Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3494/2023 15.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağababa oğlunun istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 497.90 manat borc və ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********10020 olan Cavabdeh Ağababa oğlunun elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 497.90 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 497.90 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh mənzili Qasımov Qəşəmdən almış və abonentlə müqavilə 06 aprel 2023-cü il tarixində bağlanmışdır. Məlumdur ki, evi alan şəxs, borcu da, evlə birlikdə qəbul etmiş sayılır. Əvvəlki abonentin həmin evdə enerjidən istifadəyə görə borcu olsa da, bu hal yeni abonentlə müqavilənin bağlanmasına mane deyil. Məhkəməyə təqdim olunmuş abonentin hərəkət cədvəllərində tələb edilən borc məbləğində dəyişiklik özünü göstərə bilər. Belə ki, hərəkət cədvəlinə əsasən əgər enerjinin dəyəri artarsa və abonent borcundan ödəniş etməzsə, borc məbləğində artım olur. Əgər enerjinin dəyəri dəyişməsə, abonent borcdan ödəniş edərsə, borc məbləği silinir. Məhkəməyə sonuncu dəfə təqdim edilən abonentin hərəkət cədvəlinə görə onun hazırki tarixə borcu 407,90 manat təşkil edir. Borc məbləği 2006-cı ildən yaranmış və hissə hissə ödənişlər edilməklə nəticədə 407.9 manat borc qalmışdır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 06 aprel 2023-cü il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər arasında elektrik enerjisinə görə hesablaşmalar 0,8; 0,9; 0,13 manat tarif üzrə aparılır.
6. "xxxx" ASC tərəfindən təqdim edilən abonentin hərəkət cədvəlindən görünür ki, Cavabdeh 2017-ci ilə qədər 860,48 manat, 2018-ci ilə 867,94 manat, 2019-cu ilə 829,19 manat, 2020-ci ilə 894,63 manat, 2021-ci ilə 795,58 manat, 2022-ci ilə 567,14 manat, 2023-cü ilə 466,94 manat borcu vardır.
7. Abunə kodu **********10020 olan xx.xx.2023-cü il tarixinə abunə haqqında sənəddən görünür ki, ünvan 1 ünvanına elektrik enerjisindən sərfiyyata görə sonuncu dəfə xx.xx.2022-ci il tarixində sayğac dəyişdirilməklə 497,90 manat borc hesablanmışdır. Yəni sayğac quraşdırma tarixinə borc 866,90 manat olmuş, sayğac qurraşdırmadan sonra 732 manat ödəniş edilmiş, karta yüklənən məbləğ 363 manat, borcdan ödəmə 369 manat olmaqla, qalıq borc 497,90 manat olmuşdur.
8. Abunə kodu **********10020 olan xx.xx.2023-cü il tarixinə abunə haqqında sənəddən görünür ki, ünvan 1 ünvanına elektrik enerjisindən sərfiyyata görə sonuncu dəfə xx.xx.2022-ci il tarixində sayğac dəyişdirilməklə 407,90 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanının əvvəlki sahibi Qasımov Qəşəm olmuşdur. Həmin ünvanda elektrik enerjisindən istifadə edilməsi ilə bağlı Qasımov Qəşəmlə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Abonent kodu **********10020 olan evi hazırki iddia üzrə Cavabdeh almışdır. Bundan sonra onunla "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə elektrik enerjisindən istifadə edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Evin əvvəlki sahibinin enerji paylayıcısa borcu olmuş və hazırda həmin borcun məbləği 407.9 manat təşkil edir. İddiaçı isə həmin məbləği hazırki abonentdən tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının:
11. 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməlidir.
12. 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır.
13. 9.10-cu bəndinə görə istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
16. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
17. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. İşin müəyyən edilmiş halları baxımından məhkəmə hesab edir ki, cavabdeh evin əvvəlki abonentindən evi alaraq abonent müqaviləsini yenilədiyindən və əvvəlki abonentdən istifadə etdiyi elektrik enerjisinin borcunu tələb etməli olduğu halda bunu etmədiyindən və abonentin saldosuna əsasən borcun mövcudluğu təsdiq edildiyindən iddiaçının tələbi əsaslı hesab edilməlidir.(Bax 11-ci bənd)
19. Odur ki, təqdim edilən abonentin saldosuna əsasən müəyyən edilən ünvan 1 ünvanında(Abonent kodu **********10020 olan evi) elektrik enerjisindən istifadə edilməsinə görə yaranmış 407.9 manat məbləğində qalıq borc abonentdən tutularaq enerji təchizatçısına ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
24. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, elektrik enerjisindən istifadəyə görə 407, 90 manat məbləğində yaranmış borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir.
26. İddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə münasibətdə 25 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia qismən təmin edilsin. Elektrik enerjisindən istifadəyə görə 407,90 (dörd yüz yeddi manat, doxsan qəpik) manat məbləğində yaranmış borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasibətdə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev