Məhkəmə qərarları › İş №e-2(001)-3639/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3639/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3639/2024 20.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclası katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi K.X2, Cavabdeh Cavabdeh1 iştirakları ilə İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya (Ləğv prosessindədir) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya (Ləğv prosessindədir) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi K.X4 barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiqlənməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçı ilə barışıq sazişi bağladıqlarını bildirərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh2 MTK (Ləğv prosessindədir) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İşdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası MPM-nin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. - 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Bundan başqa tərəflərdən hər hansı biri bu saziş ilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK (Ləğv prosessindədir) arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən Əmanətlərin Sığortalanması Fondu, icraçı direktorunun müavini X6 şəxsində (bundan sonra - İddiaçı), digər tərəfdən Cavabdeh1 (Ş/V AA6008530, xx.xx.2034-cü ilədək etibarlıdır) (bundan sonra - “Cavabdeh-Borclu”) və ləğv prosesində olan Cavabdeh2 Mənzil Tikinti Kooperativi, təsviyəçisi X5 şəxsində (bundan sonra - “Cavabdeh-Zamin”) (Bundan sonra birlikdə- “Tərəflər”) mübahisə ilə bağlı aşağıdakı şərtlərlə və qaydada bu Barışıq Sazişini imzaladılar:

1. Sazişin mövzusu

1.1. Bu Sazişin mövzusunu "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-Q-002/14 saylı kredit müqaviləsinin (bundan sonra - “Kredit müqaviləsi” adlanacaq) ləğv edilərək, cəmi 39.129,82 (otuz doqquz min bir yüz iyirmi doqquz manat 82 qəpik) manat - bundan 23.163,35 (iyirmi üç min bir yüz altmış üç manat 35 qəpik) manat əsas, 4.210,27 (dörd min iki yüz on manat 27 qəpik) manat faiz, 11.756,20 (on bir min yeddi yüz əlli altı manat 20 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 207,39 (iki yüz yeddi manat 39 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan Cavabdeh2ndən müştərək qaydada Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. 1.2. Tərəflər təsdiq edirlər ki, "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış əmlakların dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixində müqavilə imzalanmışdır. 1.3. Tərəflər təsdiq edirlər ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-Q-002/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 kompleksində avtodayanacaq (qaraj) sahəsinin alınması üçün 120 (bir yüz iyirmi) ay müddətinə, illik 12 (on iki) faiz ödəmək şərtilə 34.800 (otuz dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir.

2. Sazişin şərtləri

2.1 Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə X7 üzrə 23.163,35 (iyirmi üç min bir yüz altmış üç manat 35 qəpik) manat əsas, 4.696,64 (dörd min altı yüz doxsan altı manat 64 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 27.859,99 (iyirmi yeddi min səkkiz yüz əlli doqquz manat icra edilməmiş borc öhdəliyi mövcud olmuşdur. 2.2. İddiaçı Cavabdeh-Borclu tərəfindən Kredit müqaviləsi üzrə faiz borcundan 3.000 (üç min) manat və dövlət rüsumu olaraq 208 (iki yüz səkkiz) manat məbləğində vəsaitin xx.xx.2024-cü il tarixdə ödənildiyini nəzərə alaraq X3 hesablanmış cərimə borcuna tam, faiz borcunun isə təqribi 36,12% miqdarına, yəni 1.696,64 (bir min altı yüz doxsan altı manat 64 qəpik) manat məbləğində hissəsinə güzəşt tətbiq edərək, 23.163,35 (iyirmi üç min bir yüz altmış üç manat 35 qəpik) manat əsas borc məbləğinin 36 (otuz altı) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsinə razılıq vermişdir. 2.3. Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndində göstərilən 3.000 (üç min) manat və dövlət rüsumu olaraq 208 (iki yüz səkkiz) manat məbləğində borcu ödədikdən sonra qalan 23.163,35 (iyirmi üç min bir yüz altmış üç manat 35 qəpik) manat məbləğindəki əsas borcun ən geci 20 avqust 2024-cü il tarixindən başlayaraq 36 (otuz altı) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Cavabdeh-Borclu bu Sazişin 2.3-cü bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində icra etmədikdə bu Sazişin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək iddiaçı tərəfindən qalıq borc məbləğinin Cavabdeh-Borclu və Cavabdeh-Zamindən tutulması ilə bağlı icra vərəqəsinin verilməsi üçün müvafiq məhkəməyə müraciət ediləcəkdir. 2.5. Cavabdeh-Borclu tərəfindən bu Sazişin 2.3-cü bəndi tam və vaxtında icra edildikdən sonra X1q faiz və cərimə borclarının silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür.

3. Digər şərtlər

3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.3-cü bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.

4. Yekun müddəalar

4.1. Bu Saziş imzalandığı gündən qüvvəyə minir və tam icra edilənədək qüvvədədir.

4.2. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi Qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.3. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur.

İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya (Ləğv prosessindədir) qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar