Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3449/2024 13.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları: İddiaçı Cavabdeh MMC-yə və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini, sonuncu çalışdığı vəzifəyə bərpa olunmasını, məcburi işdən çıxarıldığı xx.xx.2023-cu il tarixdən başlanaraq əmək haqqı və əmək haqqının azı 1 faizi həcmində ödənc hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində cavabdeh qurumun satış departamentinin Bakı şəhəri üzrə satış şöbəsinə supervayzer vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixində isə heç bir səbəb və əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Həmin əmrin surəti ona təqdim edilməmişdir, hesab edir ki, işdən çıxarılması barədə əmr qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilmişdir və o, həmin maddənin təsiri altına düşür. İddiaçı öhdəsində məktəb yaşına çatmayan uşağı olduğu və onu təkbaşına böyütdüyü üçün hesab edir ki, onun işdən çıxarılması barədə əmr qanunsuzdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə qarşı etiraz: xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq iddianı qəbul etməmiş və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixində onun işdən çıxarılması barəsində fərdi danışıqlar aparılmış və xx.xx.2023-cü il tarixində onunla razılaşma əldə edilib, xx.xx.2023-cü il tarixində isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən müavinət verilmiş, həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən onun razılığı ilə ona xəbəradarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli miqdarında müavinət ödənilmişdir. Həmçinin etirazda bildirilmişdir ki, Cavabdeh MMC hər hansı həmkarlar ittifaqına qoşulmamışdır və bu səbəblə iddiaçının bildirdiyinin əksinə olaraq şirkətin iddiaçı işdən çıxarılan zaman həmkarlar ittifaqına hər hansı məlumat vermə öhdəlikləri olmayıb. Həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı bu müddəti ötürmüş, məhkəməyə vaxtında müraciət etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia müddətinin tətbiqinə dair ərizəni müdafiə edərək İddiaçı tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Mülki işin materialları: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-dən X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən, ididaçı ilə müəssisə arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən, həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinin (işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislini müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) tələbləri gözlənilmədiyindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmçinin təqdim olunmuş sənədlərdən iddiaçının son haqq-hesabının ödənilərkən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən xx.xx.2024-cü il tarixli, MN1933800 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq 30 (otuz) gün ərzində İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, İA-162/23 nömrəli əmrin ləğv edilməsi və onun son haqq-hesabının yenidən hesablanaraq törədilmiş hüquq pozuntusunu aradan qaldırılmasını təmin edib nəticəsi barəsində X2 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. - iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023 tarixində Cavabdeh MMC-nin Satış Departmentinin Bakı şəhəri üzrə satış şöbəsinə supervayzer vəzifəsinə işə qəbul edilmişdir. Onun əmək müqaviləsinə, xx.xx.2023 tarixli əmrlə Əmək Məcəllsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilərək xitam verilmişdir. - Cavabdeh MMC-nin 063/23 saylı, 01.06.2-23-cü il tarixli ştat cədvəlinə dəyişiklik edilməsi haqqında əmrin surətindən görünür ki, MMC-nin strukturunda aparılmış islahatları, iş yerlərinin optimallaşdırılması, Müəssisənin istehsalat-satış həcmi nəzərə alınaraq Satış Departmentinin Bakı şəhəri üzrə satış şöbəsinə supervayzer vəzifəsi ixtisar olunmuş və ştat cədvəlindən silinmişdir. - cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü i tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən müəyyən edilmiş xəbardarlıq müddəti əvəzinə ona orta aylıq əmək haqqının 0.5 misli qədər bir dəfəlik ödəmənin verilməsi qərara alınmışdır. - işdən azad edilmə barədə İA-162/23 nömrəli, xx.xx.2023-cü il tarixli Əmrdən görünür ki, müəssisənin satış departamentinin Bakı şəhəri üzrə satış şöbəsi MT-kanal bölməsinin Supervayzeri ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) əsasən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər: - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; - 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; - 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun: - 34.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. - 35.1.- maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. - 35.2.- maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, iddiaçı hüqununun pozulmasını xx.xx.2023-cü il tarixdə ştatın ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlığı imza edərək qəbul etməklə, 2023-cü ilin iyun ayında əmək kitabçasını (bu barədə özü məhkəmə iclasında bildirmişdir), eləcə də ona hesablanmış son haqq-hesabı almaqla bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia ərizəsinin məzmunundan, məhkəmə iclası zamanı verdiyi izahatından da aydın olur ki, İddiaçı məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməməsini işdən çıxarılmasına dair əmrin ona verilməməsi ilə əsaslandırılır. Mövcud iddia tələbi üzrə iddia müddəti qanunla işçinin işdən azad edilməsinə dair əmrin surətini aldığı vaxtdan deyil, işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən başladığından, iddiaçının əmrin surətinin ona verilməməsinə əsaslanması əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Müəyyən edilmişdir ki, iddiaçı əmək kitabçasının surətini 2023-cü ilin iyun ayında (iddiaçı öz bu barədə izahat verdi) qəbul etmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş və yalnız bundan sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür. Bununla da iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Məhkəmə həmçinin İddiaçı cavabdehin əmək haqqının ödənilməsi və məcburi işsiz qaldığı günlər üçün ödənişlərin təmin edilməsi barəsində digər iddia tələbini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də təmin edilməməlidir. Belə ki, iddianın əmək haqqının ödənilməsi və məcburi işsiz qaldığı günlər üçün ödənişlərin təmin edilməsi barəsində hissəsi törəmə hüquq münasibəti olub, əmrin ləğv edilməsi və işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın əmrin ləğv edilməsi və işə bərpa barəsində hissəsi təmin edilmədiyindən, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işsiz qaldığı günlərə görə əmək haqqı ödənilə bilməz. Odur ki, iddianın əmək haqqının ödənilməsi və məcburi işsiz qaldığı günlər üçün ödənişlərin ödənilməsi barəsində hissəsi də təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-3449/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3449/2024
13.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver