Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3242/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış 18 fevral 2008-ci il təvəllüdlü X2 və 28 iyul 2012-ci il təvəllüdlü X3 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, Cavabdeh2la 2007-ci ildə el adəti ilə toy etməklə ailə qurmuş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Digər cavabdeh İddiaçı onun qaynanasıdır. Nikahları 02 iyul 2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Evləndikləri tarixdən o, sözügedən ünvanda yaşamış, orada qeydiyyatda olmuşdur. Hazırda da həmin ünvanda qeydiyyatdadır. Sonradan Cavabdeh2la münasibətləri pozulduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, o, uşaqları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə qalmağa məcbur olmuşdur. Başqa yaşayış yeri olmadığından kirayədə yaşamağa məcburdur və aylı kirayə haqqını, həm də uşaqların tələbatlarını, özünün gündəlik xərclərini ödəməkdə çətinlik çəkir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, sözügedən fərdi yaşayış evi onun mərhum qaynanasının mülkiyyətində olmuşdur. Qaynanası vəfat etdikdən sonra evlə bağlı sənədləşmə işləri aparılmamışdır. Hazırda evin yerləşdiyi həyətdə bir neçə ev var ki, həmin evlərdə o və övladları öz ailələri ilə birlikdə yaşayırlar. Nə o, nə də oğlu Cavabdeh2 iddiaçının uşaqları ilə birlikdə sözügedən evə köçməsinə etiraz etmirlər. İddiaçının izahatında göstərilənlər həqiqətdir, yəni o, doğurdan da 2007-ci ildən həmin evə gəlin köçmüş, boşanana qədər orada yaşamışdır. Cavabdeh1 iddianı qəbul etdiyinə dair ərizəsini məhkəməyə təqdim edir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Tədqiq edilən sübutlar: - “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı, eləcə də cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. - “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasına pozulmuşdur. - İddiaçının Cavabdeh2la 2007-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənməsi, evləndiyi vaxtdan iddia ərizəsində göstərilən evə gəlin köçərək ailə münasibətləri pozulanadək orada yaşaması, birgə nikahlarından 18 fevral 2008-ci il təvəllüdlü X2 və 28 iyul 2012-ci il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmamış uşaqlarının olması işin mübahisəsiz halı kimi qiymətləndirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43-1-ci hissə: Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1 Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu: Maddə 13.2 Qanunun analogiyasının əsasını oxşar münasibətlər təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə hеsаb еdir ki, iddianın təmin edilməsinə əsaslar mövcuddur. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Keçmiş gəlinlərin mənzilə (özbaşına tikiliyə) köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı dəyərləndirilməlidir. Analoji mübahisələrin həlli ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı gəlin köçdüyü evin torpaq sahəsinin bir hissəsinin onun valideyinləri tərəfindən əldə olunduğunu qeyd etmiş, cavabdehlərdən Elsevər Kərimoiva iddianı qəbul etmiş, digər Cavabdeh2 isə iddiaya etiraını bildirməmişdir. Məhkəmə qeyd edir ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı iş üzrə hər 3 hal mövcud olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmamış 18 fevral 2008-ci il təvəllüdlü X2 və 28 iyul 2012-ci il təvəllüdlü X3 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmamış 18 fevral 2008-ci il təvəllüdlü X2 və 28 iyul 2012ci il təvəllüdlü X3 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3242/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3242/2023
19.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver