Məhkəmə qərarları › İş №e-2(001)-3237/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3237/2024

04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3237/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi ahıllara qulluq etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ahıllara qulluq etməsi faktının müəyyən edilməsi barədə ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1982-ci ilin may ayından (X18 ilə rəsmi nikaha girdikdən sonra) 25 sentyabr 2005-ci il tarixədək qayınatası X13 vəfat edənədək ona qulluq etmişdir. xx.xx.2005-ci il tarixli, AZ-İ 037834 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X13 25 sentyabr 2005-ci il tarixdə vəfat etmişdir. X13 xx.xx.1927ci il tarixdə Laçın rayonu Səfiyan kəndində doğulmuşdur. Eyni qaydada Ərizəçi 1990-cı ilin may ayından 04 fevral 2006-cı il tarixədək qayınanası X11 vəfat edənədək ona qulluq etmişdir. xx.xx.2006-cı il tarixli, AZ-İ ******* nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 04 fevral 2006-cı il tarixdə vəfat etmişdir. xx.xx.1954-cü il tarixli, ИЖ 124925 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X11 1928-ci il tarixdə Laçın rayonu Səfiyan kəndində doğulmuşdur. Ərizəçi ahıl şəxs hesab edilən X10 və X5 qulluq etdiyi dövr sosial sığorta stajına əlavə edilməlidir. Lakin yuxarıda adları çəkilən şəxslər vəfat etdiyindən qulluqetmənin başqa qaydada təsdiq edilməsi mümkün deyildir. Maraqlı şəxs iddiaya etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə daxil edilir. İş materiallarından göründüyü kimi, mərhum S.Aslanov xx.xx.1997-ci il tarixdə, G.Aslanova isə 1998-ci il tarixdə 70 yaşa çatmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdia edən akt (10 nömrəli Əlavə); Qaydaların 3.9-ci bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddbti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxüd Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci İİ tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 -ci bəndinə görə “Ahıllara qulluqetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı: patronajın təyin edilməsi barədə qərara əsasən; qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən nəzərə alınır. Qulluq faktını təsdiq edən akt mövcud olmadan qulluqetmə faktının təsdiqlənməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəvvən edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən maraqlı şəxs ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, onun 22 il 8 ay iş stajı var. 5 il özəl müəssisədə işlədiyi müddət təsdiq olunmayıb və ahıllara xidmət etdiyi müddətin iş stajına əlavə olunması pensiyasının işlədiyi illərə mütənasib və ədalətli hesablanması üçün zəruridir. Qulluq etdiyi qayınanası və qayınatasının sağlığında hər hansı quruma bunun aktlaşdırılması üçün müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlə şəxs Maraqlı şəxs nümayəndəsi X14 etıraz ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ahılların sağlığında qulluqetmə barədə tərtib edilmiş akt mövcud olmadığı təqdirdə, hazırkı məsələnin yalnız məhkəmə qaydasında həlli mümkündür. Həmin aktın mövcud olmaması isə işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X13 1927-ci ildə doğulmuş və xx.xx.2005-ci il tarixdə ölmüş; X6 1928-ci ildə doğulmuş, xx.xx.2006-cı il tarixdə ölmüş; xx.xx.1982-ci ildə X3 Fazil Süleyman oğlu ilə rəsmi nikaha daxil olmuş; xx.xx.1960-cı il təvəllüdlü X12 atası X13, anası isə X7r. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Ərizəçi əmək fəaliyyəti xx.xx.1978-ci il tarixdə başlamış və xx.xx.2003-cü il tarixdə bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində məhkəməyə bildirdi ki, atası X13 1927-ci ildə doğulmuş, xx.xx.2005-ci il tarixdə ölmüş; anası X6 isə 1928-ci ildə doğulmuş, xx.xx.2006-cı il tarixdə ölmüşdür. Ərizəçi gəlinləridir və ailə qurduqdan valideynləri ölənədək onlara baxmış və qulluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi və onun ailə üzvləri ilə qonşudur. İllərdir onları tanıyır. X8 və X1 da gəl-getləri olmuş, ərizəçinin yaşlı qayınanasına və qayınatasına qulluq etməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində məhkəməyə bildirdi ki, atası X13 1927-ci ildə doğulmuş, xx.xx.2005-ci il tarixdə ölmüş; anası X6 isə 1928-ci ildə doğulmuş, xx.xx.2006-cı il tarixdə ölmüşdür. Ərizəçi gəlinləridir və ailə qurduqdan valideynləri ölənədək onlara baxmış və qulluq etmişdir. Məhkəmə maraqlı şəxsin "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinə istinadını əsaslı hesab etmir. Belə ki, həmin bənddə xəstəyə qulluq edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi təsbit edilib, hazırkı iş üzrə isə maraqlı şəxsin nümayəndəsinin özünün də məhkəmə iclasında ahıl şəxslər artıq öldüyü təqdirdə məhkəmədən kənar qaydada müəyyən edilməsinin mümkünsüzlüyü qəbul edilən və hüquqi nəticələr doğura biləcək ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi faktından söhbət gedir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X8 70 yaşı 1997-ci ildə, X2 isə 70 yaşı 1998-ci ildə tamam olmuş, Süleyman Aslanov xx.xx.2005-ci il tarixdə, Güldənə İsmayılova isə xx.xx.2006-cı il tarixdə ölmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə daxil edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 12 aprel 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. ... Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. ... Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi tərəfindən ahıl olan X10 1997-ci ildən xx.xx.2005-ci ilədək, X9 isə 1998-ci ildən xx.xx.2006-cı il tarixədək qulluq edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi tərəfindən ahıl olan X10 1997-ci ildən xx.xx.2005-ci il tarixədək, X9 isə 1998-ci ildən xx.xx.2006-cı il tarixədək qulluq edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar