Məhkəmə qərarları › İş №e-2(001)-3803/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3803/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3803/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5509,05 manat məbləğində dəymiş ziyanın, 400 manat vəkil xidmətlərinin əvəzi və 79.35 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5988,40 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə təbii qazın alqı-satqısı barədə müqavilə bağlanaraq, ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 5509,05 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli, AXK-00362xx/xx-2018 nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, X6, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. - abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 2010, 2011, 2012, 2016, 2017, 2018, 2019, 2020, 2021-ci il üçün qalıq və aktlar üzrə 5509.05 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qaz sərfiyatından istifadəsi nəticəsində 2017-ci ilin may ayına qədər (aprel ayı da daxil olmaqla) 3092,30 manat, 2017-ci ilin aprel ayından sonra 2242.10 manat borcu yaranmışdır. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası “Qaz təchizatı” Haqqında qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi və quraşdırılması bu hissəsinin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçıdan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən Qərarın 4.9-ci bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündənbaşlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən beş il əvvələ olan (2017-ci ilin may ayından əvvəlki borc) borcun tələbi barədə hüququnu itirmişdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallanda olan abonent saldosundan məlum olur ki, cavabdehin qaz sərfiyatından istifadəsi nəticəsində 2017-ci ilin may ayına qədər (aprel ayı da daxil olmaqla) 3092,30 manat, 2017-ci ilin aprel ayından sonra 2242,10 manat borcu yaranmışdır. Beləliklə, MM-nin 551-ci maddənin tələbləri nəzərə alınmaqla cavabdehdən yalnız 2017-ci ilin may ayından sonra yaranan borcu tutulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin qaz sərfiyyatından istifadəsi nəticəsində 2017-ci ilin may ayından 2022-ci ilin yanvar ayına qədər (hesabdan çıxarışın tarixinə uyğun olaraq) olan dövr ərzində yaranmış borc cavabdehdən tutularaq iddiaçiya ödənilməlidir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Cavabdeh Zəngilan rayonundan məcburi köçkündür, buna görə də 2017-ci ildən sonra qaz sərfiyyatı üzrə ödənişlər müvafiq vahid aylıq müavinət hesabına həyata keçirilməli olsa da, ona ödənilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət kommunal xidmətlərin bir növü olan qaz sərfiyyatı üzrə yönəldilmədiyindən Azəriqaz İB-yə borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunaraq G-6 markalı, **********00000 nömrəli abonent kod hesabında qeydə alınmış 2242,10 manat Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2242,10 manat (iki min iki yüz qırx iki manat on qəpik) tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 79.35 (yetmiş doqquz manat otuz beş qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar