Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2999/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4580/12 saylı kredit müqaviləsi üzrə Banka 666.51 (altı yüz altmış altı manat, 51 qəpik) manat məbləğində əsas borc, 268.26 (iki yüz altmış səkkiz manat, 26 qəpik) manat məbləğində faiz borcu, 957.65 (doqquz yüz əlli yeddi manat, 65 qəpik) manat məbləğində cərimə borcu, 291.96 (iki yüz doxsan bir manat, 96 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 2184.38 (iki min bir yüz səksən dörd manat, 38 qəpik) manat məbləğində pulun, 41.85 (qırx bir manat, 85 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/4580/12 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 930 (doqquz yüz otuz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 666.51 (altı yüz altmış altı manat, 51 qəpik) manat məbləğində əsas borc, 268.26 (iki yüz altmış səkkiz manat, 26 qəpik) manat məbləğində faiz borcu, 957.65 (doqquz yüz əlli yeddi manat, 65 qəpik) manat məbləğində cərimə borcu, 291.96 (iki yüz doxsan bir manat, 96 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 2184.38 (iki min bir yüz səksən dörd manat, 38 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bildiririk ki, Cavabdeh kredit borcu üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, QSC "Bank Standard" KB ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında müqavilə bağlanmış, bank tərəfindən cavabdehə 25 faiz olmaqla 24 ay müddətinə 930 manat məbləğində kredit verilmişdir. Cavabdeh məişət avadanlığı almaq üçün bankdan kredit götürmüşdür. Cavabdeh üzərinə düşən vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmədiyinə görə tərəfimizdən xx.xx.2018-ci ildə məhkəmədə əmr icraatı qayadasında iddia qaldırılmışdır. Lakin məhkəmə iddia ərizəsinin düzgün tərtib olunmadığına görə iddia ərizələrini geri qaytarmışdır. Daha sonra onlar yenidən məhkəməyə müraciət etmək istədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli fərman imzalandı. Bütün məhkəmədə işləri baxılmamış saxlanıldığından yenidən məhkəməyə müraciət etməmişlər. Cavabdeh kredit borcu üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabr ayının 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda bü günədək cavabdeh tərəfindən bankla fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli fərman çıxaran zaman bəzi vətəndaşlar elə başa düşdülər ki, borc tamamilə silinib, bundan sonra banka gəlmədilər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu ünvana dəfələrlə məhkəmə bildirişi göndərilmiş, adına olan telefon nömrələrinə smslər ünvanlanmış, lakin cavabdeh şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəmə iclaslarında təmsil olunmamışdır. Məhkəmə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbi baxımından onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. Hal-hazırda ləğv prosesində olan QSC "Bank Standard" KB ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında müqavilə bağlanmış, bank tərəfindən cavabdehə 25 faiz olmaqla 24 ay müddətinə 930 manat məbləğində kredit verilmişdir. Həmin kredit “Home credit” məişət texnikası mağazasından komputer dəsti almaq üçün bank tərəfindən alıcı Cavabdeh verilmişdir. Kredit məbləğini almasına baxmayaraq, borcalan müqavilə üzrə borcunu tam və vaxtında ödəməmişdir. Hansl ki, borcalan müqavilə üzrə aylıq 49.64 manat olmaqla, cəmi 1191.25 manat ödəməli idi. Lakin hesabdan çıxarış məlumatlarından müəyyən edilmişdir ki, borcalan tərəfindən sonuncu dəfə 2014-cü ilin yanvarında 102 manat ödəniş edilmişdir. Həmçinin hesabdan çıxarış məlumatlarından müəyyən edilmişdir ki, cavabdehin həmin banka başqa kredit müqaviləsi üzrə də borcu olmuş və məhkəmə qətnaməsinin icrası qaydasında xx.xx.2017-ci il tarixdə 408.6 manat ödəniş edilməklə tam icra edilmişdir. Bundan əlavə hazırki kredit müqaviləsi Prezidentin Problemli Kreditlərlə bağlı məlum Fərmanın təsir dairəsinə düşmüş və restrukturizasiya məbləği 666.51 manat müəyyən edilmişdir. Hansı ki, həmin məbləğ Bankın 27 fevral 2023-cü il tarixə olan maliyyə arayışına əsasən əsas borc məbləğini təşkil edir. Bank bununla yanaşı cavabdehdən əsas borcla yanaşı, faiz, cərimə və əldən çıxmış faydaya görə pul tələb edir. Qeyd edilən kredit müqaviləsi ilə bağlı bank məhkəmə əmri qaydasında məhkəməyə müraciət etdiyini, ərizənin icraata qəbul edilməsindən imtina edildiyini, daha sonra Fərmanla bağlı işlərin dayandırıldığına əsaslanaraq məhkəməyə müraciət etmədiklərini, müqavilənin Fərmanın təsir dairəsinə düşməyinə baxmayaraq, vətəndaşın onlara müraciət etmədiyini bildirir və nəticədə iddiasını müdafiə edərək tələbdə göstərilən məbləğdə pulun cavabdehdən tutulmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
7. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
9. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
10. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
11. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
12. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
13. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
15. Lakin məhkəmə hesab edir ki, iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilə bilər. Məhkəmə iddia tələbini digər hissədə ona görə əsassız hesab edir ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür amma bununla bağlı cavabdehə yeni müqavilə bağlanılması barədə təklif göndərilməmişdir. Göndərilmişsə belə iddia ərizəsinə əlavə edilməmiş və iddia ərizəsinin əsaslandırılmasında həmin halın mövcudluğuna münasibət bildirilməmişdir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
16. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
17. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
18. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
19. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. 6.16-cı bəndində isə qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
20. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
21. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il(illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir.
22. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz.
23. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin banka olan əsas kredit borcu məbləği iş materiallarında ola maliyyə arayışı ilə öz təsdiqini tapır. Məhkəmə cavabdehin bütün prosessual imkanlardan istifadə edilməklə məlumatlandırıldığına əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
28. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
29. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/4580/12 saylı kredit müqaviləsi üzrə 666.51 manat məbləğində pul vəsaiti və iddia qismən təmin edildiyinə görə 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2012-ci il tarixli, 1xx/xx/4580/12 saylı kredit müqaviləsi üzrə 666.51(altı yüz altmış altı manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev