Məhkəmə qərarları › İş №e-2(001)-3299/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3299/2023

05.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3299/2023 05.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdehnə qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi vəzifələrin həvalə edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 05 may 2023cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifələrin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bədəlova (Məmmədova) Çinara Çingiz qızı ilə "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixli 14 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Satıcı (MTK) ünvan 2 ünvanında tikdiyi 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili Alıcıya (iddiaçıya) satmağı, Alıcı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən Bədəlova (Məmmədova) Çinara Çingiz qızına verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, o, sözügedən mənzilin ümumi dəyəri kimi 174000 (yüz yetmiş dörd min) manat pulu tam ödəmişdir, borcu yoxdur. Göründüyü kimi mübahisənin predmetini mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlıdır, daşınmaz əmlak isə Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).” Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “- ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir; - daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.” Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırkı tələb mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı olduğundan iddia ərizəsi cavabdehin olduğu yer üzrə Binəqədi Rayon Məhkəməsinə deyil daşınmaz əşyanın olduğu yer üzrə verilməlidir. Belə olan halda iş ərazi aidiyyəti üzrə baxılmalı olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi vəzifələrin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar