Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3240/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, habelə vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 44/k saylı Əmrinin ləğv edilməsi, işə bərpa olunması, xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfin vəsatətinə əsasən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, qeyd edilən cəmiyyətdə cəmiyyət təsis edilən vaxtdan işləyir və cəmiyyəti faktiki olaraq X14 adlı şəxslə birlikdə yaratmış, cəmiyyət üzrə qəbul edilmiş ikinci əmr də məhz ona aiddir. İşlədiyi bütün dövr ərzində də öz səlahiyyətlərini layiqincə yerinə yetirmiş və işinə sadiq olmuşdur. Lakin sonradan ona məlum olmayan səbəblərdən cəmiyyətin rəhbərliyinin ona olan münasibəti dəyişmiş və ona qarşı qərəzli münasibət göstərilməyə başlanılmışdır. Bunun nəticəsi olaraq 07 fevral 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, 08 fevral 2022-ci il tarixdə iş yerinə gələn zaman ona cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə 07 fevral 2022-ci il tarixdə xitam verildiyi və son-haqq hesabın gün ərzində bank hesabına köçürüləcəyi bildirilməklə bu barədə əmrin surəti təqdim edilmişdir. Məhz əmri aldıqdan sonra ona məlum olmuşdur ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Belə bir əmrin qəbul edilməsinin səbəbləri ona izah edilməmiş, bu tədbirin cəmiyyətin rəhbərliyinin tapşırığı əsasında görüldüyü ona şifahi bildirilmişdir. Cəmiyyətdə Həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərməsinə və onun həmin təşkilatın üzvü olmasına baxmayaraq, bu qurumun da məsələ ilə bağlı razılığı alınmamışdır. Bununla belə, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ona bu barədə məlumat verilmədən, izahatı alınmadan, habelə digər rəsmiləşdirmə işləri aparılmadan barəsində əsassız bir əmr qəbul edilmişdir. Barəsində belə bir qanunsuz tədbirin görülməsi nəticəsində həmçinin, mənəvi sarsıntı keçirmiş, kəskin baş ağrıları yaranmışdır ki, bu da ona fiziki iztirab verir. Bu səbəbdən hesab edir ki, qeyd edilən əmr qanunsuz olması səbəbindən ləğv edilməli, o tutduğu vəzifəyə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməli və vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 30.000 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, töhmət verilməsi barədə 25 yanvar 2022-ci il tarixli əmr ona təqdim edilməmiş, həmin əmr barəsində ümumiyyətlə məlumatlı deyil. Müəyyən səbəblərdən bir neçə gün işə gəlməmiş, həmçinin bir neçə dəfə iş vaxtı bitməmiş işdən getmişdir. Bu həmçinin, onun səlahiyyətlərinə aid işlərin görülməsi məqsədi ilə cəmiyyətin işçisi olmayan Leyla Həsənbəyova adlı şəxsin cəlb edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, müəyyən işlərin yerinə yetirilməsində artıq ona ehtiyac yox idi. Cəmiyyətin fəaliyyəti ilə bağlı 2.700.000 manat məbləğində pulun nağdlaşdırılmasına dair maliyyə sənədləri isə həqiqətən də təqdim etməmişdir. Belə ki, cəmiyyətin rəhbərliyi sənədlərdən irəli gələn müəyyən məsələlərlə bağlı məsuliyyəti onun üzərinə qoymaq istəmiş, hətta ona məsuliyyəti öz üzərinə götürməsini də təklif etmişdir. Lakin o buna razılıq verməmişdir. Bu səbəbdən də həmin sənədlər ondan tələb edilməsinə, o cümlədən vergi orqanları tərəfindən istənilməsinə baxmayaraq, o, bu sənədləri verməkdən imtina etmişdir. X6 üzvü olaraq üzvlük haqqı tutulmuş və o, buna heç vaxt etiraz etməmişdir. Bu məqsədlər üçün ondan hər hansı dövrdə üzvlük haqqının tutulması halı olmuşdursa da, bu onun həmin təşkilatın üzv olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 07 fevral 2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə baxmayaraq, əmək qanunvericiliyinin tələblərinə zidd olaraq ona bu barədə hər hansı məlumat verilməmiş, əmrə səbəb olan hallarla bağlı yazılı izahatın verilməsi tələb edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bundan başqa, iddiaçı Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq, cəmiyyətdə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmamışdır. Cəmiyyətdə X2 fəaliyyət göstərməməsi, o cümlədən onun fəaliyyətinin dayandırılması barədə məlumatlar isə həqiqəti əks etdirmir. Hər bir halda, fəaliyyət göstərən bu təşkilatın sonradan fəaliyyət göstərməməsi və ya fəaliyyətinin dayandırılması üçün müəyyən prosedura riayət edilməsi, o cümlədən iclasın keçirilməsi və bu barədə müvafiq qərarın qəbul edilməsi tələb edilir ki, belə bir rəsmiləşdirmənin aparılmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Qanunsuz olmaqla yanaşı, iddiaçı barəsində belə bir əmrin qəbul edilməsi ümumiyyətlə əsassız və anlaşılmazdır. Belə ki, təsis edildiyi vaxtdan iddiaçı cəmiyyətdə müxtəlif rəhbər vəzifələrdə çalışmış, öz xidməti vəzifələrini daim tələb olunan səviyyədə yerinə yetirmiş, hər hansı nöqsana yol verməmiş, onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Töhmət verilməsi barədə 25 yanvar 2022-ci il tarixli əmr barədə isə iddiaçının ümumiyyətlə məlumatı olmamış, həmin əmr ona təqdim edilməmişdir. Göstərilənlərin nəzərə alımasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, cəmiyyətin yaradılmasında iddiaçının hər hansı rolu olmamışdır. İddiaçı cəmiyyətdə müxtəlif, o cümlədən Mühasibat uçotu şöbəsinin müdiri vəzifəsində işləmiş və cəmiyyətin rəhbərliyi heç vaxt ona qarşı qərəzli münasibətdə olmamış, əksinə ona daim hörmətlə yanaşılmış, hətta iddiaçıya olan hörmət əlaməti olaraq onun iki qızı da cəmiyyətə işə qəbul edilmişdir. Sadəcə olaraq 2021-ci ilin sonlarında iddiaçı cəmiyyətin rəhbərliyinə müraciət edərək, işdən çıxmaq istədiyini, həmçinin söhbət əsnasında özünə məxsus olan təsərrüfat (ferma) üzrə 80.000 manat məbləğində borcunun yarandığını bildirmiş və “halallaşmaq” qaydasında, rəsmi dildə desək son haqq-hesab olaraq cəmiyyətin rəhbərliyindən 80.000 manat məbləğində pul istəmişdir. Təbii ki, onun bu istəyinə müsbət cavab verilməmişdir. Belə ki, iddiaçı cəmiyyətin payçısı olmamış, cəmiyyətə hər hansı məbləğdə vəsait yatırmamışdır. O, cəmiyyətin işçisi olmuş və digər əməkdaşlar kimi, cəmiyyətdə tutduğu müxtəlif vəzifələrə uyğun olaraq müəyyən edilmiş məbləğdə əmək haqqı almışdır. Buna uyğun olaraq da tutduğu vəzifədən azad edilərkən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmalı və hesablanmış məbləğ tam şəkildə ona ödənilməli idi. Lakin 80.000 manat məbləğində pulun istənilməsinin və bu məbləğin ona verilməsinin hər hansı əsası yox idi. Məhz bu hadisədən sonra cəmiyyətin rəhbərliyinin iddiaçıya qarşı deyil, məhz iddiaçının cəmiyyətin rəhbərliyinə olan münasibəti dəyişmiş, sadə dildə desək iddiaçı cəmiyyətin rəhbərliyindən “incik düşərək” işinə soyuq münasibət göstərməyə başlamış, həmçinin iş yerinə istədiyi vaxt gəlmiş və getmiş və ya ümumiyyətlə iş günü ərzində işə gəlməmişdir. Bu səbəbdən 25 yanvar 2021-ci il tarixli əmrlə iddiaçı intizam məsuliyyətinə cəlb edilərək, ona töhmət verilmişdir. Lakin bu iddiaçının yeganə nöqsanı olmamışdır. Belə ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyasını yerinə yetirməyərək, ondan tələb olunan sənədləri vaxtında və ya ümumiyyətlə hazırlamamış, habelə ondan tələb edilən sənədləri təqdim etməkdən imtina etmişdir. Nəticədə vergi orqanları tərəfindən cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması zamanı problemlər yaranmış, bu səbəbdən də yoxlama hələ də davam edir. Buna baxmayaraq, cəmiyyətin rəhbərliyi ona güzəştə gedərək dərhal onun barəsində tədbir görməmiş, bir müddət məsələnin həllinə çalışmışdır. Lakin bir nəticə əldə edilmədiyindən, yəni iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini bundan sonra da yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddənin “ç” bəndi ilə yalnız 07 fevral 2022-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı rəsmiləşdirmə aparılarkən də hər hansı pozuntuya yol verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı dəfələrlə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmiş, gəldiyi günlərdə isə iş vaxtı bitmədən iş yerini tərk edib getmişdir. Halbuki, iddiaçı qeyd edilən hərəkətlərini cəmiyyətin bu məsələlər üzrə səlahiyyətli şəxsləri ilə razılaşdırmamış, o cümlədən onlardan icazə almamışdır. Bununla bağlı cəmiyyət ilk vaxtlar tədbir görməsə də, sonradan onun bu hərəkətləri mütəmadi hal aldığından məsələ ilə bağlı ondan izahat tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. İmtina ilə bağlı cəmiyyətin əməkdaşları tərəfindən 25 yanvar 2022-ci il tarixdə akt tərtib edilmiş və cəmiyyətin İnsan resursları üzrə mütəxəssisi Kəmalə Hüseynova tərəfindən cəmiyyətin direktoruna təqdimatla müraciət edilərək, iddiaçının barəsində müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verilməsi xahiş edilmişdir. Nəticədə cəmiyyətin 25 yanvar 2022-ci il tarixli əmri ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2”a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Bundan əlavə, cəmiyyətin rəhbərliyi tərəfindən şifahi və elektron poçt vasitəsi ilə dəfələrlə müraciət edilməsinə baxmayaraq, iddiaçı müxtəlif bəhanələrlə, o cümlədən istifadəsində olan kompyuterin “sərt disk”inin zədələnməsini və bu səbəbdən bir sıra maliyyə sənədlərinin çıxarılmasının qeyri-mümkün olduğunu və ya bütün sənədləri təqdim etdiyini əsas gətirərək, cəmiyyətin fəaliyyəti ilə bağlı aidiyyəti maliyyə sənədlərini təqdim etməkdən imtina etmişdir. Halbuki, bu sahə üzrə çalışan mütəxəssis tərəfindən iddiaçının kompyuterinə baxış keçirilmiş və kompyuterin, o cümlədən “sərt disk”in işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Eyni zamanda, mütəxəssis tərəfindən tətbiq edilmiş xüsusi proqram vasitəsi ilə həmin kompyuterdən aidiyyəti məlumatların və sənədlərin silindiyi aşkar edilmişdir. Başqa sözlə, iddiaçı hazırlanması onun səlahiyyətlərinə aid olan aidiyyəti maliyyə sənədlərini təqdim etməkdən imtina etmişdir. Nəticədə əmək haqqlarının hesablanmasında və ödənilməsində gecikmələr yaranmış, habelə həmin vaxt aparılan səyyar vergi yoxlaması ilə bağlı vergi orqanlarına tələb edilən bütün sənədlərin təqdim edilməsi mümkün olmamış, bu səbəbdən cəmiyyətdə aparılan səyyar vergi yoxlaması yekunlaşmamışdır. Bununla da iddiaçı hüquqi nəticə etibarı ilə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ondan tələb edilməsinə baxmayaraq, bununla da bağlı iddiaçı izahat verməkdən imtina etmişdir. Bu barədə də cəmiyyətin aidiyyəti əməkdaşları tərəfindən 04 fevral 2022-ci il tarixdə müvafiq akt tərtib edilmiş və iddiaçı barədə tədbirlərin görülməsi üçün cəmiyyətin rəhbərliyinə təqdimatla müraciət edilmişdir. Nəticədə cəmiyyətin 07 fevral 2022-ci il tarixli əmri ilə iddiaçı ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrin qəbul edilməsinə əsas da məhz iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi olmuşdur. Bundan əlavə iddiaçının vəzifə borcunu yerinə yetirmədiyinə görə cəmiyyət barəsində 08 fevral 2022-ci il tarixdə X5 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X2 əvvəlcədən razılığının alınmasına da hər hansı hüquqi ehtiyac yox idi. Belə ki, cəmiyyətin Həmkarlar İttifaqı təşkilatı 2021-ci ilin yanvar ayından fəaliyyətini dayandırmış və cəmiyyət tərəfindən hər hansı məbləğdə üzvlük haqqı ödənilməmişdir. Buna uyğun olaraq da iddiaçıdan hər hansı məbləğdə üzvlük haqqı tutulmamışdır. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yəni hazırlanması və təqdim edilməsi səlahiyyətlərinə aid edilmiş sənədləri təqdim etmədiyinə görə xitam verilmiş və bununla bağlı rəsmiləşdirmə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq aparılmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumta verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin işitrkaı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 2013-cü ildən cəmiyyətin direktor müavini vəzifəsində işləyir. İddiaçı həmin cəmiyyətdə uzun müddət ərzində işləmiş, onun sonuncu iş yeri Mühasibat uçotu şöbəsinin müdiri vəzifəsi olmuşdur. İddiaçı ilə həmişə normal münasibət saxlamış, aralarında hər hansı problem yaşanmamışdır. Lakin 2021-ci ilin sonunda və 2022-ci ilin əvvəllərində iddiaçının səlahiyyətlərinə aid işlərin yerinə yetirilməsində problemlər yaranmışdır. Belə ki, 2021-ci ilin sonuna yaxın vergi orqanları tərəfindən cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməsinə başlanılmış və yoxlama çərçivəsində yoxlayıcılar tərəfindən aidiyyəti maliyyə sənədlərinin təqdim edilməsi xahiş edilmişdir. Həmin sənədlərin hazırlanması da iddiaçının səlahiyyətlərinə aid olduğundan ondan tələb edilmişdir. Lakin vergi müfəttişi təqdim edilmiş sənədləri natamam hesab etmiş və siyahı təqdim edərək, həmin siyahı üzrə konkret sənədlərin təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Həmin siyahı iddiaçıya göndərilsə də, iddiaçı bütün sənədləri təqdim etdiyini bildirməklə, əlavə hər hansı sənəd verməmişdir. Halbuki, vergi müfəttişi tərəfindən verilmiş siyahıdan da görünürdü ki, təqdim edilmiş sənədlər tam deyil. Nəticədə səyyar vergi yoxlaması öz işini yekunlaşdıra bilməmişdir ki, bu da öz növbəsində cəmiyyətə qarşı müvafiq iddianın qaldırılmasına əsas yaradır. Bu barədə hətta verqi əməkdaşları tərəfindən onlara xəbərdarlıq da edilmişdir. Bundan əlavə mütəmadi olaraq müraciətlərinə əsasən cəmiyyətin əməkdaşlarına növbəti ayların əmək haqqından avans kimi pulun verilməsi halları da olur və ödənilmiş avans əmək haqlarının qeydiyyatı və siyahılaşdırılması məhz iddiaçı tərəfindən aparılırdı. Lakin növbəti aylarda işçilərin əmək haqqlarının hesablanması zamanı ödənilmiş avans məbləğlərinin nəzərə alınması üçün siyahının təqdim edilməsi iddiaçıdan xahiş edilsə də, o, həmin siyahının onda olmadığını bildirərək, verməkdən imtina etmişdir. Bu da öz növbəsində əmək haqqının hesablanması zamanı avans qismində verilmiş pulların nəzərə alınmasını çətinləşdirmişdir. İddiaçı tərəfindən maliyyə sənədlərinin vaxtında rəsmiləşdirilməməsi, o cümlədən bəzi maliyyə sənədlərini imza etməkdən imtina etməsi hallarına da yol verildiyindən əmək haqlarının ödənilməsində də gecikmələr yaranmış, bu da əməkdaşların narazılığına səbəb olmuşdur. Ümumiyyətlə iddiaçının mütəmadi olaraq iş yerində olmaması səbəbindən də ondan bir sıra sənədlərin alınması çətinlik yaradırdı. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ixtisasça mühasibdir. Təhsili natamamdır. Cəmiyyətdə 2012-ci ildən işləyir və hazırda insan resursları mütəxəssisi vəzifəsində işləyir. İddiaçı ilə iş yoldaşı olaraq normal münasibətdə olmuş, onların hər biri öz işlərini yerinə yetirmişdilər və əvvəllər hər hansı problem yaranmamışdır. Lakin son dövrlər iddiaçının davamiyyətində və fəaliyyətində müəyyən problemlər yaranmağa başlamışdır. Belə ki, iddiaçı iş yerində 2-3 saat ərzində olmuş və ya ümumiyyətlə iş vaxtı iş yerinə gəlməmiş, səlahiyyətlərinə aid olan aidiyyəti maliyyə sənədlərini vaxtında və ya ümumiyyətlə hazırlamamış və ya onları təqdim etməkdən, habelə imzalamaqdan imtina etmişdir. Nəticədə cəmiyyətdə səyyar vergi yoxlamasını aparan şəxslərə bütün zəruri maliyyə sənədlərinin təqdim edilməsi mümkün olmamış, habelə növbəti aylar üçün işçilərin əmək haqlarının hesablanması zamanı ödənilmiş avans məbləğlərinin nəzərə alınmasında çətinliklər yaranmışdır. Belə ki, bu məsələlərə dair bütün maliyyə sənədləri məhz iddiaçıda olmuşdur. Bunun nəticəsində də cəmiyyətin fəaliyyətində problemlər yaranmağa başlamışdır. İddiaçının 2022-ci ilin yanvar ayından bir neçə gün işə gəlməməsi ilə bağlı, habelə onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı təqdimat onun tərəfindən yazılmış və cəmiyyətin rəhbərliyinə təqdim edilərək, tədbir görülməsi xahiş edilmişdir. Hər iki halda da iddiaçıdan məsələ ilə bağlı yazılı izahat verilməsi tələb edilmiş, lakin iddiaçı bundan imtina etmişdir. Bununla bağlı aktlar tərtib edilmiş və onun, habelə digər aidiyyəti şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ali təhsilllidir, ixtisasça energetikdir. Əvvəllər cəmiyyətdə İT menecer qismində çalışmışdır. Cəmiyyətin direktor müavini X4 ona iddiaçının istifadəsində olan kompyuterin işlək vəziyyətdə olmadığını, o cümlədən “sərt disk”in zədələndiyini bildirmiş və kompyuterdə olan nasazlığın təcili şəkildə müəyyən edilərək, aradan qaldırılmasını tapşırmışdır. Lakin o, kompyuterin, o cümlədən onun “sərt disk”inin işlək vəziyyətdə olduğunu və zədələnmədiyini müəyyən etmişdir. Həmçinin, xüsusi proqram vasitəsi ilə kompyuterdən xeyli sayda müxtəlif faylların silindiyini aşkar etmişdir. Komputer təxminən iki gün onda qaldıqdan sonra o, kompyuteri qaytarmışdır. Məhkəmə tərəfləri, habelə şahidləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-nin Texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, bundan sonra həmin cəmiyyətdə müxtəlif, o cümlədən cəmiyyətin mühasibat uçotu şöbəsinin müdiri vəzifəsində işləmişdir. Cəmiyyətin xx.xx.2022-ci il tarixli, 44/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2022-ci il tarixdə əmrin surəti ona təqdim edilmişdir. Hazırda iddiaçı cəmiyyətdə işlədiyi dövrdə hər hansı nöqsana yol vermədiyini, intizam tənbehi olaraq ona cəmiyyətin 25 yanvar 2022-ci il tarixli əmri ilə töhmət verilməsi barədə məlumatlı olmadığını, bu barədə əmrin surətinin ona təqdim edilmədiyini, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin əsassız və qanunsuz olduğunu, əmək müqaviləsinə xitam verilməsindən əvvəl ondan yazılı izahatın, habelə onun Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq, cəmiyyətdə fəaliyyət göstərən X2 qabaqcadan razılığının alınmadığını, əmrin ümumiyyətlə əsaslandırılmadığını iddia edir və əmrin ləğv edilməsini, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə bu hərəkətlər nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçının 2022-ci ilin yanvar ayında bir neçə gün işə gəlməməsi səbəbindən ona töhmət verildiyini, bu barədə əmri rəsmiləşdirərkən əmək qanunvericiliyinin tələblərinə riayət edildiyini, o cümlədən iddiaçının yazılı izahat verməkdən imtina etməsi barədə akt tərtib edildiyini, habelə təqdimatla cəmiyyətin rəhbərliyinə müraciət edildiyini bildirir. Bundan əlavə, iddiaçıya cəmiyyətin rəhbərliyi tərəfindən şifahi və elektron poçt vasitəsi ilə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə, o cümlədən istifadəsində olan kompyuterin “sərt disk”inin zədələnməsini və bu səbəbdən aidiyyəti maliyyə sənədlərinin çıxarılmasının qeyrimümkün olduğunu və ya bütün sənədləri təqdim etdiyini əsas gətirərək, cəmiyyətin fəaliyyəti ilə bağlı aidiyyəti maliyyə sənədlərini təqdim etməkdən imtina etdiyini, nəticədə cəmiyyətdə səyyar vergi yoxlaması aparan şəxslərin tələb etdiyi bütün sənədlərin onlara verilməsinin mümkün olmadığını, bununla da onun əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyini, məhz bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini, əmrlə bağlı rəsmiləşdirmənin də Əmək Məcəlləsinin tələblərinə uyğun aparıldığını, o cümlədən iddiaçının bu məsələ ilə bağlı yazılı izahat verməkdən imtina etməsi barədə aktın tərtib edildiyini və iddiaçı ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün təqdimatla cəmiyyətin rəhbərliyinə müraciət edildiyini, Həmkarlar İttifaqı təşkilatı cəmiyyətdə öz fəaliyyətini dayandırdığından məsələ ilə bağlı təşkilatın razılığının alınmadığını qeyd edir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X4 cəmiyyətdə aparılan səyyar vergi yoxlaması ilə bağlı yoxlayıcı tərəfindən tələb edilən bütün, habelə növbəti aylar üçün əmək haqqının düzgün hesablanması üçün zəruri olan sənədlərin iddiaçı tərəfindən təqdim edilmədiyini (təqdim etməkdən imtina etdiyini), şahid X7 iddiaçının 2022-ci ilin yanvar ayında bir neçə gün işə gəlmədiyini, habelə aidiyyəti maliyyə sənədlərini vaxtında və ya ümumiyyətlə hazırlamadığını və ya onları təqdim etməkdən, habelə imzalamaqdan imtina etdiyini, bununla da əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini, bununla bağlı izahat verməkdən imtina etdiyini, hər iki imtinanın aktlaşdırıldığını, şahid X8 cəmiyyətin rəhbərliyinin tapşırığına əsasən iddiaçının istifadəsində olan kompyuteri yoxladıqdan sonra onun, o cümlədən “sərt disk”in işlək vəziyyətdə olduğunu, habelə xüsusi proqramın tətbiq edilməsi nəticəsində kompyuterdən xeyli sayda müxtəlif fayların silindiyinin müəyyən edildiyini bildirir. Azərbaycan Sahibkarlıq, Özəl Elm və X17 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 iyun 2022-ci il tarixli məktubuna əsasən "xxxx" MMC-də Həmkarlar İttifaqı təşkilatı 02 noyabr 2012-ci ildən fəaliyyət göstərir, 2022-ci ilə kimi Hİ Respublika Komitəsinə üzvlük haqqını da ödəyiblər.Təşkilat hazırda da Hİ Respublika Komitəsinin qeydiyyatındadır. Komitənin 28 iyun 2022-ci il tarixli məktubuna əsasən MMC-də Həmkarlar İttifaqı təşkilatı 2021-ci ilin yanvar ayından fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi): 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 72-ci maddəsinin ə) bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 76-cı maddənin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı; 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir. Məhkəmə, mübahisələndirilən əmrin məzmununa istinadən qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən Əmək Məcəlləsinin 71-ci, 79-cu, 80-ci, 84-cü, 187-ci və 189-cu maddələrinin tələblərinə ciddi əməl edilməlidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə baxmayaraq, əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Buna baxmayaraq, bu hal həmin əmrin qanunsuz hesab edilməsi və ləğv olunması üçün əsas ola bilməz. Belə ki, qeyd edilən intizam tənbehi ağırlıq dərəcəsi və öz hüquqi nəticələrinə görə digər tənbeh növlərindən fərqlənir. Bu növün tətbiq edilməsi zəruriliyinin əsaslandırılması da məhz bununla bağlı olmaqla işəgötürən tərəfindən suiistifadə hallarına yol verməsinin (işçini xaric etmək üçün qərəzli mövqedən çıxış etməsinin) qarşısının alınması, habelə işçiyə təqsirli hesab edilən davranış (hərəkət və hərəkətsizliyinin) barədə tam məlumat almasının təmin edilməsi (müxtəlif məqsədlər, o cümlədən düzgünlüyünə qiymət verməsi, mahiyyətinə uyğun mübahisələndirməsi, müdafiəsini qurması və sair) məqsədini daşıyır. Lakin cavabdeh əmək qanunvericiliyinin bu tələbinə riayət etməsə də, əmək müqaviləsinin ləğv edilməsinin iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olduğunu bildirir və bu mövqeyini də konkretləşdirərək, iddiaçının müxtəlif bəhanələr gətirməklə, o cümlədən istifadəsində olan kompyuterin nasaz olmasını göstərməklə, cəmiyyətin fəaliyyəti ilə bağlı olan və cəmiyyətdə aparılan səyyar vergi yoxlamasının predmetini təşkil edən mühasibat sənədlərinin, habelə əmək haqqı cədvəlinin və ödənilmiş avans məbləğləri barədə məlumatların (siyahının) təqdim edilməməsi, bu barədə məlumatların kompyuterdən silinməsi ilə bağlı olduğunu vurğulayır. Başqa sözlə, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyi barədə ətraflı məlumat verməklə (şifahi qaydada əsaslandırmaqla), iddiaçının konkret olaraq hansı öhdəlikləri yerinə yetirmədiyini, o cümlədən təqsirli hərəkətlərin nədən ibarət olduğunu göstərir. Onun mövqeyi əmrin qəbul edilməsinə əsas olmuş sənədlərlə və iş materiallarında olan sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş və cəmiyyətin əməkdaşları, o cümlədən iddiaçı ilə cəmiyətin direktoru arasında elektron poçt vasitəsi ilə 2022-ci ilin 11, 18, 20, 21, 28 yanvar və 2, 3, 4 fevral tarixlərdə aparılmış yazışmalardan müəyyən edilir ki, iddiaçı tərəfindən cəmiyyətdə aparılan səyyar vergi yoxlaması ilə bağlı konkret sənədlər, habelə işçilərin əmək haqqının düzgün hesablanması, o cümlədən avans olaraq ödənilmiş məbləğlərin nəzərə alınması üçün ödənilmiş avans əmək haqlarının siyahısı və əmək haqqı cədvəli təqdim edilməlidir. Bununla bağlı cəmiyyətin direktor müavini 11 yanvar tarixində həmin sənədlərin siyahısını göndərməklə onların təqdim edilməsini bilavasitə iddiaçıdan xahiş edir, həmçinin iddiaçının kompyuterinin nasaz olması səbəbindən cəmiyyətin Aynur adlı əməkdaşına bu sənədləri print edib iddiaçıya təqdim edilməsini tapşırır. 18 yanvar tarixində cəmiyyətin direktor müavini cəmiyyətin direktoruna ünvanladığı müraciətdə səyyar vergi yoxlaması ilə bağlı vergi orqanı tərəfindən tələb edilmiş sənədlərin iddiaçı tərəfindən hələ də tam şəkildə təqdim edilmədiyini, vergi inspektorunun sənədlərin təqdim edilmədiyi təqdirdə cəmiyyətə qarşı məhkəmədə iddia qaldırılacağı barədə onu xəbərdar etdiyini, 14 yanvar 2022-ci il tarixdə iddiaçının iş yerində olmaması səbəbindən iddiaçı ilə vergi inspektorunun görüşünün təşkil edilməsinin mümkün olmadığını qeyd edir və bununla bağlı tədbirlərin görülməsini xahiş edir. Bu müraciətə uyğun olaraq cəmiyyətin direktoru həmin tarixdə iddiaçıya tələb olunan sənədləri təcili şəkildə vergi inspektoruna təqdim edilməsini və bu barədə rəhbərliyə məlumat verilməsini tapşırır. 21 yanvar tarixdə cəmiyyətin direktoru cəmiyyətin insan resursları üzrə mütəxəssisi Kəmalə Hüseynovaya iş yerinə gəlməməsi səbəbi ilə iddiaçıdan izahat alınmasını, onun iş yerində olmaması səbəbindən izahatın alınmasının mümkün olmaması barədə cavab aldıqdan sonra isə izahatın olmaması barədə aktın tərtib edilməsini və onun barəsində töhmət əmrinin hazırlanmasını tapşırır. 20 yanvar tarixində cəmiyyətin direktor müavini cəmiyyətin direktoruna müraciət edərək, bəzi işçilərə avans şəklində növbəti aylarda hissə-hissə tutulmaq şərti ilə əlavə əmək haqqının ödənildiyi, ödənilmiş avans əmək haqlarının qeydiyyatının iddiaçı tərəfindən aparıldığı, növbəti aylarda işçilərin əmək haqlarının hesablaması zamanı tutulacaq məbləğlərin qeyd olunması üçün həmin siyahının iddiaçı tərəfindən təqdim edilməsinin vacibliyi, dekabr ayı üçün ödənilmiş əmək haqlarında avans məbləğlərinin tutulmadığını, bununla da şirkətə maddi zərərin vurulduğunu bildirir və həmin siyahının təqdim edilməsi üçün müvafiq tapşırığın verilməsini xahiş edir. Bu müraciətə uyğun olaraq cəmiyyətin direktoru iddiaçıya avans ödənilən məbləğlər siyahısının təqdim edilməsini tapşırır. 28 yanvar tarixdə isə cəmiyyətin direktoru xx.xx.2022 - xx.xx.2022 tarixlərində işçilərə əmək haqqı ödənilməli olduğundan 31 yanvar 2022-ci il tarixədək tələb olunan avans siyahısının təqdim edilməsini xahiş edir. 02 fevral 2022-ci il tarixdə cəmiyyətin direktor müavini cəmiyyətin direktoruna məlumatın təqdim olunmaması səbəbindən əmək haqlarının tam olaraq hesablanmasının mümkün olmadığını bildirir. Həmin müraciətə uyğun olaraq 02 fevral 2022-ci il tarixdə cəmiyyətin direktoru cəmiyyətin insan resursları üzrə mütəxəssis Kəmalə Hüseynovaya iddiaçıdan izahatın yazılmasının tələb edilməsi barədə tapşırıq verir. 03 fevral 2022-ci il tarixdə isə iddiaçı cəmiyyətin direktoruna ünvanladığı məktubda sənədlərin hazırlanması və təqdim edilməsi məsələsinə aydınlıq gətirir. Bu məktuba cəmiyyətin direktoru tərəfindən həmin günü cavab məktubu yazılır. Növbəti günü, yəni 04 fevral 2022ci il tarixdə isə cəmiyyətin direktor müavini, mühasibi və insan resursları üzrə mütəxəssisi tərəfindən akt tərtib edilir. Həmin aktda da iddiaçının əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə ondan izahatın yazılmasının tələb edildiyi, lakin izahatın alınmasının mümkün olmadığı göstərilmişdir. İddiaçı barədə müvafiq tədbirlərin görülməsinə dair 04 fevral 2022-ci il tarixli təqdimatda da iddiaçının işləri düzgün görməməsi səbəbindən tələb olunan sənədləri, o cümlədən maliyyə hesabatlarını vaxtında tam şəkildə və ya ümumiyyətlə hazırlamadığı və əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi göstərilmişdir. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyi bilavasitə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yəni hazırlanması səlahiyyətlərinə aid edilmiş maliyyə sənədlərinin hazırlanmaması və təqdim edilməməsi ilə bağlı olmuşdur. Bu hal iş materiallarında olan sənədlərlə, habelə elektron poçt yazışmaları ilə öz təsdiqini tapır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı özü də etiraf edir ki, cəmiyyətin fəaliyyəti ilə bağlı 2.700.000 manat məbləğində pulun nağdlaşdırılmasına dair maliyyə sənədləri həqiqətən də ondadır, lakin onları təqdim etməmişdir və etməyəcəkdir. Belə ki, cəmiyyətin rəhbərliyi sənədlərdən irəli gələn müəyyən məsələlərlə bağlı məsuliyyəti onun üzərinə qoymaq istəmiş, hətta ona məsuliyyəti öz üzərinə götürməsini də təklif etmişdir. Lakin o buna razılıq verməmişdir. Bu səbəbdən də həmin sənədlər ondan tələb edilməsinə, o cümlədən vergi orqanları tərəfindən istənilməsinə baxmayaraq, o, bu sənədləri verməkdən imtina etmişdir. Belə olan halda, iddiaçının istifadəsində olan kompyuterin “sərt disk”inin nasaz olması, habelə kompyuterdən sənədlərin onun iradəsindən asılı olmayan səbəblərdən silinməsi barədə iddiaçının məlumatı da həqiqəti əks etdirmir və nəticə etibarı ilə iddiaçının aidiyyəti sənədləri cəmiyyətin rəhbərliyinə qərəzli olaraq silinməsi yolu ilə təqdim etməkdən imtina etməsi kimi qiymətləndirmək üçün daha bir əsas yaratmış olur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qəsdən vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməyərək (aidiyyəti maliyyə sənədlərini təqdim etməkdən imtina etməklə), iş yerində işin və icra intizamının normal ahəngini pozmuş, cəmiyyətin, o cümlədən təsisçinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur (səyyar vergi yoxlamasının aparılması ilə bağlı tələb edilən sənədlərin vergi orqanının nümayəndəsinə təqdim edilməsi üçün cəmiyyətin rəhbər işçiləri birləşib iddiaçıdan aidiyyəti maliyyə sənədlərini, o cümlədən avans əmək haqqı cədvəlini ala bilmir, nəticədə vergi yoxlamasını yekunlaşdırmaq mümkün olmur, cəmiyyətin məhkəmə mübahisəsinə cəlb edilməsinə əsas yaranır, habelə əmək haqqının hesablanması zamanı ödənilmiş avans məbləğlərinin müəyyən edilməsində, bununla da əmək haqqının məbləğ etibarı ilə düzgün hesablanmasında çətinliklər yaranır). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlili əsassızdır, onunla bağlanmış əmək müqaviləsi əsaslı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İddiaçının öz əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin iddiaçının öz etirafı ilə də tam sübuta yetirildiyindən, əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyinin əsaslandırılmaması mövcud vəziyyətdə və hüquqi nəticə etibarı ilə artıq formal xarakter daşıyır və həmin əsasla əmrin özünün ləğv edilməsini istisna edir. Məhkəmə, o halı da qeyd edir ki, bu sənədlərin təqdim edilməməsi, iddiaçının iradəsinə bağlı olması ilə yanaşı həmçinin, iddiaçının iş vaxtı heçdə həmişə iş yerində olmaması ilə də bağlı olmuşdur. Bu səbəbdən ona cəmiyyət üzrə 25 yanvar 2022-ci il tarixli əmrlə töhmət də verilmişdir. Bu hal həm əmrin verilməsinə əsas olmuş sənədlərlə, həm də elektron poçt yazışması ilə öz təsdiqini tapır. İddiaçının iş vaxtı iş yerində olmaması məsələsi yazışmada qeyd edilsə də, iddiaçı öz cavab məktubunda bu məsələyə hər hansı münasibət bildirmir. Hər bir halda, iddiaçıdan təcili olaraq sənədlərin təqdim edilməsi və onun bilavasitə fiziki iştirakı tələb edildiyi bir vəziyyətdə cəmiyyətin direktoruna onun iş yerində olmaması barədə düzgün olmayan məlumatın verilməsi qeyri-mümkündür. Digər tərəfdən iddiaçı özü də müəyyən səbəblərdən bir neçə gün işə gəlmədiyini, həmçinin bir neçə dəfə iş vaxtı bitməmiş işdən getdiyini etiraf edir. Məhkəmə iddiaçının ondan izahatın alınmaması və bununla da əmək qanunvericiliyinin tələblərinin pozulması barədə fikirləri ilə bağlı qeyd edir ki, 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı biri düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təsvir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna deyil ki, bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir ki, cavabdeh tərəfindən də bu prosedura riayət edilmiş və 04 fevral 2022-ci il tarixdə cəmiyyətin direktor müavininin, mühasibinin və insan resursları üzrə mütəxəssisinin imzası ilə təsdiq edilmiş akt tərtib edilmişdir. Həmin aktdan da görünür ki, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə iddiaçıdan izahatın yazılması tələb edilmiş, lakin izahatın alınması mümkün olmamışdır. Bu aktın mövcudluğu artıq iddiaçının dəlillərini əsassız edir. Məhkəmə elektron poçt vasitəsi ilə cəmiyyətin direktorunun cəmiyyətin direktor müavininə ünvanladığı 02 fevral 2022-ci il tarixli və iddiaçının cəmiyyətin direktoruna ünvanladığı 03 fevral 2022-ci il tarixli məktublara istinadən qeyd edir ki, həqiqətdə iddiaçı məsələ ilə bağlı izahat vermişdir. Belə ki, cəmiyyətin direktoruna iddiaçı tərəfindən aidiyyəti maliyyə sənədlərinin təqdim edilmədiyi barədə məlumat verildikdən sonra o, 02 fevral 2022-ci il tarixdə cəmiyyətin insan resursları üzrə mütəxəssisi Kəmalə Hüseynovaya iddiaçıdan məsələ ilə bağlı izahatın alınmasını tapşırır və həmin məktubun surəti, həmçinin iddiaçının elektron poçt ünvanına göndərilir. Növbəti gün, yəni 03 fevral 2022-ci il tarixdə isə iddiaçı cəmiyyətin direktoruna ünvanladığı məktubda 10 dekabr 2021-ci il tarixdə istifadəsində olan kompyuterin “sərt disk”inin yandığını və çıxarılaraq təmirə göndərildiyini, yoxlama nəticəsində orada olan məlumatların silindiyinin və bərpasının mümkün olmadığının müəyyən edildiyini, 2021-ci ilin dekabr ayının əmək haqqı cədvəlinin cəmiyyətin direktor müavininin göstərişinə əsasən cəmiyyətin işçisi olmayan Həsənbəyova Leyla tərəfindən hazırlandığını və ödənişlərin edildiyini, 2022-ci ilin yanvar ayının əmək haqqı cədvəlinin hazırlanması üçün davamiyyət cədvəllərinin ona bugünədək təqdim edilmədiyini, əmək haqqı cədvəlini bu səbəbdən hazırlamadığını, bu izahata görə cavabdehlik daşıdığını və təsadüfən silinməməsi üçün şəklini çəkdiyini bildirir. Bununla belə, iddiaçı 03 fevral 2022-ci il tarixdə cəmiyyətin rəhbərinə ünvanladığı məktubla hüquqi nəticə etibarı ilə könüllü olaraq izahat vermiş (məhkəmə iclasında da iddiaçı “mən lazım olan cavabı vermişəm” fikrini söyləmişdir), həmin məktubun sonunda da yazdığı izahata görə cavabdehlik daşıdığını qeyd etmişdir. Başqa sözlə, iddiaçı özü də həmin məktubda yazılanları izahat adlandırmışdır. Bu səbəbdən məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edir. Məhkəmə, iddiaçının əmək müqaviləsinin cəmiyyətdə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmadan ləğv edilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu məsələ ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Sahibkarlıq, Özəl Elm və X17 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 iyun 2022-ci il tarixli məktunda "xxxx" MMC-nin Azərbaycan Sahibkarlıq, Özəl və Elm müəssisələri X3 Respublika komitəsinin Rəyasət Heyətinin 02 noyabr 2012-ci il tarixli qərarı ilə Komitəyə üzv qəbul edildiyi və X12 cəmiyyətin Həmkarlar Komitəsinin ilk sədri olduğu, onun vəfatından sonra qısa müddətlərdə X9 və X1 cəmiyyətin X2 sədri vəzifəsində işlədiyi, təşkilatın 2022-ci ilə kimi Həmkarlar İttifaqı Respublika komitəsinə üzvlük haqqı ödədiyi və hazırda da Komitənin qeydiyatında olduğu göstərilmişdir. Komitənin məhkəməyə təqdim etdiyi 28 iyun 2022-ci il tarixli digər məktubunda isə cəmiyyətdə fəaliyyət göstərən X2 2021-ci ilin yanvar ayından fəaliyyətini dayandırdığı bildirilmişdir. Məktuba əlavə edilmiş üzvlük haqqına dair ödəniş cədvəlinə əsasən isə sonuncu ödənişin məhz 2021-ci ilin yanvar ayına aid olduğu müəyyən edilir. Bununla belə, bu tarixdən sonra cəmiyyətin əməkdaşlarından, o cümlədən iddiaçıdan üzvlük haqqının tutulmasını təsdiq edən hər hansı sənəd, habelə ümumiyyətlə təşkilatın sədri, habelə üzvləri barədə hər hansı məlumat mövcud deyil. İddiaçı özü də həm bu barədə, həm də ümumiyyətlə təşkilatın üzvü olması barədə məhkəməyə hər hansı məlumat təqdim edə bilmir. Bununla belə, məhkəmə iddiaçının bu barədə dəlilini də əsassız hesab edir (məhkəmə Əmək Məcəlləsinin 79-cu, 84-cü, 187-ci və 189-cu maddələrinin tələblərinin pozulması hallarını da müəyyən etməmişdir) və belə qənaətə gəlir ki, cəmiyyətdə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatı 2021-ci ilin yanvar ayından fəaliyyətini dayandırdığından Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbləri cavabdehə tətbiq edilə bilməz. Başqa sözlə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edən cavabdehin bu maddədə göstərilən prosedura riayət etməsi hüquqi baxımdan mümkün olmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının əvəzinin ödənilməsi” hissəsində əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə, iddia üzrə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının əvəzinin ödənilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinin törəmə tələb olduğunu və bu tələbin təmin olunub-olunmamasının bilavasitə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının əvəzinin ödənilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-3240/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3240/2022
28.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver