Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3775/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuşdur. Hal-hazırda yaşa görə pensiyaya çıxmağına 1 ildən az müddət qalmışdır. Uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır. Hərbi xidməti başa vurduqdan sonra, 20 iyun 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətində müəyyən fasilələri nəzərə almaqla 40 il sosial sığorta stajı olmaqla qüsursuz əmək fəaliyyəti vardır. 30 dekabr 2009-cu il tarixdən podrat müqaviləsi əsasında 15 saylı X3 MMC-yə müfəttiş vəzifəsinə təyin olunmuşdur. 01 oktyabr 2011-ci ildə müqaviləyə xitam verilmiş, səbəbi isə X6 Xidmətinin yaranması və həmin xidmətdə iddiaçının işlə təmin olunmağı göstərilmişdir. 29 fevral 2012-ci ildə Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinin Mingəçevir Regional şöbəsinə 3 aylıq sınaq müddətinə əmək müqaviləsi bağlamaqla böyük mütəxəssis inspektor vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə dövlət qulluğunun kiçik referenti, 3-cü dərəcə referenti və 2-ci dərəcə referenti ixtisas dərəcəsi almışdır. 05 yanvar 2017-ci il tarixdə dövlət qulluqçularının ştatlarının ixtisarı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 11 aprel 2017ci ildən 10 oktyabr 2017-ci ilədək Dövlət Məşğulluq Xidmətinin X2 işsizlik müavinatı almışdır. 01 dekabr 2017-ci ildən yenidən X5 Xidmətinin 15 saylı X3 MMC-yə müddətli əmək müqaviləsi ilə Texnik-mexanik vəzifəsinə təyin olunmuşdur. 03 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən müqaviləyə xitam verilmişdir. İddiaçının işlədiyi qurumun adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. İddiaçını yenidən müraciətlərindən sonra bu cəmiyyətin X4 müddətli əmək müqaviləsi əsasında 12 aprel 2019-cu il tarixdə Texnik-mexanik vəzifəsinə təyin edilmişdir. Müddətli Əmək müqaviləsinin qurtardığı tarix 12 aprel 2022-ci il tarix göstərilmişdir. İşlədiyi 3 il ərzində dəfərələrlə cəmiyyətlə iddiaçı arasında müqavilə imzalanmış, əvvəlki müqavilələr 3 aylıq müddətə sonradan isə 1 aylıq müqavilələr bağlanmışdır. Səbəbini soruşduqda bildirirdilər ki, idarənin adı bir neçə dəfə dəyişib, ola bilsin ad dəyişməsi olacaq yenidən işdən çıxarılıb, işə götürülmə olmasın deyə 1 aylıq müqavilə bağlayırıq. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-nin iddiaçıya ünvanlanmış 11 fevral 2022-ci il tarixli K- 80/ə saylı Xəbərdarlıq məktubunda göstərilmişdir ki, "sizinlə bağlanmış 12 aprel 2019-cu il tarixli 130 nömrəli əmək müqaviləsinin müddəti 12 fevral 2022-ci il tarixində bitdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sözügedən müqaviləyə xitam veriləcəkdir”. Halbuki Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, müddətli əmək müqaviləsinin qurtardığı tarix 12 aprel 2022-ci ildir. Bundan belə müəyyən olunur ki, iddiaçı ilə bağlanmış 3 aylıq və 1 aylıq müqavilələr elektron bazaya işlənməmiş, formal qaydada özləri üçün bağlanmışdır. İddiaçının işlədiyi vəzifə mövsimi xarakterli deyil, daimi xarakterli iş rejiminə aiddir. Onunla müddətli əmək müqaviləsinin bağlanması belə qanunsuzdur. Bundan başqa da müqavilənin müddətinin tamam olmasına 2 ay əvvəl əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-nin baş direktoru Natiq Dadaşovun 15 fevral 2022-ci il tarixli, 29 ş/h nömrəli əmrində müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X6 Xidməti “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMCnin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, Cəmiyyətin X4 texnik-mexanik vəzifəsinə bərpa olunmasını və buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2019-cu ildən xx.xx.2022-ci il tarixədək məhz qeyd edilən müəssisədə işlədiyini, xx.xx.2022-ci il tarixində onunla bağlanmış müddətli müqavilənin ləğv edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli müqavilənin müddətsiz hesab edildiyini, eləcə də həmin məcəllənin 5, 8 və digər maddələrini əsas gətirməklə işəgötürənin əmək müqaviləsini bir tərəfli qaydada ləğv edilməsinin qanunsuz olduğunu qeyd etmişdir. İddiaçının qeyd edilən iddiası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının şəxsi işindən göründüyü kimi o, "xxxx" MMC-nin X1 şöbəsinin X4 texnik-mexanik vəzifəsinə ərizəsi əsasında xx.xx.2019-cu il tarixində 3 ay müddətinə qəbul edilərək xx.xx.2022-ci il tarixinədək müddətli müqavilələr bağlanılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b" bəndinə əsasən Cəmiyyətin 29-ş/h əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının ərizəsindən göründüyü kimi o, xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək X5 Xidmətinin 15 saylı X3 MMC-də, xx.xx.2012-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək yenidən X5 Xidmətinin Regional şöbəsində, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il taxinədək DANX-nin 15 saylı X3 MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində ərizə ilə Cəmiyyətin Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Mingəçevir regional bölməsində texnik-mexanik vəzifəsinə qəbil edilməsini xahiş etmişdir. Həmin ərizə əsasında Cəmiyyətlə onun arasında xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanılmışdır. Göründüyü kimi, İddiaçı xx.xx.2019-cu il tarixinədək "xxxx" MMC-də deyil X5 Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Bu səbəbdən də İddiaçı iddiasında qeyd etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin ona qarşı tətbiq edilməsi qanunauyğun deyildir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixdə başa çatmış və Cəmiyyətin direktorunun 15 fevral 2022-ci il tarixli 29 ş/h nömrəli əmri ilə həmin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının özü də onunla müqavilə bağlanması barədə ərizə ilə Cəmiyyətə müraciət etmiş və onunla bağlanmış müqavilənin müddətli olması barədə etirazını bildirməmiş və müqavilənin müddətli olmasını məhkəmədə mübahisələndirməmişdir. İddiaçının şəxsi işində olan sənədlərdən göründüyü kimi, iddiaçı ərizəsində əsassız olaraq işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini göstərmişdir. Lakin onunla işəgötürən tərəfindən müddətli əmək müqaviləsi xx.xx.2019xx.xx.2022-ci il tarixədək cəmi 02 il 10 ay 03 gün davam etmişdir. Bu da müddətli müqavilənin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, etirazda iddia ərizəsinin məzmunu təhrif edilmiş formada göstərilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini” göstərməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə istinad etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın nümayəndəsi Nümayəndə iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, İddiaçı 3 ay müddətinə "xxxx" MMC-yə Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Mingəçevir regional bölməsinin texnik-mexanik vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2022-ci il göstərilmişdir. Həmin bildiriş sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin əlavədə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi, həmin əlavə elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, əmək müqaviləsi bildirişi ... əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, bu ... əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 12-ci maddəsinin h bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək ... əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə, ... əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bundan əlavə məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış və müddəti 12 dəfə 3 ay müddətinə uzadılmış əmək müqaviləsinin müddətli bağlanması məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş prinsiplərə zidd vəziyyət yaranır. Həmin maddənin tələblərinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. ... Əmək müqavilələri sərbəst bağlanılır. ... Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. ... Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı icra etdiyi iş, tutduğu vəzifə illərdir dəyişmir – işlədiyi hüquqi şəxsin adı/təşkilati-hüquqi forması dəfələrlə dəyişsə də, o, texniki-mexanik olaraq fəaliyyətinə davam etmişdir. Belə olan halda, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması şübhə doğurur. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının işdən azad edildikdən sonra pensiya yaşına bir ildən az vaxt qaldığı təqdirdə işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürərək belə nəticəyə gəlir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. İşçinin əmək funksiyasının daimi xaraktera malik olması qabaqcadan bəlli olmuş və iddiaçının əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən hazırkı iş üzrə mediasiya prosesində Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına 56 manat məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə müqavilə müddətinin bitməsinə iki ay qalmış, vaxtından əvvəl əmək müqaviləsinin müddətinin qurtarması əsası il xitam verilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir regional bölməsinin texnik-mexaniki İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli, 29-ş/h saylı əmr ləğv edilməli; İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir regional bölməsinin texnik-mexanik vəzifəsinə bərpa edilməli; xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməli və 56 manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir regional bölməsinin texnikmexaniki İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli, 29-ş/h saylı əmr ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir regional bölməsinin texnik-mexanik vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. 56 (əlli altı) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3775/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3775/2022
14.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver