Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3356/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat əsas borc, 600 manat faiz məbləği və 66 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzun illərdi dostluq münasibətləri mövcuddur. Bir-birlərinə böyük güvən və etibarları yaranmışdır. Cavabdeh 30 sentyabr 2020-ci il tarixdə ona müraciət edərək təcili ona 4000 manat borc verməyini xahiş etmiş və bir aydan sonra qaytaracağını bildirmişdir. Yuxarıda göstərdiyi kimi ona etibar edib borc istədiyi 4000 manat pulu vermişdir. Borc verdiyi məbləğ barədə ondan iltizam istəməyi qüruruma sığışdırmamışdır. Cavabdeh borc məbləğinin 2020-ci ilin oktyabr ayının sonunda qaytaracağına dair söz verməsinə baxmayaraq 2021-ci ilin əvvəlinədək ondan bir xəbər çıxmadı. 2021-ci ilin yanvar ayında dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: ona telefon edib aldığı 4000 manat borc məbləğini qaytarmasını xahiş etmişdir. Cavabdeh bildirdi ki, bir-iki günə qaytaracaqdır. Həmin vaxtdan 25 mart 2021-ci il tarixədək dəfələrlə borcu qaytaracağına söz versə də faktiki olaraq buna əməl etmədi. Belə olduqda artıq cavabdehə olan inamım itməyə başladı. Ona görə cavabdeh Nərgiz xanımla konkret danışmaq məqsədilə onu görüşə dəvət etmişdir. Görüş zamanı cavabdeh ona bildirdi ki, borcu bir dəfəyə qaytarmaq üçün maddi durumu çox aşağıdır, ancaq hər ay 300 manat qaytarmaq imkanı vardır. Artıq ona inamı qalmasa da onu yoxlamaq naminə razılıq vermişdir və xahiş etmişdir ki, dilindən iltizam yazıb versin. Cavabdeh onunla razılaşdı və 25 mart 2021-ci il tarixdə öz xətti ilə yazaraq 4000 manat borcu hər ay 300 manat miqdarında qaytaracağı barədə öhdəlik götürdü. Həmin vaxtdan iddia ərizəsi yazana kimi cavabdeh iltizamda yazdığı öhdəliyə də əməl etmədi. Hal-hazırda özünün maddi durumu çox aşağı olduğu üçün və özünün başqasına borclu olduğunu nəzərə alaraq axırıncı dəfə cavabdehdən aldığı pulu qaytarmasını xahiş etsə də, o konkret bildirdi ki, onun borcu ödəməyə imkanı yoxdur. Hesab edir ki, cavabdeh ona olan etibarından sui-istifadə edərək aldığı borc məbləğini mənimsəyərək qaytarmaq istəmir. Bununla da cavabdeh Azərbaycan Respubilkasının Mülki Məcəlləsinin 739, 740, 741, 743-cü maddələrinin tələblərinə və xx.xx.2021-ci il tarixdə yazdığı iltizama uyğun olmayan hərəkət edir. İddia ərizəsi yazılan günə bank uçot dərəcəsi on beş faiz müəyyənləşdirilmişdir. Cavabdeh borcu qaytarmalı olduğu 30 oktyabr 2020-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək borc məbləğinə hesablanan faiz məbləği 4000x15%=600(altı yüz) manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçı cavabdehlə Zakir adlı şəxs vasitəsilə tanış olmuş və cavabdehə 4000 manat pul vermişdir. Pul verilərkən Zakir adlı şəxs də onların yanında olmuşdur. 2021-ci ilin mart ayının 25-də iddiaçı cavabdehdən iltizam almışdır. Cavabdeh hər ay 300 manat olmaqla borcu ödəməyə razı olsa da, bu günə kimi borcunu ödəməmişdir. Cavabdeh iltizamı özü yazmaqla, borcunu etiraf etmişdir.
5. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, İnqilab özü dəmiryolunda, Nərgiz evlərdə dayə kimi işləyir. Özü isə taksi fəaliyyəti ilə məşğuldur. Nərgiz onun müştərisidir. Nərgiz pula ehtiyacı olduğunu bildirdiyindən, o da, tanışı olan İnqilaba müraciət etmiş və İnqilab Nərgizə borca pul vermişdir. Lakin Nərgiz borcunu qaytarmamışdır. İnqilab Nərgizə əvvəlcə 300 manat, daha sonra ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vermişdir. Pulu almağa Nərgizi taksi ilə özü aparırdı. Nərgiz pulu alsa da, miqdarı barədə ona məlumat verməmişdir. Onun birbaşa iştirakı ilə Nərgiz İnqilabdan birinci dəfə 300 manat, ikinci dəfə 500-700 manat arası məbləğ almışdır. Bundan sonra ayrı-ayrı vaxtlarda pullar alınsa da, buna şahid olmamışdır Sonradan öyrənmişdir ki, Nərgiz pulları qaytarmadığından İnqilab ona pul verməkdən imtina edir. Özünün birbaşa iştirakı ilə Nərgizə 1000-1050 manat pul verilmişdir. Nərgizdən ona verilən pulun miqdarını soruşduqda 4000 manata yaxın olduğunu bildirmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
8. İddiaçının nümayəndəsi, vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3356/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. xx.xx.2021-ci il tarixli iltizamın surətindən görünür ki, iş üzrə cavabdeh olan Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixində aldığı 4000 manat pulu həmin gündən başlayaraq ayda 300 manat olmaqla ödəyəciyini bildirmiş, həmin sənədi öz imzası ilə təsdiq etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh 30 sentyabr 2020-ci il tarixində iddiaçıya müraciət edərək, ondan təcili 4000 manat məbləğində borc pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı tərəfindən cavabdehə 4000 manat məbləğində borca pul verilmişdir.
11. Cavabdeh aldığı borcu 2020-ci ilin oktyabr ayına kimi qaytaracağını bildirmiş, lakin borc məbləğini qeyd edilən vaxta kimi ödəmədiyindən iddiaçı cavabdehdən 25 mart 2021-ci il tarixində 4000 manat pulu ayda 300 manat ödəməklə qaytarılacağı barədə iltizam almışdır.
12. Cavabdeh iddiaçıya həqiqət 4000 manat borcunun olduğunu etiraf etməklə, həmin borcu 25 mart 2021-ci il tarixindən ayda 300 manat olmaqla ödəyəcəyini bildirmişdir.
13. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat əsas, 600 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4600 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
16. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
19. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
21. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
23. 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur;
24. 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
25. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
26. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
27. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıdan 4000 manat məbləğində qaytarmaq şərtilə pul aldığını etiraf etmiş və həmin məbləği 25 mart 2021-ci il tarixindən başlayaraq ayda 300 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği ödəməkdən yayınmışdır.
28. Bu baxımdan cavabdeh borc kimi aldlğını etiraf etdiyi məbləği iddiaçıya qaytarmalıdır.
29. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
31. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
32. Beləliklə, əsas borca görə 4000 manat məbləğində, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 600 manat məbləğində, cəmi 4600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
33. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tətbiq edilən prosessual normalar:
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
38. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
39. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
40. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
41. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:
42. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 4000 (dörd min) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 600 (altı yüz) manat olmaqla, ümumilikdə 4600 (dörd min altı yüz) manat məbləğində pul vəsaiti, 66 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
43. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh əsas borca görə 4000 (dörd min) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 600 (altı yüz) manat olmaqla, ümumilikdə 4600 (dörd min altı yüz) manat məbləğində pul vəsaiti, 66 (altmış altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev