Məhkəmə qərarları › İş №e-2(001)-2922/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2922/2025

13.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2922/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoru cəlb edilməklə “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən mirasın qəbulu üçün buraxılmış müddətin üzrlü sayılaraq uzadılması; mərhum atası Balayev Hİdayət Ağabala oğlundan faktiki olaraq miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən miras əmlak qismində qəbul edilməsi faktının tanınması və həmin daşınmaz əmlaka onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri, 20 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi ulu babasından qalmış miras əmlakın əvvəlcə babası, sonra atası tərəfindən faktiki qəbul edildiyini bildirir və atasının xx.xx.2018-ci il tarixdə vəfatından sonra yeganə vərəsə olaraq miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyir. Lakin bununla bağlı notariat orqanına müraciət etsə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən mirasın qəbul müddətinin ötürülməsinə görə şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda isə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi vaxtının uzadılmasını, mirasın faktiki qəbul edilməsi faktının və vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin notariusa həvalə edilməsini xahiş edir. Halbuki, mirasın qəbulu müddətinin ötürülməsi ilə mirasın faktiki qəbul edilməsi məsələsi bir birini istisna edən hüquqi nəticələrdir. Belə ki, mirasın qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməməsi dedikdə onun həm formal(notariusa ərizə vermək), həm də qeyri-formal üsulla(faktiki qəbul) qəbul edilmədiyi başa düşülür. Bu halda vərəsə mirası həqiqətən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul etmədiyinə və həmin müddətin üzrlü səbəbə görə ötürüldüyünə əsaslanaraq, mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Digər halda əgər vərəsə mirası faktiki qəbul etdiyini iddia edirsə, o, ya mötəbər sübutları nəzərə almayan notariusun hərəkətlərindən məhkəməyə şikayət edə, ya da maraqlı şəxslərlə hüquq haqqında mübahisə yoxdursa MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Əgər hüquq haqqında mübahisə varsa arzuladığı hüquqi nəticəyə uyğun tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edilməlidir. Odur ki, hazırki halda qeyd edilən tələblərə xüsusi icraat qaydasında baxılması yolverilmədiyindən ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim ddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoru cəlb edilməklə “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu ödənişi edən Vəkil qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar