Məhkəmə qərarları › İş №e-2(001)-352/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-352/2025

11.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-352/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Bakı şəhəri Binəqədi rayonun Binəqədi qəsəbə bələdiyyəsi və “X15” şirkəti cəlb edilməklə “sahiblik və istifadə hüquqlarının bərpası, bələdiyyə qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsində qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair mülki işə (açar sözlər: mülkiyyət hüququ, maneələrin aradan qaldırılması) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçıların nümayəndəsi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X15” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonun X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Bakı şəhəri Binəqədi rayonun Binəqədi qəsəbə bələdiyyəsi və “X15” şirkəti cəlb edilməklə “sahiblik və istifadə hüquqlarının bərpası, bələdiyyə qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsində qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Bakı şəhəri Binəqədi rayonun Binəqədi qəsəbə bələdiyyəsi və “X15” şirkəti cəlb edilməklə “sahiblik və istifadə hüquqlarının bərpası, bələdiyyə qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsində qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2007-cı il tarixli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 390 və 391 nömrəli sərəncamla onlara ayrılmış torpaq sahəsi üzərində sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilənin qarşısının alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı2 16 mart 2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinə boş torpaq sahəsini alqısatqı yolu ilə 880 manat Kapital Bankın 1 saylı hesabına ödəməklə mülkiyyətinə verilməsini xahiş etmişdir. Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 500 m/kv boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı2 alqı-satqı yolu qaydasında mülkiyyətinə ayrılması kimi 391 № Sərəncam verilmişdir. Həmin torpaq sahəsi 30 mart 2007-ci il tarixdən sahiblik və istifadəsindədir. Ərazini daş hasara alaraq orada bu yaxınlara kimi abadlıq işləri aparmışdır. Lakin maddi durumu zəif olduğundan fərdi yaşayış evinin tikintisi üçün tələb olunan pulu olmadığından evin tikintisinə başlaya bilməmişdir. İddiaçı1 16 mart 2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinə boş torpaq sahəsini alqı-satqı yolu ilə 880 manat Kapital Bankın 1 saylı hesabına ödəməklə mülkiyyətinə verilməsini xahiş etmişdir. Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 500 m/kv boş torpaq sahəsi fərdi yaşayış evinin tikitisi üçün vətəndaş İddiaçı2 alqı-satqı yolu qaydasında mülkiyyətinə ayrılması kimi 390 № Sərəncam verilmişdir. Həmin torpaq sahəsi 30 mart 2007-ci il tarixdən sahiblik və istifadəsindədir. Ərazini daş hasara alaraq orada bu yaxınlara kimi abadlıq işləri aparsa da, maddi durumu zəif olduğundan fərdi yaşayış evinin tikintisinə başlaya bilməmişdir. Bu səbəbdən bələdiyyə sərəncamı ilə onlara məxsus torpaq sahəsini 18 aprel 2024-cü il tarixdə etibarnamə əsasında X6 orada müəyyən hərəkətləri etməyə dair 18 aprel 2024-cü il tarixdə etibarnamə əsasında səlahiyyət vermişlər. X9 torpaq sahəsində ev tikdirməyə başlamış, həmin tarixə kimi hasar çəkilmiş sahiblik, istifadələrində olan torpaq sahəsinə heç kim torpaq iddiası ilə yaxınlaşmamışdır. Bu yaxınlarda cavabdeh X11 onlara məxsus torpaq sahəsinə gələrək həmin torpaq sahəsinin ona məxsus olmasını və tikintinin dayandırılmasını tələb etmişlər. Bu səbəbdən etibarnamə əsasında səlahiyyətləri icra edən şəxs tikintini dayandırmaq məcburiyyətində qalmışdır. X3, onlara ayırmış olduğu torpaq sahəsini zəbt etmək istəyən X7 hansı sənədlərə malik olmasını və hansı hüquqla onlara məxsus torpaq sahəsinin onun olması barədə maraqlandıqda bələdiyyə tərəfindən bildirdilər ki, məhkəməyə müraciət edərək hüquqlarını bərpa edə bilərlər. Eyni zamanda cavabdeh şəxsin də, həmin əraziyə dair Bələdiyyə qərarının olması müəyyən edilmişdir. Lakin Bələdiyyə qərarına əlavə edilmiş torpaq sahəsinin eskizindən müəyyən edilir ki, həmin eskiz onlara verilmiş eskizdən sonra çəkilmiş eskizdir. Çünki onlara ayrılmış eskizdə, torpaq sahəsinin sərhədlərində Bələdiyyə tərəfindən verilmiş torpaq sahələri az miqdarda əks olunur. Belə olan halda necə olur ki, 2005-ci il tarixdə çəkilmiş eskizdə qonşu torpaq sahələrinin satılması və eskiz lahiyyəyə salınması öz əksini tapır? Onlara ayrılmış torpaq sahəsinə bu günə kimi istifadə edərək oranın abadlıq işlərini və daş hasarla yerlərini müəyyən etdikləri halda heç kəs gəlib demir ki, bu torpaq sahəsinə onun da sənədi var. Ev tikməyə başlayarkən isə saxta Bələdiyyə sənədi üzə çıxır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, Binəqədi Oil Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş kordinatlar həqiqəti əks etdirmir. Həmin torpaq sahəsində neft quyusu yerləşmir. Şirkətin əməkdaşları torpaq sahəsində yerində baxışda iştirak etməmişlər. Bundan başqa 2007-ci il tarixdən torpaq ona ayrılmış, torpaq sagəsini hasara almışdır. Hesab edir ki, iddiası əsaslıdır və məhkəədən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, əmək pensiyasına çıxdıqdan sonra həmin torpaq sahəsini alaraq hasar çəkdirmiş, lakin maddi vəziyyəti ilə əlaqədar tikinti işləri apara bilməmişdir. 2024-cü il tarixdə etibarnamə əsasında torpaq sahəsini tikinti işləri aparmaq üçün səlahiyyət vermiş, tikinti işləri başladıqdan sonra cavabdeh torğaın onun olmasını iddia etmişdir. Həmin vaxtadək ümumiyyətlə belə bir mübahisə yaranmamışdır. İddia tələbinni təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçıların nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Bundan başqa bildirmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş sənədlərdə uyğunsuzluq var. İlk olaraq iddiaçıların qərarı əsasında verilmiş sxemdə əks olunan qonşu torpaq sahələri ilə cavabdehə verilmiş torpaq sahəsinə dair sxemdə əks olunan torpaq sahələri kəskin fərqlənir. Bununla da müəyyən edilir ki, cavabdehə verilmiş qərar 2007-ci il tarixə aid olmamaqla sonrakı illlərdə verilir. İş üzrə iki dəfə ekspertiza təyin edilsə də, ikinci dəfə yerində baxışda mütəxəssislər iştirak etməmiş, neft şirkətinin əməkdaşı torpaq sahəsində iştirak etmədən kordinatlar təqdim etmişdir. Hesab edir ki, iddiaçıların tələbi əsaslıdır və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçılar həmin torpaq sahəsini sonradan saxta sənədlər əsasında almışdır. Belə ki, məhkəmə iclasında 2024-cü il tarixədək torpaq sahəsi ilə bağlı mübahisə olmamasını bildirməkləri həqiqətə uyğun deyil. Torpaq sahəsini özü almış, hasara çəkmiş, tikinti işləri aparmaq üçün həmin əraziyə daş tökdürmüş, yarım tikili tiksə də tamamlamışdır. İddiaçılar əvvəllər işlədikləri orqanın nüfuzundan istifadə etməklə ona qarşı hədə-qorxu gəlmiş, nəticədə tikniti işləri aparmağa imkan verməmiş, torpaq sahəsində ona aid tikilini sökməklə yenisini tikməyə başlamışlar. Özü ölkə xaricində olduğundan qonşuluqda yaşayan şəxslərdən torpaq sahəsinə nəzarət etməyi xahiş etmişdir. Daha sonra 2024-cü il tarixdə tikinti işləri başlayanda onlara yaxınlaşılmış və Müşfiqin torpağı olduğu bildirilsə də, əhəmiyyət verilməmişdir. Sonradan onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış və vəziyyət barədə məlumat verilmişdir. İddiaçılar yaxşı bilir ki, o torpaq sahəsi 2005-ci il tarixdən ona satılıb. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X15” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X8 verdiyi izahatında və yazılı etirazında bildirdi ki, iddiaçılarının Bakı şəhəri Binəqədi qəsəbəsinbdə yerləşən və hər iki iddiaçıya ayrılan ümumilikdə 1000 kv.m torpaq sahələri üzərində sahiblilik-istifadə hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilənin qarşısını alınmasına dair iddia tələbləri məhkəmə tərəfindən təmin edilməməlidir. mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum "xxxx" saziş və "Birgə Əməliyyat" sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə "X15" şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X17 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- İİQD saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda "Qanun"un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixədək ARDNŞ-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Bildirmək istəyirik ki, "xxxx" Saziş əsasında neft-qaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililarin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. iddiaçılar tərəfindən təqdim olunmuş Binəqədi rayonu, X5 391 saylı 30 mart 2007-ci il, 390 saylı 30 mart 2007-ci il tarixli sərəncamlar, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi Binəqədi rayonu, X5 1649 saylı 31 oktyabr 2005-ci il tarixli qərar özü-özlüyündə qanunsuz inzibati aktlardır. Belə ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən, vətəndaş İddiaçı2 və İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında 391 saylı 30 mart 2007-ci il tarixli və 390 saylı 30 mart 2007-ci il tarixli sərəncamlar, həmçinin cavabdehin təqdim etdiyi 1649 saylı 31 oktyabr 2005-ci il tarixli qərarı, Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyindən, qanunsuzdur. Məhkəmənin nəzərinə çatdırırıq ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X16 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Ali Məhkəmənin 2-1(102)-1233/15 saylı, 10 noyabr 2015-ci il tarixli Qərarı ilə (sədrlik edən hakim Nigar Rəsulbəyova, hakimlər Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1105/15 saylı, 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X4 üçüncü şəxs olmaqla) “Binəqədi rayon İcra Hakimiyyətinin X1 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı, 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair" iddiası mümkünsüz sayılmışdır. Bələdiyyənin sözügedən torpaq sahələrinin üzərində hər hansı sərəncam vermək səlahiyyəti olmadığından, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı2 torpaq sahəsinin ayrılması barədə 391 saylı 30 mart 2007-ci il tarixli sərəncamı, vətəndaş İddiaçı1 torpaq sahəsinin ayrılması barədə 390 saylı 30 mart 2007- ci il tarixli sərəncamı və həmçinin iddia ərizəsində cavabdeh qismində göstərilən vətəndaş Cavabdeh torpaq sahəsinin ayrılmasına dair 1649 saylı 31 oktyabr 2005-ci il tarixli qərarı da qanunsuzdur. İddiaçı2 və İddiaçı1 ayrılan torpaq sahələri mütəxəssis rəyində əks olunduğu kimi 1 saylı mədənin 5-ci sahəsində fəaliyyətsiz neft quyularının mühafizə zolağı daxilində yerləşir (150074, 150062, 150061). Bununla bağlı, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonun X5 nümayəndəsi Nümayəndə verdiyi izahatında bildirdi ki, hazırda qeyd edilən torpaq sahərinin dəqiq yerini göstərməsinə imkan verən kordinatlarını əks etdirən cizgi plan yoxdur. Məhkəməyə təqdim etdiyi xəritə yalnız bələdiyyənin mövcud ərazisini göstərən xəritə olmaqla başqa hər hansı sənəd yoxdur. Bundan başqa həmin torpaq sahəsi Abşeron rayonu ilə mübahisəli sahə olduğundan xəritələrin əldə edilməsi mümkün olmamışdır. Qeyd edilən ərazilər bələdiyyənin torpağıdır, neft şirkətinə hər hansı aidiyyatı yoxdur. İddianın təmin edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxır. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Binəqədi rayonu X5 1649 saylı, xx.xx.2005-ci il tarixli qərarının və torpaqların alqısatqı müqaviləsinin surətindən görünür ki, bələdiyyənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 1100 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə Cavabdeh istifadəsinə verilmişdir. - Binəqədi rayonu X5 391 saylı, xx.xx.2007-ci il tarixli qərarının və torpaqların alqısatqısına dair Aktın surətindən görünür ki, bələdiyyənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı2 istifadəsinə verilmişdir. - xx.xx.2007-ci il tarixli Binəqədi rayonu X5 kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən torpağın dəyəri olaraq 880 manat ödəniş edilmişdir. - Binəqədi rayonu X5 390 saylı, xx.xx.2007-ci il tarixli qərarının və torpaqların alqısatqısına dair Aktın surətindən görünür ki, bələdiyyənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı1 istifasəinə verilmişdir. - xx.xx.2007-ci il tarixli Binəqədi rayonu X5 kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı1tərəfindən torpağın dəyəri olaraq 880 manat ödəniş edilmişdir. - 10.02.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontakt sahəsi”nin hüdudları daxilində yerləşməklə (Binəqədi Oil) Dövlət mülkiyyəti torpağıdır. Sahədən 65-104-206-172 metr məsafələrdə fəaliyyətsiz neft quyusu məlumatı mövcuddur. Həmçinin sahə bütövlüklə “Abşeron anbar yerləri” adlı sahənin hüdudları daxilində yerləşir. Bundan əlavə sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, sözügedən mübahisəli torpaq sahəsinə təyin edilmiş vaxt və tarixdə bələdiyyənin nümayəndəsi, iddiaçı, cavabdeh şəxs və onların nümayəndələri ilə birgə texniki baxış keçirildi. Göstərilən torpaq sahəsi sənəd üzrə 1100.0 kv.m otsa da, faktiki olaraq hasardaxili 947 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 947.0 kv.m sahə üzərində bır ədəd yarımçıq konstruksiyalı tikili mövcuddur. İddiaçının faktiki olaraq göstərdiyi 500,0 kv.m torpaq sahəsi göstərilən 947.0 kv.m sahənin bir hissəsini təşkil etməklə sərhəddi üç tərəfdən mişar daş hasar və bir tərəfdən şərtidir. İddiaçının şifahi məlumatına əsasən faktiki olaraq göstərdiyi 500.0 kv.m torpaq sahəsinin cavabdehtər tərəfindən zəbt edildiyi bildirildi. Qeyd olunan torpaq sahələrinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsfnin hüdudları daxilində yerləşməklə (Binəqədi OİL) Dövlət mülkiyyəti torpağıdır.(hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahədən 66.0 metr məsafədə quyu və fəaliyyətsiz neft quyu məlumatı var. Bundan əlavə sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Göründüyü kimi göstərilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçılar tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, sübutetmə yükü baxımından mübahisəli əmlakın hansı hissəsinin cavabdehlərin qanunsuz sahibliyində olması və s. bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Çünki, görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıların hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. - Mülki iş materiallarından aydın olur ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur, mütəxəssis rəyləri əsasında müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1100.0 kv.m otsa da, faktiki olaraq hasardaxili 947 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 947.0 kv.m sahə üzərində bır ədəd yarımçıq konstruksiyalı tikili mövcuddur. İddiaçının faktiki olaraq göstərdiyi 500,0 kv.m torpaq sahəsi göstərilən 947.0 kv.m sahənin bir hissəsini təşkil etməklə sərhəddi üç tərəfdən mişar daş hasar və bir tərəfdən şərtidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontakt sahəsi”nin hüdudları daxilində yerləşməklə (Binəqədi Oil) Dövlət mülkiyyəti torpağıdır. Sahədən 65-104-206-172 metr məsafələrdə fəaliyyətsiz neft quyusu məlumatı mövcuddur. Həmçinin sahə bütövlüklə “Abşeron anbar yerləri” adlı sahənin hüdudları daxilində yerləşir. Bundan əlavə sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Bundan başqa məhkəmə iclasında bələdiyyənin nümayəndəsi tərəfindən tələb edilən sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bu onu deməyə əsas verir ki, iddiaçıların hazırki tələblə bağlı, hazırki cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Bakı şəhəri Binəqədi rayonun Binəqədi qəsəbə bələdiyyəsini və “X15” şirkətini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilməklə) qarşı “sahiblik və istifadə hüquqlarının bərpası, bələdiyyə qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsində qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar