Məhkəmə qərarları › İş №e-2(001)-3719/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3719/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3719/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə edilən 3420,72 manat pulun və ona illik 5%-lə hesablanan 99,77 manat əldən çıxmış faydanın, həmçinin 55,21 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. O, öz kart hesabından ona aid olmayan bankın vəsaiti ilə nağdsız ödəniş əməliyyatları icra etmiş və nəticədə banka 3420,72 manat ziyan vurmuşdur. Bununla bağlı cavabdehə bildiriş göndərilsə də, heç bir ödəniş olunmamışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün pulun məcburi qaydada tutularaq İddiaçı ASCyə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, kartdan istifadə etdiyini, bir müddət gözlədikdən sonra bankdan pul tələb olunmadığından, həmin pul məbləğini ehtiyacı olduğu üçün xərclədiyini bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçının (nümayəndəsi) məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh həmin tarixə olan borcu 3420,72 manat təşkil etmişdir. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildiriş məktubundan görünür ki, yaranmış borc ilə əlaqədar məlumat verilmiş, öhdəliyin icrası tələb edilmiş, əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, texniki səhv nəticəsində cavabdehin kart hesabına köçürülmüş pul vəsaitini tələb etməkdə haqlıdır və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 99,77 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Beləliklə, cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 3420,72 manat pul, 99,77 manat əldən çıxmış fayda, cəmi 3520,49 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 55,21 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilən 3420,72 manat, 99,77 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3520,49 (üç min beş yüz iyirmi manat qırx doqquz qəpik) manat və ödənilmiş 55,21 (əlli beş manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar