Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3585/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Mehdizadə Hüseyn Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə 20309 manat əsas borcun, 4671 manat faiz borcunun (cəmi 23%), məhkəmə хərci kimi ödənilmiş 165,34 manat dövlət rüsumunun və 300 manat vəkil xərcinin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 20623 ABŞ dolları dəyərində borc kimi qızıl-zinət əşyaları vermişdir. Aralarında olan razılaşmaya əsasən 20623 ABŞ dolları vəsaiti xx.xx.2020-ci 4 tarixə kimi ona qaytarmalı olmuşdur. Bununla bağlı eyni tarixdə verilmiş, onun və cavabdehlər tərəfindən imzalanmış qəbzdə Cavabdeh1 yazmışdır ki, “o, Cavabdeh1 AZE-******** İddiaçı 20623 ABŞ dolları (iyirmi min altı yüz iyirmi üç dollar) məbləğində zinət əşyalarını borca almışdır. Bu borcu iyul ayının 10-na kimi qaytarmaq şərti ilə. Bu gün ayın xx.xx.2020 tarixdə almışdır. xx.xx.2020 tarixdə qaytaracaqdır”. Həmin qəbzdə Cavabdeh2 yazmışdır ki, “o, Cavabdeh2 AZE-******** qaynanası Əkbərova Nahidənin müşaiyəti altında İddiaçı bu zinət əşyalarını almışdır”. Bundan sonra cavabdeh tərəfindən ona hissə-hissə, az-az borcdan ödənilmişdir. Təqribi ödənişlər һər dəfə 100- 200 ABŞ dolları (170-340 manat civarında olmuşdur. xx.xx.2024-cü il tarixə qalıq 11947 ABŞ dolları (20309 manat) borc qalmışdır. Bundan sonra cavabdehlər dəfələrlə söz versələrdə, guya ki maddi imkanlarının olmamasını əsas gətirməklə ödəniş etmədilər və o Polis İdarəsinə şikayət vermişdir. Polis İdarəsindən ona bildirilmişdir ki, işi mülki xarakterlidir, məhkəməyə müracit etsin. Pul vəsaitinin ödənilməsinin təmin edilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də, onlar müxtəlif səbəblər göstərilməklə ödənişdən yayınmış, gətirilmiş bəhanələr ödənişdən yayınmaq üçün əsas deyildir. Hesab edir ki, cavabdehlərdən onun xeyrinə əsas borcla yanaşı Mülki Məcəllənin 445-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik minimal 5 faiz tutulmalıdır. 20309 manat öhdəliyin yaranma tarixindən (xx.xx.2020) hal-hazradək 4 il, 9 aydan artıq müddət keçmişdir (5%x4 il 9 ay = 23,75%).
3. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 19460 manat borcun, illik 5 faiz olmaqla (4 il 11 ay x illik 5%) 4803 manat faiz borcun, 165,34 manat ödənilmiş dövlət rüsumunun və 300 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlər iddiaçıdan 20623 ABŞ dolları məbləğində qızıl-zinət əşyaları almışlar və bu barədə onlar tərəfindən qəbz imzalanmışdır. Cavabdehlər aldıqları zinət əşyalarınının dəyəri olan 20623 ABŞ dolları məbləğində pulu xx.xx.2020-ci il tarixədək qaytarmaları barədə öhdəlik götürsələrdə qaytarmamışlar. Ona görədə polisə şikayət etmişlər. Polisdə araşdırma aparılan zaman müəyyən ödənişlər etmişlər və 2024-cü ilin sentyabr ayında razılaşmışlar ki, 2025-cü ilin aprel ayına kimi qalan hissə tam şəkildə bağlayacaqlar. Lakin cavabdehlər borclarını ödəməmişlər. Cavabdehlərin hazırda 19460 manat zinət əşyalarına görə borcu vardır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlər aldıqları qızıl-zinət əşyalarının dəyərindəndən hissə-hissə ödənişlər etmişlər və onların hazırda iddiaçıya 19460 manat borcları vardır. Bundan başqa cavabdehlərin öhdəliklərinin yarandığı vaxtdan 4 il 11 ay üçün illik 5 faiz hesablanmaqla 4803 manat faiz borcları yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçıdan nisyə 20623 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları almışlar. Sonradan ödəniş etmədiklərinə görə iddiaçı tərəfin tələbi əsasında iş materiallarında olan qəbzi yazıb vermişlər. Qızıl-zinət əşyalarını qəbz yazdıqları vaxtdan təxminən 5-6 ay əvvəl iddiaçıdan götürmüşlər. Qızılın dəyərini imkanları olmadıqlarına görə ödəyə bilməmişlər. Qızılın dəyərindən hissə-hissə ödəniş etmişlər və onların hazırda iddiaçıya 19460 manat məbləğində borcu qalmışdır. Həmin borcun hissə-hissə qaytara bilər. Lakin onlardan tələb olunan faiz borcunu qəbul etmir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, Cavabdeh2 ilə birlikdə iddiaçıdan nisyə 20623 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları almışlar. İmkanları olmadıqlarına görə ödəniş edə bilməmişlər. Polisdə olduqları vaxtı isə 1700 manat, sonra 510 manat ödəniş etmişlər. Daha sonra isə ayda 340 manat ödəniş etməklə 2025-ci ilin aprel ayına kimi borcu tam qaytarmaları barədə razılaşmışlar. Lakin ödəniş edə bilməmişlər. Hazırda iddiaçıya 19460 manat məbləğində borcları var. Həmin borcu hissə-hissə qaytara bilərlər. Onlardan tələb olunan faiz borcunu isə qəbul etmirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutlar:
8. Cavabdeh1 və İddiaçı tərəfindən imzalanmış əlyazmanın surətindən görünür ki, bu əlyazmada qeyd edilmişdir ki, “Mən Cavabdeh1 AZE-********. İddiaçı 20623 ABŞ dolları (iyirmimin altı yüz iyirmi üç dollar) Bu məbləğdə zinət əşyaları borc almışam. Bu borcu iyul ayının 10-na kimi qaytarmaq şərti ilə. Bu gün ayın xx.xx.2020 tarixdə aldım. xx.xx.2020 tarixdə qaytaracam”
9. Cavabdeh2 və İddiaçı tərəfindən imzalanmış əlyazmanın surətindən görünür ki, bu əlyazmada qeyd edilmişdir ki, “Mən Cavabdeh2 AZE-********. X4 müşayiəti altında İddiaçı bu zinət əşyalarını almışam.”
10. Qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Vəkil Fərdi oğlunun hesabına 300 manat məbləğində pul köçürülmüşdür.
11. Mədaxil qəbzdən görünür ki, məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 164,94 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. İddiaçı tərəfindən cavabdehlərə 20623 ABŞ dolları məbləğində nisyə qızılzinət əşyaları satılması və iş materiallarında olan əlyazmaların iş üzrə cavabdehlər tərəfindən icra edilməsi işin mübahisə edilməyən halından ibarətdir.
13. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən aralarında olan şifahi razılaşmaya əsasən cavabdehlərə 20623 ABŞ dolları məbləğində qızıl-zinət əşyaları nisyə satılmış və cavabehlər aldıqları bu əşyalarının dəyərini, yəni 20623 ABŞ dolları məbləğində pulu xx.xx.2020-ci il tarixdə qaytarmaları barədə öhdəlik götürmüşlər.
14. Hazırda tərəflər arasında yuxarıda qeyd olunan nisyə alğı-satqı münasibətlərindən irəli gələn öhdəlik əsasında iddiaçı tərəfindən cavabdehlərdən 19460 manat məbləğində əsas borc və öhdəliyin yaranma tarixdən başlayaraq 4 il 11 ay müddətində illik 5 % olmaqla pul məbləğinin ödənilməsinin gecikdirildiyinə görə 4803 manat məbləğində faiz borcu tələb olunur.
15. İş üzrə cavabdehlər iddiaçıya 19460 manat məbləğində borcun olduqlarını etiraf edirlər. Lakin onlardan tələb olunan faiz borcunu qəbul etmirlər. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
17. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır;
19. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur;
20. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
25. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
27. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər;
28. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
29. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
30. 567.1. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
32. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tətbiq edilən prosessual normalar və qaydalar:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
37. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
39. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
40. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
41. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Məhkəmənin mövqeyi:
43. İş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərdən iddiaçının xeyrinə 19460 manat məbləğində borc pul tutulmalıdır. Belə ki, iş üzrə müəyyən olunur ki, tərəflər arasında şifahi qaydada olan razılaşma əsasında iddiaçı tərəfindən cavabdehlərə 20623 ABŞ dolları məbləğində nisyə qızıl-zinət əşyaları satılmış, cavabdehlər nisyə aldıqları həmin əşyaların dəyərini xx.xx.2020-ci il tarixdə qaytarmalarına dair öhdəlik götürsələr də, öhdəliklərini lazımi qaydada icra etməmişlər. Hazırda cavabdehlərin iddiaçı qarşısında (iddia tələbinə əsasən) 19460 manat məbləğində yerinə yetirilməmiş öhdəlikləri vardır və cavabdehlər bu məbləğdə iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliklərinin olduğunu etiraf edirlər.
44. Məhkəmə iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 4 il 11 ay müddətinə illik 5 faiz olmaqla 4803 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
45. Belə ki, cavabdehlər iddia tələbini bu hissədə etiraf etməsələr də, işin hallarından müəyyən olunur ki, nisyə alınmış əşyaların dəyərinin xx.xx.2020-ci il tarixədək qaytarılması barədə öhdəlik götürmələrinə baxmayaraq, bu öhdəliyin icrası gecikdirmişlər. Hazırda isə iddiaçı qanunvericiliyin tələblərinə uyğun qaydada gecikdirilmiş 4 il 11 ay müddətində vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Lakin bu zaman məhkəmə hesab edir ki, gecikdirilmiş 4 il 11 ay müddətində vaxt üçün gecikdirilmiş 19460 manat məbləğə illik beş faiz olmaqla cavabdehlərdən iddiaçının xeyrinə 4783,90 manat ( 19460 x 5% / 100 = 973 manat x 4 il + 81,08 manat (973/12) x 11 ay) məbləğində pul tutulmaqla iddia bu hissədə qismən təmin edilməlidir. Nəticə:
46. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 19460 manat məbləğində borc və ödənilməmiş məbləğə görə gecikdirilmiş 4 il 11 ay müddətində vaxt üçün illik 5 faiz olmaqla 4783,90 manat məbləğində pul, cəmi 24243,9 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
47. Həmçinin məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada vəkil xidmət haqqına görə ödənilmiş 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 164,94 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
48. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 19460 manat məbləğində borc və həmin məbləğə görə gecikdirilmiş 4 il 11 ay müddətində vaxt üçün illik 5 faiz olmaqla 4783,90 manat məbləğində pul, cəmi 24243,9 manat məbləğində pul, vəkil xidmət haqqına görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumuna görə 164,94 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev