Məhkəmə qərarları › İş №e-2(001)-3197/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3197/2025

30.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3197/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə Açar sözlər: (əmək müqaviləsi, ləğv, məcburi iş buraxma, əmək haqqı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCn xx.xx.2024-cü il tarixli 372-k nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, Cavabdeh MMC-nin 2025/xx/xx-0008 saylı 18 fevral 2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun (İddiaçı) Cavabdeh MMC-də tutduğu məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcısı vəzifəsinə bərpa edilməyinə, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının, 50 (əlli) manat mediasiya haqqının və 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 2025/xx/xx-0008 saylı 18 fevral 2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun “Baku Electronics" MMC-də tutduğu məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcısı vəzifəsinə bərpa edilməyinə, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının və digər ödənişlərin, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, 50 (əlli) manat mediasiya haqqının və 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, (İddiaçı) Cavabdeh MMC-də 22 sentyabr 2016-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır. Fəaliyyət müddətində işinə daim vicdanla yanaşmış və vəzifə səlahiyyətlərinin icrasında məsuliyyətli olmuşdur. 18 fevral 2025-ci il tarixdə Cavabdeh MMC-nin 2025/xx/xx-0008 saylı 18 fevral 2025-ci il tarixli əmrinə əsasən o, məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcı vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Onun tutduğu vəzifədən azad edilməyinə əsas olmamışdır. Ondan öz xahişi ilə işdən azad edilməyi tələb edilmiş, lakin razılaşmayaraq ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra 04 fevral 2025-ci il tarixdə iş yerinə gələn zaman mühafizə xidməti tərəfindən işə buraxılmamışdır. İşə buraxılmamağı ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə və 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. İşə buraxılmamağı ilə əlaqədar işəgötürənə elektron məktub da yazmış, lakin müsbət cavab ala bilməmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən bilərəkdən işə buraxılmamış və sonradan da barəsində yuxarıda göstərilən əmr verilmişdir.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və əlavə olaraq bildirmişdir ki, özü əmək məzuniyyətindən sonra işə qayıdan zaman mühafizə onu işə buraxmamış, baş idarəyə çağırılmışdır. xx.xx.2025-ci il tarixdə baş idarəyə getsə də, işdən öz ərizəsi ilə azad edilməsi tələb edilmiş, razı olmamışdır. Daha sonra yenidən işlədiyi ofisə qayıtsa da, işə buraxılmadığı üçün dərhal müfəttişliyə bu barədə online muraciət etmişdir. X2 Məmədova 19 ünvanında yerləşən yataqxanada yaşayır, poçt vasitəsi ilə daxil olan məktublar ünvanda olmadıqları halda komendanta təqdim edilir. Həmin müddətdə ona iki ədəd məktub göndərilmişdir, həmin məəktublar müfəttişliyə ünvanlanmış müraciətinə cavab olaraq göndərilən məktublardır. Özü ümumiyyətlə kuryer və ya poçt işçisi görməmişdir. İşəgötürən tərəfindən ona hər hansı məktub, xəbərdarlıq göndərilməmiş, onun tərəfindən məktubun qəbulundan imtina edilməmişdir. Yanvar ayının 27-si ona işə gəlməməsi və işdən çıxarıldığı bildirilmiş, razı olmamışdır. Sonra Əhməd müəllim onu anbara çağıraraq istifadə etmədiyi bayram günlərini götürməsini, qayıtdıqdan sonra həll ediləcəyini bildirmişdir. Daha sonra fevral ayının biri yenidən anbara getmiş, anbarda işçilər ona bura gəlməməsini və ofisə getməli olduğunu bildirmişlər. Yenidən həmin ayın 4-ü ofisə getməli olması tələb edildiyindən ofisə getmişdir. O, ofisə getsə də məsələ həllini tapmamış, yenidən anbara çağırılaraq işdən çıxması barədə ərizə yazılması tələb edilmişdir. Bundan sonra ərizə yazmaqdan imtina etdiyi üçün yenidən baş ofisə göndərilmiş, baş ofisdə daha işə gəlməməli olduğu bildirilmişdir. Bundan sonra aidiyyatı orqanlara şikayət ünvanlamışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, şəxs özü müfəttişliyə işə buraxılmaması ilə bağlı müraciət etdiyi halda onu Əmək Məcəlləsinin 70Ç bəndi ilə işdən azad edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia qanunsuz və əsassızdır. Belə ki, iddiaçının qeydiyyat və faktiki ünvanına işə gəlməməsinin səbəbləri ilə bağlı məktublar göndərilmiş, lakin heç qəbul edilməkdən imtina edilmişdir. Adətən göndərilən məktublar kuryer şirkətinə təhvil verilir, şirkətin əməkdaşı da aparıb ünvana çatdırır. İddiaçının 04 fevral və 05 fevral 2025-ci il tarixlərdə işdə olması barədə dəqiq məlumatı olmasa da, sonradan aşardırılma aparılmış və həmin tarixlərdə baş ofisdə olduğu müəyyən edilmişdir. Həmin tarixlərdə əsas iş yerində olmamasına səbəb ola bilsin ki, rəhbərliyin və ya kadrlar şöbəsinin qəbulunda olmuşdur. İşçilərin işə giriş-çıxış məlumatları xüsusi üztanıma programı vasitəsi ilə həyata keçirilir. İşçi xx.xx.2025-ci il tarixdən işə gəlməmişdir. İşçinin 04 və 05 fevral tarixlərində baş ofisdə olmasını işdə olmuş kimi qəbul edilmişdir. Baş ofislə iddiaçının işlədiyi yer fərqli ünvanlarda yerləşir. İşçinin baş ofisdə hansı müddətdə olması və hansı əsasla olması barədə məlumatı yoxdur. Həmin tarixlər üçün işçiyə əmək haqqı hesablanmışdır. Əgər işçini rəhbər şəxs baş ofisə dəvət edirsə işçi daha sonra sərbəst şəkildə gedə bilər və işə gəlməmək kimi qəbul edilmir. Onda olan məlumata əsasən 4-5 fevralda iddiaçı kadrlar şöbəsi tərəfindən baş ofisə çağrılmışdır. Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində bildirdi ki, şirkətin işi prinsipinə əsasən məktubu kimə çatmalıdırsa ona da verilməlidir. Hazırda mübahislə məktubla bağlı fevralın 13-14 tarixləri aralığında olmaqla Azadlıq metrosunun yanında göstərilən nömrə ilə əlaqə saxlamış, sənəd olduğu məluamt verilmiş, sənədin kimdən göndərildiyi soruşduqda “Baku Elektronics MMC-dən olduğunu bilən zaman evdə olmadığını və sənədi qəbul etmədiyini bildirmişdir. Bundan sonra aktlaşdıraraq geri qayıtmışdır. O, həmin ünvanda olmamışdır, mobil nömrə ilə əlaqə saxlamış, qəbul etmədiyindən geri qayıtmışdır. Həmin nömrəyə bir dəfə zəng vurmuşdur. O, məktubun qəbul edilməməsi ilə bağlı məlumatı rəhbərliyə vermiş, aktı rəhbərlik hazırlamışdır.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- 049527 saylı, xx.xx.2013-cü il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Logistika Departamentinin Mərkəzi anbar şöbəsinə anbar xidməti işçisi vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2024-cü il tarixdə Mərkəzi anbar şöbəsinin Texniki xidmət üzrə sazlayıcı vəzifəsinə keçirilib. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətdən görünür ki, şəxs hazırki işəgötürəni "xxxx" MMC tərəfindən öz təşəbbüsü ilə ərizə yazaraq işdən azad olunmağa məcbur edildiyini, ərizəni yazmadığı üçün 4 fevral tarixindən iş yerinə buraxılmadığını və əmək müqaviləsində qeyd edilən ƏM 75.2.D maddəsilə və ya ƏM 70.Ç maddəsilə xitam veriləcəyi ilə təhdid edildiyini bildirir. Araşdırılma aparılmasını və pozulmuş hüquqlarının bərpa olunmasına, əmək müqaviləsinə qanuni əsasla xitam verilməsinə köməklik göstərilməsini xahiş edir. - xx.xx.2025-ci il tarixli əmək müaviləsinə xitam verilməsi barədə 2025/xx/xx-0008 saylı əmrin surətindən görünür ki, İddiaçı “Məhsul qəbulu və anbarlama şöbəsi” bölməsində “Texniki xidmət üzrə sazlayıcı” vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək olan iş ili üçün istifadə edilməmiş məzuniyyətə görə 27,69 manat pul əvəzi ödənilməlidir. - Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər hansı bir üzürlü səbəbdən işə gəlməyəcəyiniz barədə qabaqcadan müəssisənin aidiyyəti şəxslərinə heç bir yazılı və ya şifahi məlumat vermədən, bütün iş günləri işə gəlməmişsiniz. Sizdən, bu məktubun sizin ünvana çatdığı tarixdən 3 (üç) iş günü müddətində işə gəlməməyinizin hər hansı bir üzürlü səbəbdən olduğunu təsdiq edə biləcək müvafiq sənədi müəssisənin aidiyyəti şəxslərinə təqdim etməyiniz tələb olunur. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyinə, həmçinin Cavabdeh MMC-nin kadrlar şöbəsinin elektron poçt ünvanına xx.xx.2025-ci il tarixdə saat 15:05-də göndərilmiş məlumatın məzmunundan görünür ki, mərkəzi anbar departamentinin işçisi İddiaçı xx.xx.2025-ci il tarixdən işə buraxılmadığını, nəticədə işə gələ bilmədiyi barədə şikayət etmişdir. - Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin sabiq əməkdaşı İddiaçı Fəxrəddin oğlu 04-xx.xx.2025-ci il tarixlərdə iş yerində olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mətkubdan görünür ki, Cavabdeh MMC-də İddiaçı Fəxrəddin oğlunun əmək hüquqlarının pozulması barədə müraciəti araşdırılır.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmiş işin mübahisələndirilməyən halları aşağıdakı kimi olmuşdur. İddiaçı Cavabdeh MMC-də 22 sentyabr 2016-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2016-cı il tarixdə Logistika Departamentinin Mərkəzi anbar şöbəsinə anbar xidməti işçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Mərkəzi anbar şöbəsinin Texniki xidmət üzrə sazlayıcı vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixli əmək müaviləsinə xitam verilməsi barədə 2025/xx/xx- 0008 saylı əmrə əsasən “Məhsul qəbulu və anbarlama şöbəsi” bölməsində “Texniki xidmət üzrə sazlayıcı” vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək hüquqlarının pozulmasını əsas gətirərək bildirir ki, öz arzusu ilə işdən çıxma barədə ərizə ilə müraciət etmə təklifindən imtina etdikdən sonra işəgötürənin tapşırığı əsasında iş yerinə buraxılmamış, daha sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh iddia tələbini ona görə əsassız hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilmişdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə. 3.8. İş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. İşçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. Bu baxımdan məhkəmə iddiaçının dəlilləri ilə razılaşarq qeyd edir ki, təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il Qərarı”nda qeyd olunmuşdur ki, “Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.”. Göründüyü kimi, işçi İddiaçı 4 və 5 fevral 2025-ci il tarixlərdə işdə olması barədə məhkəməyə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında tərəflərin iştirakı ilə cavabdehin nümayəndəsi izahatında işçinin həmin tarixlərdə əsas iş yerində deyil, baş ofisdə kadrlarla bağlı məsələ ilə əlaqədar olduğunu, anbarda olmadığını etiraf etməklə iddiaçının həqiqətən də işçi kimi haqqı ödənilməklə peşəsi üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri yerinə yetirdiyi yerdə olmadığını təsdiq etmiş, işçinin baş ofisdə kadrlarla bağlı hansi işləri yerinə yetirdiyini əsaslandıra bilməmişdir. Bu hal iddiaçının həqiqətən də işəgötürən tərəfindən öz ərizəsi ilə işdən azad edilməsinə dair təziqə məruz qaldığını, nəticədə işə buraxılmadığını təsdiq edir. Bundan başqa işçi tərəfindən kadrlar şöbəsinə işə buraxılmaması barədə xx.xx.2025-ci il tarixdə şikayəti ünvanlansa da, xx.xx.2025-ci il tarixdə işə çıxmamasının səbəbləri barədə məktub göndərilməsi və həmin məktubun məhkəməyə təqdim edilməmiş mobil nömrə vasitəsi ilə qəbulundan imtina edilməsi işin həqiqi hallarına uyğun gəlmir. Cavabdeh tərəfindən işçinin iş yerinə buraxılmaması ilə bağlı şikayətləri olduğu halda həmin hallara münasibət bildirilmədən, şikayətin məzmunu ilə eynilik təşkil edən əsasla əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Bundan başqa məhkəmə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu səbəbdən Cavabdeh MMC-nin İddiaçı işdən azad edilməsi ilə bağlı olan 2025/xx/xx-0008 saylı 18 fevral 2025-ci il tarixli əmri ləğv edilməli və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının və digər ödənişlər, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəniş edilməklə İddiaçı “Baku Electronics" MMC-də tutduğu məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcısı vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin İddiaçı işdən azad edilməsi ilə bağlı olan 2025/xx/xx-0008 saylı 18 fevral 2025-ci il tarixli əmri ləğv edilməli və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının və digər ödənişlər, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəniş edilməklə İddiaçı “Baku Electronics" MMC-də tutduğu məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcısı vəzifəsinə bərpa edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1 və 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki halda iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə, ödənilməli dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır.

V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx.xx.2025-ci il tarixli, 2025/xx/xx-0008 nömrəli əmri ləğv edilsin, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının və digər ödənişlər, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəniş edilməklə İddiaçı Cavabdeh MMC-də məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcı vəzifəsinə bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar