Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3489/2023 09.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 764 manat əsas borc, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat və vəkilə ödənilən 150 manat xidmət haqqı olmaqla, cəmi 974 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı vəzifəsində işə qəbul olunmuşdur. Cavabdeh İddiaçı QSC-də satış şöbəsində çalışdığı zaman ona 2992 manat pul dəyərində biletlər təhvil verilmiş, bir müddət sonra cavabdeh tərəfindən həmin biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, sayım zamanı cavabdehə təhvil verilən 2992 manatlıq lotoreya biletlərindən 764 manat məbləğininin əskik olduğu müəyyən edilmişdir. Bununla da əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verilmiş və nəticədə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə 764 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu səbədən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək müqaviləsindən və tam maddi məsuliyyət haqında nümunəvi fərdi müqavilədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi ilə satıcı vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 2992 manat məbləğində lotereya bilətləri təhvil verilmişdir. - Əmirquliyev Aslan və Nəsirov Səxavət tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı QSC şirkətində satıcı vəzifəsində çalışan Cavabdeh N000039 saylı təhvil-təslim aktı əsasında təhvil verilmiş 2992 manatlıq lotereya biletlərinin sayımı zamanı 764 manat məbləğində lotereya biletləri əksik gəlmişdir. - xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında xxxxxxx00101 nömrəli əmək müqaviləsi bildirişinə xitam verilən Cavabdeh şirkətə maddi ziyan vurması nəticəsində 764 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. - 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. - 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. - 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. - 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, qeyd edilən məbləğin ödənilməsi üçün cavabdehə kifayət qədər vaxtın verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh işəgötürən İddiaçı QSC qarşısında maddi məsuliyyət daşıması müvafiq sənədlərində əks olunmuşdur. Belə ki, X2 ilə imzalanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əlavə olan “Tam maddi məsuliyyət haqqında müqavilə”nin 3-cü bəndinə əsasən Maddi məsul şəxsin təqsiri (qəsd və ya ehtiyyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 764 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 764 (yeddi yüz altmış dörd) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Mediasiya Şurası üçün ödənilmiş 60 (altmış) manat və 150 manat vəkil xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-3489/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3489/2023
09.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver