Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3244/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının və onun nümayəndəsi(vəkli) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitiasiya Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitiasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqının tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehn 15 mart 2023cü il tarixli, 3-17-4/3-2-864/202 nömrəli əmrinin ləğv edilməsi; onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyinin "Dövlət TibbiSosial Ekspertiza va Reabilitasiya Agentliyi" Publik Hüquqi şəxsin 5 nömrəli Ərazi Ekspert Komissiyasında Tibb bacısı vəzifəsinə bərpa edilməsi və onun 10 aprel 2023-cü il tarixdən, işə bərpa olunmasına dair müvafiq əmrin verildiyi tarixədək məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 20 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər məhkəməyə 20 iyun 2023-cü il tarixli barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini, 20 iyun 2023-cü il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitiasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqının tutulması” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 20 iyun 2023-cü il tarixli barışıq sazişindən görünür ki, onlar müəyyən etdikləri şərtlərlə barışığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitiasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqının tutulması” tələbi barədə iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı qız (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adından xx.xx.2023-ci il tarixli etibarnaməyə əsasən nümayəndəsi Nümayəndə1 (bundan sonra “Cavabdeh” adlanacaq), aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla 20 iyun 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.1. Tərəflər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 3244/2023 saylı əmək mübahisəsi üzrə məhkəmə mübahisəsinin aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər. 1.2. Cavabdeh İddiaçı ilə bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə (bundan sonra “əmək müqaviləsi” adlandırılacaq) AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 15 mart 2023-cü il tarixli əmrini ləğv edir və iddiaçı ilə həmin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən “işçinin öz xahişi ilə yazılı ərizəsi əsasında” xitam verir. 1.3. İddiaçının öz xahişi ilə əmək müqaviləsinin ləğv olunmasına dair yazılı ərizəni cavabdehə təqdim edir. Cavabdeh həmin ərizə əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verir və bu barədə əmrin surətini İddiaçıya təqdim edir. 1.4.Cavabdeh İddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair 15 mart 2023-cü il tarixli əmrinin ləğv olunduğu və əmək müqaviləsinə İddiaçının öz xahişi ilə xitam verildiyi barədə ayrı-ayrı qeydlər aparır. 1.5 İddiaçı Cavabdehə qarşı əmək müqaviləsindən irəli gələn və ya bu sazişdə nəzərdə tutulmayan digər pul və ya əmlak tələbləri irəli sürməyəcəyini bəyan edir. 1.6 İddiaçı Cavabdehlə bağlı sosial şəbəkələrdə bu sazişin məzmunu və digər məsələlər barəsində statuslar və ya başqa yazılar dərc etmədiyini və etməyəcəyini bəyan edir.
2. ÖHDƏLİKLƏRİN İCRASİ 2.1. Tərəflərin bu Sazişin 1.1, 1.2, 1.3 və 4-cü bəndlərində göstərilən öhdəlikləri Sazişin qüvvəyə mindiyi tarixdən 3 (üç) ay müddətindən gec olmayaraq icra edilməlidir. Cavabdeh bu sazişdən irəli gələrək müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində əmək müqaviləsinin xitam verilməsi əsası ilə bağlı zəruri dəyişikliklərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür. 2.2. Tərəflərdən hər birinin hazırki mülki iş üzrə birinci instansiya məhkəməsində, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz. 2.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
3. DİGƏR MÜDDƏALAR 3.1. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 3.2. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. 3.2. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunur, digərləri isə hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır. 3.3. Barışıq Sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 3.4. Bu Sazişdə nəzərdə tutulmayan məsələlər üzrə mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə öz aralarında həll edilir. 3.5. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. 3.6. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fərid Hətəmzadə