Məhkəmə qərarları › İş №e-2(001)-3800/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3800/2022

23.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3800/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə götürən Cavabdeh tərəfindən bağlanmış əmək müqavilələrinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçıların hər biri onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin xitam verilmiş hesab edilməsini xahiş edir. Bu baxımdan onların hər biri ilə cavabdeh arasında yaranmış əmək münasibətlərinə, o cümlədən bağlanmış əmək müqaviləsinə ayrı-ayrılıqda hüquqi qiymət verilməsi zərurəti yaranır. Bu da öz növbəsində həmin iddiaların hər birinə ayrı-ayrılıqda baxılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada, ayrı-ayrı iddialarla məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada və ayrı-ayrı iddialarla məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar