Məhkəmə qərarları › İş №e-2(001)-358/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-358/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-358/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla, yəni X2 ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 3129 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də o, həmin vaxt avtomobili avtoservisdə 3129 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdehə dəymiş ziyanın ödənilməsi üçün pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə aralarında bağlanmış 16 fevral 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Həmçinin, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 100 manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğində cavabdehdən alınaraq ona qaytarılması ədalətlidir. O, məhkəməyə iddia ərizəsi verərkən 51.29 manat dövlət rüsumu ödəmişdir ki, bu məbləğ də, cavabdehdən tutularaq ona verilməlidir. Onun tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də, cavabdehdən tutulmalı və ona qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. O, hesab edir ki, iddia tələbi haqlıdır və Cavabdeh 3129 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 51.29 manat dövlət rüsumu tutulmalı və ona qaytarılması ilə bağlı qətnamə çıxarılmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 3129 manat məbləğində maddi ziyanın, 100 manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaitinin, etibarnamənin alınması üçün 17.25 manat məbləğində notariat xərcinin və 51.29 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin İddiaçı olmasını əsas gətirməklə, iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh 2974 manat məbləğində maddi ziyanın, 100 manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaitinin, etibarnamənin alınması üçün 17.25 manat məbləğində notariat xərcinin və 49.74 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “icrarəyə verən” X2 ilə “icarəçi” Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X2 “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili icarəçi Cavabdeh icarəyə vermişdir. Nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. İcarə haqqının məbləği həftədə 7 günə görə günlük vergi daxil olmaqla 25 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, avtomobil icarəsinə görə 300 manat depozit ödəmiş, əgər avtomobili 3 ay ərzində qaytararsa qoyduğu depoziti tələb etməyə heç bir hüququn olmadığını və həmin müddətdə avtomobilə zərər vurarsa, vurmuş olduğu zərərin depozit məbləğindən çıxılmaması, həmçinin əgər avtomobili 3 aydan sonra qaytararsa verdiyi depozitdən 210 manatın qaytarılmamasına, qalıq 90 manat avtomobilə dəymiş zərərin çıxıldıqdan sonra qaytarılması, eyni zamanda cərimələrlə tanış olmasını qəbzdə qeyd etmişdir. İş materiallarında olan Avtoservis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 3129 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə zərərin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/10329 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında Avtoservis (VÖEN: **********) İddiaçı Oqtay oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında (7-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 737 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hisələrin qiyməti – 397 manat; Təmir-bərpa işlərinin qiyməti – 340 manat. Motor təmiri və ehtiyyat hissələri işi üzrə mühərrikin hansı hissələrinin dəyişdirilməsi barədə məlumat olmadığından qiymətləndirmək mümkün olmamışdır. Dəmirçi, rəngsaz və plasmastçı işləri üzrə avtomobilin hansı hissələrinin dəyişdirilməsi, rənglənməsi və sair barədə məlumat olmadığından qiymətləndirmək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş QCM/İ 04-051/25 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, buraxılış ili 2017-ci il olan, “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 2974 manat təşkil edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh ilə X2 arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinə əsasən Ş.Ələsgərova “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh etibar etmiş, Cavabdeh da öz növbəsinə nəqliyyat vasitəsini istifadə etmə hüququnu əldə etmiş və nəqliyyat vasitəsinin qorunub saxlanması ilə bağlı öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehdən geri alınmışdır. "xxxx" MMC-nin QCM/İ 04-051/25 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2974 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. Sözügedən avtomobilə zərərin dəyməsi işin mübahisəsiz halı olsa da, zərərin məhz hazırki iş üzrə Cavabdeh tərəfindən vurulmasını təsdiq edəcək mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, nəqliyyat vasitəsini müqavilə ilə nəzərdə tutulmuş qaydada qoruyub saxlamadığını, təhlükəsizliyini təmin etmədiyini iddia etsə də, “Ravon Nexia R3” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar