Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2962/2024 23.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X31 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbabəyov küçəsi, ev 41A (AZ 1054, ünvan 1 ünvanı onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeyd edilərək daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq olaraq çıxarış verilmişdir. Cavabdehlər onun keçmiş gəlinləridir. Lakin hazırda qeydiyyatdan və mülkiyyətində olan evdən çıxmalarını tələb etsə də, cavabdehlər mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxmaq istəmirlər. Bu azmış kimi, onun da evə daxil olmasına imkan və şərait yaratmırlar. Bu səbəbdən də, o, öz mülkiyyətində olan evdə yaşamasına imkan vermədiklərindən qızının evində yaşamağa məcburdur. O, hesab edir ki, onun xüsusi mülkiyyətinə aid olan daşınmaz əmlak, onun üzərində əmlak hüququ olmayan şəxslərin əlavə yüklülüyündən tələbi əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq azad edilməlidir. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi, ev 41A (Yeni qaydalarla: AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsi, 219) ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməklə, mülkiyyətində olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin əsassız olduğunu, həmin evin onların birgə vəsaiti hesabına tikildiyini, yalnız kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsi, ev 41 A (Yeni qaydalarla: AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsi, 219) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, o, İddiaçı tərəfindən onlara qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, onlar (cavabdehlər) iddiaçının oğlanları Elçin və İlkin Mahmudov qardaşları ilə 2009-cu ildə rəsmi nikaha girməklə ailə qurmuşlar, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsi, ev 41 A ünvanına gəlin gələrək qeydiyyata düşmüşlər. Həmin vaxt mübahisəli evin birinin 1-ci mərtəbəsi mövcud olmuşdur. Onlar nikahda olduqları müddətdə evin 2 və 3-cü mərtəbələri tikilmiş, daha sonra 2-ci ev bünövrədən başlayaraq 3 mərtəbə tikilmişdir. Həmin evlər onların birgə vəsaitləri hesabına tikilmişdir. Hazırki iddia tələbinə əlavə edilmiş çıxarış və texniki pasportlara baxarkən məlum olmuşdur ki, onların vəsaiti hesabına tikilmiş evlər iddiaçı tərəfindən özəlləşdirilmişdir. Bu zaman onlara, qeydiyyatda olmaqlarına və yaşamaqlarına baxmayaraq məlumat verilməmişdir. Onların mübahisəli evə qeydiyyatları mənzilin özəlləşdirilməsindən öncə olduğundan həmin evlərə faktiki birgə mülkiyyət hüquqları vardır. Həmin evlərin tikilməsində iştirak etmiş ustaların pulları da onlar tərəfindən verilmişdir. İddiaçı yeni mülkiyyət sənədi ilə onların öncədən qeydiyyatda olduqları evə dair istifadə hüquqlarını mübahisələndirməkdə haqlı olmamışdır. İşin obyektiv araşdırılması üçün o, hesab edir ki, məhkəmə tərəfindən mübahisəli evin özəlləşdirilməsi üçün əsas olmuş sənədlər reyestr xidmətindən tələb edilməlidir. Onlar iddiaçının oğlanlarına qarşı əmlak tələbinə dair iddia qaldırılması üçün ilkin olaraq mediasiya bildirişləri göndərmişlər və məhkəmədə hazırki mübahisəli evə dair tələbləri vardır. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı 02 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 cavabdeh X2 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, X18 ilə Həsənova (Mahmudova) Ülviyyə Atamali qızı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 1623 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X5 anaları X1 yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin X6 tutularaq, X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X12 cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası qismən təmin edilmiş, X19 ilə Mahmudova (Həsənova) Ülkər Atamalı qızı arasında xx.xx.2009-cu il tarixdə 842 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları Mahmudova (Həsənova) Ülkər Atamalı qızının yanında saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin iddiaçı X8 tutularaq, cavabdeh Mahmudova (Həsənova) Ülkər Atamalı qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfinən verilmiş 5-10-2/2-M-xx-xx/2024 nömrəli 13 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsi, ev 41A ünvanında X18, İddiaçı, X19, Cavabdeh2, Cavabdeh1 Atamalı qızı, X20, X9, X14, X21 və X15 qeydiyyatdadırlar. İş materiallarında olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsində yerləşən 41A saylı evdə digər şəxslərlə yanaşı, Cavabdeh2 Atamali qızı və Cavabdeh1 Atamalı qızı qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 22 iyul 2024-cü il tarixli 3-21-3-02/2- 9204/2024 nömrəli “müvafiq məlumatın təqdim edilməsi barədə” məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsi, ev 41A nömrəli fərdi yaşayış evinin kimin mülkiyyətində olması haqqında məlumatın, müsbət halda qeydiyyata alınmasına əsas olan sənədlərin surətlərinin təqdim edilmısi barədə məktuba aidiyyəti üzrə baxılmış, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsi, ev 41A nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli 4-Ə-2/441 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. «Mülkiyyət hüququ»nun anlayışı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsində yerləşən 41A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 25 may 2001-ci il tarixli 4-Ə-2/441 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırki iş üzrə iddiaçının övladlarının keçmiş arvadları olmaqla yanaşı, sözügedən fərdi yaşayış evinə 2009-cu ildən qeydiyyata alınmışlar. Bu fakt iş materiallarında olan sənədlər və cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə də bir daha təsdiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə X18 ilə Həsənova (Mahmudova) Ülviyyə Atamali qızı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 1623 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X5 anaları X1 yanında saxlanılması qət edilmişdir. Digər cavabdehə münasibətdə isə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə X19 ilə Mahmudova (Həsənova) Ülkər Atamali qızı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 842 nömrə ilə qeyd edilmiş nikahın pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları Mahmudova (Həsənova) Ülkər Atamalı qızının yanında saxlanılması qət edilmişdir. Halhazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsində yerləşən 41A saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, lakin faktiki sahibliyində və istifadəsində deyildir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən iddiaçı ilə bərabər istifadə etmək hüquqları yaranmamışdır. Bununla yanaşı mənzilin (fərdi yaşayış evinin) mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması, onların istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli fərdi yaşayış evi üzərində istifadə hüquqlarının yaranmadığına dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinə istifadə hüquqları yaranmadığından, iddia tələbi bu hissədə təmin edilməməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdehlərin və övladlarının müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olması tərəfə izah edilməlidir. Bununla yanaşı, digər tələbə münasibətdə, yəni cavabdehlərin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları” tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan evdə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla da iddiaçının mülkiyyət hüququnu pozduqları üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsində yerləşən 41A saylı evdən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X23 küçəsində yerləşən 41A saylı (Yeni qaydalarla: AZ 1054, ünvan 1 evdən çıxarılsınlar. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi təmin edilməsin. Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2962/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2962/2024
23.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver