Məhkəmə qərarları › İş №e-2(001)-3210/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3210/2022

06.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3210/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı (cavabdeh) Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi; iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1982-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun kompressor sexinə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. İşə qəbul olunduqdan sonra zavodun Dərnəgül qəsəbəsində, 19-cu Dağlıq küçəsi, 39 ünvanda yerləşən 1 saylı yataqxanasının 226-cı otağında yaşamağa başlamışdır. Həmin otaqda İddiaçı və daha iki nəfər işçi yaşayırdı. Otaq 18 kv.m. sahədən ibarət idi. Bir müddət sonra otaq yoldaşları ailə quraraq otaqdan çıxıb getdilər, o isə həmin otaqda tək yaşamağa başladı. Bir gün komendant Qafar Süleymanov onun otağına gəldi və bildirdi ki, briqadir Mehman Süleymanov zavod rəhbərliyinə müraciət edərək ailəsi böyük olduğu üçün 18 kv.m. sahəsi olan otaqla təmin olunmasını xahiş etmiş və zavod rəhbərliyi onu böyük otaqla təmin etməyi tapşırmışdır. Qafar Süleymanov bildirdi ki, İddiaçı böyük otaqda tək yaşadığı üçün onun otağını Mehman Süleymanova verməyi, ona isə nisbətən kiçik otaq verməyi zavod rəhbərliyi və həmkarlar komitəsi ilə razılaşdırılaraq qərara almışlar. İddiaçı qərarla razılaşmalı oldu və otağı boşaldıb Mehman Süleymanova təhvil verdi. Bir müddət yataqxanada başqa otaqda yaşadı. Belə ki, komendant bir az gözləməyi və yaxın vaxtlarda ona otaq verəcəyinə söz vermişdir. Bir müddət sonra komendant Qafar Süleymanov onu çağırıb 341 saylı otağın orderini verdi və bildirdi ki, otağın açarını dəyişib ona verəcək. Lakin sonradan İddiaçı eşitdi ki, o, açarı dəyişdirərkən onu orada döyüblər, hətta başını da yarıblar. Belə ki, o zaman qaçqınlar yataqxanada boş otaqlarda zorla qapını sındırıb açarı dəyişdirirdilər. X12 Hacıyevə söz verdi ki, polislə və digər orqanlarla məsələni həll edib, onu otağa yerləşdirəcəklər. İddiaçı və zavod rəhbərliyinin bütün dövlət orqanlarına müraciətləri bir nəticə vermədi. Onlara bildirdilər ki, yataqxanada olan şəxslər qaçqın düşmüş qohumlarını yataqxanaya gətirib və boş olan otağın qapısını sındırıb orada məskunlaşıb, yaxın vaxtlarda onların torpaqları alınacaq və onlar geri qayıdacaqlar. Lakin bu yaxın vaxt 30 il çəkdi. 2021-ci ilin iyun ayında İddiaçı Bakı İnzibati Məhkəməsindən bildiriş gəldi və bildirişdə onun üçüncü şəxs qismində məhkəməyə cəlb edilməsi göstərilmişdir. Yataqxanada köçkün (qaçqın) kimi məskunlaşmış iddiaçı Cavabdeh2 məhkəməyə təqdim edtdiyi sənədlərlə tanış olduqda, ona məlum olmuşdur ki, zavod tərəfindən ona qərar və orderlə verilmiş ünvan 1 ünvandakı 341 saylı otağa köçkün (qaçqın) Cavabdeh2 adına da order verilmişdir. Həmin şəxs isə 341 saylı otağa qeydiyyata düşmüş və hal-hazırda İddiaçı qeydiyyatdan çıxarılmasını tələb edir. Qeyd olunmalıdır ki, o zaman zavod yataqxanasında yaşamaq üçün order mütləq şəkildə həmin müəssisədə işləyən işçilərə zavodun həmkarlar komitəsinin qərarı ilə verilirdi. İkincisi, əgər Cavabdeh2 1998-ci ildə əlində qərarı var idisə, bunu İddiaçı və zavod rəhbərliyinə bildirməliydi. Lakin uzun müddət həmin saxta order gizli saxlanılmışdır. Üçüncüsü, vətəndaş əlində orderi olduğu halda pasport qeydiyyatına 2019-cu ildə düşmüşdür. O, pasport qeydiyyatına düşərkən həmin ünvanda başqa şəxs qeydiyyatda olduğu halda, həmin şəxsin icazəsi ilə qeydiyyata alına biləcəyi vətəndaşa nə üçün bidilməmişdir? Dördüncüsü, qaçqın vətəndaşın Bakı şəhərində məskunlaşdığı yerə daimi pasport qeydiyyatına alınması yolverilməzdir. "xxxx" ASC-nin rəhbərliyi 2003-cü ilin iyul ayında həmin binanı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərülatı Birliyininə təhvil verərkən orada yaşayan və orderi olaraq yaşamaq hüququ olan, lakin qaçqın və məcburi köçkünlər tərəfindən zəbt olunmuş otaqların siyahısını və bununla bağlı digər sənədləri onlara təqdim etmişdir. Həmin sənəddə ünvan 1, otaq 341 İddiaçı adına qeyd edilmişdir. Cavabdehin adına verilmiş orderin saxta və əsassız olmasını aşağıdakı hallar sübut edir:

1. Cavabdeh2 adına verilmiş orderdə iş yeri kondisioner zavodunun kompressor sexi göstərilmişdir. Halbuki, Cavabdeh2 əmək kitabçasına əsasən o, kondisioner zavodunun kompressor sexində işləməmişdir. 2. Orderdəki möhür müəssisənin gerbli möhürü deyil, inzibati təsərrüfat şöbəsinin möhürüdür. Həmin şöbənin zavodun yataqxanalarına heç bir aidiyyəti olmayıb. O zaman yataqxana orderinə inzibati təsərrüfat şöbəsinin möhürünün vurulması qanunsuzdur. 3. Order kompyuterdə yazılıb, amma 1994-cü ildə zavodda kompyuter olmayıb. 4. Orderdəki imza 1994-cü ildə Yataqxananın “JEK” rəisi Qalar Süleymanovun imzası ilə güya onun xətti ilə yazılıb. Lakin orderdəki yazı xətti onun deyil, onun yazı xətti İddiaçı orderindəki kimidir. Halbuki verilən bütün orderləri Qafar Süleymanov özü yazırdı. İddiaçı orderin sürətini Qafar Süleymanova təqdim etmiş, lakin o, orderin onun tərəfindən verilmədiyini bildirmişdir. Belə ki, Qafar Süleymanov 1998-ci ildə JEK rəisi təyin olunub, iddiaçının orderində verilmə tarixi isə 1994-cü il qeyd edilib. Həmçinin Cavabdeh2 verilmiş orderdə “Hacıyev” imzası araşdırılarsa, o zaman müəyyən edilə bilər ki, o zaman Hacıyevin Order imzalamaq səlahiyyəti olmamışdır. 5. Orderdə ailə tərkibi göstərilib, lakin, o zaman Cavabdeh2 ailəsi olmayıb və ona görə order verilən tarixə onun ailə tərkibi yoxlanılmalıdır. 6. Yataqxana həmin dövrdə zavodun mülkiyyəti olub və zərurət yarandıqda müəssisənin əvvələr verilmiş orderi ləğv edib başqa işçiyə verimək səlahiyyəti olub. Cavabdeh2 zavod işçisi olmadığı üçün ona order verilə bilməzdi. 7. Order İddiaçı veriləndə həmin otaqda zavodun 24 saylı sexində işləyən Qənirə Həsənova adlı zavod işçisi yaşayırdı. Bunu JEK rəisi X5 rayon Prokurorluğuna yazdığı şikayət ərizəsi sübut edir. 8. Orderlərdəki protokol nömrələrinin eyni olması protokolun ümumi xarakter daşıması ilə əlaqədardır. Orderlərdə qeyd edilən protokol nömrələri o zaman müəssisənin yataqxanasında otaqlar boşaldılan təqdirdə həmin otaqlar zavodun başqa ehtiyacı olan işçisinə verilməsinin hüquqi əsası kimi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 o zaman zavod işçisi olmadığı üçün və o köçkün ailəsi olduğu üçün ona order verilməsi qeyriqanunidir. Eyni zamanda orderə müəssisənin gerbli möhürü deyil, yataqxanaya aidiyyəti olmayan inzibati şöbənin möhürü vurulub ki, bu da qeyri-qanunidir. Qeyd olunanlara əsasən İddiaçı məhkəmədən xahiş etmişdir ki, ünvan 1 ünvandakı 341 saylı otağa dair Cavabdeh2 adına "xxxx" ASC tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 687 saylı orderin etibarsız hesab olunması barədə qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3336/2022 saylı qərardadı ilə Cavabdeh2 İddiaçı, "xxxx" zavoduna və 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(001)-3336/2022 sıra nömrəsi ilə qeydiyyata alınmış mülki iş məhkəmənin icraatında olan 2(001)-3210/2022 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh2 ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən (keçmiş 19-cu Dağlıq küçəsi 39) Bakı X2 yataqxanasının 341 saylı otağı 687 saylı order ilə ona verilmişdir. Həmin otaqda o, ailə üzvləri ilə birlikdə yaşayır. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, İddiaçı ona məxsus otaqda pasport qeydiyyatdadır. Cavabdeh İddiaçı həmin otaqda heç vaxt yaşamayıb və onu həmin ünvanda heç kim tanımır. Cavabdeh2 İddiaçı 687 saylı order ilə ona məxsus olan otaqdan qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin qurumun ona ünvanladığı 05 fevral 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, vətəndaş İddiaçı qeydiyyatdan çıxarılması və ya istifadə hüquqlarına xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Bundan sonra Cavabdeh2 İddiaçı qeydiyyatdan çıxarılması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmə iclası zamanı İddiaçı həmin otağa dair order təqdim etdiyindən iddia ərizəsini geri götürmüşdür. Bakı X2 yataqxanasının 341 nömrəli otağının verilməsi haqqında 687 nömrəli order xx.xx.1994-cü il tarixdə Cavabdeh2 təhvil verilmişdir. İddiaçı isə X2 yataqxanasının 341 nömrəli otağının verilməsi haqqındakı 643 nömrəli order xx.xx.1998-ci il tarixdə təqdim edilmiş, lakin həmin orderin təhvil alınması barədə imza qrafasında da imza edilməmişdir. Həmçinin həmin orderdə qeyd olunmuşdur ki, vətəndaş altı ay müddətində orda yaşamadığı halda order öz qüvvəsini itirir. İddiaçı Cavabdeh2 məxsus otaqda pasport qeydiyyatda olsa da, o heç vaxt orada yaşamayıb və hal-hazırda da yaşamır. Qeyd olunanlara əsasən Cavabdeh2 məhkəmədən xahiş etmişdir ki, İddiaçı adına verimiş xx.xx.1992-ci il tarixli, 643 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, İddiaçı iddia tələbinin təmin, Cavabdeh2 isə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, Cavabdeh2 iddia tələbinin təmin, İddiaçı isə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X6 izahatında məhkəməyə bildirdi ki, yataqxana 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verildiyi vaxtdan onlar 341 saylı otaqda ancaq Cavabdeh2 görmüş, İddiaçı görməmişlər və onu orada heç kim tanımır. Yataqxana Birliyə təhvil verilənədək nəyin baş verib-verməməsi barədə hər hansı məlumatı yoxdur, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, hər iki iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan xx.xx.1994-cü il tarixli, 687 saylı BMKZ yataqxanasında yaşayış sahəsinin verilməsi haqqında Orderdən görünür ki, Cavabdeh2 19-cu Dağlıq küçəsi 39 ünvanda yerləşən yataqxanada 341 saylı otaq zavodda işlədiyi müddətdə “rəhbərlik və həmkarlar komitəsinin” xx.xx.1992-ci il tarixli, 75 saylı qərarı əsasında verilmiş və orderdə qeyd olunmuşdur ki, “altı ay müddətində yaşamadığı halda order öz qüvvəsini itirir”. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, 643 saylı BMKZ yataqxanasında yaşayış sahəsinin verilməsi haqqında Orderdən görünür ki, İddiaçı 19-cu Dağlıq küçəsi 39 ünvanda yerləşən yataqxanada 341 saylı otaq zavodda işlədiyi müddətdə “rəhbərlik və həmkarlar komitəsinin” xx.xx.1992-ci il tarixli, 75 saylı qərarı əsasında verilmiş və orderdə qeyd olunmuşdur ki, “altı ay müddətində yaşamadığı halda order öz qüvvəsini itirir”. İş materiallarında olan "xxxx" EİB-nin həmkarlar komitəsi rəyasət heyətinin 72 saylı iclasının protokolundan xx.xx.1998-ci il tarixli çıxarışının təsdiq olunmamış surətindən görünür ki, həmin iclasda İddiaçı ərizəsi müzakirə olunmuş, onun uzun müddət zavodda işləməsi, ailə qurması və sex müdiriyyətinin xahişi nəzərə alınaraq, o, ailəlilər yataqxanasında otaqla təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" EİB-nin həmkarlar komitəsinin rəyasət heyətinin 75 saylı iclasının protokolundan xx.xx.1992-ci il tarixli çıxarışının təsdiq olunmamış surətindən görünür ki, həmin iclasda zavodun 1, 2, 3, 4 saylı yataqxanalarında yaşayış yerlərinin bölüşdürülməsi, uçotunun və orderlərinin verilməsi üzrə MMK-nın səlahiyyətlərinin (funksiyalarının) verilməsi məsələsi müzakirə olunmuş və ... müəssisənin yataqxanalarından yaşayış sahəsinin verilməsi üçün müraciət etmiş İddiaçı Mənzil- İstismar kontoru tərəfindən 341 saylı otaq verilmişdir. İş materiallarında olan "xxxx" EİB-nin baş direktorunun müavini T.Ə.Qədəşov və MKT-nın rəisi Q.M.Süleymanov tərəfindən Bakı şəhəri Binəqədi rayon prokuroruna ünvanlanmış ərizədə aşağıdakılar göstərilmişdir: “ ... müəssisəmizin Dərnəgül qəsəbəsi, 19-cu Dağlıq küçəsi 39-da yerləşən yataqxanasındakı 340 və 341 saylı otaqlar 24 saylı sexin işçisi Həsənova Qənirəyə çoxuşaqlı ailə kimi verilmişdir. Lakin Q.Həsənova uzun müddət ona ayrılan otaqlarda yaşamaması ilə əlaqədar olaraq yataqxana əsasnaməsi və yataqxanalar haqqında müəssisə daxili 1995-ci il 07 iyun tarixli 229 saylı əmr əsasında Mənzil-təsərrüfat kontorunun təqdimatına əsasən 1998-ci ilin sonunda yaşayış orderi ləğv edilərək otaqların ondan alınıb, bu gün müəssisəyə lazım və ailə şəraiti ağır olan mütəxəssis işçilərimizə verilməsi qərarı qəbul edilmişdir. Otaqların müvəqqəti olaraq boş olmasından istifadə edən işçilərimizdən Quliyev Asif və Hüseynquliyev Bəşir 1999-cu ilin yanvarında həmin otaqlarda, heç bir icazə olmamasına baxmayaraq, özbaşına surətdə, MKT işçilərinin gecə vaxtı yataqxanada olmamasından istifadə edərək, Binəqədi rayonunda qeydiyyatı olmayan qaçqın (Ağdam və Zəngilan) qohumlarının ailəsini yerləşdirmişlər”. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, ünvan 7 ünvanında Cavabdeh2 və İddiaçı qeydiyyatdadırlar. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... X4 "xxxx" X9 baş direktorunun xx.xx.1997-ci il tarixli 115 saylı əmri ilə müəssisənin Mənzil Kommunal Sahəsinə rəis vəzifəsinə təyin olunmuşdur. ... "xxxx" ASC-nin balansında olan 1, 2 və 4 saylı yataqxanalar müəssisə tərəfindən verilmiş orderlər əsasında orada qeydiyyatda olanların siyahıları ilə birlikdə 2003-cü ilin iyul ayında Bakı şəhəri 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verilmişdir”. İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 156 saylı məhkəmənin sorğusuna cavabında aşağıdakılar göstərilmişdir: “ ... ünvan 8 ünvanında yerləşən yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 248 saylı Sərəncamına, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2003-cü il tarixli, 71 saylı Sərəncamına, eləcə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 60 saylı əmrinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansından xx.xx.2003- cü il tarixdə əvəzsiz olaraq, mövcud vəziyyətdə Birliyin balansına qəbul edilərək 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxil edilmişdir. Yataqxana binası xx.xx.2003-cü il tarixdə Birliyin balansına qəbul edilərkən İddiaçı "xxxx" X7 xx.xx.1992-ci il tarixli, 75 saylı qərarı ilə xx.xx.1998-ci il tarixdə və Cavabdeh2 "xxxx" X7 xx.xx.1992-ci il tarixli, 75 saylı qərarı ilə xx.xx.1994-cü il tarixdə ünvan 8 ünvanında yerləşən 341 saylı otağa aid Orderlər, eləcə də Orderlərin verilməsi üçün əsas olan sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən təhvil götürülmüş sənədlərin tərkibində olmamışdır. Səttar Bəhlulzadə (19-cu Dağlıq) küçəsi 39 ünvanında yerləşən 341 saylı otaqda hal-hazırda faktiki Cavabdeh2 yaşayır”. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 02/1884 saylı məhkəmənin sorğusuna cavabında aşağıdakılar göstərilmişdir: “ ... Sorğunuza cavab olaraq bildiririk ki, məktubda qeyd etdiyiniz vətəndaş Cavabdeh2 adına Komitənin elektron məlumat bazasında yerləşdirilmiş məcburi köçkünlərin adlı siyahısında rast gəlinmədi”. İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 49 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... ünvan 3 ünvanında yerləşən (keçmiş 19-cu Dağlıq küçəsi 39) Bakı Məişət Kondisionerləri Zavodunun yataqxanasının (bina hazırda mənzil fonduna daxildir) 341 saylı otağı Cavabdeh2 xx.xx.1992-ci ildə 687 saylı orderlə verilmişdir. ... göstərilən 341 saylı otaqda “Elektron Notariat” X1 verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı da 341 saylı pasport qeydiyyatındadır. İddiaçı göstərilən otaqda pasport qeydiyyatında olmasına baxmayaraq, həmin mənzildə yaşamayıb və hal-hazırda yaşamır”. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 3733/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxs: 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Cavabdeh2) qarşı orderin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamış və iddiaçıya hazırkı iddia tələbi ("xxxx" ASC-yə qarşı olan hissəsi) ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin dövlət mənzil fondunda olması nəzərə alınaraq və mübahisəli hüquq münasibətinin yarandığı zamana uyğun olaraq hazırkı mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddənin ikinci bəndi). İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzi qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddiaçılar orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Beləliklə, məhkəmə İddiaçı bir gün də olsun mübahisəli otaqda yaşamamasını; hər iki iddiaçı tərəfindən orderlər mübahisələndirilsə də, orderlərin verilməsinə əsas olmuş qərarın qanuniliyinin mübahisələndirilməməsini; Cavabdeh2 iddia ərizəsində mövcud olmayan orderi mübahisələndirməsini; hər iki orderin verilməsindən iyirmi ildən artıq müddətin keçməsini; Cavabdeh2 orderin İddiaçı dörd il əvvəl verilməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə hər iki iddia ərizəsi rədd edilməlidir. Eyni zamanda məhkəmə İddiaçı iddia ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizələri rədd edilsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar