Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-303/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sahə fərqinə görə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 32250 manat az verilmiş sahəyə görə ziyanın və 189 manat ödənilmiş dövlət rüsumunun, vəkilə ödənilmiş 300 manat hüquqi yardıma görə ödənişin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2 mərtəbəsində ümumi sahəsi 73,5 kv.m olan 2b nömrəli mənzili cavabdehə ödəniş edərək almışdır. 15 fevral 2024-cü ildə iddiaçıya cavabdeh tərəfindən aşağıdakı məzmunda Maliyyə Arayışı verilmişdir: Verilir İddiaçı ondan ötəri ki, o həqiqətən ünvan 1 ünvanında yerləşən, yaşayış binasının 2 mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv.m olan 2b nömrəli mənzilin dəyərini tam ödəyib. 10 yanvar 2024-cü il tarixində İddiaçı Cavabdeh üzvlərinin X2 Çıxarış təqdim edilərək göstərilmişdir ki, vətəndaş Həsənov X4 üzv qəbul olunmaqla, ünvan 1 ünvanında kooperativ 2 girişli yaşayış binasında, 1-ci giriş, 2-ci mərtəbədə, ümumi sahəsi 73,5 kv.m, yaşayış sahəsi 24,1 kvşm olan 1 otaqlı , 2b saylı mənzil mənzilin payçısı olması təsdiq edilmişdir və iddiaçının tam mülkiyyətinə verilmişdir. Həmin mənzilə 18 mart 2024-cü il tarixində iddiaçının adına ƏMDX DƏDK RPHŞ Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi: ********** olan Çıxarış əldə edilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 60.6 kv.m göstərilmişdir. Mənzilin Texniki Pasportunda mənzilin otaqlarının sahəsi: Holl-14 kv.m, Yaşayış otağı – 21,5 kv.m, mətbəx-16,7 kv.m, Sanitar qovşağı – 6.4 kv.m, Lociya - 2 kv.m göstərilmişdir. Bundan sonra məlum olmuşdur ki, iddiaçıya mənzil 12,9 kv.m sahə az təqdim edilmişdir. Beləliklə, 1 kv.m görə iddiaçının 2500 manatdan olmaqla cəmi 32250 manat iddiaçıya maddi ziyan vurulmuşdur. Əlavə olaraq qeyd etmek istərdim ki, Tərəflər arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə iddiaçı tərəfindən fiziki olaraq imzalanmamış və bu müqavilənin bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir. Cavabdeh tərəfindən yalnız maliyyə arayışı və Kooperativinin üzvlərinin X2 Çıxarış iddiaçıya təqdim edilmişdir. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı müqavilənin dəyərini, yəni 183750 manat MTK-ya ödəmişdir. 1 kv.m. üçün 2500 manat, ümumi 73.5 kv.m sahə üçün ödəniş etmiş və onun əsasında da maliyyə arayışı verilmişdir. Lakin həmin ödənişə dair qəbz verilməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışında məbləğ barədə məlumat olmasa da, borcun olmadığı qeyd olunmuşdur. Həmin arayış əsasında da çıxarış alınmışdır. MTK ilə alqı-satqı müqaviləsi olmamışdır, çünki hazır tikilmiş mənzil alınmışdır, maliyyə arayışı ilə birlikdə ümumi yığıncağın protokolu verilmiş, qeyd edilən sənədlərdə çıxarışın verilməsi üçün kifayət etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş müqavilədə və ərizədə olan ünvan, iddia tələbində olan ünvan fərqlidir. Belə ki, onlarda ünvan 2 mənzil 2B, yeni qaydalarla isə Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, M2, mənzil 41-dir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi müqavilədə də mənzilin dəyəri qeyd olunmamışdır. Mənzil təmirsiz olmuş, hal-hazırda iddiaçı onu təmir etdirmişdir. O, həmçinin qeyd etdi ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən mənzilin sahəsi 66 kv/metr müəyyən edilmişdir. Ona görə də hesab edir ki, iddiaçıya dəymiş ziyan ödənilməlidir. O, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsinə münasibətdə qeyd etdi ki, nümayəndəsi olduğu İddiaçıla Şahid arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Ona görə də o, şahidin dedikləri ilə razı deyil. Belə ki, şahid binanın neçə mərtəbədən, neçə blokdan, eləcə də hansı məbləğə satılmasını belə dəqiq xatırlamır. Bu da onu deməyə əsas verir ki, İddiaçıla şahid arasında heç bir müqavilə bağlanmamışdır. Xüsusi ilə qeyd edir ki, əgətr MTK-dan alınan mənzilin çıxarışı olmadığı təqdirdə, onun alqı-satqısı mümkün deyil. Yəni, həmin hallar baş verdikdə mənzil yalnız MTK vasitəsi ilə satıla bilər. Göstərdiklərini nəzərə alaraq hesab edir ki, İddiaçı mənzili Cavabdehndən almış və iddia tələbində göstərilən ziyan da MTK tərəfindən iddiaçıya ödənilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi müqavilədən görünür ki, sözügedən mənzilin sahibi Şahid olub, o, MTK-ya ərizə yazaraq həmin məhzilin hazırkı iddia üzrə iddiaçının adına keçirilməsinə etiraz etməmişdir. Təqdim olunmuş müqavilənin 1.3-cü bəndindən grünür ki, mənzilin sahəsinə arakəsmələr və divarlar daxildir. O, həmçinin qeyd etdi ki, iddiaçı tərəf MTK-ya heç bir məbləğdə ödəniş etməmiş, mənzilin alınması üçün tələb edilən məbləği Şahid ödəmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: Cavabdeh sədri X5 ilə Şahid arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki; 1.1-cü bəndinə əsasən “Kooperativ” payçıdan qəbul etdiyi üzvlük haqqının miqdarına uyğun olaraq, “Kooperativ” tərəfindən ünvan 3 ünvanında inşa edilən yeni binanın 2-ci mərtəbəsində, 2B saylı mənzil, ümumi sahəsi 73,5 kv.m ibarət olan mənzili payçıya (Şahid) bina inşa edilib istismata qəbul edildikdən sonra təhvil verməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin ümumi sahəsinə divarlar və arakəsmələr daxildir. Şahid xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, ona məxsus ünvan 3 ünvanında, 2-ci mərtəbədə, 2B sayıl mənzili İddiaçı adına keçirməyə etiraz etməmişdir. Cavabdeh təsisçilərinin ümumi iclasının 10 yanvar 2024-cü il tarixli 1 nömrəli protokolunun çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b saylı mənzilin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 4 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b nömrəli mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b saylı mənzil İddiaçı məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 60.60 kv/metr Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2B, (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, giriş 39, M2, m4 xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı müraciətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş cavab məktubundan görünür ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5, eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə əlavə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/6416 saylı rəyinə əsasən; 1-ci sual üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2b (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsinin 60.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə - Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2b (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadıqda, eləcə də, otaqların, yerləşgənlərin, (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq veri), habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi və mənzilin ara divarları da daxil olmaqla 66.0 kv.m təşkil etdiyi müəəyn edilmişdir. İşə əlavə edilmiş 08 yanvar 2025-ci il tarixli, 10/6416 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cavabdeh sədri X5 ilə Şahid arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən (1.1-ci bənd) “Kooperativ” payçıdan qəbul etdiyi üzvlük haqqının miqdarına uyğun olaraq, “Kooperativ” tərəfindən ünvan 3 ünvanında inşa edilən yeni binanın 2-ci mərtəbəsində, 2B saylı mənzil, ümumi sahəsi 73,5 kv.m ibarət olan mənzili payçıya (Şahid) bina inşa edilib istismata qəbul edildikdən sonra təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndi ilə müəyyən edilmişdir ki, müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin ümumi sahəsinə divarlar və arakəsmələr daxildir. Şahid xx.xx.2024-cü il tarixdə Cavabdehn ərizə ilə müraciət edərək ona məxsus ünvan 3 ünvanında, 2-ci mərtəbədə, 2B sayıl mənzili İddiaçı adına keçirilməsinə etiraz etməmiş, yəni qeyd ediən mənzilin İddiaçı adına keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu, neftçi Qurban Abbasov küçəsində Cavabdeh MTK-nın (X6 yaxınlığında) tikilməkdə olan binasında hansı blokda olması, eləcə də ödədiyi məbləğ yadında qalmasa da, ikinci mərtəbisində 73,5 kv/metr mənzil almışdır. Bir müddət sonra o, qeyd edilən mənzili Kərim adlı şəxsin vasitəsi ilə İddiaçı satmışdır. Belə ki, o, MTK tərəfindən ona verilən sənədləri MTK-nə təhvil vermiş, bundan əlavə həmin evin Saqif Hüseynova satılması ilə bağlı ərizə yazmış, lakin hazırda onun tərəfindən yazılmış ərizənin məğzi yadında deyil. O, həmçinin qeyd etdi ki, İddiaçıla onun arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamış, evin satılmasından da xeyli vaxtı keçdiyindən, səhv etmirsə evi 148000 manata satmışdır. O, verilmiş suala cavab olaraq bir daha qeyd etdi ki, mübahisəli mənzili İddiaçı MTK yox, o, satmışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 22 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2B, Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, giriş 39, M2, m4 ünvanında yerləşən mənzilin 2024-cü ilin fevral ayına və 2025-ci ilin yanvar ayına hesablanmış 1 kv/.m-nin (təmirsiz vəziyyətdə) orta bazar dəyəri: 2024-cü ilin fevral ayına 2500 manat; 2025-ci ilin yanvar ayına 2700 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmənin mövqeyi: İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2 mərtəbəsində ümumi sahəsi 73,5 kv.m olan 2b nömrəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş, lakin sonradan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alandan sonra ona məlum olmuşdur ki, mənzil 12,9 kv.m sahə az təqdim edilmişdir. Hazırda iddiaçı həmin sahəyə görə fəqrin dəyərini tələb edir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Qeyd olunmalıdır ki, mübahisəli mənzilin ölçüləri ilə bağlı tərəflər arasında hər hansı müqavilə mövcud olmasa da, işdə olan Cavabdeh təsisçilərinin ümumi yığıncağının iclasının 10 yanvar 2024-cü il tarixli 1 nömrəli protokolundan çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b saylı mənzilin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmış, xx.xx.2024-cü il tarixli maliyyə arayışında İddiaçı ünvan 4 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b nömrəli mənzilin dəyərinin tam ödənildiyini qeyd olunmuşdur. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid da ifadəsində göstərmişdir ki, onunla İddiaçı arasında hazırkı mənzillə bağlı heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən iddiaçıya 73,5 kv/metr ölçüdə mənzilin verildiyini öhdəsinə götürməsi və məhz həmin ölçüyə görədə iddiaçı tətəfindən pul ödənildiyi yuxarıda qeyd olunan ondan ümumi yığıncağın protokolu və maliyyə arayışı ilə təsdiq olunur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 60.60 kv/metr Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2B, (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, giriş 39, M2, m4 xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçıya satılmış mənzilin ölçüsünün obyektiv hesablanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2b (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadıqda, eləcə də, otaqların, yerləşgənlərin, (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq veri), habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi və mənzilin ara divarları da daxil olmaqla 66.0 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə də analoji işlərdə mənzilin ümumi sahəsi balkon, eyvan, lociya sahələrinə əmsal tətbiq edilmədən hesablanır. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yuxarıda istinad olunan Qaydalarında mənzilin ayrı-ayrı hissələrinin müvafiq əmsallara vurulması texniki sənədlərin tərtibi üçün əhəmiyyət kəsb edir, tərəflər arasında müqavilə üzrə öhdəliklərin icrası zamanı nəzərə alınmamalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Lakin məhkəmə iddiaçının dəlilləri ilə tam razılaşmayaraq qeyd edir ki, məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərini əsas götürürlər. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Göründüyü kimi qeyd edilən ekspert rəyi ilə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda olan ölçülər arasında (73,5-66=7,5) 7,5 kv/metr fərq yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən, yəni müqavilədə nəzərdə tutulmuş 73,5 kv.m ümumi sahədən çatışmayan 7,5 kv.m sahənin dəyəri hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin mənzilin dəyərinə münasibətdə qeyd edir ki, tərəflər buna dair heç bir sübut təqdim etməsələr də işdə olan "xxxx" MMC-nin 22 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, giriş 39, M2, m4 ünvanında yerləşən mənzilin 2024-cü ilin fevral ayına və 2025-ci ilin yanvar ayına hesablanmış 1 kv/.m-nin (təmirsiz vəziyyətdə) orta bazar dəyəri: 2024-cü ilin fevral ayına 2500 manat; 2025-ci ilin yanvar ayına 2700 manat təşkil edir. Belə olan İddiaçı mübahisəli mənzilin hər kvadrat metri üçün 2500 manat məbləğində olmaqla, ümumilikdə 183750 manat məbləğində pul ödəməsi ağlabatandır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya razılaşdırılmış 73,5 kv.metr əvəzinə, 66,0 kv.metr sahəsi olan mənzil təhvil verdiyindən, çatışmayan 7,5 kv.metr sahənin dəyəri olan (7,5 x 2500 =18750) 18750 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən mənzilin çatışmayan sahəsinə görə 18750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflər hesab olunur. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş “Pro Bono” Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi ilə bağlı EM-2163VK-1480/24 nömrəli müqavilədən görünür ki, hüquqi yarıdmın göstərilməsi ilə bağlı İddiaçı tərəfindən 300 manat məbləğində pul vəsaiti ödəmişdir. İşə əlavə edilmiş 08 yanvar 2025-ci il tarixli, 10/6416 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 189 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hüquqi xidmətin göstərilməsi ilə bağlı Pro Bono Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində pulun, 175 manat hissəsi, eləcə də, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 189 manat məbləğində pulun, 146,25 manat məbləğində olan hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza xərci 50 (əlli) manat məbləğində pul vəsaitinin 15 (on beş) manat hissəsi iddiaçıdan, 35 (otuz beş) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən mənzilin çatışmayan sahəsinə görə 18750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Hüquqi xidmətin göstərilməsi ilə bağlı EM-2163VK-1480/24 nömrəli müqavilə üzrə “Pro Bono” Vəkil Bürosunun hesabına 175 manat və dövlət rüsumu qismində 146,25 manat olmaqla, ümumilikdə 446,25 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 15 (on beş) manat hissəsi İddiaçı, 35 (otuz beş) manat hissəsi isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-303/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-303/2025
27.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver