanımla müqavilə bağlamayıb. Aldığı xidmət haqqı ilə bağlı vergi ödəməyib. Təmirə xərclənən pul Xatirə xanımın öz pulu idi, çünki, əgər başqasının pulu olsaydı dərhal ödəniş edərdi. Xatirə xanım ödənişləri hissə-hissə etmişdi. Bu səbəbdən düşünür ki, Xatirə xanım maaşını aldıqca ona ödənişləri edib. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X30 ifadəsində bildirmişdir ki, o, Xatirə müəllimənin evində 2019-cu ildə elektrik işi ilə məşğul olmuşdur. Materialları Xatirə müəllimə ilə birlikdə gedib almışlar. Materialların qiymətini dəqiq deyə bilmir. Zəhmət haqqı olaraq 1000 manat pul almışdır. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Göstərdiyiniz xidmətlə bağlı Xatirə xanımla müqavilə bağlamayıb. Aldığı xidmət haqqı ilə bağlı vergi ödəməyib. Evdəki rəngli işıqlar, spotlar onun tərəfindən qoyulub. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X23 ifadəsində bildirmişdir ki, o, Xatirənin bacısıdır. Bacısı gəlin köçdüyü evi qızının gələcəyi üçün satdı. Satışdan əldə etdiyi pulu qızının evinin təmiri üçün xərclədi. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Onun Rauf müəllimlə hər-hansı bir düşmənçiliyi, ədavəti yoxdur. Bacısının müəlliməlikdən başqa gözəllik salonunu arendaya verməsi barədə məlumatı var. Ev 2019cu ilin qış aylarında təmir olunub. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 2012-2013-cü illərdə o, avtovağzalın yaxınlığında, 3-cü mərtəbədə yerləşən evin elektrik işlərini görmüş və kombi sistemini çəkmişdir. Su, qaz, istilik sistemi və kanalizasiya sistemi turbalarını o çəkmişdir. Materialları şəxsən almışdır. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Rauf müəllim ona 4000 manat ödəniş etmişdi. İşləyəndə elektrik enerjisindən istifadə etmişdir. Evdə bir sanitar qovşağının olmasını xatırlayır. Amma içində arakəsmə də olub. Tam dəqiq deyə bilmir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, Biləcəri dairəsində 3-cü mərtəbədə yerləşən evdə kombini və radiatoru quraşdırmışdır. İstilik sistemini isə o çəkməmiş, hazır sistemə quraşdırma etmişdir. Həmçinin isti polda olan sızıntını təmir etmişdir. Tikinti materiallarını Rauf müəllim Sədərək ticarət mərkəzindən 2400-2500 manata almışdır. Zəhmət haqqı olaraq Rauf müəllim ona 1000 manat ödəniş etmişdir. Hamam otağında olan dəsmal qurudanı o quraşdırmışdır. Şahid ona ünvanlanmış suallara cavab olaraq aşağıdakıları göstərmişdir: Evdə 4 və ya 5 otaq otaq var idi. Quraşdırdığı dəsmal qurudanın rəngini xatırlamır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismindən dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, 2018-2019-cu ildə 1400 manat pulu Raufun zənginə əsasən Xatirə xanımın oğluna vermişdir. Pulun nə üçün verilməsi haqqında məlumatı yoxdur. Rauf müəllim zəng edərkən pulun niyə verilməli olduğunu ona deməmişdir. Dedi apar ver – o da aparıb verdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4483/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. ünvan 7 ünvanında yerləşən dörd otaqlı mənzilin təmirinə ümumi olaraq nə qədər pul xərclənib (usta, material və sair xərclər nəzərə alınmaqla)? 2. ünvan 7 ünvanında yerləşən dörd otaqlı mənzilin sanitar qovşaq(lar)ının təmirinə, evin istilik sisteminin çəkilməsinə, santexnik, elektrik və kosmetik təmir işlərinə ayrı-ayrılıqda nə qədər pul xərclənib (usta, material və sair xərclər nəzərə alınmaqla)?”. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9330 saylı ekspert rəyi daxil olmuş və rəydə göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11D saylı evin 8 saylı mənzili üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 70466 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə iş üzrə əlavə ekspertizanın keçirilməsinə dair vəsatətlə müraciət edərək göstərmişdir ki, ekspert rəy tərtib edərkən heç bir ölçü işi aparmamış, tədqiqatı ümumiyyətlə hansı metodika ilə aparıldığını rəyində əks etdirməmişdir. Ümumiyyətlə rəydə hər hansı bir ədəbiyyata istinad edilməmiş, sanki bu eskpertizanı xüsusi biliklərə malik olan şəxs deyil, sıradan bir vətəndaş həyata keçirmişdir. Döşəmənin sement məhlulu ilə hamarlanması 176 kisə qeyd olunmuşdur (1-ci bənd). Belə başa düşmək olar ki, ekspert bunun mənzilin hər kv.m.inə görə qeyd etmiş, lakin nəzərə alınmalıdır ki, mənzil çıxarışa uyğun olaraq 150,7 kv.m.etrdir. Belə çıxır ki, təmir olunanda sütün divarların altına belə sement vurulmuş, lakin bu absurddur. 2018-2019-cu illərdə döşəmənin sement məhlulu ilə hamarlanması 1 kv.m.. üçün 5 manat deyil, 1-2 manat olmuşdur. Hal-hazırda isə həmin işin qiyməti 1 kv.m.. üçün 2,5 manatdır. Sement iki yerdə (2 və 5 bənd) göstərilmişdir, lakin nə üçün təkrarlanması məlum deyildir. Mənzilin divarlarının sement məhlulu ilə suvarlanmasına (4-cü bənd) 427 kv.m.. sementin sərf olunması qeyri-mümkündür. Belə ki, söhbət 150 kv.m.-lik evdən gedir, 3 mərtəbəli villadan yox. Divarların sement məhlulu ilə mayakla suvarlanması 1 kv.m.. üçün 5 manat deyil, 2018-2019-cu illərdə dəyəri 1 kv.m.. üçün 2 manat olmuş, indiki dəyəri isə 3 manatdır (4-cü bənd). Alçıpan lövhələrdən asma tavanın qurulması (7-ci bənd). Həmin bənddə 1 kv.m.-in quraşdırılma dəyəri 15 manat göstərilmiş, halbuki 2018-2019-cu illərdə hələ fiqurlarla birlikdə 1 kv.m. üçün dəyəri 7-8 manat olmuşdur. Hal-hazırda onun 1 kv.m. üçün dəyəri 10 manatdır. Bu isə ən yaxşı halda 966 manat edir. 6-cı bənndə təmirdə 15 kub qumun istifadə edilməsi qeyd edilmiş, halbuki, təmirə cəmi 6 kub qum istifadə edilə bilər. 2018-2019-cu illərdə 15 kub qumun dəyəri 150 manata, yəni 1 kub 10 manat olmuşdur. 3-cü bənddə 11 kub atsepin istifadə edilməsi qeyd edilmiş, atsep döşəmədə istifadə olunur. Həmin mənzili 11 kub atsepin istifadə edilməsi gülüş hissi yaradır. 11 kub atsep 1 kamazın həcmindən artıqdır. Alçipan yaşıl (18-ci bənd). Digər bəndlərdə olduğu kimi, ekspertin rəyində bütün rəqəmlər güclü dərəcədə şişirdilmişdir. 18-ci bənddə qeyd olunan alçipanların 1 ədədi 3 kv.m. olur. 7-ci bənddə alçipan 138 kv.m. əhatə edir. 138 kv.m. hər bir alçipanın ölçüsünə, yəni 3 kv.m. bölündükdə cəmi 46 ədəd alçipan edir. Ekspert öz rəyində 59 əlavə alçipanın nə üçün qeyd etdiyi qaranlıq qalmışdır. 2018-2019-cu illərdə yaşıl alçipanın 1 ədədi 8-9 manat olmuşdur, hal hazırda 1 ədədi 10,70 manatdır. Tavan və divarlara alçipandan fiqurların yığılmas ı- 2000 manat (19-cu bənd). Tavan və divarlara fiqurların yığılmasının dəyəri kv.m-lə ölçülür. Göründüyü kimi ekspert fiqurların neçə kvadrat metrlik ərazinin əhatə edilməsini belə qeyd etməmişdir. Bazarda həmin fiqurların yığılması 2018-2019-cu illərdə 1 kv.m. üçün 7- 8 manat olmuş, hazırda həmin işin dəyəri 9-10 manatdır. 20-ci bənd tavan və divarlara şpaklyovka çəkilməsi hamarlanması. Burada 533 kv.m. şpaklyovkanın çəkilməısi qeyd edilmiş, lakin təmir 3 mərtəbəli villada deyil, cəmi 150 kv.m-lik mənzildə getmiş, və həmin mənzilə 533 kv.m. şpaklyovkanın sərf edilməsi heç ağlabatan deyildir. Kv.m-in vurulması 2018-2019-cu illərdə 1 manat təşkil etmişdir. Hal-hazırda 1 kv.m.in qiyməti 1.5 manatdır. Bu isə 2665 deyil, 533 manat edir. 21-22-23-cü bəndlərdə ekspert şpaklyovka dirəyi 3 dəfə təkrarlamış, halbuki adi məntiqlə bunu bir bənddə 100 deyil, 300 qeyd edə bilərdi. Lakin bu sahə xüsusi bilik tələb etdiyindən, ekspert düşünmüşdür ki, bu yolla məhkəməni çaşdıra, təmir qiymətini suni surətdə artırmaq olar. 2018-2019-cu illərdə şpaklyovka dirəyin 1 kisəsi 3-4 manat, hal-hazırda isə 4-4.50 manatdır. 24-cü bənd. 70 kisə gipsin istifadə olunması qeyd edilmiş, halbuki həmin mənzilə maksimum 25-30 kisə istifadə edilə bilər. 2018-2019-cu illərdə onun qiyməti 2.50-3 manat, hal-hazırda isə 4 manatdır. Bu isə ən yaxşı halda 420 deyil, 90 manat edir. 28-ci bənd alçipan lövhələrdən divar və sütunların üzlənməsi. 3 otaqda pəncərələrin alt hissəsində alçipan vurulub, bu isə 11 kv.m. edir. Onun da 1 kv.m-i 2018-2019-cu illərdə 4 manat, hal-hazırda 5 manat vurulur. Sütunlarda alçipanla üzlənmə yoxdur. Alçipandan yalnız qonaq otağında televizor altdığı yığılmış, onun da qiyməti maksimim 100 manat təşkil edir. 29-cu bənd tavan emulsiya ilə rənglənməsi. Burada həmin işin görülməsi 1 kv.m. üçün 5 manat qeyd edilmiş, lakin onun qiyməti 2018-2019-cu illərdə 1 manat, hal-hazırda 1.50 manat edir. 30-cu bənd. Emulsiya(boya). Həmin mənzilə maksimum 30-35 kilo emulsiya sərf olunmuş. 1 böyük qutuda isə 25 kilo emulsiya olur. Bu o deməkdir ki, həmin mənzilə (138 kv.m. hissəsinə) 5 qutu emulsiyanın istifadəsi qeyri mümkündür. Bu günki günə 25 kiloluq emulsiyanın qiyməti ən baha satışı 55-60 manatdır, yenə də bu 120 manat eləmir. Həmin bənddə qeyd edilən materialın qiyməti ən bahalı halda 600 manat deyil, 80-90 manat təşkil edir. 35-ci bənd divar kağızlarının yapışdırılması. 350 kv.m. üçün hər kv.m-ə 5 manat iş haqqı qeyd edilmiş, ümumilikdə 1750 manat iş haqqı göstərilmişdir. İşdə olan mənzilin texpasportuna əsasən bütün pəncərə və qapıları çıxmaq şərti ilə, mətbəxdə isə mətbəx mebelinin arxasının çıxmaq şərti ilə hər otağın divar kağızı yapışdırılan hissəsini kv.m-lə aşağıda qeyd edirəm: oğlan uşaqlarının otağı - 35 kv.m.; qonaq otağı - 65 kv.m.; yataq otağı -- 54.5 kv.m.; qız uşaqlarının otağı - 41.7 kv.m.; mətbəx - 25.5 kv.m.; koridor - 50.3 kv.m. Cəmi - 272 kv.m. edir. Lakin ekspert rəyində 350 qeyd etmiş, bu isə həqiqəti əks etdirmir. Divar kağızının yapışdırılmasının usta haqqı haz-hazırda 5 manat deyil, 2 manatdır. Yəni ən yaxşı halda divar kağızlarının yapışdırılmasına indiki qiymətlə belə 544 manat sərf oluna bilərdi, bu da heç bir halda ekspert tərəfindən qeyd edilmiş 1750 manat təşkil etmir. 36-cı bənd divar kağızlarının dəyəri. 2018-2019-cu illərdə 10.70 kv.m. divar kağızlarının 1 rulonu üçün qiymət - aşağısı 10 yuxarısı 30 manat təşkil edirdi. Nəzərə alınmalıdır ki, divar kağlızları 350 kv.m-ə deyil, 272 kv.m-ə vurulmuşdur. 1 rulon divar kağızı 10.70 kv.m-ə deyil, sadə riyazı hesablama ilə 4.3 kv.m-ə getdiyi rəydə öz əksini tapmışdır. Lakin 272 kv.m. 10.70 kv.m-ə bölünsə (1 rulonun həcmi) bu cəmi 26 rulon edir. Yapışdırılarkan əmələ gələn kəsintilər nəzərə alınarsa 4 rulon da üstünə əlavə etmək olar. Göründüyü kimi, sadə riyazi hesablamalar göstərir ki, həmin mənzilə 80 deyil, cəmi 30 rulon divar kağızı sərf olunmuşdur. Bu isə ən bahalısı belə nəzərə alınsa, 900 manat edir. Lakin görünür ki, ekspert bu məbləği də kəskin şəkildə şişirdərək, iddiaçının istəyinə uyğun olan 3200 manat qiyməti formalaşdırmışdır. Eyni zamanda həmin mənzilə vurulan divar kağızları heç də bahalı olan 30 manatlıq deyil, 1 rulonu 15 manat-ə alınıb yapışdırılmışdırdır, bu isə heç 900 manat belə deyil, 450 manat edir. 44-cü bənd otaqlarda qapı bloklarının quraşdırılması. Xatırladaq ki, hər bir firma qapının üstündə qapı bloklarının təqdim edir, bu səbəbdən ekspert rəyində onların dəyərinin ayrı qeyd edilməsi yenə də absurddur və artıq qiymət formalaşdırılmasına xidmət edir. 45-ci bənd qapıların dəyəri. Qapıların qiyməti kəskin şəkildə artıq yazılmış, həmin dövrdə həmin qapıları bir ədədini 170 manatdan əldə etmişdir. Həmin dövrdə 400 manata heç bahalı avropa qapısı yox idi. Cəmi qapılara 1190 manat sərf olunmuşdur. 46-47-ci bəndlər. Sözügüdən qapı sədərək ticarət mərkəzindən 1100 manat alınmış, onun çatdırılması və quraşdırılması qapının qiymətinə daxil edilmişdir. Qapı təmirdən xeyli sonra quraşdırılmış, hal-hazırda qapının qıraqlarından da bilinir ki, qapı təmirdən sonra quraşdırılmışdır. 48-ci bənddə taxta döşəmənin vurulması (altının yığılması ilə birlikdə) 1 kv.m. üçün 10 manat qeyd edilmiş, lakin həmin döşəməni italiyalı ustalar deyil, məhz öz ustalarımız 1 kv.m. cəmi 5 manatdən vurmuşdur. Taxta döşəmə 138 kv.m. deyil, 130 kv.m-i əhatə edir. Bu da ən yaxşı halda indiki qiymətlə 650 manat təşkil edir. Halbuki ekspert rəyində 1380 manat qeyd etmişdir. 49-cu bənd taxta laqa. 500 p/m taxta laqanın vurulması qeyd edilmişdir. Taxta laqa pol taxtasının altına vurulan taxtadır və o ən yaxşı halda 30 santimetrdən bir vurulur (sıxlığı). Oğlan uşaqlarının otağına 9 ədəd 6 metrəlik 5/10 luq (86.40 qəpik indiki qiymətlə), qonaq otağına 18 ədəd 6 metrəlik 5/10-luq(cəmi 172 manat), yataq otağında 25 ədəd 4 metrəlik 5/10 sm 24 ədəd (cəmi 153 manat), qız uşaqlarının otağında 10 ədəd 6 metrəlik 5/10 luq (cəmi 96 manat), mətbəx 10 ədəd 6 metrəlik 5/10 luq (cəmi 96 manat), karidor 8 ədəd 6 metrəlik 5/10 luq (cəmi 77 manat) .4 metrəlik taxtanın indiki dəyəri 6,40 manat, 6 taxtanın indiki dəyəri 9,60 manatdır. Yenə məbləğ sadə riyazi hesablama ilə 680,40 manat təşkil edir. 50-ci bənd döşəmə taxtası (L=2 M). Döşəmə taxtası vurulan ümumi sahə 130 kv.m-dir. 2018-2019-cu illərdə döşəmə taxtası (L=2 M) kv.m-nin qiyməti 9-10 manat təşkil edirdi, hal-hazırda ən yüksək bazar dəyəri 1 kv.m. üçün 13-14 manat təşkil edir. Bu da sadə riyazi hesablama ilə 1200-1300 manat təşkil edir, ekspert rəyində bunun da qiymətini 2-3 qat baha qeyd etmişdir. 55-ci bənd plintusların hamarlanması və vurulması. Plintus p/m ilə ölçülmür və vurulmur, ədədlə olur, hər bir ədədi də 2.5 metrə bərabərdir və hamar vəziyyətdə olur. Onun quraşdırılması üçün haqq da pola vurulan taxtanın qiymətinin vurulma dəyərinin içində gedir, yəni buna görə əlavə haqq alınmır. 56-cı bənd plintusların dəyəri. Hər birinin dəyəri də indiki bazar qiyməti ilə 3-4 manat təşkil edir. Mənzilin texniki pasportuna əsasən qapı yerlərini çıxmaq şərti ilə oğlan uşaqlarının otağında 14 metr, qonaq otağı 22 metr, yataq otağında 21 metr, qız uşaqlarının otağında 19 metr, mətbəx 16,2 metr, koridor 21 metr plintus vurulub. Bu da cəmi 113,2 metr edir. 113,2 metri 2.5 böləndə (çünki plintusun 1 ədədi 2.5 metrdir) 46 ədəd plintus edir. 46 ədədin də qiyməti 3/4 manata vurulanda 138/180 manat təşkil edir. Göründüyü kimi, ekspert burada da qiyməti şişirdərək 400 manat qeyd etmişdir. 58-59 bəndlər döşəmənin qaşınması və döşəməyə dolğu və lak vurulması. Məlum olunduğu kimi bu günki reallıqda döşəmənin qaşınması və döşəməyə dolğu və lak vurulmasının qiyməti cəm şəkildə müəyyən edilir və bunun üçün ayrıayrılıqda haqq alınmır. Döşəmənin qaşınması və döşəməyə dolğu və lakın vurulması eyni usta tərəfindən həyata keçirilir və bunun üçün 3-4 manat arasında bütün qeyd edilən işlər daxil olmaqla haqq istənilir. Yuxarıda qeyd edildiyi kimi, döşəmənin vurulduğu sahə 130 kv.m. təşkil edir. 130 kv.m-i sadə riyazi hesabla 3/4 manat-ə vuranda 390/520 manat təşkil edir. Lakin ekspert bu məbləği şişirdərək cəm şəkildə 690+414=1104 manat qeyd etmişdir. 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 86, 87 bəndlər. Ekspert rəyinə diqqət yetirilərsə, 69-cu bənddə elektrik xəttinin çəkilməsi (materialla birlikdə) 2800 manat qeyd edilmişdir. Əslində bütün elektrik işlərinə material və usta haqqı ilə birlikdə təxmini rəydə göstərilən məbləğdən bir az aşağı, 2500 manat sərf edilmişdir. Lakin rəyə diqqət yetirilsə orada elektrik xəttinin çəkilməsi (materialla birlikdə) 2800 manat qeyd olunmasına baxmayaraq həmin materiallar növbəti bəndlərdə sadalanmış və onların qiymətləri ayrıca olaraq göstərilmiş və hesablanmışdır (kabel, izolenta, skoba, elektrik qutusu və s). Göründüyü kimi bir məsələ üzrə iki dəfə qiymət çıxarılaraq üst-üstə gəlmişdir. 82, 83,84, 85-ci bəndlərdə qeyd edilmiş spotların, çılçıraqların və braların təmirə aidiyyatı yoxdur. Belə ki, onlar istənilən zaman təmirə hər hansı ziyan vurulmadan sökülüb çıxarıla bilər. 89cu bənd. Aspiratorun hər hansı bir xüsusi materialı olmur, aspiratoru mətbəx mebelini quraşdıran usta quraşdırmış, əlavə hər hansı bir vəsait almamışdır. 90, 91, 92-ci bəndlər. Mənzil alınarkən plastik pəncərələr alıcıya artıq quraşdırılmış halda təhvil verilir və bununla bağlı əlavə haqq alınmır. Bu nəinki mübahisəli mənzilə, istənilən yeni tikili binalarda belədir. Bu səbəbdən ümumiyyətlə bu bəndlər ekspert rəyinə daxil olmalı deyildi. 94- cü bənddə kombi aparatı 1250 manat qeyd edilmiş, lakin həmin kombi aparatının qiyməti məhkəməyə təqdim edilmiş qəbzdə 1156 manat qeyd edilmişdir. 95-ci bənd radiatorlar. Radiatorların qiyməti belə şişirdilmişdir. Çünki həmin radiatorların alınmasına dair qaimə məhkəməyə təqdim edilmişdir. Belə ki, radiatorlar – cəmi dəyəri 1065 manat 60 qapik (1 seksiyanın qiyməti 11 manat 10 qəpik dəyərində) hundurüyu 50 sm 12 seksiya, 4 ədəd - 532 manat 80 qəpik dəyərində hündürlüyü 50 sm 18 seksiya, 1 ədəd - 199 manat 80 qepik dəyərində hündürlüyü 50 sm 15 seksiya, 2 ədəd - 333 manat dəyərində. 93-cü bənddə də qiymət şişirdilmişdir. Çünki iddiaçının öz şahidi Mehman Hüseynov hamam və sanitar qovşaqda kanalizasiya işlərinin bütöv sökərək 2000 manata kafel və metlaxla birlikdə (materiallarla birlikdə) gördüyünü qeyd etmişdir. Göründüyü kimi, hələ söküntü işləri ilə birlikdə bu məbləğ 2000 manat keçmir. 100, 101,102-ci bəndlər. Divar kafellərinin üzlənməsi 720 manat yenidən hesablanmış, halbuki həmin materiallar artıq 93-cü bənddə hesaba alınmışdır. 103-cü bənddə bəzək elementləri 60 ədəd ümumi dəyəri 1500 manat qeyd edilmiş, lakin hansı bəzəkdən və harada istifadə olunduğu qeydə alınmamışdır. Bu cür natamamlıqlar suni şəkildə təmirin qiymətinin bahalaşdırılması məqsədini daşıyır. 104cü, 105-ci, 107-ci bənd. Mənzilin texniki pasportuna baxılarsa, hamam və sanitar qovşağının cəmi ölçüsü 8 kv.m-dən azdır və məlum məsələdir ki metlax yalnız hamam və sanitar qovşağına və qapının girəcəyinə vurulur. Qapının girəcəyi də cəmi 3,3 kv.m. metlax vurulub. Maraqlıdır ki, 42 kv.m. metlax mənzilin başqa harasında istifadə edilib. Ümumilikdə 11 kv.m. metlax alınıb. Həmin metlaxların 1 kv.m.-i hal-hazırda 11-12 manatdır. Bu isə 121/132 manat təşkil edir. Vurulma haqqının bazar dəyəri 1 kv.m. üçün 5 manatdır, bu isə 11 vurulanda cəmi 55 manat edir. Göründüyü kimi, ekspert əsassız olaraq 630 manat usta haqqı və 840 manat də metlaxın qiymətini hesablamışdır. 107-ci bəndə diqqət yetirilsə, alyuminium plitərəldən asma tavanın qurulması + material 8 kv.m. qeyd edilmiş, bu is öz növbəsində hamam və sanitar qovşağın 8 kv.m. olmasını bir daha təsdiqləyir. Asma tavanın qiyməti 1 kv.m. 50 manat göstərilmiş, lakin həmin tavanın 1 kv.m. 2018-2019- cu illərdə 8-10 (cəmi 64/80) manat arasında olmuşdur. Hal-hazırda bazar qiyməti 1 kv.m. üçün 12 manatdır. Asma tavanın quraşdırılması zamanı istifadə edilən materialların bazar qiyməti 1 kv.m. üçün 3-4 manat arasında dəyişir (24/32 manat). Eyni zamanda onların quraşdırılması 1 kv.m. üçün 5/7 manat təşkil edir (ümumilikdə (cəmi 40/56 manat təşkil edir). Beləliklə 107-ci və 108-ci bəndlərdə ümümi qiymət 400+120 deyil, cəmi 128/168 manat təşkil edir. 108-ci bənddə asma tavan üçün spotun bu günkü 1 ədədi üçün dəyəri 20 manatdır. Lakin ekspert əsassız olaraq bunu 40 manat kimi qiymətləndirmişdir. 111, 112, 113-cü bəndlərdə qeyd olunanlar təmirə aid deyil və təmirə zərər vurulmadan sökülüb çıxarıla bilər. Buna görə həmin bəndlərin ekspert rəyinə daxil edilməsi əsassızdır. 114-cü bəndlə bağlı qeyd edilməlidir ki, dəsmal qurudanın qiyməti 110 manat qeyd edilmiş, lakin məhkəməyə təqdim edilmiş qaimədə həmin 3 seksiyalı dəsmal qurudanın qiyməti 1 seksiya üçün 10 manat olmaqla, cəmi 30 manatdır. 117-ci bənddə ekspert sanitar qovşağında isti döşəmənin sökülməsi və yenidən qurulmasına 2000 manat qiymət formalaşdırmışdır. Halbuki, ekspert ona qoyulan sualdan kənar çıxmışdır. Hətda razılaşma ilə qiymətdə sırf iddiaçının istədiyi qiyməti, yəni 2000 manat qeyd etmişdir. Halbuki, isti döşəmənin dəyişdirilib-dəyişdirilməməsini, eyni zamanda əvvəldən başqa cür qurulub sonra yenidən sökülüb qurulmasını ekspert öz rəyində qeyd etməmişdir. 116-cı bəndlə bağlı qeyd edilməlidir ki, ekspert bu bənddəki qiyməti artıq 117-ci bənddə göstərmiş, lakin naməlum səbəbdən yenə də eyni işin qiyməti təkrarlanmaqla ümumi təmirin qiymətinin şişirdilməsi ilə nəticələnmişdir. 116-cı bənddə 12 kv.m. qeyd edilmiş, 1 kv.m-i 50 manatdan, cəmi 600 manat. Hamam və sanitar qovşağının cəmi kvadratı 7.7 kv.m-dir. Giriş qapısında metlax vurulan yer 3.3 kv.m-dir. Cəmi 11 kv.m-i ən bahalı usta 1 kvadratı üçün 10 manat götürür. Bu isə cəm şəkildə 110 manat təşkil edir. 118, 119, 120, 121-ci bəndlərdə görülən işlər artıq ekspert rəyinin 100, 101, 102 və 106-cı bəndlərində öz əksini tapmış, ekspert tərəfindən təkrarlanaraq təmir qiymətinin şişirdilməsinə səbəb olmuşdur. 122-ci bənd. Digər bəndlərə nəzər salınsa müəyyən yerlərdə qiymətin razılaşma ilə qeyd olunması göstərilmişdir. Lakin bu bənddə ekspert inşaat zibilinin çıxarılması üçün nədənsə kateqorik olaraq 1000 manata dəyərləndirilmişdir. Lakin bu qiymətin hardan götürülməsi, hansı hesablamalara əsaslanması qaranlıq qalmışdır. 124cü bənddəki rəqəm də ekspert tərəfindən havadan götürülüb, hər hansı bir məntiqi əsası yoxdur, buna dair hər hansı bir hesablama işləri aparılmamışdır. Aspirator, kombi aparatı, radiatorlar, moyka, mətbəx mebeli, təmirə aid olmayan, təmirə ziyan vurmadan asanlıqla sökülüb götürülən əşyalar olduğundan, onların qiyməti təmirə aid edilməməli, eyni zamanda həmin əşyalar Cavabdeh2 tərəfindən Cavabdeh1 geri tələb olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, və həmin iş e- 2(001)-437/2024 nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmaqdadır. İddiaçı Əmior qızının əsas şahidi, usta X15 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında qeyd edir ki 6-7 ay həmin mənzildə təmir işləri aparılmış və ona 25000 manat xidmət haqqı ödənilmiş, həmin məbləğin 5000 onun tərəfindən iddiaçıya qaytarılmışdır. Mənzilin təmirinə təqribən 20000 manat vəsait xərclənilmişdir. Beləliklə sadə riyazı hesablama göstərir ki, mənzilin bütün təmirinə ən çoxu 40000 manat pul xərclənib, və bunu cavabdeh deyil, məhz iddiaçının öz şahidi qeyd edir. Bəs belə olan təqdirdə ekspert 70466 manatlıq hesabatı haradan əldə etmişdir. Halbuki, ekspert nə ölçü işləri aparmış, nə sərf olunan materialların həcmini düzgün qeyd etməmiş, görülən işlərin heç sahələrini belə düzgün müəyyən etməmiş, bəzi bəndlərdə əks olunmuş materialları və işləri təkrarlamışdır və bütün bu qeyd etdiklərim ekspert tərəfindən havadan, elmə məlum olmayan mənbələrdən informasiya ətməklə səhv nəticəyə gəlmişdir. Eyni zamanda təminin qiyməti hesablanarkən təmirdə işlənmiş materialların 2018-2019-cu illərdə alınması, o vaxtla indiki qiymət fərqinin olması, təbii köhlənməsi və amortizasiyası nəzərə alınmamışdır. Bu isə öz növbəsində düzgün olmayan rəyin çıxarılmasına səbəb olmuşdur. Məhkəmə iclasında sədrlik edən tərəfindən Cavabdeh2, eyni zamanda nümayəndəsi və vəkili Vəkil2 ekspert tərəfindən mənzilə baxış keçirilərkən iştirak edibetməmələri soruşulmuş, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 isə cavab olaraq bildirmişdir ki, mənzilə baxışda iştirak etmək tərəfin vəzifəsi deyil, hüququdur, onlar da həmin hüquqdan istifadə etməmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 286/2024 saylı qərardadı ilə Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) iş üzrə əlavə ekspertizanın keçirilməsinə dair vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxışında məhkəməyə bildirdi ki, kommunikasiya xərcləri 1100 manat qeyd olunmuşdu. Ona izah olundu ki, kommunikasiya xərcləri binaya su və işıq sayğacları qoyulması ilə bağlıdır. Bu 2014-cü ildə olub və o vaxt Rauf qızı ilə rəsmi nikah münasibətlərində olub. 1100 manat heç ekspertiza rəyinə daxil edilməyib. Liftlə evə heç bir yük daşınmayıb. Qaldırma işlərini Əli adlı fəhlə və digər fəhlələr görmüşdür. Əli onun tərəfindən şahid kimi iştirak etmək istəsə də, şəxsiyyət vəsiqəsini ona təqdim etdiyi gün Cavabdeh2 təhdidinə məruz qalmışdır. Əli ona dedi ki, 2 övladı var, başıma bəla gəlməyini istəmir və məhkəmədə iştirak edə bilməycəyinə görə ondan inciməsin. O, maddi və mənəvi cəhətdən çox sarsılıb. O, bu gün MTK-da onlara ev hədiyyə verən insanın yanına getmişdir. Orada ona deyildi ki, qarşı tərəfin vəkilləri və Yaqub müəllim deyir ki, “Xatirə müəllimənin qarşısına qoyduğu bir məqsəd var - evi əlindən almaq”. O, 2019-cu ildə 50000 manata ev satırsa, 2022-ci ildə evlərin qiymətinin bahalaşdığı bir vaxtda nəyə görə həmin pulun üstünə əlavə edib ev alır? MTK-dan Günelə arayış verilib ki, 2012-ci iln yanvar-fevral aylarında mənzillərin 1 kvadratının qiyməti 600- 700 manatdır, 1 ay sonra Cavabdeh2 isə 1 kvadratın qiymətinin 900 manat olduğu bildirilir. Bu gün MTK-nın direktoru Əlixan Cəfərli dedi ki, hər yerdə qarşı tərəf deyir ki, “Xatirə xanım müdaxilə edir”. O, qızının yaşadığı həyat hekayəsinə ürək ağrısı ilə dözür. Rauf Əlixan müəllimə 3200 manat pul verib və o, blokun önündə aldığı maşın saxlamaq üçün olan yerin puludur. Cənab Prezident tərəfindən verilmiş 172 kv.m. mənzil komendantın səhlənkarlığı nəticəsində qonşu tərəfə satılmışdır. Cavabdeh2 1 kv.m. 900 manatdan 3200 manat pul ödəyib ki, evi bərpa etdirsinlər. Əlixan müəllim dedi ki, mən qızınıza yaxşılıq etmişəm. Əlimdəki sənədi almaq istədi və qızının uşaqları olduğuna görə ona yazığı gəldiyini dedi. 170 manata qapı alınmayıb. Sanitar qovşağına da eyni “zamok”dan aldığına görə “zamok”ları ona 40 manata vermişdilər. Qapıların çərçivə ilə verildiyi doğrudur, amma hər bir qapı quraşdırılarkən onun sağ və sol tərəfinə lazım olan materiallar heç biri verilmir. Ustalar bu səbəbdən əziyyət çəkir. Əlixan müəllim ona dedi ki, qızın Raufa cavab qaytarıb. O isə cavab olaraq bildirdi ki, gecə saat 3-də nəvəsi ona zəng vurub atasının qızını alimenti artırdığı üçün döydüyünü demişdir. O, Raufa demişdir ki, “Gəzirsənsə, kişi kimi gəz”. 10-cu sinifdə oxuyan X26 gəzdiyi qadın “Səni liftdən götüzdürərəm” deyir. Günel iddiaçının nəvəsinə liftin düyməsini basanda zəng etməsini və liftin önündə onu gözləyəcəyini tapşırıb. Bütün bunlar Cavabdeh2 əməlləridir. O, evə nəfs salsaydı 50000 manata yoldaşından miras qalan evi satmazdı. O, heç qızının evində qalmayıb, Günel gecə saat 11-də ona Raufun gəldiyini deyəndə də çıxıb getmişdir. O, qızını Cavabdeh2la evləndirməyib ki, qızı ayaqaltı olsun, Güneli təkcə Yaqub müəllim döyməyib. Cavabdeh2 2021-ci ildə həyat yoldaşını itirmiş dostunun ailəsi ilə bir yerdədir. O, bu gün 15 yaşlı qızı olan Günelə yenidən ailə qurmağı təklif edə bilməz. Cavabdeh2 bu gün absurd şəkildə təmirində cüzi də olsa iştirak etmədiyi evi təmir etdiyini bildirir. Onların evinin, daha doğrusu, Günelin evinin şəkilləri məhkəməyə təqdim olunub. Rauf alçipanın sayına irad bildirir, heç alçipan sözünün tələffüzünü belə düzgün etmir. O, diski məhkəməyə təqdim etmiş, həmin videolar ona görə çəkilmişdir ki, nəvələri nənələrinin evi hansı yerdən hara gətirdiyini görsünlər. 3 metrəlik alçipandan fiqurlar üçün kəsildikdə, qalan hissə yararsız olur və heç bir işə yaramır. Evə 300-ə yaxış şpaklyovka getmiş ola bilər, hamısı onun əziyyətinin haqqı olub. Günelgilin mətbəxində 7 metrlik pəncərə var idi və pəncərə açıq idi. O, həmin pəncərənin qoyulması üçün 500 manat şirinlik vermişdir. Tural Raufa zəng edib dedi ki, “Qonşu qonşunun evinə keçib. Mənim bacımdan zərər yoxdur, sənin 14-15 yaşlı qızların var”. Rauf cavab olaraq demişdi ki, “Murdar ətə iy düşməz. Sən istəyirsənsə özün pəncərə düzəltdir”. İddiaçının oğlu həmin pəncərəni düzəltdirdi. Pəncərə düzəldikdən sonra Rauf dedi ki, “Gözünə girsin onun düzəltdirdiyi, ruçkası iki yerdən açılır”. Cavabdeh2 hər şeyə hazıra nazir olub. Evin dəyişdirilən qapısını Cavabdeh2 götürüb tövləyə aparıb. İddiaçının həyat yoldaşı 48 yaşında dünyasını dəyişib və o, bu gün müdafiə etdiyi Günel onun əmanətidir. Həyat yoldaşı 47 günlük komada qalanda ona övladını əzdirməyə qoymayacağını demiş və o, bundan sonra dünyasını dəyişmişdir. Rauf onun adına mebel almış, həmin mebelin pulunu o, ödəmişdir. Onlar Cavabdeh2 maşın belə almışlar. O, 17 yaşında qızını vermişdir ona. Onlar uşaqlardan üçünü bu gün məhkəməyə gətirmək istəyirdilər, lakin uşaqlar dedilər ki, “Biz atamızdan qorxuruq”. Rauf bankanı Günelin üstünə atanda 6-cı sinifdə oxuyan Məhəmməd əli ilə anasının üzünə sipər olmuşdu. İddiaçı qızı boşandıqdan sonra Yaqub müəllimə zəng edib evi təmir etdirmək istədiyimi dedi və o, iddiaçıya həmin evi heç kimin sata bilməyəcəyini dedi. Nəyə görə onun təmir etdirdiyi həmin ev indi hərraca çıxmalıdır? Rauf ora bir çöp belə almayıb. Rauf Günel ilə barışdıqdan sonra alimenti ləğv etdirdi, döyə-döyə evdən qeydiyatdan çıxartdırdı, iddiaçının qızını işdən çıxartdırdı. İddiaçının qızı bu gün acdır, iddiaçının aldığı 1150 manat repetitorluq pulunu verməsə, o uşaqlara yemək tapmır. İddiaçının nəvələri 15 gün bundan əvvəl velosipedə görə ağlayıb, iddiaçının oğlu onlara velosiped alıb. Bu səbəbdən iddiaçı iddianın tam həcmdə təmin olunmasını, hətta 360 manatın belə bölünməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə çıxışında məhkəməyə bildirdi ki, iddiaçı tərəfindən foto-şəkillər, CD-disk, qiymətləndirmə rəyi məhkəməyə təqdim olunmuş və məhkəmənin təşəbbüsü ilə ekspertiza keçirilmişdir. İddianın təmin olunması üçün kifayət qədər əsas var. Bu səbədən məhkəmədən müşavirə otağında bütün sübutlara qiymət verməyi və iddianı tam həcmdə təmin etməyi xahiş edir. Həmçinin bildirilməlidir ki, hazırlıq mərhələsində məhkəməyə təqdim olunmalı sübutlardan əlavə olaraq baxış mərhələsində cavabdehin nümayəndəsi və vəkili tərəfindən Elektron sistem vasitəsi ilə məhkəməyə müqavilə təqdim edilmişdir. Cənab Prezident tərəfindən üçəm uşaqların doğulmasına görə əvəzsiz verilmiş mənzilə dair hər-hansı pay müqaviləsindən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxışında məhkəməyə bildirdi ki, sayğaclara görə əlindəki sənəddə 1110 manat qiymət yazılıb. xx.xx.2014-cü ildə o, Cavabdeh2la birgə nikah dövründə olmuş və bu məbləğin təmirə heç bir aidiyyəti yoxdur. Bu sadəcə olaraq hakimin fikrini yayındırmaq məqsədi daşıyır. xx.xx.2019-cu il tarixli qaz sayğacı haqqında məlumatı qaz idarəsindən almışdır. xx.xx.2019-cu il tarixdə işə salınıb və 1 ay sonra onlara kod verilib. 2012-ci ildən 2014-cü ilə qədər olan dövrdə 1110 manat xidmət haqqı olaraq Cavabdeh2 tərəfindən ödənilmişdi. Qazın turbasının içəri çəkilməyi, işığın, suyun çöldən çəkilməyi heç birinin 1110 manata aidiyyəti yoxdur. xx.xx.2014-cü ildə zibil tullantılarının atılması ilə bağlı bildirilməlidir ki, 1500 manat kommunal xərclərdir - ev pulu, işıq pulu. Əgər onlar xoşbəxt yaşayırlarsa, niyə ev hərraca çıxarılırdı. X27 və Səadət Səlimovanın icraatında olan işlərə baxılsa, onun cavabeh olduğu görünür. Onlara bir işin içində iki işə baxıla bilməyəcəyini deməmişdilər. Əgər ev hərraca çıxarılıb 1/3 hissəsi götürüləcəksə, təmirin pulu oradan ayrıca çıxılsın. Səadət Səlimova ona iddianın həmin icraatdan ayrılmalı olduğunu izah etmişdi. Müqavilə ilə pəncərə qoyulduğu sübut edilməyə çalışılsa da, 2012-ci ildə qoyulmuş pəncərənin ekspert rəyinə nə aidiyyatı var? Oğlanların otağında otağı açıb içə əlavə etməyə 500 manat ödəyiblər və mətbəxlə qızların otağını açıb pəncərəni bütöv şəkildə qoydurmuşlar, 3 otağın balkonunu almışlar. Böyük yataq otağı və böyük qonaq otağının da hər ikisinin pəcərələrini dəyişmişlər Sənədin etibarsız hesab olunması ilə bağlı maddi çətinliklərlə əlaqədar məhkəməyə müraciət edə bilməmişlər. Əgər Rauf onu 4 övladı ilə saxlamaq niyyətində olsaydı, onun başına belə oyun açardı? Onun mənzili mübahisəli olduqları halda təmir etdirməsi nə dərəcədə realdır? Məhkəmə iclasında şahid olan ustalar hamısı təmirin nə vaxt başlandıb nə vaxt bitdiyini bildilər. Qarşı tərəfin şahidlərindən biri isə ümumiyyətlə hansı məhkəmə zalına gəldiyini bilmirdi. Digər şahidlər isə 2012-ci ildə təmir işləri apardıqlarını qeyd edirlər. Rauf 3 gün bayrama qalmış evi satıb behini götürdüyünü desə də, bu da yalandır. Heç cavabdeh hansı materialın haradan alındığını bilmir. Şəkil və videolardan görünür ki, təmir üçün avadanlıqlar hamsı qış ayında alınıb. Çünki iddiaçının əynindəki kurtka və ustaların paltarları bunu deməyə əsas verir. Yay aylarında yalnız divar kağızı, lak alınıb. Rauf sonra dediyi ifadəni yalanlayır, deyir ki, atası Qazaxıstanda idi və anası xəstə olduğundan əşyaları Xatirə müəllimə alıb. xx.xx.2022-ci ildə MTK 2013-cü ildəki məbləğin 600-700 manat olduğunu, xx.xx.2022-ci ildə isə 900 manat olduğunu bildirir. Onlar birgə nikah dövründə 3200 mant pul ödəmişlər. Burada MTK-nın saxtakarlığını görünür. MTK-nın rəhbəri ona demişdir ki, o ev hədiyyə olunmuş olsa da, həmin evin kvadratı 600-700 manatdan satışını edib. Bu o deməkdir ki, MTK hər bir sənədi verə bilər. 2019-cu ilin qaz sayğacı çıxarışı hal-hazırda əlindədir. Kod vermək üçün gələndə evin 1/3 və 2/3 hissələrdə olduğunu onlara bildirmişdi. Cavabdeh2 9-cu mərtəbəyə hər gün müxtəlif qızlarla çıxır, 4 uşağın psixologiyası pozulub. O, liftə minən kimi Rauf ona yumruq vurur. Cavabdeh2 atasının ona aldığı qırmızı Tofaşı satıb özünə xarici maşın almışdır. Anası evi təmir etdirdikdən sonra cəmi 3 aydır ki, həmin evdə yaşayırdılar, 2020-ci ilin mart ayında Cavabdeh2 anası onu məhkəməyə vermişdir. Əgər onlar xoşbəxt yaşayırdılarsa cavabdehin anası niyə onu məhkəməyə verirdi? 2020-ci ildə Cavabdeh2 zor gücünə aliment borcunu ləğv etdirmişdir. 2020-ci ilin avqust ayında məlumatı olur ki, cavabdeh dini kəbinlə dostunun ailəsinə baxırmış. Cavabdeh2 vəkilinin Tik-tok səhifəsində hazırkı məhkəmədə qalib gəldiyini elan edib, yalandan onu bunda günahlandırır. Əgər ekspert rəyində sayğac yazılmayıbsa, 110 manat və 1500 manatı əks etdirən arayış nəzərə alınmamalıdır. Evin satış məbləğini Cavabdeh2 vəkili 30000 manat desə də, 34000 manatdır. Ev dərhal təmir olunmayıb, o, 1 il yerdə köhnə matrasda yatmışdır. O, iddiaçının iddiasını qəbul edir. Dünən MTK-nın sədri sənədləri ondan almaq istədi, lakin o, vermədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 çıxışında məhkəməyə bildirdi ki, Xatirə xanım pəncərənin qoyulması üçün 500 manat şirinlik verdiyini bildirdi. Daha sonra Xatirə xanım bildirdi ki, Cavabdeh2 500 manat istəyib və Rauf vermədiyindən pulu oğlu verdi. Yeni tikilən binalarda mənzillərin kvadratına görə aylıq adlandırılan pul ödənilir. MTK açıq şəkildə qeyd edir ki, tullantıların daşınması üçün alınan haqq 1500 manatdır. 1100 manat isə kommunikasiya xətlərinin mənzilə qoşulması üçün sərf edilmişdir. X13 icraatında olan mülki iş üzrə hər-hansı qarşılıqlı iddia olmamışdır, iddiaçı Cavabdeh2 olmuşdur. Həmçinin ekspert rəyində pəncərələrin və giriş qapısının dəyişdirilməsinə hər-hansı münasibət bildirilməyib. İddiaçı pəncərələrin və qapının quraşdırılmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Digər cavabdeh Günel xanımın danışığında 60000 manat pul ödəmək istəyi görünmür. İddia ərizəsinin özündə belə qeyd olunur ki, mənzilin hərraca çıxarılmasının qarşısını almaq üçün bu iddia qaldırılmış, yəni pərdələnmiş iddiadır. İddiaçı hazırkı iddia tələbi tamamilə qanunsuz və əsassızdır, məhkəmə tərəfindən təmin edilməməlidir. İlk növbədə bildirilməlidir ki, Cavabdeh2 İddiaçı tərəfindən təmir olunduğu iddia edilən ünvan 8 ünvanında yerləşən mənzilin açıq hərracda satılmasına dair mənzilin digər payçısı hazırkı iş üzrə digər Cavabdeh1 qarşı iddia tələbinə dair məhkəməyə müraciət etmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş. İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “payın naturada bölünməsi, kompensasiya ödənilməklə payın əldə edilməsi, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Sözügedən mənzilin açıq hərracdan satılmasının qarşısını almaq məqsədi ilə İddiaçı əsassız varlanmada Cavabdeh2 ittiham edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda sözügedən mənzilin özgəninkiləşdirilməsinin qarşısının alınmasına dair müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, və ərizəsi məhkəmə tərəfindən təmin edilmişdir. Məqsədin mənzilin satışının qarşısını almaq olduğunu iddiaçı nəinki məhkəmə prosesslərində, yazdığı iddia ərizəsində belə etiraf etmişdir. İddiaçı özü iddia ərizəsində yazır ki, halhazırda cənab Prezident tərəfindən üçəm nəvələrinə hədiyyə olaraq verilmiş mənzili cavabdeh hərraca çıxararaq varlanmaq niyyətindədir. Onu da qeyd edir ki, qızı Cavabdeh1 və keçmiş kürəkən Cavabdeh2 tərəfindən həmin mənzil satıldıqda nəvələrinin faktiki olaraq yaşayış yerləri olmayacaqdır və ya hərracda çox az miqdarda vəsait əldə olunacaqdır. Bu da onun nəvələrinin uşaq psixologiyasına pis təsir edəcəkdir. Lakin ilk növbədə qeyd edilməlidir ki, İddiaçı hazırkı iddia tələbinin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş 2 illik iddia müddətini ötürmüşdür və buna dair ərizə məhkəməyə təqdim olunmuşdur. İddianın hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci, 1092.2-ci maddələrinə əsaslanmışdır. İddia ərizəsinin məzmunundan, eyni zamanda işin hallarından müəyyən olunur ki, iddiaçının iddia etdiyi əsassız varlanmanın 2019-cu il tarixdə baş verməsi qeyd edilir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Həmin müddət 2021-ci ildə, yəni 2 il əvvəl iddiaçı tərəfindən artıq keçirilmişdir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Günel xanım və Rauf bəyin nikahı 2014-cü ildə pozulmuşdur. 2016-cı ildə Genel xanımın məhkəməyə müraciəti əsasında ev 2/3 hissədə Günel xanıma, 1/3 hissədə Rauf müəllimə aid olmaqla hissələrə bölünür. Xatirə xanımın qızının kürəkənindən ayrıldığını və mənzilin tək qızına aid olmadığını biləbilə evi təmir etdirmiş olması real deyil. Əgər Cavabdeh1 anası İddiaçı hər hansı ödəniş etmək istəyirsə, bunu məhkəmədən kənar qaydada edə bilər. İşin hallarından da görünür ki, iddiaçının məqsədi pul tələbi deyil, mənzilin hərracdan satılmasının qarşısının alınmasıdır. Görünür ki, rollar hazırkı iş üzrə İddiaçı və Cavabdeh1 tərəfindən artıq bölünmüşdür. İddiaçı mənzilin təmiri üçün xərclədiyi vəsaiti mərhum ərindən qalmış evin satılmasından, eyni zamanda ona məxsus qızılların lombarda qoyaraq götürülmüş pul vəsaiti ilə izah edir, halbuki biz iddiaçının təqdim etdiyi sübutlara diqqət yetirilsə görünür ki, o, qeyd etdiyi mənzilin satışından cəmi 17500 manat pul vəsaiti əldə edibdir. Eyni zamanda iddiaçı repetitorluq fəaliyyəti ilə məşğul olmasını bildirsə də buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən iddiaçı 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Göründüyü kimi, 2019-cu ildə 90000 pul vəsaitini xərclədiyini iddia edən İddiaçı cəmi 2 ildən sonra adına daşınmaz əmlak əldə etmişdir. Pensiyaçı bir xanım tərəfindən bunun reallaşdırılması şübhə doğurur. İstənilən təmirin başlıca olaraq onun edilməsinə dair müqaviləsi və smetası olmalıdır. Lakin iş materiallarından da görünür ki, iddia edilən təmirin həyata keçirilməsinə dair hər hansı bir müqavilə və ən əsası təmirin mərhələlərini əhatə edən, əl haqqını müəyyən edən və eyni zamanda sərf ediləcək tikinti materiallarını nəzərdə tutan smeta məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən bir neçə nəfər özlərini usta adlandıran şəxs məhkəmənin iclas zalında şahid qismində dəvət olunmuşdur. Həmin şəxslər dindirilərkən onlarla iddiaçı arasında hər hansı bir təmir podradına dair müqavilə, onlara pul vəsaitinin ödənilməsinə dair qəbz məhkəməyə təqdim edilməmişdir. Həmin şəxslərin usta olmasına dair də hər-hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Protokola qeydlər verilməsinə dair vəsatət qismən təmin edilmişdir. Belə ki, X15 məhkəmə iclasında özünü prorab kimi təqdim etmişdir. İddiaçının əsas şahidi X15 özünün prorab olduğunu vurğulasa da, məsələ orasındadır ki, prorab birbaşa təmir işi görən şəxs deyil, nəzarət funksiyasını həyata keçirən şəxsdir. Bəs onda sual yaranır ki, həmin mənzil hansı ustalar tərəfindən təmir olunub, ayrı-ayrı işlər hansı ustalar tərəfindən həyata keçirilmiş və onlara hansı vəsait ödənilmiş, material kim tərəfindən verilmişdir. Bu sualların cavabı açıq qalmışdır. Həmin şəxslərin şəxsiyyəti məlum olmamış, faktiki təmir həyata keçirən şəxslər məhkəmə zalında dindirilməmişdir. Halbuki, Ədalət Abbasov mənzili “pod klyuç” təhvil verdiyini bildirmişdir. Eyni zamanda Ədalət Abbasov məzilin təmirinə ona cəmi 25000 manat verildiyini, o məbləğin 5000 manatını iddiaçının tələbi ilə geri qaytardığını bildirmişdir. Eyni zamanda ona verilən suala cavab olaraq, o, mənzilin təmiri üçün istifadə edilmiş materiallara cəmi 20000 manat pul xərcləndiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə bir neçə qəbz təqdim edilmişdir ki, onların əsaslılığı cavabdeh tərəfdə şübhə doğurur, belə ki, həmin qəbzlərdə möhür yoxdur və həmin qəbzlərin hansı təşkilat və ya fiziki şəxslər tərəfindən verildiyi məhkəmədə yoxlanılmamışdır. Həmin qəbzlərə nəzər salınsa, orada qeyd edilən materialların qiymətləri belə 10000 manatı keçmir. Məhkəmə zalında dindirilmiş şahid Pərviz Əhmədov 2000-3000 manatlıq material alındığını vurğulasa da, buna dair onda qaimənin nüsxəsi olduğu soruşulanda, mağazanın yanması səbəbindən onda hər hansı təsdiqedici sənədin olmamasını bildirmişdir və bu məhkəmənin protokolunda öz əksini tgapmışdır. İş üzrə şahid qismində dindirilmiş Mehman Hüseynov evin kanalizasiya sistemini söküb yenidən qurduğunu bildirir, halbuki buna nə üçün zərurət yarandığı məsələsi açıq qalıb. Bir şeyin nə üçün həm qurulması üçün sərf edilməsi ehtimal edilən, həm də sökülərək yenidən qurulması üçün Cavabdeh2 pul tələb edilir? Eyni zamanda iddiaçı tərəfindən cəlb edilmiş şahidlər Mabud Rəsulov və Xalidə Rəsulovanın ümumiyyətlə ifadələri nəzərə alınmamalıdır. Buna səbəb həmin şəxslərin iddiaçının bacı və qardaşı olması, onların təmirdə hər hansı bir iştirakı olmamasıdır. İfadələrinə diqqət yetirilsə, onların tərəflərə hər hansı bir vəsait verməsi, mənzilin təmirində iştirak etməsi halı mövcud deyil. Qeyd edilməlidir ki, Cavabdeh2 tərəfindən cəlb edilmiş və məhkəmə iclasında dindirilmiş şahid X8 onun tərəfindən 2012-2013-cü illərdə sözügedən mənzildə elektrik işlərinin görünməsini və kombi sisteminin çəkilməsini və bunun müqabilində materiallarla birlikdə məhz Cavabdeh2 4000 manat pul vəsaiti almasını bildirmişdir. X34 mifik, gözəgörünməyən və şəxsiyyətləri məlum olmayan ustalarından fərqli olaraq işlərin şəxsən gördüyünü, materialları şəxsən alıb daşıdığını və konkret işlərin görülməsini təfərrüatı ilə danışmışdır. Bu xx.xx.2023-cü il tarixli iclasın protokolunda öz əksini tapmışdır. Cavabdeh2 tərəfindən cəlb edilmiş şahid Ceyhun Mikayılov məhkəmə iclasında şahid qismində ifadə verərək sözügedən mənzildə istilik sisteminin çəkilməsini, ona 1000 manat zəhmət haqqının verilməsi, sərf olunan materialları Cavabdeh2 tərəfindən Sədərək Ticarət Mərkəzindən 2400-2500 manata aldığını vurğulamışdır. Bu da, xx.xx.2023-cü il tarixli iclasın protokolunda öz əksini tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nicat Həsənov 2018-2019-cu ildə 1400 manat pulu Raufun zənginə əsasən İddiaçı oğluna verdiyini bildirmişdir. Cavabdeh2 bildirir ki, həmin pul vəsaitini divar kağızlarının alınması üçün iddiaçıya göndərmişdir. Şahid ifadələri bir daha təmirin Cavabdeh2 tərəfindən həyata keçirilməsinin, bunun üçün pul xərcləməsini, ustalar cəlb edilməsini sübut edir. Eyni zamanda Cavabdeh2 tərəfindən bir sıra tikinti materiallarının - keramika evi, ixlas elektrik, mənzilin kombi aparatı, radiatorları və digər materialların alınmasına dair müvafiq qaimələr məhkəməyə təqdim edilmişdir. Mənzilin kombi aparatının və radiatorlarının, aspiratorun, moykanın və mətbəx mebelinin digər Cavabdeh1 sahibliyindən geri alınmasına dair və mənzildə başqa əşyaların alınmasına dair Cavabdeh2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və 2(001)-437/2024 saylı mülki işə hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Günel Abbasovanın icraatında baxılır. İddiaçı tərəfindən təmirin dəyərinə mənzilə quraşdırılmış giriş qapıları və plastik qapı pəncərə də daxil edilmişdir. Vəkil sorğusuna əsasən mənzili tikib təhvil verən Kristall AA MTK xx.xx.2024-cü il tarixli cavab məktubunda mənzilin giriş qapısı və PVC tipli metoplastik pəncərələr və qapıların MTK tərəfindən müqaviləyə əsasən mənzil təhvil verilərkən quraşdırılmasını bildirmişdir. İstənilən yeni tikili qapısız və ya pəncərəsiz alıcıya təqdim edilə bilməz. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili qapının Çin istehsalı olması səbəbindən dəyişilməsini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Eyni zamanda Kristall AA MTK tərəfindən həmin tarixli digər məktuba əsasən zibil tullantılarının daşınması üçün 1500 manat Cavabdeh2 tərəfindən ödənilməsi qeyd edilmişdir. Hər iki məktub məhkəməyə təqdim edilmişdir. MTK zibil tullantılarının daşınması işini öz üzərinə götürmüş və buna dair Cavabdeh2 1500 manat haqq almışdır. Cavabdeh Günel xanım özü qiymətləndiriciyə müraciət edir və o dərəcədə iddiaçıya pul ödəmək istəyir ki, həmin rəydə göstərilən 60000 manatı ödəmək üçün pərdələnmiş iddianın tərəflərindən biri olur. Məhkəmənin təşəbbüsünə əsasən, hər iki tərəf buna etiraz bildirsə də, iş üzrə əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinə həvalə edilmişdir. İş üzrə ekspert Elmar Səidovun rəyi iş materiallarına əlavə edilmişdir. Həmin ekspertiza çoxsaylı pozuntularla aparılmış, yol verilmiş nöqsanlar əlavə məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatətdə təfərrüatlı şəkildə qeyd edilmişdir Həmin rəy üzrə tədqiqatın metodikasının nədən ibarət olduğu, hansı ölçmə işlərinin aparılması məhkəmə və prosess iştirakçılarından gizli saxlanılmışdır. Mənzilin hansı hissəsinə taxta pol, hansı hissəsinə kafel, metlax, divar kağızlarının vurulması sahələrinin ölçüləri göstərilməmişdir. Həmin ölçü işləri heç ümumiyyətlə aparılmamışdır. Ekspert rəyinə diqqət yetirilsə, hər hansı ədəbiyyata rast gəlinmir. Əmtəəşünaslıq espertizasında müqayisədən geniş şəkildə istifadə edilir, lakin sözügedən rəydə qiymətlər haradan götürülüb, hansı ədəbiyyatdan istifadə edilib, hansı tədqiqat metodikalarından istifadə edilib, bəlli deyil. Həmçinin, təmir uzun müddət əvvəl aparılsa da, amortizasiya xərcləri nəzərə alınmamış və əl haqqılar hazırki dövrə əsasən hesablanmışdır. Bu səbəbdən qərar qəbul edilərkən ekspert rəyi ümumiyyətlə nəzərə alınmamalıdır. İddiaçı əsas şahidi, prorab X15 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında qeyd edir ki, 6-7 ay həmin mənzildə təmir işləri aparılmış və ona 25000 manat xidmət haqqı ödənilmiş, həmin məbləğin 5000 onun tərəfindən iddiaçıya qaytarılmışdır. Mənzilin təmirinə təqribən 20000 manat vəsait xərclənilmişdir. Beləliklə sadə riyazı hesablama göstərir ki, mənzilin bütün təmirinə ən çoxu 40000 manat pul xərclənib, və bunu məhz iddiaçının öz şahidi qeyd edir. Bəs belə olan təqdirdə ekspert 70466 manatlıq hesabatı haradan əldə etmişdir? 1-ci bənddə döşəmənin sement məhlulu ilə hamarlanması 176 kisə qeyd olunmuşdur. Belə başa düşmək olar ki, ekspert bunun mənzilin hər kvadrat metrinə görə qeyd etmişdir, lakin nəzərə alınmalıdır ki, mənzil çıxarışa uyğun olaraq 150,7 kvadrat metrdir, belə çıxır ki, təmir olunanda sütun divarların altına belə sement vurulmuşdur, lakin bu absurddur. 3-cü bənddə 11 kub atsepin istifadə edilməsi qeyd edilmişdir, atsep döşəmədə istifadə olunur. Həmin mənzilə 11 kub atsepin istifadə edilməsi gülüş hissi yaradır. 11 kub atsep 1 kamazın həcmindən artıqdır. Alçipan yaşıl 18-ci bənddə öz əksini tapmışdır. Digər bəndlərdə olduğu kimi, ekspertin rəyində bütün rəqəmlər güclü dərəcədə şişirdilmişdir. 18-ci bənddə qeyd olunan alçipanların 1 ədədi 3 kvadratmetr olur. 7-ci bənddə alçipan 138 kvadrat metri əhatə edir. 138 kvadrat metr hər bir alçipanın ölçüsünə, yəni 3 kvadrat metrə böldükdə cəmi 46 ədəd alçipan edir. Ekspertin öz rəyində 59 əlavə alçipanı nə üçün qeyd etdiyi qaranlıq qalmışdır. 36-cı bənddə divar kağızlarının dəyəri ilə bağlı bildirilməlidir ki, 2018-2019-cu illərdə 10.70 kvadrat metrlik divar kağızlarının 1 rulonu üçün qiymət - aşağısı 10 yuxarısı 30 manat təşkil edirdi. Xatirə xanımın təqdim etdiyi qaimədə belə bəzi divar kağızlarının qiyməti 15, bəzilərinin isə 30 manat olması qeyd olunmuşdur. Ekspert rəyində isə bu məbləğ tamamilə şişirdilmişdir. Mənzilin texniki pasportuna baxılsa, hamam və sanitar qovşağının cəmi ölçüsü 8 kvadrat metrdən azdır və məlum məsələdir ki, metlax yalnız hamam və sanitar qovşağına və qapının girəcəyinə vurulur. Qapının girəcəyinə də cəmi 3,3 kvadrat metr metlax vurulub. Maraqlıdır ki, 42 kvadrat metr metlax mənzilin başqa harasında istifadə edilib. Göründüyü kimi, ekspert əsassız olaraq hesablama aparmışdır. Ekspertin rəy verərkən heç bir ölçü işlərini aparmaması, heç bir sahənin ölçülərinin, enini və uzununu qeyd etməməsi, heç bir müqayisəli tədqiqat aparmaması, heç bir tikintiyə aid edilən elmi mənbəyə istinad etməməsi həmin rəyi nəinki məhkəmə, tikinti işindən başı çıxan bir mütəxəssis tərəfindən belə yoxlanmasını mümkünsüz edir. Bu səbəbdən iş üzrə yekun qərar verilərkən həmin ekspert rəyi onun qüsurlu olduğu, çoxsaylı pozuntu ilə aparıldığı, daxilində müqayisəli tədqiqata dair bir kəlmə belə olmadığı və heç bir ədəbiyyata istinad edilmədiyi üçün, eyni zamanda həmin rəyin doğruluğunu yoxlanılması üçün əlavə və ya təkrar ekspertizanın keçirilmədiyi üçün nəzərə alınmamalıdır. Hazırkı iş üzrə artıq uzun müddətidir ki, məhkəmə prosesi gedir. Lakin bu müddət ərzində iddiaçı tərəfindən mənzilin onun tərəfindən təmir olunmasına dair hər hansı bir mötəbər sübut - təmirə dair müqavilə, təmirin smetası, ustalara pul vəsaitinin verilməsinə dair yazılı sənədlər və s. təqdim edilməmişdir. İddiaçı tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Bu səbəbdən ilk növbədə iddiaçı iddia müddətinin ötürdüyünə görə və eyni zamanda iddia ərizəsində göstərdiyi halları sübuta yetirmədiyinə görə Cavabdeh2 münasibətdə, həmçinin də digər cavabdehə münasibətdə iddia tələbi rədd edilməlidir. İddiaçı özü bir az əvvəl “bizim ev” ifadəsini işlədib, sonradan düzəliş edərək “Günelin evi” dedi. Görünür ki, iddiaçı və digər cavabdeh birləşib oyun qurublar. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin ötürülməsinə dair arqumentinə mübasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-104/2023 saylı hökmündə aşağıdakılar göstərmilşdir: “ ... Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs Cavabdeh2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır və onlar 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.Birgə nikahdan onların 4 azyaşlı övladları var.Lakin sonradan ailədaxili söhbətlər səbəbindən 2014-cü ildə rəsmi olaraq boşanmışlar. 2016-cı ildə onlar Günellə yenidən barışmış və məlum hadisədən 3-4 ay əvvələ qədər birlikdə normal olaraq yaşamışlar.Barışandan sonra həm Biləcəri qəsəbəsində qeydiyyatda olduğu ünvanda, həm də ki, Zərdab rayonu, Dəliquşçu kəndində Günellə ailəvi olaraq yaşamışlar. 2022-ci ilin təxminən mart-aprel aylarında başqa bir qadınla telefon danışığını Günel tutduğundan aralarında yenidən problem yaranmış və onlar ayrılmışlar”. Göründüyü kimi, Cavabdeh2 özünün də qəbul etdiyi kimi, Cavabdeh1 ilə nikahları 2014-cü ildə pozulsa da, onlar 2016-cı ildə barışmış və 2022-ci ilin mart-aprel ayınadək bir ailə kimi yaşamışlar. Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə - tərəflər arasında münasibətlər tam pozulduqdan və təmir edilmiş mənzilin hərraca çıxarılıb satılmaq məsələsi ortaya çıxdıqdan sonra verilmişdir. İddiaçının qızı və kürəkəninin nəvələri ilə birlikdə təmir edilmiş mənzildə təmirin məqsədlərinə uyğun olaraq bir ailə olaraq yaşadıqları halda, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas olmamış, həmin əsas məhz 2022-ci ilin mart-aprel aylarından sonra yaranmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə oğluna və özünə məxsus olan evin satılmasına görə 15000 manat beh almış, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin ev 35000 manata satılmış və mübahisəli mənzildə də təmirin məhz həmin vaxt başlanması işin mübahisələndirilməyən hallarındandır. İş materiallarında olan qəbzlər və arayışlardan aşağıdakılar görünür: - "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mənzil 2012-ci ildən 2018-ci ilədək təmirsiz olmuş, 2019-cu il tarixdə mənzilin təmir işləri başlanılmışdır. Göstərilən arayış Cavabdeh2 şahid qismində dəvət etdiyi X1 ifadəsini şübhə altına qoyur. Belə ki, o, ifadəsində məhkəməyə bildirmişdir ki, 2012-2013-cü illərdə avtovağzalın yaxınlığında, 3-cü mərtəbədə yerləşən evin elektrik işlərini görmüş, kombi sistemini, su, qaz, istilik sistemi və kanalizasiya sistemi turbalarını çəkmişdir. - xx.xx.2019-cu il tarixdə verilmiş zəmanət talonu və qaimədən görünür ki, həmin tarixdə Cavabdeh2 kombi, kombinin quraşdırılması üçün zəruri olan avadanlıqlar və s. almış və həmin malların Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, Korpus B, mənzil 8 ünvanı üzrə alınması göstərilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışdan görünür ki, ünvan 7 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə Cavabdeh2 mülkiyyətindədir. - "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mənzin təhvil verilərkən MTK tərəfindən mənzilin girişinə qapı qoyulmuş və mənzilə PVC tipli metoplastik pəncərələr və qapılar quraşdırılmışdır. - X28 “VİP Class” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qaimədən görünür ki, mübahisəli mənzil təmir edilərkən divar kağızları və yapışdırıcının alınması üçün cəmi 1079 manat pul xərclənmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9330 saylı ekspert rəyini iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə müqayisəli şəkildə dəyərləndirilməsini zəruri hesab edir. Məsələn, rəydə ustaların gördüyü işlərin dəyəri göstərilsə də, məhkəmə həmin məbləğləri qəbul etmir. Belə ki, şahidlərin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi “prorab” X15 iddiaçıya mənzilin təmirini tam olaraq (*sanitar qovşağının təmiri çıxmaqla. Belə ki, ilkin olaraq “əl haqqı” 25000 manat danışılıb, sonradan 5000 həmin bəyənilməyən işə görə qaytarılıb, sanitar qovşağının təmirini başqa usta - X5 təzədən edib) 20000 manata təhvil verdiyini; X6 evin kanalizasiya sistemini tam sökübyığmağa görə 2000 manat aldığını; elektrik işinə də X30 1000 manat məbləğində pul aldığını məhkəmədə bildirmişlər. Məhkəmə həmçinin rəydə qeyd olunan divar kağızlarına, kombi və radiatorlara (*belə ki, həmin əşyaların alınması və quraşdırılmasına dair Cavabdeh2 təqdim etdiyi sübutların mötəbərliyini tanıyır), plastik pəncərələr və qapıların vurulmasına dair bəndləri, eyni zamanda mücərrəd “gözlə görünməyən əlavə və nəqliyyat xərcləri” bəndini qəbul etmir. Mənzilin giriş qapısına münasibətdə isə məhkəmə Cavabdeh2 dəlillərini qəbul etmir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən qapının MTK tərəfindən 2012-ci ildə qoyulmuş qapı olmadığı aşkardır. Məhkəmə iddiaçının pulun cavabdehlərdən müştərək qaydada tutulmalı olmasına dair dəlilini də qəbul etmir. Belə ki, tərəflərin mənzilə olan payları bərabər olmadığı təqdirdə, mənzilin təmirinə çəkilmiş xərcin müştərək qaydada tutulması ədalətsiz olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 54386 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təmir edilmiş ünvan 7 ünvanında yerləşən mənzilə dair paylarına mütənasib şəkildə tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 54386 (əlli dörd min üç yüz səksən altı) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təmir edilmiş ünvan 7 ünvanında yerləşən mənzilə dair paylarına mütənasib şəkildə tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 253,16 (iki yüz əlli üç manat on altı qəpik) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar