Məhkəmə qərarları › İş №e-2(001)-2899/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2899/2025

12.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2899/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X28 katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin qismən ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin qismən ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixli, 91/K nömrəli əmrlə cavabdeh "xxxx" X1 sürücü olaraq işə götürülmüşdür. Ona **-JV-*** nömrəli “Kamaz” markalı, kanteyner kuzovlu yük maşını təhkim edilmişdir. Bundan sonra ona 2024-cü ilin aprel ayından “Pikap” markalı, **- JO-*** qeydiyyat nömrəli avtomobil təhkim edilmişdir. Cavabdeh tərəfindən 23 dekabr 2024-cü il tarixli 313/K nömrəli Əmrlə "xxxx" MMC-də işlərin azalması nəzərə alınaraq, müəssisədə operativ səmərəli idarəetmənin təşkil edilməsi müəssisənin ştat strukturunun və işçi sayının optimallaşdırılması ilə əlaqədar verdiyi Əmrdə ixtisar edilən şəxslərin adlı siyahısında 9-cu sırada onun ad və soyadı qeyd edilmişdir. Onun ixtsara düşməsi ilə bağlı hissədə əmri əsassız və qanunsuz hesab edir. Belə ki, MMC-də sürücü vəzifəsində işlədiyi 8 il müddətində bir dəfə də olsun sürücülük fəaliyyəti ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməmiş, heç bir xəta törətmə və ya ziyanvurma hallarına yol verməmişdir. Əksinə işlədiyi müddətdə yaxşı işçi olaraq dəfələrlə təltif edilmişdir. Bundan başqa o, Əfqanıstan Müharibəsi veteranı olmaqla işçilərin ixtisar edildiyi halda işdə saxlanılmalı şəxs olaraq üstünlük hüququna malikdir. Ancaq cavabdeh tərəfindən onun əmək hüquqları kobud şəkildə pozulmuş, əmək məcəlləsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsnn 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh "xxxx" X2 23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmrinin ona münasibətdə qismən ləğv edilməsi, məcburi buraxılmış müddət üçün əmək haqqının və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı tərəf “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ilə müraciət edərək, “23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmr və bu əmr əsasında cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 47/X nömrəli, 24 fevral 2025-ci il tarixli” “Əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin də ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdeh hüquqi şəxsə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin də ötürüldüyü bildirərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin direktoru X19 tərəfindən imzalanmış 313/K nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, xx.xx.2025-ci il tarixdən "xxxx" MMC-nin yeni ştat cədvəlinin təsdiqlənməsi, siyahıda adları qeyd olunan (işçilərin – İddiaçı) ştat cədvəlindən ixtisar edilməsi və qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisar olunan işçilərə hüquqları barədə məlumat verilməsi, müəssisə işçilərinin nəzərdə tutulmuş işçilərin sayının və ştatların ixtisar edilməsi barədə məlumatlandırılmaları əmr edilmişdir. İş materiallarında olan mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00201 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 24/17 saylı əmək müqaviləsindən görünür ki, tərəflər əmək müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən işçi razılaşır ki, onun əsas iş yeri Bakı şəhəri, Atatürk prospekti 33 Azərbaycan Respublikası ünvanında və ya vaxtaşırı olaraq İşəgötürən tərəfindən təyin olunduğu yerlərdə yerləşəcəkdir. Əmək müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, bu Müqavilə 16 oktyabr 2017-ci il tarixdə qüvvəyə minir və aşağıda verilmiş 2.2-ci bənddə təsvir edilmiş sınaq müddətini müvəffəqiyyətlə başa vurulmasına yaxud bu Müqavilənin qüvvəsinə onun özünün yaxud Məcəllənin müddəalarına müvafiq olaraq xitam verilməsi hallarına müvafiq olaraq qeyri-müəyyən (xx.xx.2017-xx.xx.2017) bağlanır. Müqavilədə göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin Müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış S/A-001 nömrəli xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Sifarişçi” Daşkəsən rayonunun inzibati ərazisində "xxxx" QSC-yə məxsus olan yatağında sülhməramlı partlayış işlərinin aparılmasını sifariş edir və görüləcək işlərin dəyərinin ödənilməsinə zəmanət verir. “İcraçı” partayış işlərini texniki iş layihəsi (partlayış işlərinin pasportu) əsasında smeta sənədlərinə uyğun yerinə yetirməyi, müqavilədə nəzərdə tutulan təminatını, görülmüş işlərin “Sifarişçi” təşkilatın nümayəndəsinin iştirakı ilə təhvil verilməsi öhdəliklərini öz üzərinə götürmüşdür. Görüləcək işlərin həcmi “Sifarişçinin” tələbinə uyğun olaraq aparılacaqdır. Həmin müqavilənin 3.1-ci bəndində Müqavilə üzrə işlərin yerinə yetirilmə müddəti xx.xx.2017-ci il tarixinədək qeyd edilmişdir. Daha sonra həmin müqaviləyə əlavələr edilərək, sonuncu 9 nömrəli əlavədə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli S/A-001 nömrəli Müqavilənin 3.1-ci bəndində göstərilən xx.xx.2017-ci il tarixi xx.xx.2025-ci il tarixi ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli S/A-001 nömrəli Müqaviləyə imzalanmış xx.xx.2018ci il tarixli 4 nömrəli Əlavənin 8.1-ci bəndinə əsasən Sifarişçi 45 gün qabaqcadan Podratçıya yazılı bildiriş verməklə Müqaviləyə xitam verə bilər. Qeyd edilənləri nəzərə alaraq, bildirilmişdir ki, Cəmiyyət əməkdaşlığı davam etdirmək niyyətində olmadığından Müqaviləyə xx.xx.2025-ci il tarixdən etibarən xitam veriləcəkdir. Həmçinin qeyd edilmişdir ki, daha əvvəl Cəmiyyətin şirkət qarşısında olan borc öhdəliyinin 2025-ci ilin İ rübünün sonuna kimi ödəniləcəyi bildirilsə də, yaranmış maliyyə çətinliyi səbəbindən borc öhdəliyinin icrasına 2025-ci ilin yanvar ayından etibarən başlanılacaq və ödənişlər hissəvi olaraq həyata keçirilməklə 2025-ci ilin İİ rübünün sonuna kimi tamamlanacaqdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli ştatların ixtisar edilməsi barədə xəbərdarlıq bildirişindən görünür ki, müəssisənin işçi sayının ixtisarı ilə əlaqədar onun işlədiyi vəzifə xx.xx.2025-ci il tarixdən etibarən ixtisar olunacaqdır. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində 1 iş günü əmək haqqı saxlanılmaqla iş axtarılması məqsədi ilə ona şərait yaradılacaqdır. Həmçinin ona əmək stajına uyğun olaraq, altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən müvafiq razılıq əsasında orta aylıq əmək haqqının 1.7 mislini bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilməsi təklif edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC ünvanlanmış ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-yə məktub ünvanlamış və həmin məktubda “xx.xx.2025-ci tarixli, 09/25 saylı məkubla əlaqədar bildirmişdir ki, məktubun məzmunundan görünür ki, rəhbəri olduğunuz müəssisədə işçi sayının ixtisarı ilə əlaqədar onun işlədiyi sürücü vəzifəsi xx.xx.2025-ci il tarixdən ixtisar olunacaqdır”. Bununla bağlı qeyd etmişdir ki, o, 1985-ci ildən sürücü işləyir. Əfqanistan müharibəsi veteranıdır. 6 medalı var. "xxxx" MMC-də isə 2017-ci ilin oktyabr ayından sürücü işləyir. Həmişə onun istifadəsinə Kamaz markalı yük avtomobili verilmişdir. Onun işdən azad edilməsi barədə tərəflərindən verilmiş əmrin ləğv edilməsilə bağlı 2024-cü ildə əldə edilmiş razılığa əsasən onun öz işinə bərpa edilməsi və məhkəmədə iddia tələbinin baxılmamış saxlanmasına razılıq əldə edilmişdir. Ancaq o, işə bərpa edilsə də, ona idarə etmək üçün KAMAZ markalı deyil, müvəqqəti olaraq Pikap markalı avtomobil verilmişdir. İndi isə məktubla bildirilir ki, o, işçilərinin sayının ixtisarı ilə əlaqədar işdən azad ediləcəkdir. O, KAMAZ markalı yük avtomaşının sürücüsü kimi qalaraq işləyə bilər. Odur ki, ərizənin nəzərə alınması xahiş edilmişdir. Həmçinin 23 dekabr 2024-cü il tarixli, 313/K nömrəli Əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 14 yanvar 2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, 23 dekabr 2024cü il tarixli, 313/K nömrəli “ştatların ixtisar olunması” haqqında əmrin surəti "xxxx" MMC-nin Daşkəsən rayonunun inzibati ərazisində yerləşən sahəsinə göndərilmiş, ixtisara düşən işçilərlə tanış etdirilmiş və müvafiq olaraq əmrin tanışlıq səhifəsi adı qeyd edilən işçilər tərəfindən imzalanmışdır. “Siz, əmri imzalamaqdan imtina etmisiz”. Əmrin surətini ona təqdim edən SƏTƏMM mütəxəssisi bunu imzası ilə təsdiq etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, ixtisara düşən ştatların siyahısında yük avtomobili sürücüsü (KAMAZ markalı yük avtomobili) ştatı da var. Bunu nəzərə alaraq bildirilmişdir ki, hal-hazırda şirkətin işlərinin azalması ilə əlaqədar olaraq yük avtomobili sürücüsünə (KAMAZ markalı yük avtomobili) ehtiyac olmadığı üçün, ərizədə qeyd etdiyi istəyini təmin edə bilmirlər. Gələcəkdə şirkətin işlərinin artması ilə əlaqədar olaraq, işçi ehtiyacı yaranarsa, onunla yenidən əmək müqaviləsi bağlanılması üçün tərəflərindən məlumat veriləcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X19 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 311/K saylı işçilərin növbəti məzuniyyətə buraxılması barədə əmrdən görünür ki, X14 – sürücüyə AR ƏM-nin 120-ci maddəsinə əsasən 2023-2024-cü iş ili hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 46 (əsas) + 3 (bayram) + 1 (hüzn) + 1 (seçki) = 51 təqvim gün 46 t/gün ödənişli məzuniyyət verilməsi, işə xx.xx.2025-ci il tarixdən başlanılması əmr edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X19 tətəfindən verilmiş xx.xx.2025-ci il tarixli 47/X saylı Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı – sürücü ilə bağlanılmış 24/17 nömrəli, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (ştatın ixtisar olunması) xx.xx.2025-ci il tarixdən xitam verilməsi, mühasibatlıq şöbəsi qeyd edilmiş işçi ilə onun son iş günü, xx.xx.2025-ci il tarixdə son haqq-hesab aparılması, AR ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının azı 1.7 misli miqdarında işdənçıxarma müavinəti və istifadə edilməmiş əmək məzuniyyəti günləri üçün 16 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtosar edildikdə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC ilə X6, X7, X4, X10, X15, X11, X8, X22, X16, X12, X17, X3 və X20 arasında bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtosar edildikdə) xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru A.M.Şükürov tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 91/K nömrəli yeni işçi ilə əmək müqaviləsi bağlanması barədə əmrdən görünür ki, İddiaçı – AR ƏM 7-ci və 46-cı maddələrinə əsaslanaraq xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti verilməklə, sürücü işinə təyin edilməsi və 1 il müddətinə əmək müqaviləsi bağlanması, əmək haqqı ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, MMC tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, ərizə ilə müraciət etmiş İddiaçı xx.xx.2017-ci il tarixdən indiyədək şirkətlərində sürücü peşəsində çalışır, Şirkətin işlərinin həcminin azalması ilə əlaqədar olaraq, tərəflərindən xx.xx.2024-cü il tarixdə 313 №li “Ştatların ixtisar edilməsi haqqında” əmr təsdiq edilmişdir. İxtisara düşən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdarlıq məktubları ünvanlanmışdır. Bildirilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə onlara ünvanladığı - tərəflərindən ona göndərilən “ixtisar xəbərdarlıq məktubu”na, etirazı haqqında ərizəsinə cavab olaraq Şirkət tərəfindən xx.xx.2025-ci il tarixində 22/5 nömrəli məktub ünvanlanmışdır və gələcəkdə şirkətin işlərinin artdığı təqdirdə işçi ehtiyacı yaranarsa İddiaçı ilə əmək müqaviləsi bağlanılması üçün özünə məlumat veriləcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, nümayəndə cavabdehə qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında “Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağında qazma-partlayış işlərinin aparılması” barədə 23 dekabr 2016-cı il tarixində S/A-001 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən hazırkı iş üzrə cavabdeh "xxxx" MMC icraçı qismində Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağda qazma-partlayış işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Qeyd edilən layihənin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC müxtəlif vəzifələrə (peşələrə) yeni işçilər işə qəbul etmişdir. Layihənin icrası Daşkəsən rayonunun inzibati ərazisində yerləşdiyindən daimi yaşayış yeri həmin ərazi olan şəxslərə üstünlük verilmişdir (iddiaçının yaşayış ünvanı: ünvan 3iaçı İddiaçı daimi yaşayış yeri Daşkəsən rayonu olduğundan sözügedən layihə ilə bağlı işə qəbul edilən işçilərdən biri olmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixli 24/17 nömrəli əmək müqaviləsi ilə İddiaçı xx.xx.2017-ci il tarixdə sürücü peşəsinə işə qəbul edilmişdir. Cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında “Daşkəsən rayonun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağında qazma-partlayış işlərinin aparılması” barədə 23 dekabr 2016-cı il tarixdə S/A-001 nömrəli müqavilə üzrə münasibətlər xx.xx.2025-ci il tarixədək davam etmiş və həmin tarixdə müqaviləyə xitam verilmişdir. Belə ki, sözügedən xidmət müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi barədə "Star Mining” Məhdud Məsuliyyətli Cəmiyyəti qabaqcadan cavabdeh "Azinterpartlayış-X” MMC-yə xx.xx.2024-cü il tarixli SMX-04/106-24 nömrəli bildiriş təqdim etmişdir. Cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında olan sözügedən xidmət müqaviləsinə xitam verildiyindən cavabdeh "xxxx" MMC-nin iş həcmləri azalmış, ümumiyyətlə şirkətin Daşkəsən rayonunun inzibati ərazisində fəaliyyəti bitmişdir. Bu səbəbdən də, cavabdeh "xxxx" MMC-də səmərəli idarəetmənin təşkil edilməsini təmin etmək üçün müəssisənin ştat strukturunun və işçi sayının optimallaşdırılmasına zərurət yaranmışdır. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli 313/K nömrəli əmri ilə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixindən yeni ştat cədvəli təsdiq edilmiş, 1 ştat vahidi mühəndis, 2 ştat vahidi QD operatoru, 5 ştat vahidi sürücü, 5 ştat vahidi fəhlə, 1 ştat vahidi anbardar vəzifələri (peşələri) ixtisar olunmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında olan sözügedən layihənin icrası ilə bağlı yaradılmış qeyd edilən ştatların hamısı ləğv edilmişdir. Daşkəsən rayonunun inzibati ərazisində sözügedən layihənin icrasına xitam verilməsi ilə bağlı sürücü peşəsində işləyən İddiaçı da ştatı ixtisar edilmişdir. İddiaçı cavabdeh müəssisədə iş stajı 8 ilə yaxın olduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 177-ci maddəsinin birinci hissəsinə əsasən rəsmi xəbərdar edilmişdir. Belə ki, ştatların ixtisarı barədə "xxxx" MMC-nin 08 yanvar 2025-ci il tarixli 09/25 nömrəli xəbərdarlıq bildirişi “Zaman Ekspress” poçt xidməti vasitəsilə İddiaçı ünvanına göndərilmişdir. Xəbərdarlıq müddəti gözlənilməklə, cavabdeh "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 47/X nömrəli əmri ilə İddiaçı ilə xx.xx.2017-ci il tarixli 24/17 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. AR ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verildiyinə görə İddiaçı orta əmək haqının 1.7 misli məbləğində (1683.00 manat) 2025-ci ilin fevral ayında işdənçıxarma müavinəti ödənilmişdir. Cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında olan sözügedən xidmət müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verildiyinə, bununla da cavabdeh "xxxx" MMC-nin Daşkəsən rayonunun inzibati ərazisində işləri bitdiyinə görə əmək funksiyalarını həmin ərazidə icra edən bütün işçilərin əmək müqavilələrinə xitam verildiyindən AR ƏM-nin 78-ci maddəsinin (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) tətbiqi istisna edilir. Bu baxımdan məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü ii tarixli 313/K nömrəli əmri ilə ştatlar (işçilər) ixtisar olunarkən və İddiaçı əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının iddia tələbinin qeyri-dəqiq və aydın olmadığını da məhkəmənin nəzərinə çatdırılmışdır. Hüquqi yardım göstərilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 arasında xx.xx.2025-ci il tarixdə 485 nömrəli müqavilə bağlanmış və cavabdeh tərəfindən 720 (yeddi yüz iyirmi) manat pul Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Bununla iddiaçının əsassız iddiası nəticəsində cavabdehə qeyd edilən məbləğdə maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin qismən ləğv edilməsi və məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia tələbinin təmin edilməməsi və 720 (bir min iki yüz manat) manat hüquqi yardım göstərilməsi xərcinin iddiaçı X5 tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 6 saylı vəkil bürosunun hesabına 720 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 47/X nömrəli, xx.xx.2025-ci il tarixli əmrin surəti əlavə edilmişdir. Həmin Əmr İddiaçı təqdim edilməmişdir. Əmrin verilməsinə əsas kimi həm də hazırda mübahisələndirilən 23 dekabr 2024-cü il tarixli 313/K saylı əmrin olması göstərilmişdr. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin həcminin artırılaraq “23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmr və bu əmr əsasında cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 47/X nömrəli, xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqda” əmrin də ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin qətnamə çıxarılan zaman Azərbaycan Əmək Məcəlləsinin tələblərinin pozulması hallarına cavabdeh tərəfindən yol verilməklə 12 saatlıq iş rejimi tətbiq edilərək pozuntuya yol verilməsini nəzərə alaraq xüsusi qərar çıxarılmaqla aidiyyəti üzrə araşdırılması üçün göndərilməsini xahiş etmişdir. Daha sonra ərizə ilə müraciət edərək, ərizədə yol verilmiş texniki səhvləri aradan qaldırmaqla, ərizədə qeyd edilən əsaslarla "xxxx" X2 “Ştat cədvəlinin strukturunun və işçi sayının optimallaşdırılması haqqında” 23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmrin İddiaçı münasibətdə qismən və “Əmək müqaviləsinə xitam verilməsi haqda” 24 fevral 2025-ci il tarixli, 43/X nömrəli əmrinin tam ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi buraxılmış müddət üçün əmək haqqının, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk növbədə məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı vəsatətə münasibət bildirməyi zəruri hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri təsbit edilmişdir.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı 23 dekabr 2024-cü il tarixli 313/K saylı əmrin ləğvi ilə bağlı mediasiya təşkilatına 18 fevral 2025-ci il tarixdə müraciət etmiş, “23 dekabr 2024-cü il tarixli 313/K saylı əmr və bu əmr əsasında cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 47/X nömrəli, 24 fevral 2025-ci il tarixli” “Əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin də ləğv edilməsi tələbi ilə məhkəməyə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə və 08 may 2025-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Beləliklə, məhkəmə işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları təsbit edilmişdir. Həmin maddəyə görə: 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə; Mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında 24/17 saylı xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən İddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında əmək müqaviləsinin bağlanmasına əsas isə "xxxx" MMC ilə "xxxx" MMC arasında “Daşkəsən rayonun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağında qazma-partlayış işlərinin aparılması” barədə 23 dekabr 2016-cı il tarixli S/A-001 nömrəli müqavilə olmuşdur. Həmin müqaviləyə əsasən hazırkı iş üzrə cavabdeh "xxxx" MMC icraçı qismində Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağda qazma-partlayış işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Qeyd edilən layihənin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC müxtəlif vəzifələrə (peşələrə) yeni işçilər işə qəbul etmişdir. Layihənin icrası Daşkəsən rayonunun inzibati ərazisində yerləşdiyindən daimi yaşayış yeri həmin ərazi olan şəxslərə üstünlük verilmişdir (iddiaçının yaşayış ünvanı: ünvan 3iaçı İddiaçı daimi yaşayış yeri Daşkəsən rayonu olduğundan sözügedən layihə ilə bağlı işə qəbul edilən işçilərdən biri olmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında “Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağında qazma-partlayış işlərinin aparılması” barədə 23 dekabr 2016-cı il tarixdə S/A-001 nömrəli müqavilə üzrə münasibətlər xx.xx.2025-ci il tarixədək davam etmiş və həmin tarixdə müqaviləyə xitam verilmişdir. Bu səbəbdən də, cavabdeh "xxxx" MMC-də səmərəli idarəetmənin təşkil edilməsini təmin etmək üçün müəssisənin ştat strukturunun və işçi sayının optimallaşdırılmasına zərurət yaranmış, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 313/K nömrəli əmri ilə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixindən yeni ştat cədvəli təsdiq edilmiş, 1 ştat vahidi mühəndis, 2 ştat vahidi QD operatoru, 5 ştat vahidi sürücü, 5 ştat vahidi fəhlə, 1 ştat vahidi anbardar vəzifələri (peşələri) ixtisar olunmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında olan sözügedən layihənin icrası ilə bağlı yaradılmış qeyd edilən ştatların hamısı ləğv edilmiş, o cümlədən Daşkəsən rayonunun inzibati ərazisində sözügedən layihənin icrasına xitam verilməsi ilə bağlı sürücü peşəsində işləyən İddiaçı da ştatı ixtisar edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 177-ci maddəsinin birinci hissəsinə əsasən cavabdeh rəsmi xəbərdar edilmiş, ştatların ixtisarı barədə "xxxx" MMC-nin 08 yanvar 2025-ci il tarixli 09/25 nömrəli xəbərdarlıq bildirişi “Zaman Ekspress” poçt xidməti vasitəsilə İddiaçı ünvanına göndərilmişdir. Xəbərdarlıq müddəti gözlənilməklə, cavabdeh "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli 47/X nömrəli əmri ilə İddiaçı ilə xx.xx.2017-ci il tarixli 24/17 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Həmçinin iddiaçıya cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta əmək haqının 1.7 misli məbləğində (1683.00 manat) 2025-ci ilin fevral ayında işdənçıxarma müavinəti ödənilmişdir. xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.2-ci maddəsinə istinad edərək (müharibə iştirakçısı olduğundan) "xxxx" X2 “Ştat cədvəlinin strukturunun və işçi sayının optimallaşdırılması haqqında” 23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmrinin ona, yəni İddiaçı münasibətdə qismən və “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 24 fevral 2025-ci il tarixli, 43/X nömrəli əmrinin tam ləğv edilməsi, onun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən sözügedən layihənin icrası ilə bağlı yaradılmış ştatların hamısı ləğv edildiyindən, hər hansı bir işçi ilə əmək münasibətləri saxlanılmadığından üstünlük hüququnun pozulması da istisna edilir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini, habelə mülki işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia müddəti üzrsüz səbəbdən iddiaçı tərəfindən ötürülməklə verilmiş “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələblərinə dair iddiası əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin qismən ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar